Son sözü "görüşərik" oldu - XATİRƏ

1991-ci ilin aprel ayının əvvəlləri idi.Mən o zaman rayonumuzun Təhsil şöbəsində işləyirdim.Nahar fasiləsiydi.Evə getmək üçün iki mərtəbəli binanın pilləkənlərini enib həyətə çıxdım.
Mənimlə birlikdə işləyən iş yoldaşım da yanımda idi.İş yoldaşım mən yaşadıgım kənddə yaşayırdı.Kəndimiz demək olar ki,şəhərə bitişikdi.Onun “Jiquli” maşını olduğu üçün,çox vaxt nahar fasiləsinə onunla birlikdə gedir,fasilədən sonra da işə onun maşını ilə qayıdırdım.Havadakı sərinlik ruh oxşayırdı.İdarəmizin kişik həyətindən keçib asfalt səkiyə çixdıq və mən bu vaxt,asfalt yolda,bir neçə addımlıgımızda dayanmış sarı rəngli “RAF” markalı maşının yanında dayanmiş Həsən Məmmədovu gördüm.
Mən qeyri-ixtiyari olaraq,həm heyrətlə,həm də təəccüblə,sanki ətrafdakılara eşitdirirmiş kimi,ucadan:
-Həsən Məmmədov!!- dedim.
Həsən Məmmədov mənim heyrət və təəssüb dolu səsimi eşidib,eynilə mənim kimi,heyrət və təəccüblə mənə baxdı.
Mən yerimdə donub qalmışdım.Neyləyəcəyimi kəsdirə bilmirdim.Təsəvvür edin: Bakıdan uzaq bir əyalət şəhərində küçəyə çıxırsan və gözlənilmədən qarşında Həsən Məmmədovu görürsən.
Ümumiyyətlə,mən lap uşaq yaşlarımdan,məşhur,xalqın sevimlisi olan insanlara həmişə əfsanəvi şəxsiyyətlər kimi baxmışam və indi həmin əfsanəvi şəxsiyyətlərdən biri-Həsən Məmmədov qarşımda dayanmışdı.
İş yoldaşım (adını çəkməsəm də,bu yazını oxuyacaq dostlarımız onu ilk andaca tanıyacaqlar) təbiəti etibarı ilə soyuq adamdır.Düzdür,o yüksək zövq sahibidir,təsirli musiqilərdən,mükəmməl ədəbi nümunələrdən,ecazkar rəsm əsərlərindən,maraqlı filmlərdən nə qədər zövq alıb duygulansa da,hisslərini heç vaxt biruzə verməz...
Amma onun ən qəribə cəhəti sənət,ədəbiyyat adamlarına qarşı laqeydliyi,biganəliyidir.Onun maşını yolun əks istiqamətində dayanmışdı və Həsən Məmmədovun yanından keçərkən bu böyük sənətkara sadəcə salam verməklə kifayətləndi.Albalı rəngli “Jiquli”sinə əyləşib matoru işə saldı və əl işarəsi ilə məndən gedib-getmədiyimi soruşdu.
Mən təbii ki:- Yox- dedim.
Bu soyuqqanlı iş yoldaşım “Jiquli”sini hərəkətə gətirdi,bir azdan onun maşını qarşıdakı döngəni dönüb gözdən itdi.
Küçə yetərincə izdihamlı idi.Məktəblilər,işdən çıxıb nahara tələsənlər,yaxınlıqdakı parkda nərd,damino oynayıb,indi,iki bir-üç bir yorgun addımlarla evlərinə gedənlər...
Mən Həsən Məmmədova yaxınlaşdım və:
-Salam- dedim.
Həsən müəllim bir qadər yorgun görünürdü,amma üzündə işıqlı bir təbəssüm var idi.
-Salam- dedi.
Mən ona nə deyəcəkdim?Küçənin ortasında,bu sarı rəngli “RAF” maşınının qarşısında onunla nə danışacaqdım?- bilmirdim.
