Nəsimi, onun Dilbəri və Mirmehdi ilə söhbət | MANERA.AZ
manera.az
Bütün maraqlı əsərləri oxuyub bitirdikdə olduğu kimi, Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” kitabının da birnəfəsə mütaliəsindən sonra qəlbimi qəribə hisslər bürüdü. Lakin həmişəkilərdən fərqli olaraq bu dəfə keçirdiyim hisslərin yönü yaradıcılığa doğru idi. Sanki gözəl bir muğam ifasına qulaq asarkən özün də onun kimi oxumaq istəyirsən. Amma bir dəfə bu muğamı mən də oxumağa çalışmışam. Daha doğrusu, yazdığım bir povestin mövzusu bu barədədir – qəhrəmanım yaxşı yaşamaq üçün rayondan şəhərə gəlir, min əzab-əziyyətə düçar olandan sonra, xeyirxah adamların iştirakı ilə bircə anda təmizlənmə mərhələsini keçir, tamamilə ayrı ruhlu adam kimi geri dönür.
Kitab haqqında rəy bildirənlərin demək olar ki, hamısı onu 70 – 80 — ci illərin ədəbi nümunələri ilə səsləşdiyini qeyd etdilər və hamının təəccübünə rəğmən bu bənzətmələr məni sevindirdi. Məgər o dövrün ədəbi simalarının təcrübəsini kənaramı tullamalıyıq? Həm də ki, kənd-şəhər münasibətlərinin bu qədər aktuallaşdığı bir dövrdə!
Həmkarım Mirmehdi isə bir az da irəli gedərək hadisələrə daha müasir tərzdə baxıb. Əsərdə realist üslubdan fərqli olaraq “təmizlənmə” yoxdur, sonluğun qələbə, şadlıq və sevincdən fərqli olaraq kədərlə bitməsi oxucunu daha dərindən düşünməyə vadar edir.
Kitabın epiloq hissəsi çox təsirli və orijinaldır. Bir anlıq düşündüm ki, şair Nəsimi, onun dilbəri, müəllif, Nəsimi və Dilbərlə söhbətləşmək pis olmazdı. Və təxminən belə bir dialoq alınardı:
Dilbər: Ey Nəsimi, mən sənə səbrli olmağı tapşırmışdım. Yoxsa, sirrimiz faş ola bilərdi. Sən isə elə bir söz dedin ki, nə mən başa düşdüm, nə də o vaxtdan ta indiyə qədər heç kəs onu sonadək dərk eləməkdə acizdir. Necə yəni səbrli olsam, bəs sübh çağı əfqan eləməyi nə eləyim, bunu ki, tərgitmək olmaz! Elə, tərgitmədin də, özünü də, məni də aləmə tanıtdırdın. Soyulsan da, söyülsən də fikrindən dönmədin. Düz də elədin. Əqidə yolu düz olmalıdır. Kim desə ki, Nəsimi “dilbər” deyəndə Nəimini, onun ideyalarını nəzərdə tutur, onu da qınamıram. Əsl sözün yozumu da çox olmalıdır. Yaşa, şair, sən yaşadıqca mən də varam!
Nəsimi: Kədərsiz aşiq nə aşiqdir ki? Ahü-əfqan şairin mayasıdır. Məşuqa yetməyə o qədər sövqün vardır ki, səbr etməyə taqətim yoxdur. Sənin məsləhətinə ona görə əməl edə bilmirəm ki, əsl məşuqum olan ilahi məbudun hicranına dözə bilmirəm. Soyulsam da ölüm mənim üçün vüsaldır!
Mən: Şair, səndən sonra adın fəxr yerimiz olub. Şəxsiyyətin və əqidən indi də mübahisəli olsa belə, daim sənə müraciət olunur. Bir mənəvi nəvən olan bu Mirmehdi də səbr etməməyin acı bəlaları haqda bir kitab yazıb. Qoy özü desin də.
Mirmehdi: Ustad, kitabımın məzmunu ondan ibarətdir ki, ağır durumuna dözə bilməyən bir Dilbər adlı xanım öz ərini gizlincə varlı xanımla evləndirir ki, maddi vəziyyətləri düzəlsin. Onlar evlənəndən sonra işin üstü açılır. Xanım kişinin qalması müqabilində onun əvvəlki arvadına pul verir. Əvvəlki ailə dağılır.
Nəsimi: Vay, vay! Kasıblıq nə böyük bəladır ki, ona səbr etməmək də mümkün olsun. Mən haqqa qovuşmağa can atmaq, həqiqi vüsala çatmaq yolundakı səbrdən danışıram.
Şairin dilbəri: Elə mən də səni bu işdə səbr etməyə çağırırdım.
Şair: Mən isə sübh çağı etdiyim fəğanları çox sevdiyimdən onu tərk etməyimin çətin olduğunu demişdim.
Nəsimi: Vallah, siz pulsuzluğun nə olduğunu mənim qədər bilməzsiniz. İndiki dövrdə pulsuzluq adamı hər yola yönəldə bilir. Yalançı evlənmələr, yalançı boşanmalar baş alıb gedir. Məgər belələrini az görürük?
Dilbər: Kirayə qaldığımız ev uçurulanda mən səhv etdiyimi anladım. Günahlarım çox böyük olduğundan nə Məlahət, nə Nəsimi onu bağışlaya bilməzdi. Yenə də Allaha sığındım. Səbrsizlik edib günaha batmışam.
Mən: Şair, öz dövrünlə indiki dövrün fərqini görürsən də! O vaxtın dilbəri sən boyda nəhəng filosofa da səbr dərsi verirdi. İndiki dilbərlər isə beş manat pula görə ərini özgəsi ilə evləndirir.
Müəllif: Əslinə qalsa, Dilbər elə həmin Dilbərdir, Nəsimi də o Nəsimidir. Mənim istəyim isə cüzi səhvin nələrə başa gələcəyini xalqa başa salmaqdır. Adəmi cənnətdən qovduran Həvva kimi, bir çox qadınlarımız kişini olan-qalan ağıldan da çıxarırlar.
Mən: Məncə, bu gözəl niyyətinə görə Seyyid Nəsiminin nəvəsi Mirmehdi bəyə yağlı bir “sağ ol!” düşür. Elədirmi?
Hamı (bir səslə): Sağ olsun!
Şəhla Aslan
MANERA.AZ