manera.az
manera.az

Pəncərə - Elşən Əzimdən iki hekayə

Pəncərə - Elşən Əzimdən iki hekayə
MANERA.AZ Elşən Əzimin iki hekayəsini təqdim edir:

Rəqiblər

Payız günəşi göyün üzündən elə minnətlə baxır ki, elə bil onu kimsə gülümsəməyə məcbur edib. Sonra da naz-qəmzə ilə buludların arxasında gizlənir.

Dolu buludlar ipdən asılmış yaş köynək kimi ağır-ağır yellənir. Uçuşan yarpaqların ardınca baxan Çinar və Qovaq ağacları müdrik və səbrli görünsələr də varidatı əlindən alınmış adam kimi məyus ovqatlarını da gizlədə bilmirlər. Kiçik ağaclar və kollar isə oyuncağını itirmiş uşaqtək vurnuxurlar. Bu mənzərəni doyunca izləmkdən zövq alan Lalə müəllimənin qəlbində əsintiyə çevrilən qəribə bir nigaranlıq baş qaldırır. Elə bil bu payızın havası da, rəngləri də əvvəlkilərdən fərqlidir. Sanki 2020-nin payızı nə isə yeni sürprizlər vəd edir. Lalə onsuz da hər payız bir sürprizlə qarşılaşır, neçə illərdir ki, bu hal davam edir. Ali məktəbin birinci kursundan sınamağa başlayıb ömrünün payız sovqatlarını. Bəzən xoş, bəzən də arzuolunmaz hallarla üzləşir hər payız. İndi də birdən-birə ürəyində həyəcan dolu bir döyüntü əmələ gəlir və bu döyüntü payız küləyinin uğultusuna ritm tutur. “Yenə bu nə həyəcandır ürəyimə doldu? Son vaxtlar səbəbsiz yerə qorxuram, həyəcanlanıram. Allah axırını xeyir eləsin” deyə düşündüyü vaxt kimsə salam verib yanından yeyin addımlarla ötür. Elnur müəllimdir. Elə Lalə üçün iki il əvvəlin xoş olmayan payız sürprizi Elnur müəllim olmuşdu. Məktəbdə sinif komplektlərinin sayı çoxaldığından dərs saatları da çoxalmış, bu səbəbdən yeni dil-ədəbiyyat müəlliminə də ehtiyac yaranmışdı.

MİQ imtahanında yüksək nəticə göstərən Elnur müəllim də bu qəsəbənin məktəbini seçmiş, necə deyərlər, Lalənin dərslərinə şərik çıxmışdı. Hələ topladığı bal da Lalənin balından çox idi, üstəlik magistr təhsili də almışdı. Bütün bu üstünlüklər Laləni daxilən incitsə də üzə vurmamağa çalışırdı. Məktəbdə dərslərin bölünməsindən elə də narahat deyildi. Əsas məsələ fərdi hazırlığa gələn uşaqların da bir çoxunun Elnur müəllimi seçməsi idi. Lalə düşünürdü ki, insan belə qədirbilməzdir, təzə ay çıxanda köhnəni doğrayıb ulduz qayırırlar. İki gənc müəllim arasında rəqabət günü-gündən artır, hər biri öz üstünlüyünü göstərmək üçün müxtəlif metodiki üsullar düşünür, özünü reklamın ən ilginc məqamlarını axtarırdılar. Lalə Bakı Dövlət Universiteti kimi bir təhsil ocağını bitirdiyini Elnurun isə Gəncədə oxuduğunu tez-tez valideynlərin nəzər və diqqətinə çatdırır, Elnur isə topladığı balın yüksəkliyindən, magistr təhsilinin önəmindən dəm vururdu.

Bu fikirlərin çarpaşıq ovqatıyla yol gedən Lalə yolun tozunu küləyin necə qaldırıb burulğana çevirdiyini də gözdən qaçırmadı. Ona elə gəldi ki, bu, toz deyil, beynindəki fikir burulğanı, qəlbindəki həyəcan fırtınasıdır. Reklam lövhəsində “hədiyyələr” yazılan mağazanın qarşısından keçəndə yadına düşdü ki, pul yığmaq üçün kassa almalıdır. Mağazada cürbəcür formalarda gipsdən, saxsıdan, şüşədən düzəlmiş kassalar vardı; dəvə, at, fil, göyərçin... “Aha, yenə seçim qarşısında qaldım, zəhləm gedir də, nə isə almaq üçün seçim etməkdən, stressə düşürəm. Kaş hər şeydən yalnız bir növdə, bir formada olaydı.” Bu düşüncəylə əvvəlcə “dəvə”ni gözdən keçirdi, sonra “göyərçin”i. “Fil”ə də baxdı, düşündü ki, mənim fil boyda pulum nə gəzir? Öz fikrinə ürəyində güldü də. Qollarını havaya qaldırıb şahə qalxan kürən, səkil “at” deyəsən diqqətini daha çox cəlb etdi. Əsl Qarabağ atıdır. Belə bir atı hansısa rəssamın tablosunda görmüşdü. Əsərdə eynən bu at təsvir olunmuş, arxada isə Şuşa qalası görünürdü. “At muraddır. Elə bunu alım. Bəlkə bu Qarabağ atı heç vaxt görmədiyim ata-baba yurdumda müəllim işləməyimə də vəsilə olacaq. Bəlkə halal müəllim qazancımı bu at kassaya yığıb özümlə Qarabağa aparacam, orada dağılmış evimizi bərpa edəcəm. Ya qismət” . Ancaq ağlına başqa bir fikr də gəldi: “bəs pulları nə vaxtsa çıxarmaq üçün atı sındırmalıyam axı, yox əlim gəlməz” Qaytarıb yerinə qoymaq istəyəndə satıcı elə bil qızın ürəyini oxudu:

Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi - Ramiz Əzizbəyli onu niyə bağışlamadı?
Salman Rüşdi bıçaqlandı
- Bacı o, fabrişni maldı...

Lalə satıcının sözünü yarımçıq kəsdi:

- Mal deyil atdı.

- O mənada demirəm e, bacı, onu deyirəm ki, əldəqayırma deyil, altında qapağı da var, açarını da verəcəm, pulları çıxarmaq üçün sındırmaq lazım gəlmir.

***

İndi də başqa bir qayğı... Bu dar otaqda bu boyda atı hara qoyacaq? Yazı masasının üstü də, rəf də kitab-dəftərlə doludur. Aha rəfin üstü daha yaxşıdır, yox çox hündürdür, hər dəfə ayağının altına kətil qoymalı olacaq. Eybi yox, bu otaqda at üçün ən urvatlı yer elə rəfin üstüdür. Atı kitab rəfinin üstünə, Azərbaycan və Türkiyə bayraqlarının yanına qoydu. (Hə əziz oxucum, yeri gəlmişkən onu da deyim. Bu otaq da, evin kiçik həyəti də, həyətdəki kirayəçilər də, ev sahibləri də “Pəncərə” hekayəmizdən bizə yaxşı tanışdır. Elə Lalə müəllimə də həmin o qızdır.)

Gecəni yata bilmədi. Axşam internetdə müharibə anonsları dolaşırdı, sosial şəbəkələr, saytlar Youtube kanalları bir birinin ardınca həyəcanlı xəbərlər verirdilər. Hətta bəziləri bu gecə müharibənin başlaya biləcəyini yazırdı. Səhərə kimi yayılan xəbərləri oxuyur, telefonunda qohum-əqrəbanın, dost-tanışın eyni mövzuda yazdığı mesajlara baxır, gecənin tənhalığında bu xəbərlərin gətirdiyi qorxu ilə çarpışırdı. Bir azdan başa düşdü ki, onu yatmağa qoymayan qorxu da deyil, nə isə başqa bir hisdir. Sanki kirayə qaldığı kiçik otağa sığışmırdı. Hayqırmaq qışqırmaq istəyirdi. Yatmış qonşuları oyatmaq, “yatmaq vaxtı deyil” demək istəyirdi. Saat 05.30-da qəribə bir guppultu səsi gəldi. Pəncərəni açdı. Atəş səsləriydi.

Həyətin ayaq tərəfində yaşayan gənc ailənin kişisi başını qapıdan çölə çıxarıb gözləri bərəlmiş halda qışıqırdı:

- Başladııı!!!

Ev sahibi sələmçi Şəfi (köhnə tanışımız) özünü tələm-tələsik həyətə atdı:

- Nə başladı ə?

- Müharibə.

- Nə müharibə ə? Ağlına gələni danışma.

Hamı həyətə çıxmışdı, ağır artilleriyanın səsi aydınca eşidilirdi.

Doğrudan da başlamışdı, özü də müharibə, əsl müharibə...

Başqa vaxtlar tez-tez işə gecikən Lalə bu gün özünü məktəbə hamıdan qabaq çatdırdı. Həmişə qaraqabaq görünən Elnur müəllim də üzündə şən, məğrur bir ifadə ilə məktəbə gəldi. Bugünkü dərslərini əvəz etməyi Lalədən xahiş edib tələsik harasa getdi. Bir neçə saatdan sonra bütün məktəb Elnur müəllimin könüllü orduya yazılaraq cəbhəyə getdiyini bildi.

