Gecikmiş qayıdış - HEKAYƏ

Ələsgər ƏLİOĞLU
Sərhəd keçid məntəqəsindən keçdikdən sonra bir az rahat nəfəs almağa başladı. Kəskin başağrısı, yüksək hərarət və quru öskürək onu tıncıqdıra-tıncıqdıra artıq xirtdəyə yığmışdı. Elə düşünürdü ki, qarşıdakı binanın yuxarı mərtəbəsinə qalxsa daha yaxşı nəfəs alar. Buna görə də binanın ikinci mərtəbəsinə qalxan pilləkənlərlə azacıq yuxarı dırmaşdı. Ancaq üzərində nəzarətçinin sərt baxışlarını hiss edib ayaq saxladı. Süst halda ətrafa göz gəzdirdi.
Tezliklə testdən keçirildi...Ürəyinə nə dammışdısa, elə o da düz çıxdı. Ona bildirdilər ki,artıq koronavirusa yoluxmuşdur...
Beləliklə, Rahim təcili surətdə xəstəxanaya yerləşdirildi. Ancaq onun vəziyyəti ağırlaşmaqda idi. Elə hiss edirdi ki, bu yer üzünün havası tamam tükənməkdədir. Özünü suyu soğulmuş gölməçədə çapalayan balıq kimi hiss edirdi.
Doyunca nəfəs ala bilmirdi. Boğula-boğula qalmışdı...Anidən ilk uşaqlıq çağları gəlib durdu gözləri önündə. Bir axşam çağı atası evdəkilərə qəmgin-qəmgin demişdi : "... deyəsən Qafar əmim gedəcək. Nəfəs ala bilmir, havası çatmır..."
Bu sözlər Rahimə çox qəribə gəlirdi o günlərdə. Öz-özünə düşünürdü ki, bu Qafar baba necə acizdir ki,ağzını geniş açıb doyunca hava uda bilmir? Həmin sualın cavabını aradan azı qırx il keçəndən sonra-bu gün tapmışdı Rahim...
...Əl-qolunu oynada-oynada sanki başının üstə dayanmış hündürboylu həkimdən imdad diləyirdi. Həmin həkim onun düşdüyü vəziyyəti diqqətlə nəzərdən keçirib üzünü böyründə dayanmış həmkarına tutdu:
-Səfurə, o biri xəstənin vəziyyəti elə də ağır deyil.Tənəffüs aparatını bura gətirək...
Həkimlər elə də etdilər.Bundan sonra Rahim bir qədər rahat nəfəs almağa başladı.Hündürboylu həkimin ağır anlarda tənəffüs aparatı ilə bağlı təklifi onun ürəyinə təpər gətirmişdi.
Rahimin qanı hündürboylu həkimə çox qaynayırdı.Çünki hər addımda onun rəftarını, qayğısını, nəvazişini öz üzərində hiss edirdi...Bir neçə gündən sonra Rahimin səhhəti yaxşılaşmağa doğru lövbər salırdı...
Bir niyyəti vardı Rahimin. Sağalıb xəstəxanadan çıxarkən bu həkimin üzünü daha yaxından görsün və hətta onunla şəkil çəkdirsin də... Bir gün niyyətini həkimə bildirdi də:
- Xanım, sağlıq olsun, ayağa qalxıb xəstəxanadan çıxarkən sizinlə şəkil çəkdirmək istəyirəm. Aparıb qohum-əqrabaya göstərim, qoy mənim xilaskarımı onlar da tanısınlar...
Bu istəyə həkim əvvəlcə duruxmuş, sonradan başını tərpətməklə öz razılığını bildirmişdi.
Günlər bir-birini əvəz edirdi. Rahim daha səhhətində elə bir boğanaq hiss etmirdi.Sonuncu müayinədən sonra həkim ona bildirdi ki, siz tam sağalmısınız.Evə gedə bilərsiniz.Rahim Süsən həkimin üzünü indi yaxından görüb dil-ağız elədi:
- Süsən, qızım, halqal olsun sizə süd verən anaya,sizi böyüdüb boya-başa çatıran ataya! Mən əhd eləmişdim ki,sizinlə bir şəkil çəkdirim...
- Evdə neçə nəfərsiniz ki?
- Mən evdən çıxanda bir həyat yoldaşım vardı, bir də iki yaşına təzəcə keçmiş bir qızım... Həyat yoldaşımın adı Gülgəz idi. Kəndimizdəki məktəbdə müəllim işləyirdi. Qızımın da adını elə sizin adınız kimi Süsən qoymuşduq...Rusiyaya çörək qazanmağa getmişdim.Elə o ilişən də ilişib qaldım oralarda...
- Yəqin ki, yenidən ailə qurdunuz...
- Yox, yox!..Tamamilə başqa cür alındı mənimki...Təzəcə işə başladığım bazarda axşam işimi qurtarandan sonra bir kampaniyaya dəvət olundum.
