manera.az
manera.az

Salam Qədirzadə: nəsrimizdəki silinməz imza

📅 14.01.2023 12:53

Salam Qədirzadə: nəsrimizdəki silinməz imza
Dilarə ADİLGİL yazır...

(Salam Qədirzadə - 100)

"Bol-bol kitab oxuyun, dərdi olan kitab oxuyar, dərdiniz yoxdursa, kitab oxuyun ki, dərdiniz olsun. Önəmli olan insanın bir dərdinin-davasının olmasıdır". Mənim olmayan bu fikirlə razılaşmaq da olar, razılaşmamaq da... Söhbət bu barədə deyil. Yox, elə bu barədədir, ədəbiyyata verilən böyük dəyər barədə! Qısası, nə qədər ki, bəşəriyyəti insan övladı idarə edir, ədəbiyyat da olacaq.

Zamanının klassikası sayılan, adı dövrünün ədəbiyyatı ilə qoşa çəkilən, bu gündən baxanda epoxasının simvolu kimi düşünülən, ən başlıcası "tarix kimi hörmətlə yanaşılan" əsərlərdən, daha doğrusu, belə əsərləri yaradan müəlliflərdən biri haqqındadır bu yazı.

Salam Qədirzadə xoşbəxt taleli yazıçı idi. Hamının yazıçılıq istedadı olmadığı kimi, hər əlinə kitab götürənin də oxuculuq istedadı yoxdur. Hətta, yazıçılar arasında belə fikir də səslənir ki, yaxşı oxucuya daha az təsadüf edilir, nəinki yaxşı yazıçıya. S.Qədirzadə bütün yaradıcılığı boyu nəinki bu cəhətdən korluq çəkmişdi, əksinə, hər yeni əsəri həvəslə qarşılanaraq fanatları tərəfindən dərhal alınıb qurtarırdı. Kitabsevərlər yazıçıdan yeni əsərlər gözləyirdilər. S.Qədirzadənin oxucuları da özü kimi zövqlü, yaradıcı, müasir, mənəvi dəyərlərlə yaşayan, onu uca tutan insanlar idi. Əsl ədəbiyyatın gücü də elə bunda - oxucu-müəllif həmrəyliyində, hüsn-rəğbətindədir. Fəaliyyət göstərdiyi 41 il (1946-1987) ərzində 35 kitab yadigar qoyan yazıçı-dramaturq Salam Qədirzadə 10 aprel 1923-cü ildə Bakıda sadə, zəhmətkeş bir ailədə anadan olmuşdu.

Gənc Salamın məktəbi bitirdiyi il müharibə başlayır. Uşaqlıqla gəncliyi birləşdirən yollar ayrılır və o, könüllü cəbhəyə yola düşür. 1941-45-ci illərdə bir çox Avropa ölkələrinin, eləcə də Almaniyanın faşistlərdən təmizlənməsində rabitəçi-döyüşçü kimi iştirak edir. Göstərdiyi şücaətə görə orden və 12 medalla təltif olunur. Əvvəlindən-sonuna qədər keçdiyi qanlı apokalipsis, cəbhə xatirələri, canlı müşahidələri, müharibənin gətirdiyi aclıq, səfalət, gördükləri, eşitdikləri 1963-cü ildə yazdığı "Burada insan yaşamışdır" povestində öz əksini tapıb. Yəni bir azacıq ədəbiyyatın əmələ gəlməsi üçün nə qədər çiy material - əhvalat, hadisə lazımdır ki, bunları da cəbhəçi Salam döyüşə-döyüşə 4 ilə toplamışdı. Özü də, bu mövzu yazıçını uzun zaman məşğul etmiş, onu illərlə içində daşıyaraq qələminin püxtələşdiyi dövrdə kağıza köçürmüşdü. Burada əsas "obraz" müharibədir. Başqa bir cəbhəçi-yazıçının dediyi kimi, "yanan insan bədəninin iyi, nə qədər uzun yaşasan da, heç vaxt burnundan tam gedə bilməz".