***

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerləşdiyi binanın qarşısı qələbəlik idi. Gənclər, orta yaşlı adamlar, Qarabağ qaziləri bir-birindən irəli keçməyə çalışır, sanki hər kəs savaşa o birindən bir az tez çatmağa can atırdı. Elnur müəllim günortaya qədər növbə gözləsə də içəri keçə bilmədi. Səhər evdən bir stəkan çay içib çıxmışdı. Möhkəm aclıq hiss etdi və özünü yaxınlıqdakı ucuz kafelərdən birinə çatdırdı. Çirkli divarlar, sınıq-salxaq masalar, torlu pəncərələr ürək bulandırsa da kababları əla idi. Belə yerlərə daha çox vuranlar gəlir. Cavan bir ata 9-10 yaşlarında iki qızla içəri daxil olanda Elnur təəccübləndi. Qızların hər ikisi mavi gödəkcə, ağ ket geyinmişdi, hər ikisinin gözlərində eynək vardı, çiyinlərində də məktəbli çantası... Bacıları məktəbdə hamı tanıyır və sevirdi. 5 b və 6c sinfinin şagirdləri idi. O siniflərin dil-ədəbiyyat dərsləri Lalədə olsa da hazırlıq üçün Elnurun yanına gəlirdilər. Atanı isə ilk dəfədir görürdü. Uşaqların dərsi ilə daim ana maraqlanır tez-tez məktəbə gəlir, müəllimlərlə görüşürdü. Atanın əyin-başı nimdaş, əlləri qabar idi. Uşaqlar onu görməsin deyə Elnur yerini dəyişdi, divara baxan stula keçdi. “Qəribədir, uşaqlarla nahar etmək üçün şəhərdə xeyli rahat, səliqəli yerlər var. Bu adam iki qız uşağını niyə bu kafeyə gətirib?” İstəməsə belə söhbətlərinə də qulaq müsafiri oldu. Sən demə, ata ilə ana ayrılıbmış. Ata uşaqlarını hərdən görür, hər görüşlərində də bu kafeyə gətirib doyunca yedirdir.

Elnur bir şiş döymə kabab, salat, bir şüşə qazlı su sifariş etdi. Əvvəl istədi ki, yüz qram araq da içə, düşündü ki, yox, komissarlığa gedəcək, birdən içkili olduğunu bilib aparmazlar.

Xidmətçi qonşu stulda əyləşən atanın və uşaqların sifarişini gətirdi, Bir limonad, bir stəkan da meyvə arağı qoydu masaya. Qızlardan biri ağzına kimi dolu stəkana baxıb soruşdu:
- Ata, bu nədir?
- Sudur, qızım.

İkinci qız soruşdu:

- Ata, limonad ola-ola niyə adi su içirsən?

- Limonad da içəcəm.

Qısa dialoqdan sonra ata qızlarına həvəslə qulluq etməyə başladı. Lülə kababdan bircə loxma öz qabına qoydu, qalanını qızlarının qarşısındakı boşqablara yığdı. Böyük qız:
- Ata, özünə az götürdün - deyib etiraz etmək istəsə də
- Adam atasının əlini geri qaytarmaz - cavabından sonra dillənə bilmədi. Sonra tikə kabab gəldi. Ata yenə qızlarını yedirtməyə çalışdı və özünə balaca bir tikə götürdü. Qızların “daha bəsdi, doymuşuq” kimi sözlərinə məhəl qoymurdu, israrla yeməklərini tələb edirdi. Bir çappa arağı başına çəkdi, tez də limonaddan bir qurtum içdi. Yenə böyük qız dilləndi:
- Ata, adamlar niyə araq içən kimi tez limonad içirlər, ya da tələsik ağızlarına nəsə qoyurlar?

Qız sanki bu sualıyla “içdiyinin su deyil araq olduğunu bilirəm” dedi. Bayaqdan dil-dil ötən ata bu suala cavab vermədi. Söhbətin səmtini dəyişdi. Uşaqların anasını soruşdu. Qızlar sevincək anaları haqqında danışdılar. Səsləri sevincdən cingildəyirdi. Bəlkə də elə bilirdilər ki, daha yaxşı danışsalar ata ilə ananın barışmağına səbəb olacaqlar. Atanın gözləri doldu... Pərt halda başını bulayıb əlini cibinə saldı. Bir az pul çıxardı, böyük qıza üç “əllilik” verdi:
- Biri sənin, biri bacının, biri də ananın. Amma O, əlinizdən almasın ha...
Elnur evdə dördüncü şəxsin də olduğunu anladı. Əvvəl elə bildi ki, ögey atadan söhbət gedir, sonra başa düşdü ki, ailənin dağılmasına səbəb olan qayınana var, və atanın ondan zəhləsi gedir.
- Bax ona da kabab alıb göndərəcəm, pullarınızı almasın - deyib xidmətçini səslədi. Bir stəkan da araq istədi. İki şiş lülə kabab da sifariş edib ayrı-ayrı çörəklərin arasına qoyulmasını xahiş etdi. Evə göndərəcəkdi. Hesabı ödəmək üçün ayağa qalxıb kassaya yaxınlaşdı. Böyük qız atanın getdiyini görüb tez bacısının və özünün stəkanlarındakı limonadı onun boş stəkanına doldurdu. Boşqablarındakı kabab tikələrini də onun qabına qoydu. Bacısının qəribə nəzərlərlə baxdığını görüb ona izah etməyə çalışdı:
- Biz doymuşuq, atam azca yedi, qoy qalanını o yesin, limonad da içsin, araq içir axı...
Ata qayıdıb arağı başına çəkdi, limonaddan da bir qurtum içdi. Qızların qablarını boş görüb:
- Ay mənim qoçaq balalarım, hamısını yedinizmi? Di duraq gedək-deyib sevincək ayağa qalxdı. Öz boşqabındakı tikələri görmədi.