Amma Həsən Məmmədov sənətinə sevgim o qədər böyük,o qədər dəruni idi ki,mən onunla bir neçə kəlmə kəsməyi,bir-iki dəqiqəlik söhbət etməyi belə ömrümə qənimət hesab edirdim.
Həsən Məmmədov mənim bayaqdan bəri bütün hərəkətlərimi izləmişdi.Elə xoş təbəssümlə də:
-Nahara gecikdiniz...Dostunuz da...Sizi gözləmədi.
Mən:
-O mənim iş yoldaşım idi- dedim.
Elə bil nəyəsə haqq qazandırırdım.
Söhbətə necə başlayacagımı bilmirdim.
-Həsən müəllim- dedim- Mən özüm yaxın kənddə oluram.Atamın evi isə yaxındadır.O biri küşədə -Əlimlə küşənin istiqamətini göstərdim- Birlikdə atamgilə gedək...Nahar edək,çay işək...Atam Sizi öz evində görsə çox sevinər.
-Yox,yox...Təşəkkür edirəm.Neftçalaya dünən axşam gəlmişik.Bir neşə yoldaşıq...Çəkilişlərlə baglı...Səhər rayonunuzun rəhbəri ilə görüşdük- Saatına baxdı- Bir azdan Bakıya qayıdacagıq.Yoldaşlarım mehmanxanadadır (Mehmanxana yolun əks istiqamətində,bizim idarədən 15-20 addım aralıda yerləşirdi). Biz nahar etmişik.Deyəsən mən onlardan tez doymuşam -gülümsədi- İçəridə oturmaga hövsələm çatmadı...Heyf deyil təmiz hava...
Məni bu söhbət əsnasında bir məsələ xeyli narahat edirdi.Küçədə olan adamların heç biri yaxınlaşıb bu böyük aktyora salam verməyə,onunla əl tutmaga sanki ürək eləmirdilər.Elə uzaqdan-uzaga kinomuzun ən parlaq,ən məşhur xadimlərindən olan bu insana sadəcə baxmaqla kifayətlənir,sonra yenə yollarına davam edirdilər.Bəs bu məktəblilərə nə olmuşdu?Bəs onlar niyə belə bir böyük fürsəti əldən verirdilər? Mənim fikrimə görə bu böyük aktyor indi,ən azından məktəblilərlə əhatə olunmalı idi.
-Adamlar çox dəyişiblər Həsən müəllim- bu sözü istəmədən dedim.
O mənim nə demək istədiyimi anladı:
-Heç kəsi qınama...bir tərəfdən müharibə,bir tərəfdən cəbhədəki itkilərimiz...Üstəlik o boyda 20 yanvar faciəsi...Belə bir ölkənin vətəndaşları necə olmalıdır ki?...
Əslində Həsən Məmmədov düz deyirdi...Az qala hər gün rayonumuza şəhid gəlirdi.Ərazilərimiz işgal olunurdu.Digər tərəfdən də ölkə rəhbərliyinin qətiyyətsizliyi,dövləti idarə edə bilməmələri...Bütün ölkə xaos içərisində çabalayırdı.Özbaşnalıq baş alıb gedirdi.Televiziyada yayımlanan parlament iclasları məzhəkə meydanına dönmüşdü.Mənəvi dəyərlər artıq öz dəyərlərini itirmişdi.Yalançı “millət qəhrəmanları” öz boşbogazlıqları ilə milləti sanki qəsdən ümidsizlik girdabına çəkirdilər.