Bir çox qələm adamları kimi yaradıcılığa şeirlə başlamış, Sadiq təxəllüsü ilə qəzəllər yazmışdı. Sonradan istiqaməti dəqiq müəyyənləşdi. İlk böyük əsəri olan "Gənclik" povestini Sumqayıtın salınmasında iştirak etdiyi illərə həsr etmişdi. Gənc Salam "Sumqayıtın daş-daş, küçə-küçə, bina-bina tikilməsini, genişlənməsini görüb". "Azərbaycan" jurnalı yazırdı: "Gənclik" povestinin dili aydın və səmimidir. Müəllif qələmə aldığı səhnəni asanlıqla oxucunun gözləri qarşısında canlandıra bilir. Əlbəttə, bu, yazıçı üçün nailiyyətdir".

Yazıçının ikinci kitabı "Sarmaşıqlı aynabənd" adlanır və belə-belə kitabları çoxalır, populyarlığı artırdı. S.Qədirzadə 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olsa da, əlahəzrət Tale işə qarışıb öz yerdəyişməsini edir. 1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqı təhsilini davam etdirmək üçün onu Moskvaya - M.Qorki adına Ədəbiyyat İnstitutuna göndərir və gənc Salamın qaynar paytaxt həyatı başlayır. "Coğrafiya taledir", - deyən nə qədər haqlıymış. S.Qədirzadə öz şəxsi xoşbəxtliyini də bu macəra dolu şəhərdə tapır.
Salam Qədirzadə: nəsrimizdəki silinməz imza
S.Qədirzadənin "Qış gecəsi", "46 bənövşə", "Su pərisi Marianna", "Kəndimizdə bir gözəl var" və başqa əsərləri 1960-70-ci illərin bestsellerlərinə çevrildi. Bu romanlar "nəğmə olub oxucuların qəlbinə dolurdu", oxucu hər bir qəhrəmanın ağrı-acısını, sevinc-kədərini canında, qəlbində yaşayırdı. Bütün bunlara bu gün inanmaq bəlkə də çətindir... Çünki daha o cür romanlar əl-əl gəzmir, bir-birinə ötürülmür, oxunmaqdan səhifələri tökülmür...

S.Qədirzadənin 50-60-cı illərdə qazandığı uğuru 70-80-ci illər zirvəyə qaldırır. O, əsasən gənclərin yazıçısı sayılsa da, seçdiyi mövzular bəşəri, həmişəyaşar olduğundan 7-dən 77-yə - hamı tərəfindən oxunurdu. Onun qəhrəmanları və bundan dolayısı oxucu auditoriyası əsasən gənc qızlar, cavan oğlanlar, tələbələr, ziyalı gənclik idi. Onlar bir-birinə bənzəmirlər, bir-birindən daha yaxşıdırlar, həyat dolu olub arzularına doğru gedirlər, xəyallarından vaz keçmirlər. Dünya ədəbiyyatında "universitet nəsri" deyilən istilah formalaşıb. Ədəbiyyat öz zəmanəsinin güzgüsüdür. Əgər Y.V.Çəmənzəminlinin "Studentlər" romanı əsrin əvvəllərinin mürəkkəb tələbə həyatını əks etdirirdisə, S.Qədirzadənin "Sevdasız aylar" povesti sovet gənclərinin qayğısız tələbəlik illərindən danışır. "Universitet nəsri" deyilən ədəbiyyat adından da göründüyü kimi, gənclərə ünvanlanır. Bundan başqa, "Qış gecəsi", "46 bənövşə", "Su pərisi Marianna" əsərlərinin qəhrəmanları da tələbələrdir. Dövrün həyəcanları, yeni nəslin mənəvi-əxlaqi keyfiyyətləri, gənclik duyğuları yazıçının özəl yanaşmasında təqdim edilir.

Onun əsərlərinin xüsusi bir aurası var. S.Qədirzadə oxucunu maraqlandıra, ardınca apara bilirdi. Romançı S.Qədirzadənin prozası, demək olar, məhəbbət mövzusu üzərində qurulmuşdu. S.Qədirzadə yaradıcılığında şəhər ədəbiyyatı məişət ədəbiyyatı deyil, burada şəhər şərti fon kimi götürülür, mərkəzində isə insanın gündəlik həyatı, qayğıları dayanır. Bəzək-düzəksiz, necə varsa. "Şəhərin küçələrini dolaşarkən o elə də cəzbedici təsir bağışlamır... Ancaq yüksəklikdən baxsan" orada yaşamaq rahat, insan isə daha azad görünür.