Elnur da onların ardınca kafedən çıxdı. Elə yolları da eyni səmtə idi. Ata və qızlar qarşıda gedirdilər. Yolayrıcında dayandılar. Ata qızları bir bir-bir bağrına basdı, sonra ikisini də birdən qucaqladı, kövrəlmişdi, elə bil bu, son görüş, son ayrılıq idi.

Elnur hərbi komissarlığın qarşısına çatanda qızların atasını da orda gördü. O da gedirdi.

***

Lalənin yaşadığı sakit, hüznlü həyətin halı dəyişmişdi. Əvvəllər pəncərə gözləriylə bir-birindən hal-əhval tutan qarşı-qarşıya, yan-yana otaqların qapıları qələbə xəbərlərinə taybatay açıq idi. Sakinlər də hər gün həyətə toplaşır, müharibənin gedişini öz aralarında müzakirə edirdilər. Elə bil hamı siyasi şərhçi, hərbi ekspert olmuşdu. Günlər bir-birini dəyişkən ovqatla əvəz edirdi. Gah şəhid, gah qələbə xəbərləri gəlir, hər xəbərin özünəməxsus ovqatını bu həyət də daşı, torpağı, pəncərələri, qapıları və adamları ilə yaşayırdı. Ev sahibi Şəfi hər gün çayxanaya gedir, orda yayılan xəbərləri bu həyətə daşıyırdı. Elə bil Şəfi də dəyişmişdi, başqa vaxt ən sevimli məşğuliyyəti pul saymaq olan bu adam da cəbhəyə sovqat aparanların çağırışına hay verir, əlindən gələni etmək istəyirdi. Lalə də öz maaşından yardım fonduna pul keçirmişdi.

Qəsəbə cəbhə bölgəsinə yaxın olduğundan məktəb bağlanmışdı. Elnur müəllimlə bağlı da müxtəlif xəbərlər yayılırdı, gah deyirdilər tankçıdır, gah da rabitəçi. Bir gün isə onun düşmənlə təkbətək bıçaq döyüşünə çıxdığı və bir neçə ermənini öldürdüyü deyildi. Özü də yaralanıb hospitala düşmüş, ancaq yarası yüngül olduğundan israrla yenidən cəbhəyə qayıtmışdı. Deyəsən bu, dəqiq məlumat idi.

Elnur müəllim gedəndən sonra onun hazırlıq məşğələsinə gedən uşaqlar da yenidən Laləyə üz tutdular. Lalə əvvəlcə bu uşaqları qəbul etmək istəməsə də sonra fikrindən daşındı. Həm də düşündü ki, Elnurun uşaqlarını pulsuz hazırlayar. Bu fikrində də sona qədər qalmadı: “yox pul alacam, amma...” Ağlına gələn fikirdən dodaqlarına təbəssüm qondu, gözləri işıqlandı. Adətən insan xoş məramlı bir xəyala dalanda üzündə belə ifadə yaranır. Və pırıl-pırıl yanan gözləriylə kitab rəfinin üstündəki “Qarabağ atı”na baxdı.

Atası cəbhəyə gedən eynəkli bacılar da Lalənin məşğələsinə gəlirdi. Bir gün bacılar gəlmədi, uşaqlardan biri onların atasının şəhid olduğunu, qızların da dəfn mərasiminə getdiyini dedi. Heç sonrakı günlər də qızlar gəlmədilər.

Qəsəbənin küçələri də savaş havasına köklənmişdi. Bir gün küçələrdən böyük izdihamla şəhid cənazəsi keçir, səhəri gün həmin izdiham şəhərlərin kəndlərin azad olunması xəbərini bayram edirdi. Lalə də hər gün internetdən, televiziyadan Ali Baş Komandanın yeni müjdələrini gözləyirdi. Hər gün öz ata-baba yurdunun, heç vaxt görmədiyi doğma kəndinin də xoş xəbərini eşitmək istəyirdi. Uşaqlığı məcburi köçkün həyatının ən ağır illərinə düşmüşdü, yaxşı geyimi, oyuncağı olmamışdı. Bəlkə də uşaq vaxtı bu həyatın ağırlığını o qədər də dərk etməmişdi. Tələbə olanda tətil günlərində uşaqlar öz kəndlərinə gedəndə, hər ay kəndi-kəsəyi olan tələbə yoldaşlarına bolluca kənd sovqatları gələndə daha çox hiss etmişdi yurdu-yuvası olmamağın əzabını. İndi xəyallar qurur, kəndlərinin şəkillərdə gördüyü məktəbini gözləri önünə gətirir, o məktəbdə müəllim işləyir, hətta direktor da olurdu.