Mən “Axırıncı aşırım” filmini xatırladım:
“Axırıncı aşırım” filmi təkcə mənim yox,bütün millətimizin sevdiyi film olub.O filmə ilk dəfə şəhərimizdəki Yay klubunda baxmışam.Bütün yerlər tutulmuşdu.Nə qədər adam ayaq üstündə baxmışdı bu filmə.Abbasqulu bəy Şadlinskininin Kərbəlayi İsmayıl ilə məşhur dialoqunu bütün tamaşaçılar alqışlamışdı.Şadlinski bilir ki,Kərbəlayi Şura hökuməti ilə vuruşmaq iqtidarında deyil.Kərbəlayi isə yeni qurulan Şura hökumətinə ,xüsusi mülkiyyəti ləgv eləyən,kolxoz yaradan bu “allahsız dövlətə” o qədər dəzəblidir ki...Boynunda ölənə qədər qaytara bilməyəcəyi haqqı olan yaxın dostunun heç bir öyüdünü,nəsihətini dinləmək belə
istəmir.Şadlinski,Kərbəlayinin inadının yersiz oldugunu,bu inadın onu məhvə apardıgını bildirmək üçün son tutarlı dəlilini gətirir:
-Bir fikirləş –deyir- Topxanan yox,cəbbəxanan yox,neyləcəksən bu boyda Şura hökuməti ilə?
Kərbəlayi –Qeyrətimiz,namusumuz var,bəy,dözərik- deyəndə biz,filmə tamaşa edənlər,nə qədər qürur duymuşduq.Biz özümüzü uzun illər Kərbəlayinin varisləri hesab edirdik.Biz özümüzü məglubediməz bilirdik.Biz ğüclü oldugumuzu zənn edirdik.Kərbəlayinin bizə şamil etdiyi qeyrət,namusla bizə nəinki ermənilərin,hətta ermənilərə havadarlıq edən Sovet dövlətinin də güc gələ bilməyəcəyini zənn edirdik.
Amma Qarabağ müharibəsində hər şey əksinə oldu.
-Heyf o filmdəki sözlərdən -mən dedim- Bizlər Kərbəlayiyə,Şadlinskiyə layiq vətəndaşlar ola bilmədik.
Həsən müəllim də ciddiləşdi...Mənim bu ümidsiz vəziyyətim onu darıxdıran kimi idi.Əlini çiynimə qoyub:
-Adam ümidsiz olmz -dedi- Torpaqlarımız geri alınacaq.Buna əmin ol.Şəhidlərimizin qanı yerdə qalmayacaq.Düşmənlərimizdən intiqamımızı alacağıq.Özü də bunu məhz sənin dediyin o Kərbəlayilərin,Şadlinskilərin varisləri edəcəklər.
...Sonra mən “Gün keşdi” filmindən danışdım.O illərdə mədəniyyətin bütün sahələrinə -ədəbiyyata,musiqiyə,rəssamlığa,teatra,kinoya sonsuz maraq göstərirdim.Özü də bu maraq təkcə Azərbaycan mədəniyyəti ilə məhdudlaşmirdı.Dünya mədəniyyətinə olan marağım da böyük idi.Bu sahələrə aid olan çoxlu kitablar oxumuşdum.Təvəzökarlıqdan uzaq olsa da deyim ki,dünya kinosunu,ədəbiyyatını,musiqisini,rəssamlığını,teatrını kifayət qədər bilirdim:
-Aktyor öz rolunu ilk növbədə təbii oynamalıdır.Oynadığı rolla yaşamalıdır.Aktyorun yerinə düşməyən kişik bir mizanı belə o dəqiqə diqqəti şəkir.
-Mən Sizinlə tamamilə razıyam –Həsən müəllim cavab verdi.Və onun bu etirafı,fikrimi təsdiq etməsi mənə “Gün keçdi” filmi haqqindakı fikirlərimi davam etdirməyə rəvaç verdi.
-Mən bu filmi çox sevirəm.Dönə-dönə baxdığım bu filmdən hər dəfə yüksək zövq alıram.Bu film kinomuzda “yeni dalğa” cərəyanının əsasını qoydu.Yəni “Gün keçdi” kinomuzda bir yenilikdir.Arif Babayev bu filmi çəkməklə sübut etdi ki,o,Lukino Viskonti,Fediriko Fellini,Jan Lük Qodar,Ford Koppola...kimi kino dahiləri ilə eyni səviyyədə dayanan bir rejissordur.Sizin o filmdəki rolunuz məni valeh edib.Canlandırdığınız Oktay obrazının daxili təmkini,müdrikliyi,zəngin mənəviyyatı,tənhalığı,əsrarəngiz dünya görüşü tamaşaçıya çox güclü təsir göstərir.Mən özüm uzun müddət o obrazın təsirindən çıxa bilməmişəm.