Məclisin şirin yerində necə oldusa, içib keflənən ruslardan biri mənə qarşı onlar üçün çox adi sayılan ana-bacı, bir sözlə qadın söyüşü işlətdi. Dözmədim buna...Bir də hiss etdim ki, meyvə doğramaq üçün süfrəyə qoyulmuş bıçaq artıq onun sinəsinə saplanmışdır. Bu hərəkəti anidən necə etmişdimsə , heç düşünüb-daşınmağa da macal tapmamışdım...Beləliklə, çox çək-çevirdən sonra mən on beş illik həbs cəzasına məhkum olundum...
...Həbs müddətimin on dörd ili hələ arxada qalmışdı.Günlərin birində yatdığım baraka bir gənc rus gətirildi. O, özünü şən göstərir. hamıyla da zarafat edirdi... Özünün dediyinə görə üçüncü dəfə həbs olunmuşdu. Özünü lap sanatoriyadakı kimi hiss edirdi.
Bir gün elədiyi zarafat həm onun özünə baha başa gəldi, həm də mənə... Adı Sergey olan bu məhbus nahar fasiləsi zamanı ağlına nə gəldisə irişə-irişə mənə eyham vurdu: "Eh, sən burda çürüyüb gedirsən, indi arvadın kiminsə qoynunda kef çəkir... "
Bu nacinsin sözləri məni elə hövsələdən çıxartdı ki, yumruğumu anidən işə salmalı oldum. Onun çənəsi sındı. Yenidən məhkəmə olundum. İşimin üstə iş kəsdilər.Nə başınızı ağrıdım, ömrümün düz iyirmi ilini barmaqlıqlar arasında keçirməli oldum...
Çox xiffət çəkirdim. Anamdan, bacımdan, həyat yoldaşımdan gələn məktublara ilk vaxtlar cavab yazsam da, sonradan onlara əzab vermək istəmədim...
Vəziyyətimlə də ətrafli şəkildə halı deyildilər...
Həbsxanadan çıxarkən bir daha həyatın amansız sınaqlarına tuş gəldim. Mənim nə geyinməyə üzə çıxası bir paltarım, nə də yeməyə bir tikə çörəyim vardı... İyirmi ildə çox dəyişikliklər baş vermişdi...
Yenidən bazara üz tutdum.Artıq bazar da mənə yad gəlirdi. Ha özümü ora-bura vursam da, bir tikə quru çörəyi güclə tapırdım.Bəzən hələ elə gün olurdu ki, bu bir tikə çörəyə də həsrət qalırdım...
Süsən Rahimlə olan sorğu-sualdan yanılmadığına bir daha əmin oldu:
- Bir dayanın, əmi, sizin ailəniz neçə illərdir ki,bizimlə qonşudur.Ailəniz rayondakı evinizi satıb Bakıya köçmüşdür. Bu gün növbədəyəm. Gəlin vədələşək, sabah onları sizinlə görüşdürüm.
Şəkli də elə onda çəkdirərik. İndi ünvanı versəm də gedib onları tapa bilməyəcəksiniz.Küçəmizin nə adı var, nə də ünvanı...Naxalstroy deyilən yerdə oluruq...
Rahim səhəri gün vədələşdikləri yerə gəldi. Burada Süsən həkim və yeddi-səkkiz yaşlı bir qız uşağı dayanıb onu gözləyirdilər.Salam-kəlamdan sonra Rahim tərəddüd içərisində soruşdu:
- Bəs bizimkilər gəlmədilər?..
- Gəlmişik, ata! O yaş yarımında atıb getdiyin qızın mənəm. Səni xəstəxanaya düşən gündən xəstəlik vərəqindən tanıdım. Dünənki söhbətimizdə isə buna bir daha əmin oldum.Bu da kiçik Gülgəzdir-ana əvəzi!..Anam səkkiz ildən atrtıqdır ki,rəhmətə gedib.Sağlığında elə hey sənin adını çəkir, səni xatırlayırdı.Deyirdi ki, o haçansa qayıdacaq!..
Artıq Rahimi xəcalət təri boğmaqda idi.O deməyə bir söz tapmırdı...Vaxtilə nə ana məktubuna məhəl qoymuşdu, nə də ki bacı...Həyat yoldaşının məktubları da onu doğma ocağa çəkib gətirə bilməmişdi. İndi koronavirusun qabağına düşüb gəlmişdi Rahim...
Gözləri yaşardı, əyilib kiçik Gülgəzi köksünə sıxdı. Üzərinə döymə şəklində "Gülgəz" yazılmış əlilə onun saçlarına dönə-dönə sığal çəkdi...
Süsən bu acı səhnədən sarsıntı keçirsə də handan-hana özünü ələ alıb sükuru pozdu:
- Ata, gəl indi şəkil çəkdirək! İndi...
2020