Tanınmış ədəbiyyatşünas alim vəfat edib
Ədəbiyyatşünas, folklorşünas, filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Qəniyev yanvarın 16-da vəfat edib.
MANERA.AZ xəbər verir ki, Seyfəddin Qəni “M.F.Axundovun “Kəmalüddövlə məktubları” əsərinin bədii-metod və janr xüsusiyyətləri” mövzusunda namizədlik (fəlsəfə doktoru), “Azərbaycan folklorunun regional özünəməxsusluğu – Şirvan folklor mühiti” mövzusunda isə doktorluq dissertasiyaları müdafiə edib.
S.Qəniyev Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında direktor müavini, kafedra müdiri, AMEA Folklor İnstitutunda aparıcı elmi işçi vəzifələrində çalışıb.
Alim Şirvan aşıq mühitinin tanınmış nümayəndələrinin həyat və yaradıcılığının öyrənilməsinə mühüm töhfələr verib, 40-dan çox kitab (monoqrafiya, toplu, metodik tövsiyə), 120-dən çox tezis və məqalənin müəllifi olub.
“Şirvan folklor mühiti”, “Aşıq Mirzə Bilal”, “Aşıq Məmmədağa – yaradıcılıq xüsusiyyətləri”, “Şirvan aşıqları”, “Beytüs-Səfa” davamçıları”, “Şirvanlı Aşıq Şakir”, “Şirvannamə – övliyalar, ziyarətgahlar”, “Şirvannamə – mən aşıq, balabanı” və s. kitab və monoqrafiyaları çap olunub.
2009-cu ildə “Tərəqqi” medalına layiq görülən S.Qəniyev Azərbaycan Yazıçılar və Aşıqlar birliklərinin üzvü olub, bir müddət AYB Şamaxı bölməsinə rəhbərlik edib.
Allah rəhmət eləsin!