Bir qədər susub –Əgər məndən soruşsalar ki,xarakter etibarı ilə ən çox kimə oxşamaq istərdin,mən “Gün keçdi”dəki Oktayın adını çəkərdim.Sizin haqqınızda yetərincə xoş sözlər yazıblar.Mən bilirəm ki,bütün müdrik insanlar kimi,Sizin də yersiz tərifdən xoşunuz gəlmir.Mənim də ən acığım gələn,kimisə üzünə tərifləməkdir.Sizin heç bir tərifə də ehtiyacınız yoxdur.Mən düşündüklərimi,həqiqəti deyirəm.Mən Sizi həmişə Jan Qaben,Alen Delon,Fediriko Fellini,Al Paçino,Tixinov,Smuktunovski,Batalov... səviyyəli aktyorlardan hesab etmişəm və ekranlarda canlandırdıgınız obrazların taleyini,həyatını,əxlaqını,düşüncəsini,əhval-ruhiyyəsini,dayğısını,dərd-sərini böyük ustalıqla yaratdığınıza,həmin obvrazların ruhən mənə daha yaxın olduğuna görə,Siz mənə onlardan daha doğmasınız.
O, mənim səmimiyyətimə inanmışdı.Çiynimi qucaqlıyıb:
-Sizin fikirləriniz mənim üçün maraqlıdır,çox maraqlıdır -dedi- Bəzən mənim haqqımda elə yazılar yazırlar ki,həmin yazıları heç yarısına qədər oxumağa hövsələm belə çatmır.Bayağılıq məni yorur.Sizin fikirləriniz çox maraqlıdır...Ucqar bir rayonda,Bakıdan bu qədər uzaqda yerləşən bir yerdə Sizin kimi adamların olması məni çox sevindirir.Çox...
Həsən Məmmədovla söhbət etdiyim gündən səhv etmirəmsə təxminən 2-3 il əvvəl Az.tv-də böyük fransız yazıçısı Balzakın eyni adlı novellası əsasında hazırlanmış “Polkovnik Şaber” adlı bir televiziya tamaşasını göstərmişdilər.
Baş rolda Həsən Məmmədovun oynadığı “Polkovnik Şaber” tamaşasına böyük maraq və həyəcanla baxmışdım.Bu əsər məni sarsıtmışdı.Üstündən neçə illər keçsə də o əsər hələ də yaddaşımdadır.Nə dədər acı olsa da etiraf edim ki,o vaxtlar -80 ci illərin axırları,90 çı illərin əvvəllərində Azərbaycan televiziyasında belə güclü,peşəkar,əsl sənət əsəri olan tamaşalar çox nadir hallarda hazırlanırdı...
...Fransız ordusunun zabiti zavallı polkovnik Şaber amansız vuruşmaların birindən geri qayıtmır.Həmin döyüşdə çoxlu itki verən komandanlıq,Şaberin də digər döyüşçülər kimi öldüyünü düşünür.Bu barədə onun cavan,gözəl arvadına da yazılı məlumat verirlər.Şaberin çoxlu mirası qanuni olaraq gənc arvadının mülkiyyətinə keçir.Şaber isə əslində həmin qanlı vuruşmalarda ölməyib,başından ağir yaralanıb.Hətta onu başqa ölən əsgərlərlə birlikdə basdırırlar da...Qəbirdə huşu özünə qayıdan,ağır yaralanmış,dəhşətli ağrılar içərisində olan Şaber,min bir əziyyətlə olsa da,qəbirdən qurtula bilir.Döyüş meydanında ağır yaralanan,huşu ğzündə olmayan Şaberi qoca bir ər-arvad,cəsədlərin arasından götürüb evlərinə gətirirlər.Ona bir müddət qulluq edib,sonra qospitala təhvil verirlər.Şaber yaddaşını büsbütün itirib.Qospitalda uzun müalicədən sonra ,Şaberin yaddaşı tədricən bərpa olunur.Bir müddətdən sonra isə Şaber sağalır.
