manera.az
manera.az

"Sözə qol qoyanın başı girovdur" - Mehman Qaraxanoğlu yazır

📅 10.08.2022 18:26

"Sözə qol qoyanın başı girovdur" - Mehman Qaraxanoğlu yazır
(Şahverən Cavadın 65 yaşına...)

Dəniz kənarında əziz dostlarımla – Aqil Yaqub və Şahverən Cavadla içdiyim pürrəngi çayla özlərini qaranəfəs sahilə çatdırıb “itən” dalğalar arasında nəsə mistik bir əlaqənin olmasına şəkk-şübhəm yoxdur. Amma o əlaqənin adını hələ özümçün tam müəyyən edə bilmirəm. Bəlkə, bu da faniliyin bizə məlum olmayan başqa bir adıdır?

Bəli, məhz faniliyin...
Zatən, belə halda armudu stəkanın “incə beli”nə əlimizin rahat “qonması” üçün çəkilən dizayner zəhmətinə bir təbəssüm göstərib keçmək də olar, amma və lakin... içərisindəki mayenin (Ona indi yaşam iksiri deyək) tədricən qurtum-qurtum içilib tükənişi də uzun-uzun yollar gəlib, sahildə “itən” o zavallı dalğaların aqibətinə bənzəyir.

Və beləcə dünyanın işvəkar və incə belində bir əlimiz, digər əlimizdə isə başımıza çəkib qurtumladığımız ömür dolu camımız... Nə dünyadan əlimizi üzür, nə də o camı əlimizdən qoyuruq. Amma qəfildən canımızın üşəndiyi və səksəndiyi çağlar olur. Belə çağlardan birinin emosional rəsmini ustad Aqil Yaqubun bu cümləsi cızdı: “Şahverənin 65-nə də az qalıb.”

Əməlli-başlı dksindim. Əgər gözlənilmədən kimsə öz doğum günümü mənə xatırlatsaydı, yəqin ki, bu qədər heyrətlənməzdim.

Niyə?
Çünki dostlarımızın doğum günü aynasına həm də bizim əkslərimiz düşür. Əgər o dostluğun tarixçəsi orta məktəb partasından, bir evdən, bir ocaqdan, bir çörək təknəsindən başlanırsa, xoş o dostların halına. Burada bir nüans da diqqətçəkicidir; əgər o dostlar gələcəyin yaradıcı şəxsləridirsə, həm də bir məhlədə böyüyüblərsə, beşqat xoş onların halına. Göründüyü kimi, situasiyanın əsrarəngizliyi daxilimdə bir aramlıq, bir xatircəmlik yaratmalıydı.

Amma...
Və əgər bu “əmma” karuselində sənin avtoportretindən hansı cizgilərsə yanıb sönürsə, onda diksinməyə məhkumsan:

Ata həyətimın almaları tək,
Dəyib, xatirələr ballaşıb, nədir?
Cavad məhləsindən çaya gedəndə,
Kimsəsiz evimə bir salam yetir.

"Sözə qol qoyanın başı girovdur" - Mehman Qaraxanoğlu yazır

Bu misralar Şaverən Cavadın “Bir salam yetir” şeirindəndir. Mənə həsr olunub. 2021-ci ildə nəşr olunan yeni kitabının adı da bu şeirdən götürülüb. Kitaba professor Məhərrəm Qasımlı “Öz-özünə məktub yazan şair” adlı mükəmməl bir önsöz də yazıb. “Abzasların fəlsəfəsi və ya dünya, şairləri sözlə aldadır” sonsözü də qələmimdən çıxıb.

Bunlar öz yerində...
“Bir salam yetir” şeiri telindən-barmaqlarının ucuna qədər (metafor sizə qəribə görünməsin, şeir insan kimidir, bütün əzaları yerindən olan fiziksəl və ruhsal bir insan) nostalji hislərin obrazlaşması prosesini şəkilləndir:

Fikrini tilov tək çaya atırsan,
Bir dünya xatirən suya dağılır.
Düşər tilovuna olub keçənlər,
Balıq əvəzinə balıq nağılı...


Əziz dost, o nağıllardan birini də vaxtilə mən qələmə almışdım:

“Zaman-zaman qurğuşun kimi yazarın içinə çökən ağırlıqlar günlərin bir günü bənd-bərəni dağıdıb zühur etməliydi. Uşaqlıqda nadir hallarda sevinəcəyim nəsnə-lərdən biri də kəndimizin içərisindən keçib dənizə tələsən dağ çayına sel-suyun gəlməsi olardı.

Dostlarımla kənd boyu qaçışa-qaçışa bu olayı tanış-bilişlərimə atüstü yetirməyə can atardıq. Bu daha çox yaz və qışın əvvəllərinə düşərdi. Belə məlum olardı ki, barmaqla sayılası xoşbəxtliklərimin iki və ya üçünün tarixçəsi, həm də məkanı irəlicədən bilinərdi. Kimsə səbirsizlik edib soruşa bilər ki, xoş-bəxtliyin sel-suyla nə ilişkisi ola bilər?