"Qış gecəsi" stalinizmin böhranı, "buzların" ərimə dövründə yazılmışdı. Müharibədən sonra gənclərin şəxsi və sosial həyatı, çətinlikləri fonunda müəllifin nəql etdiyi nakam sevgi romanıdır. "Qış gecəsi" "güllü-çiçəkli, təravətli bahar ovqatı ilə başlayıb "soyuq adamın iliklərinə işləyən" çovğunlu qış axşamında başa çatır, adını doğruldur. "Qış gecəsi" - merkantil, var-dövlət hərisi, hər şeyi pulla ölçən analığı Diləfruza görə utanıb natamamlıq kompleksləri keçirən, bu səbəbdən sevdiyi Ceyranı atıb bir günün içərisində yoxa çıxan, Moskvada təhsilini başa vurub prokuror kimi Bakıya dönən Adilin həyat hekayəsidir. Əslində, gəncliyindən, gücsüzlüyündən doğan dramı demək daha düzgün olardı, çünki burada sevgisindən, sevgilisindən vaz keçəcək əsaslı bir səbəb görünmür.

Romanda daha bir "personaj" var: "Qırmızı kirəmidli ev"... Hadisələr onun divarları arasında başlayıb, orada da bitir. Oxucu evin cal-cəlallı günlərinə də şahidlik edir, orada cərəyan edən hadisələrə də üzülür. İflasını da görür, yenidən dirçəlişinə də sevinir. "Şəhərin əl-ayaqdan uzaq, sakit və xəlvət məhəlləsində "qırmızı kirəmidli ev" kimi tanınan bu ikimərtəbəli əlahiddə bina" özü bir obrazdır, hər şey gedib-gəlib ona dönür, onun ətrafında fırlanır, onunla uzlaşır, sakinlərinə görə evin şəkli də dəyişir. "O qarlı qış gecəsindən sonra qırmızı kirəmidli evdə həyat tamam başqa cür başlamışdı".

Xalq yazıçısı İsmayıl Şıxlı haqlı olaraq özünün "Ayrılan yollar" romanını sonradan yazılacaq bəzi əsərlərin yaxşı mənada örnəyi, sələfi hesab etsə də, bu romandakı İmran, ondan daha əvvəl yazılmış S.Qədirzadənin "Qış gecəsi" əsərinin Adili, S.Rəhimovun Mehmanı ilə də ideya-qəhrəman baxımından səsləşir. Hər 3 əsər gənc qəhrəmanların mənəvi aləmini açıb göstərməklə bərabər, onların həqiqət axtarışlarını da üzə çıxarır. Həqiqət isə hər zaman olduğu kimi mərkəzdədir: ədalət prinsipləri, sovet obyektivliyi, məslək amalı, vətəndaşlıq borcu...

Yazıçının ən çox oxunan əsərlərindən biri də "Su pərisi Marianna"dır. Bu kədərli eşq hekayətini S.Qədirzadə 1958-ci ildə qələmə almışdır. 10 il sonra isə "Xəzan yarpaqları" povestini yazır. "Su pərisi..." birnəfəsə oxunur. S.Qədirzadə hadisələri Fransaya, Parisə aparır. Və gözlərimiz qarşısında hər şeyi pulun həll etdiyi iyrənc bir cəmiyyət açılır. Marianna ehtiyac üzündən, anasına dərman almağa pul tapmayanda aldadılıb pozğun mühitə düşür. Sarbonna Universitetinin keçmiş tələbəsi su atraksionunun "pəri"sinə çevrilir və beləliklə də "bu yuvanın quşu" olmayan gənc qızın faciəsi başlayır.

Davamlı kədər, apatiya, ruhi gərginlik, ümidsizlik, taleyin ardıcıl zərbələri Mariannanı intihara sürükləyir. O, bununla çəkdiyi fiziki-psixoloji sitəmlərdən qurtulmaq, həm də çox sevdiyi Leandrı xilas etmək istəyir. Bunlardan başqa nasirin "Mahnı dağları aşdı", "Ömrün təzə illəri", "Sevdasız aylar","Ulduzlar sayrışanda", "Ülkər-Aytəkin" kimi sevilən povestləri də vardır ki, bu gün də öz aktuallığını qoruyub saxlayır. S.Qədirzadənin əsərlərinə verdiyi adlar da orijinal, janra görədir. Lirik əsərlərinə "Qar üstdə qızılgül", "Bir gecənin novellası" kimi romantik adlar seçdiyi kimi, satira nümunələrinə heç də geri qalmayan "Başabəla-Paşabala", "Lirika, yumor, Züleyxa", "Manqo, 33, Şekspir", "İki müavin, bir qadası" tək maraqlı, mündəricəsini məlum edən başlıqlar qoyur, elə sərlövhədən oxucu ilə söhbətə başlayırdı. "Xəzan yarpaqları"nda olduğu kimi...