Bu müddət ərzində isə Şaberin bütün sərvətinə sahib olan gənc və gözəl xanımı ərə gedib.Ərə getdiyi adamdan iki qızı da dogulub.Şaberin arvadı yeni həyat yoldaşı və iki qızı ilə zəngin,firəvan ,asudə ömür yaşayır.
Tam sağalmış,amma aldığı ölümcül yaradan,çəkdiyi xəstəlikdən üzülmüş Şaber bütün olanlardan,arvadının ərə getdiyindən,onun bütün sərvətini mənimsəməsindən xəbərsizdir.O,evlərinə gəlir.
Polkovnik Şaberin əsl faciəsi də bundan sonra başlayır.Şaberin arvadı Şaberdən imtina edir. “Sən Şaber deyilsən,Şaber döyüşlərdə ölüb” deyir...O,əlbəttə Şaberi tanıyir,amma bu hiyləgər,xəyanətkar,məkrli qadın,yeni,xöşbəxt həyat naminə Şaberdən imtina edir.
Ondan imtina edən arvadının bu dəhşətli hərəkəti Şaberə ölümcül təsir edir.Öz haqqınin bərpası üşün Parisdə məhkəmələri gəzən Şaber dilənçi həyatı yaşayır.Amma Şaberin varidatı ilə zənginləşən keçmiş xanımı bütün məhkəmələri ələ alır.Şaberi hər yerdə sərsəri,dələduz hesab edirlər.Şaberdən bütün cəmiyyət imtina edir.Onu dəlixanaya salirlar...Vaxtilə qüdrətli fransız ordusunun ən cəsur əsgərlərindən biri olmuş,imperator Napoleonun sevimlisi,zəngin sərvət sahibi Şaberi,pulun əsirinə çevrilmiş cəmiyyət qəddarcasına məhv edir.
Süjet xətti yaddaşımda təxminən belə qalıb.
...Mən həmin tamaşanı Həsən Məmmədova xatırladıram.”Polkonik Şaber”in Az.tv- də təkrar göstərilməməsindən gileylənirəm:
-Axı bu misilsiz tamaşadır- deyirəm.
Həsən Məmmədov söhbətimiz ərzində ilk dəfə olaraq gileylənir:
-Televiziyanın bu tamaşaya biganə münasibəti məni də incidir- deyir.
-Hər gün televiziyada nə qədər boş verilişlər,mənasız tamaşalar göstərirlər.Özü də belə bir vaxtda.Bu mənasız verilişlərdən,onsuz da həyatları tarıma çəkilmiş camaatın olan-qalan əsəbləri daha da gərginləşir.Mən “Polkovnik Şaber”ə baxmaq istəyən nə qədər insan tanıyıram.
-Bunu mənə də deyirlər.Amma mənim əlimdən nə gəlir ki?..
“Polkovnik Şaber”də bir səhnə var.Mən həmin səhnəni Həsən Məmmədovun yadına salıram: Şaber kimi heç kəs tərəfindən qəbul edilməyən bu zavallı polkovnik öz həyat tarixcəsini Dervil adlı namuslu bir vəkilə nəql edir.Həmin tamaşada Həsən Məmmədov əyninə,ölçüsü böyük və köhnə bir şinel geyinmişdi.Şaber -Məmmədov öz başına gələn müsibətləri vəkilə elə emosional,dərin sarsıntılar içərisində nəql edir ki...Həsən Məmmədov bu tamaşada gerçəkdən də özünü unutmuş kimi idi.Sanki ekrandakı aktyor Həsən Məmmədov yox-üzüntülər,məhrumiyyətlər ,haqsızlıqlar görmüş –bu sarsıntılardan ruhi və mənəvi əzablar çəkən Polkovnik Şaberin özü idi.O,vəkilə öz taleyini danışarkən,başına gələn sarsıntılardan özünü saxlaya bilmədi: Şaberin-Məmmədovun gözləri yaşardı...O ağlayırdı,gerçəkdən ağlayırdı...