Oktyabrın sonu uşaqlar ödənişlərini gətirdilər. Lalə öz şagirdlərinin pulunu çantasına yığır, Elnurun şagirdlərinin gətirdiyi pulları isə “Qarabağ atının” üstündəki kəsikdən içəri atırdı. Allah bilir nələr düşünürdü. Bircə Elnurun şəhid olacağını ağlına gətirə bilmirdi. Bu anı yada salanda gözlərini bərk-bərk yumur, elə bil ağlına gələn səhnəni gözləri önündən qovmaq istəyirdi. Bir zamanlar özünün rəqibi kimi gördüyü Elnur indi onun ən yaxın adamına, sirdaşına çevrilmişdi. Xəyallarında onunla söhbət edir, döyüşlərin ağırlığını, müharibənin dəhşətlərini sanki Elnurun özündən eşidirdi. Tez-tez qulağına onun səsi gəlirdi, elə bilirdi ki, azad olunan bütün kəndlərdə Elnur döyüşür, torpaqların hər qarışının azad olunmasında o iştirak edir. Bir bölgəni, bir kəndi, bir şəhəri də Elnursuz təsəvvür etmirdi. Amma bilmirdi ki, doğrudan da belədir. Elnur bir müddət şimal cəbhəsində vuruşduqdan sonra cənub döyüşlərinə qatılmış, Şuşaya qədər gedib çıxmışdı. İndi onun sorağı Şuşadan gəlirdi.

***

Dekabrın sonunda qəsəbə əhli səhər yuxudan oyandı ki, qar yağıb. Aran yerinə qar yağanda insanlar toy-bayram kimi qarşılayır. Böyüklər də uşaqlara qoşulub sevinir. Şəfi eyvana çıxıb əlini gözünün üstünə qoydu, gah göyə, gah yerə baxdı:

- Kərəminə Şükür, allah, nur yağdırırsan. - dedi

Gənc ailənin uşaqlarının səs-küyü həyəti başına götürdü. Evdən əyniyuxa

həyətə dağlan uşaqların ardınca düşən ana onlara palto, papaq, əlcək geyindirmək istəsə də uşaqlar ona məhəl qoymadılar. Həyətdə ipdən asılan paltarlar donmuşdu. Uşaqlardan biri əlinə bir cüt çubuq götürüb Şəfinin zivədən asılmış şalavarında “qoşanağara” çalırdı. Lalə yenə pəncərəsindən bu mənzərəni seyr edirdi. Çamadanlarını yığmışdı, bayram tətilinə evə getməliydi. Evə deyəndə ki, valideynlərinin məskunlaşdığı şəhərə, oradakı uçuq-sökük yataqxanaya. Həyət darvazası dəli kimi şaqqıldadı. Şagirdlərindən biri təngnəfəs içəri atılıb “Elnur müəllim gəlib, axşamdan gəlib” deyə sevinclə qışqırdı.

Kitab rəfinin üstündəki Qarabağ atı şahə qalxmışdı. Lalənin qulağına at kişnərtisi gəldi. Bir anlıq düşündü: “Bəs qəbul etməsə?..” “Niyə qəbul etməsin ki, qələbə münasibətiylə döyüşçüyə at bağışlayıram. İçində pul olduğunu sonra deyərəm. Qoy elə bilsin, sadəcə hədiyyədir.” Öz fikrindən xoşu gəldi: “Müdrik fikirdir ha!” Ayağının altına kətil qoyub atı rəfin üstündən götürdü.

Beş dəqiqə sonra atı qollarıyla sinəsinə sıxaraq küçə yuxarı Elnurgilə tərəf qaçırdı. Küçənin hər yanında dirəklərdən, evlərin üstündən, hətta işıq xətlərindən asılmış Azərbaycan və Türkiyə bayraqları dörd tərəfi bürüyən qar bəyazlığına bahar əlvanlığı səpirdi.
28.05.2021

Pəncərə

Kiçik ağ lövhəni avtobus dayanacağındakı oturacağa söykədi, ağzındakı maskanı çənəsinin altına keçirib ilıq mart havasını ciyərlərinə çəkdi. Avtobusda nəfəs almağa da qorxurdu, elə indi də ciyərdolusu nəfəs almağı ürəyinə xof saldı: "Bəlkə havada da var?". Maskanı gözünün altına qədər dartdı, metal hissəni burnunun qıraqlarına tərəf əydi. Lövhəni götürüb dayanacaqdan yenicə çıxmışdı ki, 5-ci sinif şagirdi Eldar qarşısında dayandı. Uşağın qəfil peyda olması onu səksəndirdi: "İlahi, bu uşaq yerdən çıxdı, göydən düşdü?".

- Lalə müəllimə, lövhəni verin mən aparım.

- Eybi yox, özüm apararam - desə də, ürəyində Eldarın gəlişinə sevindi.

Dayanacaqdan evə xeyli yol vardı və lövhəni sürüyə-sürüyə aparmaq bir qədər rahatsızlıq yaradacaqdı. Yol boyu ötüb-keçənlərin qəribə nəzərlərlə baxması, bu baxışların yaradacağı diskomfort da öz yerində.

