Mirmehdi Ağaoğlu: ““Bu gün səbr elə” oxucu ilə oyundur” LAYIHƏ | MANERA.AZ
![]()
MANERA.AZ-ın “Oxucu sualı” layihəsinin bu dəfəki qonağı yazıçı Mirmehdi Ağaoğludur. Qeyd edək ki, müəllifə ünvanlanan suallar yazıçının bu yaxınlarda çap olunmuş “Bu gün səbr elə” romanı əsasında hazırlanmışdır.
Mirmehdi bəy, kitabın əvvəlində epiqraf kimi verdiyiniz Nəsiminin beytini necə izah edərdiz:
Dilbər aydır: ”Ey Nəsimi, sabir ol, qılma fəğan,
Mən bu gün səbr eləsəm, danla fəğamı neylərəm?”
Gəlin sizə “Bu gün səbr elə”nin yazılması barədə bir-iki sirr açım. Əvvəla onu deyim ki, əsərin ilk yazılışında baş qəhrəman Nəsiminin adı başqa idi. Roman üzərində işlər yekunlaşandan sonra əsərin adı barədə düşünməyə başladım. O zaman İmaməddin Nəsiminin bu beyti yadıma düşdü. Qərara gəldim ki, həm bu beyti epiqraf kimi verim-çünki əsərin mesajına da uyğun gəlir- həm də baş qəhrəmanın adını dəyişim Nəsimi qoyum. O cür də etdim. “Bu gün səbr elə” çap olunmamışdan qabaq rəylərini bilmək üçün oxumağa verdiyim dostlardan bəziləri də Nəsimi xəttini İmaməddin Nəsimiyə bağlamağı məsləhət gördülər. Amma əsər mənim üçün artıq bitmişdi, ideya qatına yenidən nələrsə əlavə edə bilməzdim. Məhz buna görə İmaməddin Nəsimi ilə “əlaqəni” epiqraf və baş qəhrəmanın adı səviyyəsində saxlamaq qərarına gəldim.
Mənə elə gəlir ki, ilk səhifədə Nəsimi və Cəmilin gördükləri idarəyə gələn xanımın kim olduğunu oxucu başa düşə bilmir. Axı kimdir bu dikdabanlı xanım?
O dikdabanlı xanım rəmzi mənada desək elə Məlahətdir. Cəmil məhz o cür bir qadın arzusunda olur. Necə deyərlər, “Kimə niyyət, kimə qismət.” Yəqin Cəmilə belə bir təklif olunsaydı bir an belə tərəddüt etmədən razılaşar və onun haqqında əsər yazmağa da ehtiyac qalmazdı. Nəsimi isə ailəsini sevən bir adam olduğu üçün onun fikrində hansısa bir varlı, dikdabanlı xanım yoxdu.
İlk baxışdan belə görünür ki, Səfərovlar ailəsi uğurlu ailə olmalıdır. Bacarıqlıdırlar, ortada sevgi var və.s. Amma Dilbərin səbrsizliyi onları fəlakətə sürükləyir. Deməli, səbəb səbrsizlikdir. Bəs onun səbrsizliyinin səbəbi nədədir?
Xeyr. Səfərovlar uğursuz ailədir. Onların bu həyatda bircə sevgiləri var. Başqa heç nə. Evlərini rayonda banka girov qoyub Bakıya köçüblər. Burda isə on ildən çoxdur yaşayırlar, amma hələ də kirayələrdən canlarını qurtara bilməyiblər. Maaşları bu aydan o aya çatmır. Bakıda kredit götürmədikləri bank qalmayıb. Axı uşaqlar da böyüyür? Nəsimi ilə Dilbər onlara nə verə biləcəklər? Eyni problemləri övladlarına ötürəcəklərmi? Burda artıq səbrdən də keçib. Epiqrafda da göstərildiyi kimi Nəsimi Dilbəri səbrə dəvət etsə də o artıq razılaşmır. Dilbər, tale ilə oynadığı bu qumara əlində olan yeganə varını, sevgisini qoymaq qərarına gəlir. Sevgisini oyuncaq edənlər isə həmişə uduzurlar.
Hadisələri açmaq üçün əksər yerlərdə müəllif kimi özünüz hadisələrə nüfuz edir, xarakterləri öz sözlərinizlə açmağa çalışırsınız (və əksərən də buna nail olursuz.) Yaxşı olmazmı ki, bunu surətlərin özləri dialoqlarında bəlli edəydilər?