Həyatda öz başımıza da gəlib,Bizə ağır təsir edən hansısa bir hadisədən o qədər kövrəlmişik ki....Belə vəziyyətdə insan qrip olmuş adamlar kimi olur.Gözlərimiz sulanır,burnumuz axir.Həsən Məmmədov da ekranda elə vəziyyətə düşdü.Və belə vəziyyətdə aktyora əlbətdə ki,çətin olur.Aktyorun ekran qarşısında qeyri-ixtiyari ağlaması,burnunun axması, mənim fikrimə görə hardasa rola (əsasən aktyorun nitqinə) xələl gətirə bilər.Həsən Məmmədov səhnədə hiss olunmadan əlini şinelin cibinə saldı.Yəqin yaylıq axtarırdı.Amma yaylıq yox idi.Mən diqqətlə Həsən Məmmədovun bu vəziyyətdən necə çıxacağını izləyirdim.Monolodun axırını Həsən Məmmədov bir qədər əsəbi və yüksək tonla dedi və sarsılmış halda,sərt hərəkətlə barmaqlıgı olan pəncərəyə tərəf çevrildi.Barmaqlıqdan yapışıb başını qolunun üstünə qoydu.Hətta bunu elə təbii elədi ki...
Üzünü yenidən ekrana çevurəndə ,onun gözlənilməz vəziyyətdən necə ustalıqla çıxdığı göz qabağında idi...O barmaqlığa tərəf çevrilib başınıını qolunun üstünə qoyanda hiss olunmadan göz yaşlarını,burnunu şinelinin qolu ilə silmişdi (Yuxarıda danışdığım həmin o gözlənilməz vəziyyətdə rejissor təbii ki,çəkilişi saxlayıb,həmin səhnəni ikinci dubl ilə çəkə bilərdi.Amma nə yaxşı ki,həmin rejissor bunu etməyib.Çünki həmin o səhnə Azərbaycan televiziya tamaşaları tarixində öz təbiiliyinə görə ən təbii,ən təsirli,ən mükəmməl və peşəkar səhnələrdən biridir).
...Mən həmin epizodu Həsən Məmmədovun yadına salıram.Gülümsəyir: -Nə yaxşı yadınızda qalıb? –deyir...
Mən dönə-dönə eşitdiyim bir hadisəni Həsən Məmmədovun öz dilindən eşitmək istəyirəm. “Böyük dayaq” filmində müqtədir aktyor Ələsgər Ələkbərovun onu sillə ilə vurmaq səhnəsini.Rejissor nə qədər istəsə də dahi Ələsgər Ələkbərov Qaraşı –gənc,istedadlı tələbə Həsən Məmmədovu vurmağa əli qalxmayıb.Buna görə çəkiliş yubanır.Nəhayət Ələsgər Ələkbərovu rejissor çətinliklə də olsa razı sala bilir.Filmin təsirli,təbii alınması üçün bu epizodun vacibliyini Ələsgər Ələkbərov da gözəl bilirdi...Nəhayət Ələsgər Ələkbərov Qaraşı -Həsən Məmmədovu həqiqi sillə ilə vurur.
-Var gücü ilə vurdu.Gözlərimdən qığılcım çıxdı.Uşaq yaşlarımda tay-tuşlarımla savaşanda da heç kəs mənə elə güclü sillə vurmamışdı.Ələsgər Ələkbərov məni sillə ilə vurdu –bu səhnəni operator lentə aldı.Hətta Ələsgər Ələkbərov məni vuranda,səhnənin uğurlu alınmasını görən rejissor Həbib İsmayılovun “Əla” dediyini də eşitdim.
Həmin epizod çəkiləndən sonra Ələsgər Ələkbərov çəkiliş meydanından uzaqlaşdı.Onu gəzib bir ağacın altında əyləşdiyini gördüm.Ələsgər müəllim məni vurduğuna ağlayırdı...Belə kişilər olub Azərbaycanda...
Həsən Məmmədov elə bil xəyalən həmin əlçatmaz günlərə qayıtmışdı.Gözləri yol çəkirdi.