Eldar lövhəni müəllimənin əlindən alıb cəld hərəkətlə başının üzərinə qaldırdı, sağ əliylə bir tərəfindən tutub sol əliylə burnunu sildi, sonra da hayxırıb tüpürdü. Uşağın bu hərəkəti gözündən yayınmadı. Əvvəllər belə şeylərdən iyrənən deyildi. İndi isə Eldarın ara-sıra öskürməsi, dilini altdan yuxarı qatlayıb burnunun suyunu yalaması Lalənin ətini ürpəşdirdi. "Nə bəlaya düşdük. Mən ki bu qədər vasvası deyildim. Belə getsə, hamı bir-birindən iyrənəcək. Amma yox, deyirlər, uşaqlar yoluxmur, əşşi adi qripdir, onnan deyil. Aaa nə danışırsan, axşam televizorda dedilər ki, uşaqlar ən təhlükəli daşıyıcılardı. Vallah, yaxşı ki, məktəblər bağlandı". Eldarın ard-arda düzülmüş sualları olmasaydı Lalənin öz-özüylə dialoqu bir xeyli uzanacaqdı.

- Müəllimə, məktəb gec açılacaq? Deyirlər, dərslər televizorla bir də kompüterlə olacaq, doğrudur? Nənəm deyirdi ki, sentyabra kimi məktəb olmayacaq, düzdür?

- Hə dərslər online olacaq, bu lövhəni də ona görə almışam. Məktəbin nə vaxt açılacağını bilmirəm.

- Müəllimə, axı bizim evdə kompüter yoxdur.

- Eybi yox, telefonla daxil olarsan.

Qəsəbənin palçıqlı küçələrini birtəhər arxada qoyub kirayə qaldığı evin darvazasına çatdı. Eldara təşəkkür edib həyət qapısını astaca araladı. Heç vaxt bağlı olmayan qapı cırıldayan kimi həyətdəki kiçik otaqların pəncərələrində pərdələr aralanır, kirayənişinlərin baxışları gələn adamı sonadək izləyirdi. Bu həyətin qəribə pəncərə ünsiyyəti vardı. Yığcam bir karvansaranı xatırladan həyətin baş tərəfində kürsülü ev, sağ və sol tərəflərdə isə kirayəçilər üçün tikilmiş kiçik otaqlar pəncərə gözləri ilə bir-birindən "hal-əhval tutur", baxışlarıyla "söhbət edirdilər". Qəsəbə məktəbindəki vakant yeri qazandığı gündən bu evdə qalırdı. Ev sahibi Şəfi qaradinməzin, adamayovuşmazın biriydi. Göz götürüb heç bir kirayəçinin üzünə baxmazdı. Kirayə pulunu gecikdirən olanda arvadı Məleykə xalanın xidmətindən ustalıqla istifadə edirdi. Məleykə həyətdə bir səs-küy salırdı ki, gəl görəsən. Şəfi kişinin bu ağır təbiəti ilk vaxtlar Lalədə xoş təəssürat yaratsa da, sonra xozeyinini daha dəqiq tanımağa başladı. Həyətdəki kirayəçilərdən öyrəndi ki, Şəfi sələmə pul verir, qəsəbədə "Sələmçi Şəfi" kimi tanınır. Hər səhər yaxınlıqdakı çayxanaya gedir, orada müştərilərini gözləyirdi. Bəzi müştərilər evə də gəlirdilər. Həyətdə uzun-uzadı söhbətlər, and içənlərin, "sənöl" vuranların, "mənölüm" deyənlərın miskin görkəmi, Şəfinin qoltuq cibindən bir qom pulu ehtiyatla çıxarıb barmaqlarını yalayaraq sayması hər dəfə pəncərədən baxan kirayəçilər üçün maraqlı bir tamaşanın ən sevimli epizoduna çevrilirdi. Şəfi pul sayanda barmaqlarının beşini də elə iştahla yalayırdı ki, elə bil əlindəki pul deyil, içi bal ilə siləli, üzü qaysaqlı arı şanıdır. Qonşuların bir-birilə münasibəti də soyuq idi. Hamı səhər durub işə gedir, axşam yorğun evə dönüb televizora baxırdı. Pəncərələrin ünsiyyəti qonşulardan daha istiydi. Lalənin otağının sağında ortayaşlı tənha bir qadın yaşayırdı. Dövlət idarələrindən birində işləyirdi. Şənbə-bazar isə həyətdə paltar yuyur, səs salan uşaqlara təpinir, valideynləri qınayırdı: "Mən dövlət işində işləyirəm, axşam yorğun gəlirəm, bütün günü sizin kimi yüz adamla çənə-boğaz edirəm. Barı bu xarabada uşaqlarınızı dizinizin dibinə çəkin, mənim də qulağım dinc olsun. Bəxtəvər başınıza, bütün günü həyətdə oturub qeybət qırırsınız". Dövlət idarəsində işlədiyini tez-tez xüsusi vurğuyla dediyinə görə Lalə onu öz ürəyində "İdarə xanım" adlandırırdı və qadın qonşuların qarasına söylənəndə "yenə İdarə xanım rəiyyəti cəzalandırır" deyirdi. Darvaza tərəfdəki otaqda yaşayan gənc ailənin başçısı hansısa restoranda xidmətçi işləyirdi, qadın isə çox fağır bir kənd qızıydı. "İdarə xanım" həyətə çıxıb küfr və qarğışlarını yağdıranda uşaqların yumşaq yerinə döyə-döyə onları otağa salır, qapını arxadan bağlayırdı ki, səsi eşitməsin. Lalənin ancaq həyətdəki tələbə qızlarla sözü tuturdu.



