manera.az
manera.az

“Çörəyi ver çörəkçiyə”... | MANERA.AZ

📅 18.12.2015 17:53

“Çörəyi ver çörəkçiyə”...  | MANERA.AZ

Şahidi olduğum bir əhvalatdan başlayıram. Bir dəfə yaxın dostlarımla birlikdə sənətdən, ədəbiyyatdan qızğın söbət aparırdıq. Söhbətimiz hər dəfə olduğu kimi hərlənib-fırlanıb Sabir Rüstəmxanlı yaradıcılığının üstünə gəldi. Bizə qulaq asanlardan birisi qəfildən sözümü kəsib “21 nəfər azəri kimlər olub?” deyə soruşdu. Çaşıb qaldıq. Uzun çək-çevirdən sonra məlum olanda ki, “21 Azərin qanıdır...” misrasını soruşur, necə deyərlər, matım-qutum qurudu. Bircə onu deyə bildim ki, Sabir bu şeiri yazanda bilirsən neçə yaşı olub? Sən bu yaşla, bu başla, bu təhsillə hələ həmin inqilab barədə xəbərin də yoxdur. Onu hey oxumalıyı q, ömür boyu. Görmürsən, kitabın adı da “Ömür kitabıdır”, yəni ömür boyu oxumalısan.

Deyirlər, yanlış özü də bir naxışdır. Bu olay yadıma düşəndə kitabda təsvir olunan müdrikləri xatırladım, bir daha “Ömür kitabı” ilə təkbətək həmsöhbət oldum. Çox şeyə toxunulub orda-etnoqrafiya, toponimika, tarix, türkçülük, dilçilik, siyasət, fəlsəfə... Daha nələr, nələr... Özü də hər birisi haqqında mütəxəssis bilgisi almaq olar o kitabdan. Ondan sonra müəllifin başqa kitabları çıxdı. Hər birini eyni həvəslə oxuduq. Hər birisi haqqında geniş rəyləri araşdırmalarımız oldu. Lakin bunlar “Ömür kitabı”nın şöhrətinə, qiymətinə təsir edə bildimi? Şəxsən mənim o kitablar haqqında qələmə aldıqlarımın hamısı bir yerdə ötürəndə belə, kitabda təsvir olunan əhvalatı şairə danışan, onun ruhuna pıçıldayan adamın xidməti müqabilində çox kiçik görünür. Hamımızın yaxşı tanıdığımız, bir vaxtlar söz-söhbətlərini dinlədiyimiz insanlar haqqında indi vərəqlərdən oxuyanda onların böyüklüyünü dərk edirik. “Çörəyi ver çörəkçiyə”... Yaxud da, “Zər qədrini zərgər bilər”.
Əfsanəyə dönmüş o müdrikləri şair bizə yenidən təqdim edir, düzünə təqdim edir, olduğu kimi görməyə məcbur edir. Kitabın qiyməti də bəlkə elə bundandır?
Həmişə şairin kitablarını oxuyanda düşünürdüm ki, on il sonra mən də belə yaza biləcəyəm. Çünki, mən ondan cəmi on il kiçiyəm. Amma bu on illər çox tez gəlib keçdi, biz də şairin yeni-yeni zirvələrdən boy verdiyini görməyə alışdıq. Onun 20 yaşında yazdığı şeirlər 50 yaşımda da çox qiymətli olub mənim üçün. Görünür, elə-beləcə davam edəcək. Artıq gəncliyimdə düşdüyüm kimi “ciddi elmi-tənqidi” şərhlərdən də uzağam. Bu işlə qoy mütəxəssislər, işin əsil sahibləri məşğul olsunlar. Şahidi olduğum, eşitdiyim olayları xatırlamaq istəyirəm ki, unudulmasınlar. Axı bunlar “Ömür kitabı”ndakı o qeyri-adi kişilərin tay-tuşları, yar-yoldaşlarıdır! Şairin qüdrətli qələmi ilə yaddaşlarımıza yazılmağa layiq olanlardan bir neçə nümunə qeyd edəcəyəm.Bir zamanlar dünyaya səs salan məmləkətimiz çox kiçilib, lap bir ovuc olmuşuq. Bu gün Qazaxda deyilən söz bir neçə günə Naxçıvanda danışılır, Yardımlıda bir baməzə adamın dedikləri, tez bir zamanda Bakıya yayılır, özüm şahidəm ki, danışdığım əhvalatları bir neçə aydan sonra mənim özümə danışıblar. Nə qədər desəm də ki, balam, bunu elə mənim özüm demişəm də, xeyri olmayıb. Bu yaxınlarda böyük marketlərin birində idim. Müştərilər az olduğundan işçilər toplaşın söhbətləşirdilər. Kassada oturan q ızın sözünü qulağım çaldı: “Oğul e, oğul!” Bir azdan o sözü bir də deyəndə ona yanaşıb soruşdum ki, qızım, o nə sözdür ki, deyirsən? “Heç, ay dayı, sözdür də! Mən də eşitmişəm, deyirəm. Kiməsə lağ eləyəndə deyirlər “Oğul e, oğul!” Eşidib yaz gəlir, girib suya!” Daha şübhəm qalmadı. Söz elə həmin söz idi. Bibioğlu Ədalətin mənə danışdığı, mənim isə bir az da bəzəyib çoxlarına dediyim əhvalat. Özünütənqid hissinin ulularımızda nə qədər güclü inkişaf etdiyi barədə gözəl nəsihətdir.
Buyurun, siz də tanış olun ulularımızla!

