manera.az
manera.az

Qlisiniya - Nobel mükafatçısından hekayə

Qlisiniya - Nobel mükafatçısından hekayə
Olqa Tokarçuk - 2018-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı

***
Aşağıdan onların hər addımını eşidirdim mən. Qızım ərə gedəndən bəri mən bu işlə - onlara qulaq verməklə, haradan-haraya getdiklərini təyin eləməklə, addımlarını saymaqla və bu sayədə necə bir həyat sürdüklərini təxmin etməklə - məşğul idim. Mətbəxdən otağa, sonra vanna otağına, təkrar mətbəxə və yataq otağına: mənə anamdan, ona isə nənəsindən qalan iki metr enindəki iri, amma hələ də şiltəsi çıxmayan çarpayının cırıltısı eşidilirdi sonra da.

Əlbəttə ki, qızımın cəld və yüngül addımlarını mən ərininkindən ayırd edirdim - hərdən o, ayağını yerlə elə sürüyürdü ki, sanardın, arvadı ona hədsiz böyük çəkələklər alıb. Addımlar gah birləşir, gah ayrılır, gah yaxınlaşır, gah da uzaqlaşırdı. Onları yaxşı eşidim deyə, pəncərələri qapayırdım: yaxınlıqdakı depoya gedib-gələn tramvayların güclə sezilən səsi adətən mənə mane olurdu. Biz şəhərin kənarında, müharibədən öncə tikilən və eynilə bizim evimiz kimi, mamır basmış binalara malik qəsəbədə yaşayırıq: vaxtilə buralar özünün iri malikanələri ilə tanınardı. Evimiz ikimərtəbəlidir, pilləkən qismi də isinmir. Birinci mərtəbədə özüm yaşayıram, ikincini isə onlara vermişəm.

Evin girişində, pilləkənlərin düz böyründə iri bir qlisiniya kolu var - bu göz oxşayan kolu mən ədəbsiz bir şey sayıram. Çünki hər yay mövsümü gələndə onun açılan uzunsov çiçəkləri adama əsl əmcəyi xatırladır. Hər il onun budaqları ən azı bir metr uzandığından biz pəncərələri və balkonun qapısını açıq qoya bilmirik, yoxsa onun budaqları yellənən pərdələrdə bir dəlmə-deşik axtarırlar ki, bir an əvvəl evə soxulsunlar və hərdən mənə elə gəlir ki, onlar içəri girə bilsələr, vallah, keçib, masanın ətrafına düzülən stullarda da əyləşərlər... Elə olsa, mən də, yəqin qonaqpərvərlik edər, o budaqlara öz nəfis fincanlarımda çay süzər, qabaqlarına ləziz türk peçenyeləri düzərəm...

Ancaq adətən mən çayımı tək-tənha içir və gözlərimi tavana zilləyirdim, gələn addım səslərinə əsasən yuxarıdakıların həyat tərzini öz xəyalımda canlandırırdım. Həm də o yeknəsəq və darıxdırıcı həyatlarını. Qızım öz ərini əyləndirməyi heç bacarmırdı. Yuxarıda uzun müddət səssizlik yarananda mən divanda oturub, televizora baxdıqlarını anlayırdım. Kürəkən əlini qızımın çiyninə qoyub və yanaşı oturublar, masada bir stəkan pivə, qızımın qarşısında isə portağal şirəsi var, televiziya proqramları çap olunan qəzet isə ortalıqdadır yəqin.

Qızım, heç şübhəsiz, dırnaqlarını yeyələyir (bunsuz əsla duran deyil o), əri isə qəzet oxuyur. Mətbəxə sükut çökübsə, deməli, yemək yeyirlər. Hərdən bunların birisi duzqabını götürmək istəyəndə stulu dırıldadır. Vannada su şırıldadısa, deməli, hansısa yuyunur. Çimənin məhz hansı olduğunu da təyin edə bilirəm - qızım tez-tələsik yuyunub çıxır, əri isə duşun altında lazım olandan xeyli uzun müddət dayanmağa bayılır.