Povest ömrün ahıl çağında tənhalığa məhkum olmuş, uşaqlaşmış, gözləri arxalarında buraxdıqları keçmişdə qalan iki talesiz insan haqqındadır. Qocalıqdan, kimsəsizlikdən, diqqətdən uzaq düşməkdən özləri də ağacdan asılan son yarpaq kimi titrəyən, təsadüfən tanış olub bir-birinə sığınan, həyan olan iki qəlbi qırıq insan - qoca və qarı adamsız bağlarda ömürlərinin xəzanını sürdürürlər. "Payızın axırları idi. Bağlarda ins-cins qalmamışdı...

Günlərin birində yenə qəsəbəni gəzirdim. 20 ildir ki, mən bu bağların, pioner düşərgələrinin qarovulunu çəkirəm... Deyəsən, o, məndən kibrit istədi, səsi də özü kimi qoca idi. Dili ağzında xəzəl kimi titrəyirdi". Qocalıq da qar kimi qəfildən gəlirmiş... Xəbərdarlıq etmədən. Necə deyərlər, səhər durub görürsən ki, hər tərəf ağappaqdır. Onlar ölümün özündən yox, onları ayıracağından qorxurlar. Əsəri oxuyanda burnuna gün düşməyən meşənin xəzəl qoxusu gəlir. Bir də... köhnə paltar dolabına hopmuş kəsif nəm, zəif naftalin iyi, nostalji hisslər oyadan ağırlaşmış ətirlərin qoxusu toxunur. Bu kimi əsərlər tək "müəllifin fərdi yaradıcılığını xarakterizə etmir, bütövlükdə Azərbaycan nəsri haqqında bədii-estetik təsəvvür yaradır". Bu povesti rejissor Eldar Quliyev "Biri vardı, biri yoxdu"adı ilə ekranlaşdırıb.

Salam Qədirzadənin ən gözəl əsərlərindən olan "46 bənövşə" Azərbaycan ədəbiyyatında "ən yaxşı sevgi romanı" onluğuna daxil edilib. Roman təsirli lirizmi ilə seçilir. 1969-cu ildə yazılsa da, həmişə təzə, adı kimi kövrəkdir. Bu əsərə mövzudan, süjetdən dolayı oxucunun emosional bağlılığı bir qədər artıqdır. Könül gözəl, saf, kitablara düşgün, rəngli xarakterə malik gənc qızdır. Dəryaya dəlicəsinə aşiqdir, nağılların şad-xürrəm sonluğuna inanır. Məhəbbəti gözlərini bağlayır, Dəryanın onu necə rahat manipulyasiya etdiyini görməzdən gəlir, xəyanətinə inanmaq istəmir. Axırda "dörd ay əvvəl sevinə-sevinə qapısından girdiyi evi" qəlbi qan və rəvan tərk etsə də, zəhərli sarmaşığından xilas olur. Adı Dərya, özü "quru səhra" olan kəs cildini qorumaq üçün dondan-dona girir, söylədiyi yalanlarla iç üzünü daha da açır, onu sevən qadının gözündə batdıqca batır... Onun lirik-romantik əsərlərini oxuyandan sonra, insan sanki təmizlənir, qəlbi hər cür naqislikdən arınır. Xalq yazıçısı Bayram Bayramov "46 bənövşə"nin S.Qədirzadənin yaradıcılığını rayihələndirdiyini, əlvanlaşdırdığını və xeyli zənginləşdirdiyini qeyd etmişdi.

