manera.az
manera.az

Sevgi xalçası - Hekayə

Sevgi xalçası - Hekayə
Azər Qismət - 50

Qırmızı nömrəli qara maşın kəndin qapısından girəndə kəndlilər toz dumanına təəccüblənmədilər. Yalnız gözlərini maşının qırmızı nömrəsinə dikdilər. Dağ kəndinin məktəblisi maşının qarşı hissəsində dalğalanan kiçikölçülü bayrağı görüb "Polşa, Polşa" qışqırdı. Yol kənarındakı yabanı üzümdən düzəldilən talvarın altında uzanan, hərdən ayran qurtuldadan kişi naməlum səsə başını qaldırıb qara maşının sürücüsünün verdiyi sualı cavablandırdı: "Xuramanın evi yaxındadır, yaşıl qapıdır".

Sürücü kəndlilərin "yaxındadır" kəlməsini çox yaxın bildi. Amma bilmirdi ki, "yaxındadır" kəlməsi 2-3 kilometrə hesablanır. Xuraman kəndin ən yaxşı xalça ustası idi. Səhər tezdən dağ çayının sahilinə getmişdi. Yunu hissə-hissə böyük daşın üstünə qoyur, üzərinə soyuq su tökür, ağır ağacla döyəcləyirdi. Su tam axana qədər alnındakı təri silir, yerdə qalan yunları daşın üstünə sərirdi. Yuyulmuş yun quruyandan sonra ağacdan hazırlanan nazik budaqla çırpacaq, zəhmətlə yoğrulan əlləri ilə didəcəkdi ki, tikanı, pıtrağı təmizlənsin. Qızı isə yun darağı ilə darayacaqdı. Hələliksə on doqquz yaşlı qızına ipləri bitkilərin qaynadığı qazanlara salmasını tapşırmışdı. Sürücü qapını döyəndə qız odunun tüstüsündən gözünü ovxalaya-ovxalaya "gəlin" - deyə səsləndi.

Sürücü, tərcüməçi və çəmənliyə sürtünəndə yaşıllaşan parlaq tuflili yaşlı səfir həyətə girdilər. Qız anasının dağ çayının sahilində olduğunu deyib iri qazanların altındakı kösövləri kənara itələdi ki, su zəif qaynasın. Çünki qonaqlara çaydan-çörəkdən verməli idi. Tərcüməçi oğlan yalnız çay içəcəklərini dedi. O vaxta qədərsə səfir eynəyini taxıb çəmənliyə sərilən, hanadan yenicə çıxan xalçalara baxdı. Qız həyətdəki stola çaydan-konfetdən düzüb uzun budaqla qazanları qarışdırmağa irəlilədi. Gün gah çıxır, gah batdığından asiman qızın gözləri kimi kədərli görünürdü. Gavalı mürəbbəsindən dadan səfir dodağını marçıldadıb tərcüməçiyə nəsə dedi. Tərcüməçi gülümsədi, qıza səsləndi ki, qonaq mürəbbəni tərifləyir, reseptini yazıb ona verməsini istəyir ki, qızı bişirsin. Qız da gülümsəyib dedi ki, mürəbbənin dadlı çıxması üçün bu dağların əhatəsində yetişən gavalı ilə bişirilməlidir, gedəndə bir səbət yığıb pay verər.

Səfir qıza yaxınlaşıb etdiklərinə diqqətlə nəzər salır, qazanları iyləyib tərcüməçiyə dalbadal suallar verirdi. Tərcüməçi də onu inandırırdı ki, qazanlardakı rənglər bu yurdun bitkilərindən, çiçəklərindən alınır. Xalçaçı Xuramanın gəlib çıxmaması qonaqları darıxdırdı. Gəlişlərinin məramını açmazdan əvvəl səfir sürücüyə maşından xalçanı gətirməsini istədi. Sürücü xalçanı çəmənliyə sərəndə həyət darvazası açıldı, yunlarla dolu meşin kisəni arxasınca çəkən ucaboy, qaraşın qadın içəri girdi.

Ardınca da kəndin ağsaqqal və ağbirçəkləri içəri girdilər. Bir azdan kənd sovetinin sədri, üstəlik, səfirin kəndə gəlişindən xəbər tutan rayon rəhbərliyinin nümayəndələri xalça toxuyan qadının həyətinə daxil oldular. Səfirin gəlişin məramını belə qələbəlikdə açıqlamağı ürəyincə olmadı. Tərcüməçi narahatlığa su çilədi: "Buralarda qonağı çox adamın qarşılaması adəti qədimdən qalıb". Səfir eynəyini çıxarıb pencəyinin düyməsini bağlamaqla, adamların qarşısında ayaq üstə dayanıb çıxışına başlamaqla yüksək mədəniyyətə sahib olmasını nümayiş etdirdi. Kəndlilərin çörək kəsmək təklifinə ac olmadıqlarını dedilər. Səfirin öz dilindəki çıxışını tərcüməçi oğlan nöqtəsinə qədər çevirirdi ki, adamlarda aydınlıq yaransın.