***
Yazqabağı kənddə odun-ocağın, ot-ələfin tükənən vaxtı olur. Gün çıxan kimi hamı meşəyə üz tutur. Rəhmətlik Alış əmi atını minib “Dörd qardaş”a gedir ki, odun gətirsin. Ədalət də mal-heyvanı sürür köhnə yurd yerinə, orada bu vədələr heyvanın yeyəcəyi çox şeylər olur. Yolun içindəki çala-çuxurlar su ilə dolmuşdu, üzü də buz bağlamışdı. Gölməçələrin birinin yanından keçəndə Alış əminin atı büdrəyib yıxılır suya, kişinin də təkcə sinədən yuxarısı çöldə, bədəninin qalanı atın altında qalır. At nə qədər çabalayırsa, çıxa bilmir, zığa-palçığa batıb heydən düşür. Kişi başa düşür ki, buz kimi sudan çıxmasa işi bitəcək, odur ki, bayaqdan çayın o tayında səsi meşəni götürən qardaşı oğlu Ədaləti haylayır. Ədalət isə, özü demişkən, hardan eşidəcək, hələ indi başlayıb zəngulə vurmağa. Sonradan danışırdı ki, arada-bir sanki səs gəlirdi qulağıma “Hay Ədalət, hay Əalət, heeey!” Amma əhəmiyyət vermirdim, öz oxumağımda idim. Lapdan hiss elədim ki, əmimdir. “Nədir,nə deyirsən?” “Zəhrimar, azar! Ədə, atqarışıq yıxılmışam suya, öldüm, tez gəl!” Səsin səmtinin tutub, dərə-təpə demədən düzünə yel kimi götürüldüm. Gördüm kişi day əldən düşüb. Tez atı, əmimi çəkib çıxartdım. Zığı – palçığı əlimlə sivirdim. Cəld od qaladım. İsti dəydikcə vəziyyəti düzəlirdi. Mən də atı, ipləri, paltarları palçıqdan təmizləyir, ocağın qırağından asırdım. Gördüm kişi yavaş-yavaş dodaqaltı deyri: “Oğul e, oğul! Oğul e, oğul!” Əmi, nə deyirsən? “Heç nə, ay bala! Özümü deyirəm də! Sən mənə fikir vermə, atu qurula, gedim oduna. Deyirəm ki, oğul e, oğul! Eşidib yaz gəlir, girib suya sərinnənir!”

