İngilis dilində tamaşa nümayiş olundu - FOTO
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Mədəniyyət Nazirliyinin yeni layihəsi olan "Anamın kitabı" tamaşasının premyerası olub.
MANERA.AZ xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov, gənclər və idman naziri Fərid Qayıbov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, həmçinin ölkəmizdəki səfirlərin, eləcə də tanınmış teatr xadimlərinin, incəsənət adamlarının izlədikləri premyera alqışlarla qarşılanıb.
Əvvəlcə, tamaşa heyətini və tamaşaçıları salamlayan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib: "Azərbaycanın "La Skala"sında sizi görməkdən məmnunuq. Əminəm ki, bu gün burada fərqli və qeyri-adi tamaşa izləyəcəyik. Mədəniyyət Nazirliyinin layihəsi olan "Anamın kitabı" tamaşasının hazırlanma prosesi olduqca fərqli olub. Belə ki, 6 ay əvvəl ingilis dilində bir söz belə bilməyən bu səhnə əsərində gördüyünüz aktyor heyəti gərgin məşqlərin nəticəsində belə bir fərqli və gözəl iş hazırlayıblar. Səhnə əsəri Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanıb. Yeni və müasir rejissor işi nəticəsində ərsəyə gələn tamaşada ölkəmizin müxtəlif teatrlarının aktyorları eyni səhnəni bölüşüblər. İngilis dilində hazırlanan tamaşada əsas məqsəd doğma ana dilimizin təbliğatı istiqamətinə yönəlib."
Premyeradan sonra rəsmi qonaqların, eləcə də incəsənət xadimlərinin tamaşanı hazırlayıb ərsəyə gətirən truppa ilə səhnəarxası görüşü olub. Görüşdə tamaşa heyətinə təşəkkürlərini bildirən rəsmilər, teatrdan xoş təəssüratla ayrıldıqlarını vurğulayaraq, xoş arzularını çatdırıb, tövsiyələrini veriblər.
Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir.
Qeyd edək ki, bu Musiqili Teatrın tarixində ilk dəfə ingilis dilində nümayiş olunan səhnə əsəridir.