Görən orada neyləyirdi axı o, sıcaq suyun altında əriyib getməyə hazır bir sabun misalı dayananda? Kürəyini sürtürdü? Başını yuyurdu? Yoxsa narın su damcılarının öz çılpaq bədəni boyu necə dığırlandığına göz qoyurdu? Sonra su səsi kəsilir, araya sükut çökürdü, yəqin, o ara kürəkən ayna qabağında təraşa başlayırdı.

Bu zaman nəyi necə etdiyini də təxmin eləyirdim - əvvəlcə təraş köpüyünü özünün yaraşıqlı sifətinə yaxır, sonra isə onu xüsusi ciddi-cəhdlə, ta o şümal və təravətli dərisi görünənə qədər ülgücün köməyi ilə oradan sıyırıb, alırdı. Belinə bağladığı qətfə və kürəyində puçurlanan su damlacıqları sayəsində o, hər halda özünü yeni doğulan biri sanırdı. Həmin məqamda bircə anlığa mən gözəgörünməz bir varlıq kimi ona arxadan söykəndiyimi təsəvvürümə gətirirdim - mən onunla təmasımı hiss edirdim, o isə - yox. O, tamamilə məsumdur, çünki mənəm onun budlarına toxunan.

Təraşını bitirəndən sonra adətən qızım ona yanaşır, nazlanaraq ərinin üzünə təravətləndirici krem yaxır və bununla onu həm də tovlamağa çalışır, əlini qətfənin altına aparır və vanna otağından ayrılan ayaq səsləri düz yataq otağına qədər uzanır və bunlar hiss olunmayacaq bir şəkildə çarpayının o köhnə yaylarının xəfif cırıltısıyla əvəzlənir.

Öz-özümə deyirdim ki, hə də, belə də olmalıdır. Mən isə bağa üz tutur, rezin əlcəklərimi taxıb, öz dirriyimi belləyirdim. Barmağımla torpaqda dəliklər açır, oraya tüpürürdüm. Georgin kollarının qalın və damarlı köklərini əllərimlə yoxlayırdım. Qəddimi qəfil dikəltdiyimdə isə başım hərlənirdi.

Qızım tünd rəngdə saçlara və bir az şərqlilərə xas cizgilərə malik yaraşıqlı bir qadındır, sanarsan ki, ətrafına müşk ətri saçır. Şəvə kimi qapqara saçları uzun və sayadır, şərqlilərə xas gözlərini də o, atasından alıb. İndi iyirmi altı yaşı olsa da, mən bunun bir yanılğı olduğundan tamamilə əminəm.

Əslində o, yaşca daha kiçikdir - onun inkişafdan necə qaldığının şahidiyəm mən, sonra isə, on yeddi yaşında ikən o, bir gecə və ya bir gün ərzində, hamar buz üstə sürüşən konkisürən kimi, ən yüksək inkişaf pilləsinə ucaldı. Odur ki, o, hələ də on yeddi yaşındadır və elə on yeddi yaşlı bir qız kimi də bu dünyadan köçəcək.

Uşağa qaldığını öyrənincə, o, aşağı qata, mənim yanıma gəlməyə başladı: indi dəbdə olduğu kimi, qarnını bayırda qoyaraq, dodaqlarını köpürüb, hamilə qadınlara xas poza alır və əllərini budlarına dayamaqla şikayətlənirdi: "Halım fənadır...". Mən də onun üçün ya çay, ya da çobanyastığı dəmləyirdim. Bir də mənə deyirdi ki: "Oleq mənə görə çox narahatdır, çünki məni dəlicəsinə sevir".

Ancaq hər şeyə rəğmən, qızım o uşağını saldı. Oleq dərhal onu xəstəxanaya apardı, qayıtdıqdan sonra onunla telefonla əlaqə saxladı, pilləkən qəfəsində butulka cingiltiləri qopartdı, axşam isə televizorun qabağında oturub, özü üçün pivə sümürdü. Ona axşam yeməyi apardım, çayını öz barmağımla qarışdırandan sonra həmin barmağı yaladım. Onu divana uzatdım ki, yatsın. O məni altdan-yuxarı, ço-o-x uzaqlardan süzürdü o ara. Belindəki dəri kəməri bir azca boşaltdım və o, mızıldanaraq təşəkkür eləyib yuxuya getdi.