Yazıçı "Kəndimizdə bir gözəl var" romanını 1967-ci ildə bitirib. Roman 15 novelladan ibarətdir. "46 bənövşə" Könülün gündəlikləri idisə, "Kəndimizdə bir gözəl var" novellalar məcmusudur. Əsərdə bütün zamanlar üçün qiymətli olan vəfa, sevgi, mərhəmət kimi insani keyfiyyətlər tərənnüm olunur. "Mərhəmət insani dəyərlərin şahıdır", - deyirlər, insana qəlbini saf saxlamağa kömək edir. Eybəcər əxlaqın yiyəsi Yeganə başqa duyğularla bərabər, mərhəmət hissindən də məhrumdur. Roman ilk səhifələrdən oxucunu alıb aparır. Burada ədəbiyyatın xalturası sayılan nağılçılıq, əhvalatçılıq yoxdur. Əsərin mövzusu olmuş hadisəyə çox bənzəyir. Diqqətsizlik, ya bilərəkdən doğum evində səhv salınan körpələr haqqında xəbərlər indinin özündə də ara-sıra yayılır. "Doğum evində eyni gündə iki Soltanova azad olmuşdu - biri Günəş, biri Yeganə". Günəş oğlunu necə böyütmək, yaşatmaq barədə düşünürsə, Yeganə evə gələr-gəlməz körpəsini balışla boğur. Amma tale onunla amansız oyun oynayır, öz qızı əvəzinə səhv düşən uşağı tələf edir. Yeganə verdiyi zərərin bədəlini ağır ödəyir, həbsxanadan sonra axsaq, kasıb, tənha bir həyat sürür. Günəş isə yaralı yerindən çiçəklənir... "Yeganənin körpəsi həmişəlik Günəşin, Fikrətin himayəsində" qalır. Yeganə də Diləfruz kimi "zəhərli" personajdır. Onun insanlıqla yaxından-uzaqdan bir əlaqəsi yoxdur.

S.Qədirzadə həm də peyzaj ustası idi. Onun təbiətə öz münasibəti var idi, sadəcə baxmırdı, həm də görürdü. S.Qədirzadənin poetik lövhələri natural və psixolojidir, qəhrəmanın daxili aləmi, həyəcan və duyğuları ilə birbaşa səsləşir.

S.Qədirzadə həzin, romantik ruhlu yazıçı olmaqla bərabər, həm də güclü satira və yumor ustası idi. Belə bir devizi var idi: "Heç nədən qorxmayan gülüşdən qorxur". O, bu janrda yazdığı əsərləri ilə ədəbiyyatımızda yeni satira məktəbinin əsasını qoymuşdu. Yazıçı gülüş obyekti olan ünsürlərdən gah lətif yumoru ilə danışır, gah da kəskin satirası ilə qamçılayırdı. Buna görə romanlarına məsafədən yaşıl işıq yandırılsa da, sosial sifarişdən uzaq satirik əsərləri kommunist ideologiyasının tələblərinə cavab vermədiyi üçün ciddi senzuraya məruz qalırdı. Burada belə bir kədərli ironiyanı xatırlamaq yerinə düşər: "Satira heç vaxt müsabiqədən keçmir, çünki onun hədəfləri münsiflərdə əyləşirlər". Yazıçılardan konfliktsiz əsər, "dişsiz" satira yazmaq tələb olunurdu ki, bu da mümkünsüz bir şərt idi. S.Qədirzadə burada da zarafatından qalmır, qadağalara özünəməxsus baməzə cavablar verirdi: "Bütövə dəymə, yarımçığı götürmə, doğra, doyunca ye. Belə də ədəbiyyat olar?" Görkəmli satirik 1976-80-ci illərdə əsas satirik jurnalımız olan "Kirpi"nin baş redaktoru olmuşdur. "Mozalan" üçün yazdığı süjetlər bu gün də maraqla baxılır. Göründüyü kimi, yaradıcılığın elə bir sahəsi yoxdur ki, S.Qədirzadə ora baş vurmasın, qələmini sınamasın.

