“Ah, bu uzun sevda yolu” tamaşasının premyerası olub
Oktyabrın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli şair Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş tədbir keçirilib.
MANERA.AZ xəbər verir ki, Mədəniyyət Nazirliyi və Milli Dram Teatrının birgə təşkilatçılığı ilə təşkil edilən tədbir Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında 2018-ci il 17 may tarixli Sərəncamına əsasən reallaşıb.
Unudulmaz şairin xatirəsinə həsr edilmiş “Ah, bu uzun sevda yolu” tamaşasının premyerası olub.
Dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsəri iki hissəli tale dramıdır. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanana səhnə əsərində əsas rolları Əməkdar artistlər Anar Heybətov (Müşfiq) və Münəvvər Əliyeva (Dilbər) canlandırıb.
Digər rollarda Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Ayşad Məmmədov, Elşən Rüstəmov, Mehriban Xanlarova, Elşən Cəbrayılov, aktyorlar Elnar Qarayev, İlyas Əhmədov, Vüsal Mustafayev, Xədicə Novruzlu və Rada Nəsibova ifa ediblər.
Maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.