Müəllif əsərin sonunda qəhrəman kimi yer aldığı üçün onun əvvəldən müəyyən formada iştirakı vacib idi. Ümumiyyətlə, mənə görə o əsərin iki sonluğu var. Oxucuların ilkin qənaətindən də elə hiss eləmişəm ki, bəzilərinə görə əsər epiloqa qədər, digərlərinə görə isə əsər normalda olduğu kimi epiloqdan sonra yekunlaşır. Bu da əsərin emosional qatının gücülü olmasına görədir. Dilbərin faicəsini öz faciələri kimi qəbul edən oxucular sonda müəllifin müdaxiləsini görmək, təəssüratlarının aldadıcı olduğunu, onlarla oyun oynanlıdığını qəbul etmək istəmirlər. Buna görə də epiloqu görməzdən gəlirlər.
“Bu gün səbr elə” oxucu ilə oyundur. Səfərovlar ailəsinin sonrakı taleyi isə oxucuların ixtiyarına buraxılıb. Əsərin vahid sonluğu yoxdur. Qoy hər kəs öz sonluğunu seçsin. Bəziləri elə fikirləşsin ki, Səfərovlar ailəsi əsərdə gördüyümüz kimi dağılıb. Digərləri isə fikirləşsin ki, Səfərovlar ailəsi dağılmayıb, nə Dilbər ərinə belə təklif edib, nə də Nəsimi ailəsini atıb Amerikaya gedib. Onlar bizimlə birlikdə Bakıda yaşayır, bizimlə birlikdə eyni şəhərin havasını udurlar və özlərinin yoxsul, acınacaqlı həyatlarına davam edirlər.
Niyə Nəsimi Dilbərin təklifinə uydu? Bəlkə “ibtidai kişilik qüruru”ndan əlavə yenə nəsə var onun xarakterində?
Nəsimi başa düşürdü ki, Dilbər onu Məlahətlə görüşdürməyincə əl çəkməyəcək. Əgər görüşməsə belə sonralar hər dəfə ailə uğursuzluqla üzləşəndə Dilbər bu çıxış yolunu onun yadına salıb deyəcəkdi ki, bax, gördün axı mən sənə “xilas gəmisi”ni göstərmişdim, sənsə qəbul etmədin. Nəsimi məhz bu ittihamlardan qaçmaq üçün Məlahətlə görüşmək qərarına gəlir. Amma yazıq nə bilsin ki, ilk görüşdəcə Məlahət onun “saqqızını oğurlayacaq”. Əgər Məlahətlə görüşdən qabaq Nisiminin içində müqahimət hissi güclü idisə, görüşdən sonra bu hiss zəifləyir. O, Amerikaya gedəndən sonra, yeni şəhər, yeni ölkə, yeni həyat bu hissi darmadağın edir. Buna görə Nəsimini qınamalıyıqmı? Məncə yox. Yenilik, dəbdəbəli həyat və gözəl qadın qarşısında çox az adam tab gətirə bilir.
Mirmehdi bəy, realist üslubda əsər yazmaq doğrudanmı çətindir indi? Axı yaxın keçmişdə hamı belə yazırdı və çətinlik də çəkmirdilər. Düşünürəm ki, oxuculara belə yazı tərzi doğmadır.
Bu sualdan hansı qənaətə gəlməliyəm, yazdığım realist əsərdir, ya yox? Məndən soruşsanız “Hə” deyərəm. Axı əsərin mövzusu gerçək həyatdan götürülüb, hətta axırda biz qəhrəmanla görüşük də. Bununla belə məncə əsərdə absurdun dozası kifayət qədərdir. “Bu səbr gün elə” qara yumordur. Borcun-kreditlərin əlində boğan, əsir-yesir olan azərbaycanlılar haqqında yazılmış qara yumor.
Dilbər “ərinin toyuna” getməsəydi nə olardı ki? O da “ibtidai qadınlıq qüruruna” əsasən bu addımı atdı, ya niyə birdən-birə bu cür zəif hərəkət elədi? Axı o, tədbirli qadındır?
Biz bir şeyi unuduruq ki, Dilbər bu oyunun qurucusu idi. Onun hər hansı bir emosionial addımı oyunu yarımçıq saxlaya bilərdi. Dilbər öz rolunu axıra kimi oynamalı idi. Bu oyunun içində öz ərinin toyuna getmək də var idi.
Mirmehdi bəy, məncə, əsəriniz uğurlu alınıb. Sizi təbrik edir, yeni-yeni əsərlər gözləyirik...
Təşəkkür edirəm.
Layihə rəhbəri: Şəhla Aslan
MANERA.AZ