Məhz həmin gecə mən onların mənzilinə diqqət yetirə bildim. Şkafda səliqə ilə düzülmüş mələfələrə, alt paltarlarına, vanna otağındakı kosmetikaya göz atdım. Güzgüdəki barmaq izləri, vannadakı tüklər, hörmə səbətdəki kirli camaşırlar, yanbızdakı cibdə daşındığı üçün onun şəklinə uyğunlaşan qara dəri pulqabı sataşdı gözümə.

Bədənim mənə mane olurdu, mənə rahatlıq vermirdi, çünki ən çox dilədiyim şey - bədənsiz bir məxluq kimi onun böyründə uzanmaq idi. Onunla pilləkəndə rastlaşanda o gözəgörünməz məxluq sanki şişirdi. O mənimlə hədsiz yaxın, qoxuların hakim olduğu bir məsafədən danışırdı. O qoxulardan toxunmuş kombinezon bir zəncirbənd misalı açıldığı vaxt həndəvərimizdəki hava cürbəcür jestlərlə dolurdu - həm məsum tərzdə kürəyə toxunuşlar ilə, həm də onun öz əlini ayaqlarımın arasına qoyması ilə.

Kürəkənə tapşırmışdım ki, qlisiniya budaqları içəri dalmasın deyə, gecələr pəncərələri həmişə qapasın, vaxtaşırı poçt qutusuna baxsın, və sair və ilaxır.

Onunla təması elə ilk baxışdan diləmişdim mən. Bunda pis nə var ki?! Axı, qızlar - öz analarının bir parçasıdır, analar isə - öz qızlarının, buna görə də eyni istəyin hər ikisinə sirayət eləməsi təbii haldır: eynilə beləcə, dağdan sel-su gələndə əvvəlcə o, çayın ən alt qatlarını bürüyür.

Onsuz da bu dünyada mən görəcəyimi görmüşəm və bilirəm ki, istəyə qarşı çıxmaq olmaz - diqqətli meliorator (suçu, sulama mütəxəssisi - A.Y.) kimi davranmaq lazım gəlir: ona həm ağuşunda üzməli, həm də səni özüylə alıb aparmalıdır, çünki onu nə dayandırmaq mümkündür, nə də məmnun eləmək. Bunun əksini düşünənlər isə mütləq yanılırlar. O da məhz fərqli düşünənlərdən idi.

Əvvəlcə qızım evə döndü və biz mənim mətbəximdə öz qəmli rəqsimizi ifa elədik - qucaqlaşdıq, ləngər vurub, yırğalandıq, bir ayağımızı qaldırıb, digərinə dayaq verməklə bütün mətbəx boyu, pəncərədən qapıya doğru, təkrar bir küllə, tama çevrilərək, öz monoton baletimizi oynadıq və bu, biz haqsız yerə ayrılana qədər davam elədi. Bir-birimizin saçlarını tumarladıq, bir-birimizin qoxusuna daldıq, o mənim boynuma sıxdı üzünü, mən isə üzümü - onun yaxalığına. Onun döşlərini və boşalmış qarnını hiss elədim o ara. Ancaq elə ki kürəkən kandarda peyda oldu, biz paxırımız açılıbmış kimi bir-birimizdən aralandıq, əri onu özüylə apardı və mən təkrar onların üst mərtəbədən gələn ayaq səslərinə qulaq kəsildim.

Mən çoxillik bitkilərin kökünü qazımağı və bircə hərəkətlə yorğan üzünü yorğana keçirməyi öyrətmişdim qızıma. Gecələr kürəkən mənim yanıma gəlirdi - həmişə pivə iyi verdiyi üçün çox yəqin, o məndən azca qorxub-çəkinirdi. Mən öz budlarımla onun ayaqlarına sarmaşırdım, sanki hələ də cavan bir qız uşağı idim. Səhərlər isə onun duş aldığını hənirtilərdən anlayırdım - bu iş həmişəkindən daha uzun, daha durğun olurdu.

Yəqin ki, bu barədə kürəkənin də - elə bütün kişilər kimi - gəldiyi bir qənaəti var idi: istənilən arzunu yerinə yetirmək, istənilən aclığı doyurmaq olarmış.