***
Kolxoz quruculuğunun qızğın çağı idi. Əkin sahələri, mal-heyvanları əllərindən alınan kəndlilər yun, yağ, yumurta vergisi altında əzilirdilər. Birisinin iki illik yun vergisi qaldığından Qəza Komitəsindən (rusca “Okrujnoy Komitet” deyilən bu quruma camaat qısaca “okro” deyirmiş) adam gəlmiş və kəndi ortasında iclas çağırmışdı. Həmin kişinin əl-qolunu bir-birinə bağlayıb yüyrük kimi “əyri girdəkan” da sallama asmışdı. Xrom çəkmə, qalife şalvarlı nümayəndə əlləri belində gəzir, arada-bir “niyə vergini vermirsən?” – deyə soruşurdu. “Başına dönüm, ay okro, axı qoyunları kolxoza qatdılar da, haradan verim?” “Ədə, kontr oğlu kontr, sən Şuranın əksinə gedirsən?”-deyə nümayəndə təpiklə onu vurur, kişi ipdə yellənirdi. Hamı səsini içinə salıb susurdu. Birdən bu sakitliyi uzaqdan gələn bir avaz pozdu. Çayın o tayındakı dirsəyin üstü ilə uzanan yolda bir atlı bülbül kimi ötürdü. Şahverən kişi barmağını qaldırdı: “Qurban olum, ay okro,qoy o atlıdan bir söz soruşum!” “Soruş, görüm nə soruşacaqsan!”
- “ Ədə heey, hay atlı! ”səsi yeri göyü titrətdi. Atlı dayandı. Bir az duruxdu, sonra yoluna davam elədi.Yenidən Şahverənin səsi gurladı: “Ədə, sənnənəm, hay mahnı çağıran oğlan!” Artıq atlı onu çağırdıqlarını bilib cavab verdi.
- Mənnənsən?
- Hə, sənnənəm, ay evi yıxılmışın oğlu! Əəə, sən vergilərini veribsən, belə bəy-bəy oxuyursan?
- Hə, vermişəm. Yunu da vermişəm, yağı da, yumurtanı da.
- Onda düz eləyirsən. Oxu, nənəm qurban!
Bu “oxu, nənəm qurban!” nərəsini yaxın kəndlərdə eşitməyən qalmadı. Sözün yerinə düşməsi isə iclasa yığışanlara bir anlıq hər şeyi unutdurdu, hamı güldü. Onlara qoşulan nümayəndə də xeyli güldü. Ağır ab-hava artıq görülürdü. Yazıq kişinin əl-qolunu açdıran nümayəndə bərk-bərk tapşırır ki, ona güzəştə gedilmısini sirr kimi saxlasınlar, özləri isə evlərinə gedib hərə bacardığından onun vergisinə kömək etsinlər. Yoxsa, kontrrevolyusionerə hami durduğuna görə onun özünü də Sibirə göndərərlər.
Bu həmin Şahsevən kişidir ki, “Ömür kitabı”nda onun haqqında bəhs olunmuşdur. Hündürboylu, azman bədənli bu kişi barədə çoxlu əhvalatlar danışırlar. Deyirlər ki, payız vaxtı bir gün böyük qardaşı Mahmudəli ilə cüt sürürmüş. Günorta vaxtı oturub yeməyə başlayırlar. Yeməkləri də böyük bir qabdakı ayrana doğranmış çörəkdən ibarət olub. Daha gənc olan Şahverən çömçə boyda taxta qaşıqla hər dəfə doğramacdan qaşıqlayanda yemək ehtiyatının “nəfəsi kəsilirmiş”. Böyük qardaş dözməyib axırda dillənir:
- Ədə, nə olub, az-az götür də, hələ axşama çox qalır, evə gedənə qədər görəcəyimiz elə budur!
- Qağa, sənin ayranın azdır deyə, mən tikəmi röyüşdən sala bilmərəm, - deyə Şahverən tövrünü pozmadan yeməyinə davam eləyir.
Və “tikəni röyüşdən salmamaq” deyimi elə belə yaranır. (Röyüş –“rəviş”, yəni gedişat, nizam sözünün yerli ləhcədə deyiliş formasıdır.)
3.Qurbanəli adında kişi var idi. Çox ucaboylu, güclü, zəhmətkeş və ibadət əhli olub. Onun pəhrizkarlığı barədə maraqlı əhvalatlar danışırlar. Hələ cavan çağlarında həmkəndliləri ilə yay vaxtı çöldə mal otarırmışlar. Aclıq vaxtı imiş. Cankişi adlı zirək bir yoldaşı deyib ki, mən yemək tapacağam indi. Və çoxdan bələdlədiyi alabaxta yuvasına çıxıb pərvazları anasıqarışıq tutub gətirir. Görürlər ki, göydən yağış yağmasına baxmayaraq Qurbanəli dizlərinin, əllərinin altına talaşa qoyub leysanın altında namaz qılır. Bunlar quşları təmizləyib bişirənə qədər o da ibadətini tamamlayır. Oturub yeməyə başlayırlar. Kişi bir-iki tikə yemişdi ki, yoldaşları onu sınamaq üçün zarafat edirlər. Deyirlər ki, bunlar alabaxta deyil, kənddən çıxanda filankəsin həyətindən cücələrini oğurlamışdıq. O da “Ədə, siz neyləmisiniz, məni də, özünüzü də o dünyada yandıracaqsınız!” - deyə ah-vay etməyə başlayır. İşin çox tündləşdiyini görən yoldaşları nə qədər and-aman eləsələr də “Day sizə inanmıram, artıq şübhələndim” deyən Qubanəli barmağını ağzına salıb yediyini qaytarır, sonra da yağışın altında diz çöküb günahlarının bağışlanması üçün Allaha yalvarmağa başlayır.