- Toxunan xalçalara bir də baxanda əmin oldum ki, qadınlarınız səmanın maviliyini, meşələrin yaşıllığını, dağ yamaclarının sıx kölgəsini, qarlı zirvələrin bəyazlığını incəliklə əks etdiriblər. Sizin xalçalardan zövq alıram, - deyə gülümsədi. Tərcüməçi onun əsintili səslə dediyi növbəti sözlərini belə tərcümə etdi.

- Cənab səfir maraqlanır ki, bu xalçanı kim toxuyub?

Xuraman qızını göstərdi.

- Cənab səfir xalçanı evinin qonaq otağındakı divardan asıbmış. Əl işi olduğunu qonaqlarına deyərək həmişə fəxr edib ki, Xəzərin sahilindəki ölkədə belə nəfis xalçalar toxunur. Hətta xalçaçılıq üzrə mütəxəssis dostu Boleslav da xalçanın naxışlarına, toxunuşda istifadə edilən təbii materiallara baxaraq heyrətini gizlətməyib.

Səfir xalçaya yaxınlaşıb sol tərəfdəki ucunu əlinə alaraq sözünə davam etdi.

- Ancaq cənab səfirin dostu Boleslav xalçanın bu hissəsindəki qəribə toxunuşa dəfələrlə baxıb, lupasını arxaya-qabağa edərək fikrə gedib. Çeçələ barmağın ucu boyda olan bu yerə böyüdücü eynəklə siz də baxın. Adamlar qalxıb o hissəyə səfirin təqdim etdiyi böyüdücü eynək arxasından baxdılar. Xalçada saçları dalğalanan qızla bir oğlanın üzbəüz dayandığı, ancaq əllərinin bir-birinə çatmadığı toxunmuşdu. Adamlar təəccüb və heyrətlə qıza baxdılar.

- Cənab səfir bu sirri açmağı xahiş edir. Bilmək istəyir ki, bu yurdun xalçalarında dərdləri, sevincləri toxumaq çoxdanmı mövcuddur?

Kəndlilər dedilər ki, hələ qədimdən xalçaçılar, nəinki şəxsi sevinc və kədərlərini, dövrün hadisələrini də xalçalara toxuyublar.

Arada fasilə yarandı. Xuraman qəzəblə qızına baxırdı. Gözünün qabağında durmasını arzulamayıb qonaqların çayını təzələməyi tapşırdı. Ananın qızına hirsi səfirin gözündən yayınmadı. Qızı getməyə qoymadı. Nə baş verdiyini ananın anlatmasını istədi. Kəndlilər dinmədilər. Bəziləri başlarını aşağı saldı. Xalçaçı qadın bunu ailə sirri kimi açmağa lüzum görməyəndə, səfir acizanə baxışla israr etdi.

- Cənab səfir deyir ki, sizin xalqda qonaq anlayışı müqəddəsdir. O, bu sirri səfirə deyil, sanki yaşlı, həm də neçə yüz kilometr yol gəlib qapınızı açan qonağa söyləmənizi istəyir. O, çox rica edir. Bir xahişi də bundan ibarətdir ki, bu gənc qıza hirslə baxılmasın.

Xalçaçı Xuraman səfirin son ricasına dodağını qaçırsa da, gülüşü üzündə dondu. Kəndlilər də danışmasını istədilər. Hərçənd, əhvalatı son nöqtəsinə qədər gözəl bilirdilər. Xuraman başını aşağı salıb danışdı:

- Üç ev aralıda Hikmət adlı oğlan qalır. Neçə ildir ki, qızımı sevir. Bu sözümə görə böyüklər də məni bağışlasın. İki dəfə elçi gəliblər. Ancaq buna razı olmuram. Səbəb də budur ki, oğlanın gələcəkdə yeganə qızımı saxlayacağına inanmıram. Çünki işləmir, əlinə pul düşəndə də bədxərclik edir, dostlarını başına yığıb qonaqlıq verir.

- Cənab səfir bilmək istəyir ki, qız oğlanı sevirmi?

Qız anasının yeni xalça toxunuşu üçün gətirdiyi yunları çəmənliyə yayıb bir-birindən ayıranda qonağın son sualını eşidib səksəndi. Çünki yaşlı adamların yanında "mən də onu sevirəm" cavabını verməyə çətinlik çəkəcəkdi. Aradakı həya pərdəsi buna imkan vermirdi. Səfir qızı adamların arasına çağırdı. Tərcüməçinin sualından qızın yanağı allandı. O, sualını yenidən təkrarlayanda qız başı ilə sevdiyini işarə etdi. Səfir onun danışmasını istədi. Ağsaqqallar qızın uzaqlaşmaq cəhdindən "qonaqdan ayıbdır" pıçıldamaqla çəkindirdilər. Qız daha da qızardı. Anasının niyə xalçada belə toxunuş etdiyi danlağını tərcüməçi əcnəbi dilə çevirmədi. Eləcə, səfirə dedi ki, anası qızını danışmamasına görə danlayır. Yaşlı səfir gülümsəyib danışması üçün yenə ricaedici gözlərlə qıza baxdı. Uzun qara saçlarının üzünə tökülməməsi üçün alnına bağladığı çalmasını sıxıb bərkidən qız gözlərini yerə dikməklə danışdı.