Qışda biz pəncərələri qapamaq istədiyimiz üçün təkrar budaqları bağban bıçağıyla budamalı olduq. Budanmış budaqlar ilk payız küləklərinin ritminə uyğun olaraq hələ də pəncərə şüşələrini döyəcləyirdi, ancaq onların əllərindən bundan başqa bir şey gəlmirdi, yarpaqsız və çarəsiz şəkildə eləcə bayırdan bizə baxırdılar. İçəridəki hava isə isidicilər sayəsində qızırdı.

Görən bunu qızım bilirdimi heç? Əgər qızım mənim bir parçamdırsa və mən də onun bir parçasıyamsa, o, bundan mütləq agah olmalıydı. Qızımın gecənin bir aləmi oyanaraq: "Ana!" - deyə səsləndiyini vaxtaşırı eşidirdim, ancaq belədə o məni səsləmirdi deyə, yatağımdan sıçrayıb, yanına qaçmağa bir gərək də duymurdum. Onun bu "Ana!" çığırtısı eynilə "A-aa-a!" və "Ox-x!" nidası kimi bir şey idi əslində. İndi isə əri onu qucur və təsəlli verirdi: "Heç nə olmayıb, yat, yuxula".

Qış hiss olunmadan gəldi və rəhmsiz bir şəkildə dünyamızı zülmətə bürüdü. Uzun, iniltili gecələr, qısa günlər yuxarı qatdan gələn addımları çilik-çilik elədi. Qızım mənimlə danışmırdı deyə, mən də daha onunla kəlmə kəsmirdim. Evdən getdiyi vaxt pəncərədən onun sadəcə kürəyini görə bilirdim. Özüm də evdən harasa gedəndə onun baxışlarının öz boynumun ardına dikildiyini sezirdim. Dayanacağa tərəf gedərkən onun öz çətiriylə yolboyu torpaqda dəliklər açdığını və onlara tüpürdüyünü görürdüm. Yuxarıda onun ipə sərdiyi mələfənin xışıltısı dəyirdi qulaqlarıma.

Qızım evdə olmayanda onun əri üçün qəhvə dəmləyirdim. Bir stəkana iki qaşıq şəkər tozu töküb, içkinin acılığı çıxana qədər onu çalırdım. O isə qəhvəsini acgözlüklə, baxışlarını yerdən ayırmadan, son damlasına qədər içirdi. İlk addımı adətən mən atırdım, bunun səbəbi heç də mənim daha atəşin olmamdan irəli gəlmirdi - yox, bununla mən onu günah hissindən qurtarmağa can atırdım, öz qurbanıma bir rahatlıq hissi bəxş edir və onun hələ günah işləmədən də əfvinə çalışırdım.

Ayaqlarımı onun budlarına dolayır və beləcə, dayanırdım. Bu yolla onun zəif düşməsini yox, məhz güclü olmasını diləyirdim.

Sonra qızım evə dönür və özü onun üçün qəhvə dəmləyirdi. Bir stəkana o da iki qaşıq şəkər tozu qoyurdu və içki məxməri bir rəng alana qədər qaşıqla onu qarışdırırdı.

Bu vəziyyət yaza qədər, yəni yerli-yataqlı hesablanmış konstruksiyanın möhkəmliyi artıq dözülməz həddə çatana qədər, davam elədi. Həmin gün mən də, qızım da öz qəhvə fincanımıza ikinci şəkər qaşığını tökməkdən imtina elədik. Bu imtina məhz həmin gün gerçəkləşdiyi üçün hər ikimizə əyan oldu ki, qızlar öz analarının, analar isə öz qızlarının bir parçasıdır. Burada başqa bir izah da ola bilməzdi. Deməli, o, iki kərə ölmüşdü. O, iki dəfə qeybə qarışmışdı. Bir dəfə qızım, ikinci dəfə isə mənim üçün.

Qızım ayaqyalın qaçaraq pillələri endi və biz bir-birimizin ağuşuna atılmaqla, hönkürüb ağladıq. Birimiz pijamada, digərimiz isə gecə köynəyində təkrar bir küllə çevrildik, sonra da o məlum "bir-iki" ritminə uyğun öz yırğalanmamıza başladıq. Qızım yalnız bunu pıçıldayırdı: "O ölüb, o ölüb". Mən isə təkrarlayırdım: "Artıq o, yoxdur, artıq o, yoxdur".