Ən azından, balıq mövsümü başlardı.
Və bir az əvvəl qupquru taxaca dönən çayın gözlənilmədən dopdolu qadınlar kimi yançalarını əsdirə-əsdirə nəhəng Kişiyə - Xəzərə canatımı qəribə hisslər oyadardı adamda. Qadın “sevgisi” burada da öz işini görərdi – yarğanlardan nəsə qoparmayınca, əl çəkməzdi..

Deyəsən, “İlham pərisi” deyilən nəsnə elə buymuş...”
Kalipso ilahəsinin Odisseyə elədiyi təklif o qədər şirnikdiricidir ki, ondan vaz keçənləri ilk baxışdan əbləh adlandırmaq olar. Troya müharibəsindən öz evinə qayıtmağa can atan, lakin başına min cür məşəqqət gəlib ləngiyən Odisseyə İlahə sadə bir təklif edir: “Mənimlə qal və əbədiləş.”

Odisseyin cavabı dünyanın bütün mifik qəhrəmanlarını heyrətləndirə bilər: “-Yox...”

Laylamla qanıma hopub o işıq,
Məni o yerlərin işığı çəkdi.
Bəlkə, bir quş olub uça bilərdim,
Məni yurd sevgisi torpağa çəkdi.


Oxucu sual verə bilər ki, Odisseyin “Yox”u ilə Şahverən Cavadın bu misraları arasında nə kimi əlaqə ola bilər? Cavab çox sadədir: Universal ideyaları şüalandıran bu şeir parçası Odisseyin “Yox!”u qədər çoxqatlı və çoxmənalıdır; mifoloji qəhrəman gec-tez öz İtakasına qayıtmalıdır! Şahverənin də İtakası Cavad məhləsindən başlanıb bütöv Azərbaycanı əhatə edir.

Bədii ədəbiyyata yüzlərlə rəngli təriflər versələr də, o özünün ilkin klassik anlamından – həyatı obrazlı şəkildə təsvir etmək təyinatından bir millimetr də aralanmır. Sənət adamlarını digər insanlardan fərqləndirən başlıca keyfiyyət də elə budur. Məsələ burasındadır ki, çağımızda sözügedən elementar ədəbi həqiqət də unudulur.

Bugün sosial şəbəkələrdə paylaşılan çox sayda şeirlər toy estetikasından o tərəfə keçmir, onalara yazılan rəylər də “mən bəyəndim, sən də bəyən” fəlsəfəsi və anormal tamada təfəkkürünün ifadəsindən başqa bir şey deyildir. Bunun üstündən sükutla keçmək də olardı. Amma o təmənnalı rəyləri şəxsi xurcununa yığa-yığa tədricən özü haqda yekə-yekə düşünən “şairlər”i gördükdə bu tendensiyanın nə qədər təhlükəli olduğunun fərqinə varırsan.

Əgər bu acı mənzərəni ikicə sözlə ifadə etsək, belə olacaq:
Əxlaqın və mədəniyyətin erroziyası...

Məhz belə melanxolik və nevrotik situasiyada Şahverən Cavadın durub heç nə olmamış kimi əsl istedad məhsulu olan şeirlərini paylaşması, açığı, özümə də qəribə gəlib, elə bil ki, baş verənlərin bu adama heç dəxli yoxdur. “İzm”lər – modernizm, postmodernizm, klassizim, romantizm, naturalizm, sürrealizm və digər ədəbi cərəyanlar Şahverənin böyür-başından ötüb keçir, amma o öz işindədir:

Bəlkə, Yer əzəldən kürə deyildi,
Tanrıya səcdədən əyildi beli...

Və ya:
Bu qızıl payızın qızıl açarı
Ömür qıfılıma heç düşən deyil.

Ağlım kəsəndən ədəbiyyatın insanı xoşbəxt edəcəyinə inanmamışam və bu yazını yazdığım dəqiqələrdə də inanmıram. Çünki ədəbiyyat həyatla nəfəs alır, həyatımız isə bizə yaxşı heç nə vəd eləmir. Bəs insan niyə yazır? Konkret olaraq Şahverən Cavad niyə yazır?! Dünya şöhrətli Tarkovski deyirdi ki, incəsənətin başlıca məqsədi insanı ölümə hazırlamaqdı. Düşünürəm ki, insan müqəddəs rituallara necə hazırlaşırsa, ölümə də o cür hazırlaşmalıdır. Və bu hazırlıq həm də əbədiyyətə hazırlıq kimidir...

Şahverən Cavad öz şəxsi həyatında çox şeylər görüb; ayrılıq, həsrət, xəyanət, ağrı, ölüm və s. Qalır bunları simvollarla – yazı işarələri ilə mətnə çevirmək. Bunu da ustalıqla bacarır, çünki “sözə qol qoyanın başının da girovda olduğunu” illər öncəsi dərk edib:

Söz könlümə qan verir,
Söz canıma can verir,
Söz - ruhumun dan yeri...


Əsl söz adamlarının yaşı rəqəmlərlə ölçülməz, ruhunun dan yerləri ilə - sözlərlə ölçülər.

Ruhunun dan yeri mübarək, əziz dost!

Mehman Qaraxanoğlu


Baxış sayı - 830 | Yüklənmə tarixi: 10.08.2022 18:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031