- Oğlan məni istəyir, mən də onu. Evdəkilər məni ona vermirlər. Yazıq mənə görə evlənmir.

Tərcüməçi bu sözləri səfirə çevirəndə qonağın alnı dartıldı. Öz dilində nəsə pıçıldadığı da tərcümə edildi.

- Cənab səfir soruşur ki, qız özünü onunla xoşbəxt sanırmı?

Qız başı ilə təsdiqlədi.

- Əgər ailə həyatı qursalar, oğlanı işləməyə təhrik edə biləcəkmi? Onun ailəni dolandıracağına əmindirmi?

Qız yenə dolub-boşalan görkəm aldı.

- O, bütün həyatını məndə görür. Məni istəməyənə qədər işləyirdi. Ailəmiz məni ona verməyəndən sonra əli hər işdən soyudu. Günlərlə o təpəliyə qalxıb həyətimizə baxırdı. Tez-tez anamdan həyətdə nəsə iş görməyi xahiş edirdim. Bəhanə edirdim ki, havam çatışmır. O da nəsə tapşıranda həyətdə çox ləngiyirdim ki, oğlan məni görə bilsin.

Xuraman qalxıb "mən qızımı ona verməyəcəyəm" deyib durdu. Səfir deyilənləri tərcüməsiz də anladı. Ağsaqqallar qadının inadına göz ağartdılar. Yaşlı qonaq eynəyini çıxarıb-taxmaqla narahatlığını ifadə edirdi. Həyətdə gəzişib oturanları nigaran qoydu. Yenidən qayıtdı. Gözləri qızarmışdı. Asta danışığına tərcüməçi də təsirləndi.

- Bıqdoş şəhərində gənc qızla tanış olanda 17 yaşım vardı. Müharibə təzə bitdiyindən faşistlərdən qalma nişanların təmizlənməsi işinə baxırdıq. Həmin qızla yük maşınında kəndlərə gedər, idarə binalarının zirzəmilərində, ya önünə vurulan bayraqları, gerbləri qoparıb maşına yükləyərdik. Qıza o qədər alışmışdım ki...

Səfir doluxsunmasını gizlətmək üçün hərdən gülümsəyirdi. Ancaq bu gülümsəməyə kədər hopmuşdu.

- Bir gün qız məni evlərinə apardı. Acdığımı qarnımın qurultusundan duymuşdu. Anasının masaya qızılgül əksli süfrə sərməsini, gil qabda qaynadılmış süd gətirməsini, o südün ağzımın kənarından axmasına qızın doyunca gülməsini həmişə xatırlayıram. Ancaq...

Səfirin səsində əsintilik duyulanda tərcüməçi əcnəbi dildə ürək-dirək verdi. Kəndlilər də bunu hiss etdilər.

- Ancaq qonşudakı oğlanın içəri girib qızın anasına yad oğlana yemək verməyə görə acıqlanmasından sonra südə doğradığım çörək tikələrindən biri boğazımda qaldı. Oğlan bir də bu evə gəlməyimi qadağan etdi. Qız onunla ailə qurmağa məcbur idi. Çünki oğlan onları müharibə vaxtı ac qoymamışdı. Kişisiz ailənin vəziyyətinin pisləşdiyini görən qonşu oğlan əlinə düşəndən onları yedirtmişdi. O gündən qızla daha yük maşınının arxasında gülə-gülə kəndlərə getmədik. Daha onu görmədim. Bilirsiz, həyatı gözəlləşdirən sevgidir. Hər kəsilən istəklər insanı ilbiz kimi içinə yığır. Kəsməyin bu gənc qızın istəyini. Əgər qız özünü onunla xoşbəxt sanırsa, qırmayın onu. İstərdim ki, sizdən aldğım xalçada bir oğlan və qız əl-ələ tutsunlar. Xuraman xanım, siz mənə elə xalça toxuyarsınızmı? - deyə qoca səfirin üzündəki gülümsəmədən ətrafa toplananlar mütəəssir qaldılar. Zillənən baxışlardan gözlərini qaçırmağa çalışan qadın çox düşündü. Gah qoca səfirə, gah bir kənarda ağaca söykənən qızına baxdı. Tərcüməçi onun pıçıltısını səfirə söylədi:

- Oğlanın ailəsinə xəbər yollayın ki, elçi gələ bilərlər. Ancaq bir şərtim var. Oğlan qızımı yaxşı saxlamasa, şikayətə səfirin üstünə gedəcəyəm.

Gülüşlər səfirin də ürəyini açdı. İki aydan sonra gəldiyi toyda da sevindi, təzə xalçasını da apardı. O xalçanı ki, qızla oğlan əl-ələ tutub məsum baxışlarla gülümsəyirdilər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
252627282930