Bu vaxt Mehmanxananın qapısı qarşısında,bir nəfər şux qamətli,açıq göy rəngli yüngül kostyum geyinmiş,saçları vaxtından əvvəl agarmış bir gənc oğlan Həsən Məmmədovu səslədi:
-Həsən müəllim,yaxşı çay dəmləmişik...
Həsən Məmmədov ona çox yaraşan bir təbəssümlə həmin oğlana:
-Əcəb eləmisiniz –dedi.
Gənc oğlan:
-Gəlin birlikdə bir stəkan çay içək,sanra da necə deyərlər,yolçu yolda gərək –dedi.
Həsən müəllim mənə dönərək:
-Bayaqdan mənimlə söhbət edirsiniz,mənə görə nahara da getmədiniz.Gedək bizimlə birlikdə çay içək,söhbətimizi də orada davam etdirək –dedi.
Demək bir azdan bu böyük aktyordan,söhbətindən zövq aldığım,doymadığım insandan ayrılacaqdım.Bayaqdan bəri onunla söhbət edərkən ürəyimdə olan istəyimi dilə gətirdim.Mən ondan avtoqraf almaq istəyirdim.
Bu istəyimi ona deyərkən,Həsən Məmmədov elə bil gühahkarmış kimi:
-Vallah,yanımda nə şəkilim var,nə də şəkilim olan kitab.
Atamın evi yaxında idi.Atamın zəngin kitabxanasında Azərbaycan teatrına,Azərbaycan kinosuna həsr olunmuş müxtəlif kitablar var idi.O kitablarda Həsən Məmmədovun çoxlu sayda şəkilləri var idi.Həsən Məmmədovun şəkli olan həmin kitablardan birini götürüb avtoqrav yazdirmaqdan ötrü bura gətirmək üçün mənə,uzaği 15 dəqiqə vaxt kifayət edərdi.
Mən fikrimi Həsən Məmmədova dedim.
-Mən Sizi gözləyəcəyəm -dedi.
Mən tələsik addımlarla atamgilə gəldim.Onun böyük kitabxanasına tam bələd olduğumdan və az qala bütün kitabların yerini əzbər bildiyimdən,istədiyim kitabı tez bir zamanda tapacağıma əmin idim.
Amma əksinə oldu.Elə bil mən axtardığım kitabların yerini qəsdən dəyişdirmişdilər.Yaxud o kitabları kim isə götürmüşdü...Axtardığım kitabları heç cür tapa bilmirdim.Düzdür,Azərbaycan teatrına,kinosuna,ayrı-ayrı aktyorlara,rejissorlara həsr olunmuş kitablar arada gözümə dəyirdi.Tərslikdən həmin kitablarda da Həsən Məmmədovun şəkili yox idi.Atam “Qobustan” jurnalının bütün saylarını yığırdı.Tələsik o jurnalları vərəqləməyə başladım.Düz deyirlər ki,tələsən adamın işi düz gətirməz.Axtardıgımı tapa bilmirdim.
Vaxt isə elə bil həməşəkindən sürətlə gedirdi.Həsən Məmmədovdan ayrılmağımdan artıq 40 dəqiqədən də artıq vaxt keçirdi.Get-gedə ümidimi itirirdim...Demək ondan avtoqraf almaq bəxtimdə yox imiş...Amma belə fikirləşsəm də Həsən Məmmədovun şəkli olan hansısa bir kitabı axtarmaqda davam edirdim.Gözümə dəyən teat-kino haqqında olan kitabları götürüb vərəqləyir,onun şəklini görməyib kitabı hara gəldi qoyurdum.
İlham Rəhimlinin “Dramaturgiya və teatr” kitabını tapanda (o kitabın üz səhifəsində Həsən Məmmədovun “İstintaq” filmindən bir şəkli verilmişdi) Həsən müəllimə söz verdiyim 15 dəqiqədən xeyli vaxt keçmişdi.Hər halda bir saata yaxın idi ki,kitabxanada vurnuxurdum.
