Dərisi soyulmuş Allah - Mahir N. Qarayev
Dərisi soyulmuş Allah
(Nəsiminin qətli)
Soyun bu kafiri!
Sabaha qoymayın, sabahdan iraq!
Tövbə eləməkdən sapdırın bunu –
Göydən Allah baxır...
Allahdan iraq!
Bir az da sabahın halına yanın –
Sabaha qoymayın, sabahdan iraq;
Nəfəsi bu günü murdarlayanın
Qanı da sabahı murdarlayacaq!
Bu fani dünyada zulum görənlər,
Cənnət qapısından gülüb girənlər,
Şükürlər içində ölüb gedənlər
Buna nə deyər?!
Soyun bu kafiri!
Yaxına qoymayın cavan qızları,
Kimsə ağlamasın qoy oğrun-oğrun;
Allahın yerdəki allahbazları!
Göydən Allah baxır...
Allahdan qorxun!
Soyun bu kafiri!
Kəsin bu səsi!
Ayıb, allahsızın sözündən ayıb!
Çılpaq ayaqları, çılpaq sinəsi
Bakirə qızların gözündən ayıb!
Halalın-haramın,
dulun-hərəmin
nəfəsindən ayıb, nəfsindən ayıb!
Soyun bu kafiri!
Çoxdan fürsət gəzən
qansız rəislər –
Əmrə müntəzirlər,
qana hərislər,
Vəkillər, vəzirlər
qanunpərəstlər...
Kimi baltasıyla, kimi daşıyla,
kimi dırnağıyla, kimi dişiylə –
soyarlar, kəsərlər,
şaqqalayarlar;
Günahkar bir günün günortasında,
tamahkar dünyanın tən ortasında
haqqı dana-dana
haqq eləyərlər!..
Gizlicə-gizlicə
ağbirçəklilər
ovudar, ovudar cavan qızları;
Gecələr özləri qızlardan betər
qovrular dərdinə allahsızların.
Bir kafir
cəhənnəm çöhrəli allahbazların
cənnətə açılan sabahı olar;
hələ soyulmamış allahsızların
dərisi soyulmuş Allahı olar!