Onun hekayələri ədəbiyyatımızda ayrı bir mərhələdir. Yazıçı həm lirik-romantik, həm satirik-yumoristik, eyni zamanda, "kiçik janrın böyük imkanları"ndan istifadə edərək "ikisi birində" hekayələr yazmışdır (Elə "Qış gecəsi" romanının Diləfruzla bağlı hissələrindən neçə satirik hekayə çıxar). "Hekayəçi Salam Qədirzadə daha çox satirikdir... Sırf lirik üslubda yazılmış hekayələri isə monoloqu xatırladır, bir növ mənsur şeirə bənzəyir". Onu ədəbiyyatımızın Zoşenkosu da adlandırırlar. "Oqtay" adlı İlk hekayəsini 1948-ci ildə çap etdirən S.Qədirzadə sonralar da bu janrdan ayrılmamış, "Mənim ceyranlarım", "Bir qız bir oğlanındır", "Təbəssümün mükafatımdır", "Ər-arvad təhlükəsizliyi ongünlüyü", "Şlyapalı Mauqli" və çoxlu sayda digər kiçik həcmli əsərləri ilə hekayənin gözəl nümunələrini yaratmışdır. "Janrların özlərinin arasındakı tarixi mübarizədə hekayə öz spesifikasını, poetikasını, dəqiq qanunlarını qoruyub saxladığındandır ki, yerini başqa janrlara güzəşt etməmişdir". S.Qədirzadənin hekayə kitabları bu kiçik janra yeni nəfəs verdi.

O, satirik hekayələrində meşşan və obıvatellərə gülürdü, bürokratlıq, süründürməçilik, naqislik, tüfeylilik kimi sifətlərə lağ edirdi, bəzən isə bu gülüş tragikomik hal alırdı. "Zəncirbənd", "Bacıqızı", "Dublyonka", "Xalam mənim dayımdır" və onlarla bu qəbildən olan hekayələri güldürə-güldürə düşündürürdü. "Həyatın müqəddəslikdən saxtakarlığıa yuvarlanmasını dəhşətli tənəzzül" hesab edirdi, öz əsərləri ilə mənəvi nemətləri qorumağa çağırırdı. S.Qədirzadə dramaturq kimi də məşhur idi. Onun "Hardasan, ay subaylıq?", "Həmişəxanım", "Şirinbala bal yığır", "Gurultulu məhəbbət", "Gözəllik ondur" kimi sağlığında səhnədən düşməyən pyesləri bu gün də tamaşaya qoyulur, həvəslə baxılır. Səhnə və tamaşaçı dramaturqa stimul verib irəli aparan əsas amil hesab olunur. Bu baxımdan da S.Qədirzadə uğurlu sənətkardır, onun pyesləri keçmiş SSRİ-nin teatrlarında müvəffəqiyyətlə oynanılmışdı. Komediya ən mürəkkəb janrdır. Faciə faciədir, dram da dram, burda hər şey aydındır. Komediyada isə gərək qızıl həddi elə gözləyəsən ki, həm gülməli olsun, əhvalı qaldırsın, həm də bayağı, şit gülüş zövqü korlamasın. S.Qədirzadənin komediyaları bu tendensiyanın bariz nümunəsidir.

S.Qədirzadə tipaj ustası idi. Onun Həmişəxanımı, Gülyanağı ("Hardasan, ay subaylıq?") Nəsibə Zeynalovanın ifasında daha şöhrətlidir. "Hardasan ay subaylıq?" tamaşası Musiqili Komediya Teatrında 200 dəfədən çox oynanılmışdı. Həmişəxanım toxuculuq fabrikinin xadiməsidir. Lakin müvəqqəti vakant olan katibə vəzifəsini icra edir. Həmişəxanım özünü qaba müdirə əzdirmir, onu yerində tənqid etməkdən də çəkinmir. Fabrikin direktor əvəzi Cəbi Cüməzadə həyat yoldaşını aldadan, "fabrikdə çox sözlər verib arxasından qaçan" səriştəsiz karyeristdir. Pyes daha çox yumor tərəfə çəkir. Onun Həmişəxanımla dialoqları, sözləşmələri, nəhayət, süpürgəçi ilə bacarmayan müdirin ərizə verib işdən getməyi çox məzəli təsir bağışlayır.

Yaradıcılıq - Salam Qədirzadənin mahiyyəti idi, yazıçılığı ən yüksək vəzifə hesab edirdi. Onun rəssamlıq, musiqi kimi ciddi maraqları da var idi, lakin gənc Salam könlünü əbədilik sözə, ədəbiyyata verdi. Yazıçının əsərləri dövrünün güzgüsü idi. Burada əsas süjet xətti ilə bərabər, sovet yaşayışının, onun prioritet problemlərinin, ailə-məişət tərzinin maraqlı xırdalıqları da öz əksini tapırdı. Bu yazıda S.Qədirzadənin əsərlərini təhlilə çəkməklə onun öz obrazını da yaratmağa çalışdıq. Buna bir çıxarış da demək olar. Bu obraz bir qədər parodoksaldır. Satirik S.Qədirzadə lirik Salamı tamamlayır.