Amma qəlbimin dərinliklərində özümü inandırırdım ki,Həsən Məmmədov mehmanxananın qarşısında məni gözləyir.Hardasa əmin idim ki,o mənimlə vidalaşmadan Bakıya getməyəcək.
Ayaqqabılarımı geyinib əlimdə İlham Rəhimlinin kitabı,az qala yüyürə-yüyürə geri,mehmanxananın qarşısına gəldim.Döngəni dönən kimi sarı rəngli “RAF”ı öz dayandığı yerdə gördüm.Ürəyimdəki narahatlıq bir anda yox oldu.Həsən Məmmədovla gələn dostlarının hamısı “RAF”a minmişdilər.Sürücü də sükan arxasında idi.Təkcə Həsən Məmmədov maşının qarşısında asta addımlarla var-gəl edirdi.
Çatdım.
Üzrxahlıq etməyə heç imkan da vermədi.Əksinə...Üzündəki məşhur təbəssümü ilə:
-Əgər daha bir neçə saat da yubansaydın,yenə gözləyəcəkdim -dedi- Bu qədər söhbət etdik,adını da soruşmadım.Adını bilsəydim maşını evinizə sürdürəcəkdim.
Kitabı açdım.”İstintaq” filmindəki rolundan çəkilib kitabın üz qabığına vurulmuş şəkil,bir az böyük ölçüdə kitabın orta səhifəsində də var idi.Mən həmin səhifəni açıb,diyircəkli qələmlə Həsən Məmmədova verdim.Kitabı maşının pəncərəsinə söykəyib,mənim üçün belə bir avtoqraf yazdı: “Etibar! Sənətə olan hörmətinə,ağlına görə sağ ol! Sizə can sağlığı.Hörmətlə: Həsən Məmmədov.”
Kitabı mənə qaytarıb:
-Etibar,səninlə tanış olmaqdan məmnun oldum –dedi- Elədiyin söhbətlər ürəyimdən xəbər verdi.Mən səni yaddan çıxarmayacağam.Bakıya yolun düşəndə hökmən məni axtarıb tap.Mən Bakıda səninlə görüşməkdən məmnun olaram.
Əlini mənə uzatdı.Görüşdük.
-Gözləyəcəyəm -dedi- görüşərik...
Mən:
-Allah amanında –dedim.
“RAF”da sürücünün yanındakı oturacaq boş idi.Bu Həsən müəllimin yeri idi.Həsən Məmmədov “RAF”a əyləşdi.”RAF” yola düşdü və qarşıdakı döngəni dönüb gözdən itənə kimi bir-birimizə əl elədik.
Mən iki saatdan bir az artıq ünsiyyətdə olduğum bu böyük,əvəzsiz insandan çox xoş bir təəssüratla ayrıldım.
Mənimlə işləyənlər bir saatdan artıq idilər ki,işdə idilər.Mənim isə işə getmək həvəsim yox idi.Elə həmin xoş təəssüratla da evimizə gəldim.
Mən həmin o unudulmaz görüşdən sonra Həsən Məmmədovu bir dəfə də gördüm.Bakıya getmişdim.Avtobusla “Nizami” metrostansiyasına tərəf gedirdim.Qəfildən Hüsü Hacıyev küçəsində, səkidə,izdiham arasında Həsən Məmmədovla rejissor Rasim Ocaqovun söhbət edə-edə hara isə getdiklərini gördüm.Avtobus bir azdan qarşısdakı döngəyə çatacaqdı.Səkidə xeyli adam var idi.Avtobusda da sıxlıqdı.Daha bir neçə an keçdi və avtobus döngəni döndü.Baxışlarım Həsən müəllimi itirdi.O zaman onunla bir daha görüşüb söhbət etmək mənə qismət olmadı.Bu həm də mənim Həsən Məmmədovu sonuncu görməyim idi.
2003-cü ilin 26 avqustunda televiziyadan eşitdiyim ağır bir xəbər məni əməlli-başlı sarsıtdı.Böyük aktyorumuz dünyasını dəyışmışdi.
ETİBAR ƏBİLOV.
Neftçala.
4 oktyabr 2015-ci il.