Həm də bizim bildiyimiz bir həqiqət var idi ki, bundan kürəkən nə onda, yəni sağlığında, nə də indi, yəni öləndən sonra agah idi: ölümdən sonrakı həyat da - elə ölümə qədərki həyat qədər - yuxuya bənzəyir. Kürəkən bilmədi ki, əslində ölüm - bir illüziyadır və bu oyunu heç nə olmayıbmış kimi davam etdirmək də mümkünmüş. Əvvəlcə mən, həm də sırf mexaniki şəkildə buna başladım, sanki bu çətin ayin əzəldən bəri artıq mənə əyan idi, qızım isə mənim ardımca bunu təkrarladı. Nəyi və necə edəcəyini qızım asanlıqla dərk elədi və artıq biz gözümüzü tavana zilləməklə, onun geri dönməsini pıçıltıyla dinləməkdə idik.

O vaxt düşündüm ki, niyə biz məhz yuxarı baxırıq, axı, ölüm üçün aşağı-yuxarı, alt-üst, sağ-sol, içəri-dışarı yoxdur. Bunu nəzərə alaraq, səhvimizi qəbul olunmuş qaydalara uyğun şəkildə düzəltmək qərarına gəldim və ona görə də ölümə onun olduğu səmtdə üz tutmalı olduq - o isə zatən hər yerdəydi. Biz divarları və döşəməni yumruqlayır, həm də artıq pıçıldamır, qışqırırdıq.

Çalışırdım ki, sözlərimiz ona qədər gedib çatsın, o, bu sözlərin məğzini anlasın. Əmin idim ki, elə o da, hamı kimi, ölümü - var olmanın sadəcə sonu kimi alqışlayır. Mən ağır-ağır və səlis şəkildə təkrarlayırdım: "Oleq, hər şey yetərincə qəlizdir". Ancaq var olmayan birini təkrar var olmağa cürətləndirmək nə dərəcədə mümkündür ki?!

Mənim gözəl və Şərq cizgilərinə malik qızım da bu qəribə və gözlənilməz metafizik problemin fərqindəydi: bilirdi ki, real aləmin şüurumuzdakı toxumları orada bulunmaqla, öz uyğun saatlarını gözləyirlər. Yalnız bizim inandığımız şeylər mövcuddur. Başqa bir qanunauyğunluq-filan da yoxdur. Və biz, bir cüt ifritə kimi evimizin divarlarını yumruqlayır, qışqır-bağırla onu çağırırdıq.

Qızım bir körpə kimi onu dilə tutur, onu ağıllı olmağa çağırırdı: "Yetər artıq, oyan, sənin ölümün gerçək sayılmır, bir azca məntiqli düşün". Mən deyirdim: "Oleq, yalvarıram sənə, gəl, bu məsələyə fərqli nöqtədən bax, özünü bir azca çətinə sal da, noolar?".

Ən nəhayət, o, peyda oldu. Düzdür, onun cizgiləri hələlik bulanıq idi, sanki televizorun ekranından çıxıb gəlmişdi. Qaraltısı da titrəyirdi. Acıqlı və çaşqın bir təəssürat yaradırdı. Ən əvvəl onu mən gördüm - hər necə olsa, həyatda çox şey görmüşdüm axı. Qızım az sonra onu sezdi. Elə o dəqiqə ona toxundum ki, öz bədənini, öz ehtirasını unutmağa fürsət tapmasın.

Ancaq hər şey yolunda idi. Az sonra konturlar nisbətən dəqiqləşdi və ondakı işıltı yoxa çıxdı. Belə olunca, mən vəd olunan mükafat kimi onu döşəmənin üstünə endirib, dodaqlarından dərin bir öpüş aldım və o da eyni çılğınlıqla məni öpdü. Mənim dodaqlarımla təmasa girincə, onun dodaqları da maddiləşdi. Sonra qızım növbəti addımı atdı və artıq tamamilə bəlli oldu ki, kürəkənim həyata dönüb.

Artıq pəncərələrin açılma məqamı gəlib yetişmişdi, çünki qaranlığa qərq olan otaqlar qlisiniyanın kövrək və təravətli budaqlarını təkrar özünə cəzb eləməyə başlamışdı.

Tərcümə: Azad YaşarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31