***

Lövhəni kətilin üstünə qoyub divara söykəmişdi, yazı masasını düz lövhənin qarşısına çəkmişdi ki, yazılar noutbukun kamerasına aydın düşə bilsin. İşi yalnız öz dərslərini keçmək olsa nə vardı ki... Şagirdlərin və müəllimlərin də "Virtual məktəb"lə bağlı çətinliklərini o həll edirdi. Telefonu susmurdu. Uşaqların, müəllimlərin sualları, valideynlərin yerli-yersiz müdaxilələri və daha nələr, nələr... Bir də görürdü ki, dərsin ortasında şagirdlərdən birinin atası əyilib monitordan ona baxır, yaxud nənə uşağın əlindən telefonu alıb dişinin dibindən çıxanı, ağzına gələni, gözünə görünəni mikrofona qışqırır: "Niyə dərsi birinci Aynurdan soruşursan? O mənim nəvəmdən artıqdır?". Yaxud da gənc bir evdar xanım geyinib-kecinib, üz-gözünü də bəzəyib dayanır monitorun o üzündə və gül ağzını açır: "Eldara asan sual verirsən, cavab verəndə də tərifləyirsən, bəs mənim uşağıma niyə çətin sual verirsən? Ona verdiyin sualın cavabını bu da bilirdi". Di gəl bunlarla öyc elə, yola get. Hələ dərsdən sonra votsapa yazılanlar, qruplarda valideynlərin bir-birini qırması...

Bir də təriqətçilərin təsirinə düşmüş gənc müəllimin mesajları. Dərsi yenicə bitirmişdi ki, mesaj gəldi. O idi. Söhbətə giriş vermək üçün hansısa ayətullahdan sitat gətirmişdi. Əslində, pis oğlan deyildi. Gözlərində də məhrəm hisslər sezilirdi. Bəlkə də sevirdi, ancaq sevgisini etiraf etmək üçün uzun-uzadı, "hikmətli" müqəddiməni başa çatdıra bilmirdi. Lalə də ona biganə deyildi. Onun haqqında düşünürdü də. Bəzən düşüncələrində onu Şərqin, özünü isə Qərbin tipikləşmiş obrazları kimi görürdü və bu uçurumun arasında körpü salmağın müşkülə çevrilməsi ümidsizlik yaradırdı. Düşünürdü ki, Şərq batini öyrənir, mənəvi aləmin sehrinə düşür, bütün varlığı ilə içdən qopur və birbaşa göylərə uçur, dəryalara dalır, bəzən yüksək səmalarda qanad çalır, bəzən də dərin qatlarda üzür və bu düşüncənin gərdiş etdiyi məqamdan yer, məkan görünmür. Beləliklə, Şərq düşüncəsi elə Şərqin özünün də yerləşdiyi dünyadan uzaqlaşır. Qərb isə reallığı dərk edir, bütün elmləri materiyada axtarır, əşyanın üzərində tapır, beləliklə, dərk etdiyini sübut edə bilir, öyrəndiyini öyrədə bilir, tətbiq edə bilir, inandıra bilir. Elə virusu da Şərq ideologiyada, Qərb isə laboratoriyada hazırlayır. Hərdən ona elə gəlirdi ki, bu oğlan nə vaxtsa dərviş olub guşənişinliyə çəkiləcək, reallıqdan tamamilə uzaqlaşacaq. Bəzən də düşünürdü ki, onu bu yoldan döndərmək, uçurumun qırağından geri qaytarmaq üçün sevgi yetərlidir. Bu gün isə tamamilə başqa qərar verməyə məcbur oldu. Onun mesajları, zəngləri Lalənin fikrini dərslərə, şagirdlərə cəmləməsinə mane olurdu. Gözlərini telefona zilləyib bir qədər düşündü, gicgahlarını ovuşdurdu, sonra isə... Artıq gənc müəllimin nömrəsi qara siyahıda idi, bloka atılmışdı.

Bir də qəriblik, kəndin, bacı-qardaşın, ata-ananın həsrəti. Hər gün telefon əlaqəsi, görüntülü zənglər bu həsrətin yanğısına su çiləyə bilmirdi.