"Epik" S.Qədirzadəyə yumor da yaraşır. Və əsası, yazıçı heç birinin "xətrinə" dəyməməklə bu janrları paralel aparır ki, bu da ürəkaçan balans yaradır. Müəllif müraciət etdiyi bütün janrlarda özünü komfort zonasında hiss etdiyi üçün əsərinin də müvəffəqiyyətini təmin edir. S.Qədirzadəni oxuculara sevdirən bir cəhət də, onun əsl azərbaycanlı yazıçı olmasındadır.

Məhək daşı olan Zaman onun kitabları üzərində hökmranlıq edə bilmədi. Yeni informasiya vasitələrinin kitabı sıxışdırdığı bir zamanda belə, S.Qədirzadə yenə oxunur, sevilir, əsərləri ədəbi keyfiyyətini saxlayır. Müdriklər deyir ki, bir kitabı 2 dəfə oxuyun, bir gənclikdə, bir də yaşlananda, müəllifin yaş həddini keçəndə. Düşünürəm ki, S.Qədirzadənin əsərləri bu sınaqdan üzüağ çıxdı. Onu oxumaq həmişə xoşdur. Təsadüfən yazıçının hər hansı bir kitabını əlinə götürən oxucu ilk səhifələrdən onun sehrli cazibəsinə düşür, başa çıxmamış əlindən qoya bilmir, əsərin ruhu, ab-havası, rəvan sintaksisi buna imkan vermir.

Xalq yazıçısı Süleyman Rəhimov S.Qədirzadənin istedadını yüksək qiymətləndirir, dil ehtiyatımızdan ustalıqla bəhrələndiyini, əsərlərinin dadlı, duzlu, şirin dildə yazıldığını xüsusi qeyd edirdi. Yazıçının yaradıcılığı ilə dərindən "söhbətləşəndə" bir şeyə təəssüflənirsən. Niyə onun romanları vaxtında ekranlaşdırılmadı? Kinomatoqrafın diqqətindən kənarda qaldı? Hətta bu gün belə onun istər "46 bənövşə"si olsun, istər "Su pərisi...", lap elə "Ulduzlar sayrışanda" - ən azı teleserial üçün hazır ssenaridir... S.Qədirzadənin həyata, ədəbiyyata, insanlara öz münasibəti var idi. Yazıçının son kitabı "Hər gün ömürdən gedir" adlanırdı. Sinninin və həyat təcrübəsinin verdiyi müdriklikdən dolayı bu axırıncı əsərində bütün yaradıcılığı boyu vəsf etdiyi İNSANA yazıçının fərqli - fəlsəfi münasibəti hiss olunur. Təəssüf ki, bu kitabını görmək ona nəsib olmadı. Sanki kitabına bu rəmzi adı verməklə, özü də bilmədən ömür möhlətinin sonuna varmış oldu, "epitafi"sini özü yazmış oldu (Sinə daşına "hər gün ömürdən gedir" sözləri həkk edilmişdir).

Salam Qədirzadə 64 illik qısa ömrünə nə mümkündüsə yerləşdirə bildi. Yazdı-yaratdı, oxudu-oxundu, sevdi-sevildi, özündən sonra qiymətli ədəbi miras, təmiz ad, xoş xatirə qoyub getdi. Mənası sülh, əmin-amanlıq olan Salam, müsəlmanlar arasında görüşəndə işlədilən kəlmədir. Qurani-Kərimdə buyurulur: "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya eynilə sahibinə qaytarın". Öz adını xarakterində, şəxsiyyətində daşıyan, doğruldan Salam Qədirzadənin oxucuları onun salamını elə bu şəkildə - layiqincə alıb, rəhmətini üzərinə qaytardılar. Ən başlıcası, "hələ də yazıçı Salam Qədirzadənin əsərlərini, az qala əzbər bilən, onun kitabları ilə tərbiyə alıb böyüyən" və bu gün xatirəsini yaşadan qədirbilən bir nəsil var. Bu isə... az-az yazıçıya qismət olur.

525-ci qəzet

Salam Qədirzadə: nəsrimizdəki silinməz imza


Baxış sayı - 1 295 | Yüklənmə tarixi: 14.01.2023 12:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031