***
Bir də Novruz kişi olub o kənddə. Aman Allah, insanın boyu nə qədər böyük olarmış? 140 ilə yaxın yaşadı Novruz kişi, lap qoca vaxtlarında da ona baxanda qamətinin zəhmi adamı basırdı. Özü də qəribədir ki, elə böyük adamların hamısı ən yaxşı təbiətə malik olanlar, Allah adamları olublar. Bu da ilahinin bir lütfüdür. Həmin adamlardan birisi, iraq-iraq, hansısa bəd niyyətə düşsəydi, qabağında kim dura bilərdi ki? Nə isə, keçək mətləbə.
37-ci ilin tuthatut vaxtında həmkəndlilərindən bir nəfər milislərə xəbər verir ki, bizdə də bir molla var. Rayon mərkəzindən gələnlər Mola Əlini aparıb iclas çağırırlar. Bir neçə nəfər üzünə durur ki, o həqiqətən mollalıq eləyir. Novruzu dindirəndə isə vəziyyət dəyişir.
- A kişi, bu Əli molladırmı?
- Hə, molladır başına dönüm. Kənddə hamı ona Molla Əli deyir. Bilirsiniz niyə? Biz yığışıb aşıq-aşıq oynayanda onu özümüzə molla (yəni başçı, hakim) seçirik. Elə adı da qalıb Molla Əli. Yoxsa o hara, siz deyən mollalıq hara?
İclasın sədri başqa bir şahidi – Novruzun əmisi oğlunu dindirəndə, o da özünü karlığa vurub alt-üst danışır, axırda da davadan qayıtmayan qoşa oğlanlarından guya xəbər gəlməsini zənn edərək hay-həşir salır. Sədr heç nə sübut edə bilmədiyindən şələ-şüləsini yığışdırıb gedir. Novruz kişinin fərasəti hesabına Molla Əli yeganə molla olub ki, salamt qalmışdır.
Novruz və Qurbanəlinin imanları haqqında çox danışırlar. Amma ən gözəl sözləri Mir Ələkbər ağa demişdir. Dövrünün ağır seyidlərindən olan və savadlı, təqvalı Ələkbər ağademişdir: “Əgər tanıdıqlarımdan Novruz və Qurbanəli cənnətə düşməyəcəksə, day heç kəsin gümanı olmasın ki, başqaları oraya gedə bilər”.

Həbib HƏBİBZADƏ,
MANERA.AZ




Baxış sayı - 2 738 | Yüklənmə tarixi: 18.12.2015 17:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031