***

Pandemiya kiçik həyətin insanlarını yaxınlaşdırmağa başlamışdı. Bu vaxta qədər olan soyuqluq əriyir, kirayəçilər, ev sahibləri bir-birini daha yaxından tanıyırdı. Hər gün televizor sosial məsafə deyib qışqırsa da burada mənəvi məsafələr daralırdı. Heç kim darvazadan bayıra çıxmır, SMS icazə alıb şəhərə gedənlər yeni və xoş olmayan xəbərlərlə qayıdır, ölkəni gəzən bütün şayiələr, söz-söhbətlər bu həyətə də öz incə qədəmlərini qoyurdu. Şəhərlərə, rayonlara giriş-çıxış bağlanıldığından tələbə qızlar evə gedə bilməmişdilər, üzlərində narahatlıq, həyəcan vardı. Gənc ailənin halı uşaqların üzündəki kədərdən məlum idi. Atanın işlədiyi restoran bağlanmışdı. Tez-tez həyətə çıxıb siqaret çəkir, siqaretin kötüyünü dişiylə sıxır, çeynəyirdi. Elə bil hər şeyin intiqamını tütünlə dolu kağız bükümündən almaq istəyirdi. Sonra da siqareti divara basıb yarımçıq söndürür, qalan hissəsini yenidən qutuya qoyurdu. "İdarə xanım" hamıyla küsülü olduğundan həyətə yığışıb söhbət edən qonşulara yaxınlaşa bilmir, kənardan həsədlə baxır, bəlkə də içində özünü qınayırdı. Gərgin rejimdə çalışan isə bir Lalə idi, bir də ev yiyəsi Şəfi, Sələmçi Şəfi... Ayrı vaxt ağır oturub batman gələn Şəfinin hərəkətlərində bir tələskənlik, səbirsizlik görünürdü. Hər gün getdiyi çayxana işləmədiyindən bütün müştəriləri həyətdə qəbul edir, saatlarla səsini başına atıb telefonla danışır, "pulun üstünü gətir", "pulun altını qaytar" kimi qəribə sözlər deyir, gah da "devalvasiya olacaq" deyə öz-özünə gileylənirdi. Şəfi həm də pandemiyaya inanmayanlar qrupuna aid idi. İnananlara gülür ələ salırdı. Deyirdi ki, o yaşmağı mən ağzıma yaxın gətirmərəm, südəmər buzov deyiləm ki, maa buruntax verələr. Hər gün SMS icazə götürür, arvadı Məleykəni də yanına alıb harasa gedirdi. Lalə bir dəfə istəmədən ərlə arvadın söhbətinə qulaq müsafiri olmuşdu və anlamışdı ki, onlar hər gün banka gedib manatı dollara dəyişirlər. Bir dəfə də pəncərədən gördü ki, restoranda xidmətçi işləyən qonşu Şəfiyə yalvarır ki, ona da faizlə pul versin. Şəfi də "bir qəpiyim də yoxdur deyib" and-aman edir. Lalə bütün bunları yaşadığı, işlədiyi kiçik otağın pəncərəsindən görürdü. Bir gün yenə elə həmin pəncərədən gördü ki, Şəfi telefonla danışır, ancaq sürəkli öskürək danışmasına imkan vermir, nəfəsi kəsilir, sözləri boğazına tıxanır.



***

Gecənin bir aləmi həyətdən gələn səsə oyandı, otağının divarlarında mavi, qırmızı, sarı işıqların fırlandığını görüb qorxdu, gözlərini ovuşdurub pəncərəyə baxdı, yatağından qalxıb pərdəni araladı. Otaqda rəqs edən işıqlar həyətdəki Təcili yardım maşınından düşürdü. Ağ sellofandan kombinezon geyinmiş, qoruyucu eynək taxmış, tibb işçilərinin görkəmi gecənin tənhalığında, maşının oynaq işıqlarında dəhşətli bir vahimə saçırdı. Elə bil başqa planetdən gəlmişdilər, Şəfini aparırdılar. Ona elə gəldi ki, həyətdəki maşın deyil, yadplanetlilərin hava gəmisidir. Şəfinin uzandığı xərəyi hava gəmisinin arxa qapısından içəri qoydular, Məleykə isə yan qapıdan uçan boşqaba mindi. Maşın həyətdən çıxıb küçədə dayandı, sürücü düşüb darvazanı bağladı və işıqlar da, səslər də bir anda yox oldu. Həyətin sükuta bürünmüş qaranlığı Laləni elə bil yuxudan ikinci dəfə oyatdı, sanki yenidən anladı ki, gələnlər yadplanetlilər deyil, tibb işçiləridir və Şəfi ilə Məleykəni aparan uçan boşqab deyil, ambulansdır. Elə o məqamdaca ağlına ilk gələn fikir bu oldu ki, Şəfi virusa puldan yoluxdu.

Ertəsi gün pəncərələr də bir-birinə şübhəylə baxırdı. Günahkar adamlar kimi göz-gözə gəlmək istəmirdilər, baxışlarını yayındırırdılar. Pərdələr göz qapağı kimi enib-qalxır, şüşə bəbəklər utancaq baxışlarını yerə dikirdi.

Tələbə qızlar ağır zənbillərini sürüyə-sürüyə heç kimlə xudahafizləşmədən həyəti tərk etdilər. Gənc ailə də gözə dəymirdi, yəqin, rayona getmişdilər.

İki gün sonra ambulans yenə gəldi, "İdarə xanım"ın qoluna girib maşına əyləşdirdilər. Tibb bacısı Lalədən də yaxma götürdü, cavab gələnə qədər evdən çıxmamağı tapşırdı.

***

Həyətdə sükut mələyirdi. Lalənin pəncərəsindən nigaranlıq asılmışdı, elə ürəyindən də...

22.12.2020






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930