manera.az
manera.az

Tanrının natamam bölgüsüyük biz

Tanrının natamam bölgüsüyük biz
Poeziya... Sirli-sehrli aləm... Yana-yana yaşayan, yaşaya-yaşaya yanan, həyatın, rənglərin, ən böyük rəssamın, Yaradanın bizə bəxş etdiyi təbiətin fəlsəfəsini anlayanların yolu bu sehirli aləmdən keçir.

Yolu bu sehirli aləmdən keçənlər həm öz hiss və duyğularının, həm də fərdlərin tərcümanına çevrilir. Hiss və duyğuları misralara süzülür. Yeni şeirlər doğulur. Doğulan şeirlərdə sevgi-məhəbbətlə, kədər qəmlə, vüsal həsrətlə qolboyundur.

Təranə Arifqızının şeirlərindəki kimi...

Təranə Arifqızı, “Mən şair olsaydım” (2010) , “Nə qədər ki, insan var” (2011), “Sözün bayatı rəngi” (2020), “Qarabağda 44 gün” (2021) və “İçimdəki səs” (2021) adlı beş kitabın müəllifidir. Təranə xanım oxunan və təqdir edilən şairələrdəndir.

Şeirləri, hekayələri, məqalələri Azərbaycanla yanaşı, Türkiyədə müxtəlif almanaxlarda, toplularda; “Türk ədəbiyyatı “, “Hecetaşları” və “Dergizan”, İranda “ Yeni qapı” elektron jurnallarında dərc olunub. Dövrü mətbuatda; “525-ci qəzet”, “Ədalət” qazetlərində, “Nuhçıxan”, “Kulis.az”, “Yeni səs.”, “Mustəqil.Az” və digər saytlarda mütəmadi dərc olunan şairə böyük oxucu sevgisi qazanıb.
Tanrının natamam bölgüsüyük biz
Mən Təranə xanımın nəşr olunan son kitabı- “İçimdəki səs” kitabı haqqında, o kitabda yer alan, oxucusunu həyatın dərinliklərinə götürən misralarından söz açmaq istərdim. Şairənin həyatda sevincli günləri də olub, ağrıları da. Həyatda sevinc varsa kədər, sevgi varsa nifrət, gülüş varsa göz yaşı, dəm varsa qəm də var. Bəzən insan dəyişkən payız havası kimi, bir gündə bunların hamısını yaşaya bilir, ağladığı yerdə gülür, güldüyü yerdə ağlayır. Sevərkən özünü dünyanın ən xoşbəxti, ayrılarkən ən bədbəxti kimi hiss edir.

Bütün bunlar təbii hisslərdi. Dünyada tam xoşbəxtliyi tapanlar çox azdı. Hər kəs ona düşən paydan gileyli. Lakin poetik ruhlu insanların bir də öz dünyası var. Dərdli anlarında baş vurduğu, özünü ovudub, gözünü qurutduğu, girişi hər kəsə qapalı olan dünyası. Şöz adamlarının hər kəsə qapalı olan ikinci dünyalarındakı gəzişmələri, həsbi-halı, sevgisi, nifrəti, sevinci, güleyi, həsrəti, vüsalı misralara hoparaq “ruhun gəmisində dünyanın boz üzünə”, “bir az da xoş üzünə” üzür, gah “bu sahildən o sahilə aparır”, gah da “göyə çəkib, “yer üzündən qoparır”, gah “dalğaların telindən tutub sürünür”, gah da “suyun əlini sıxıb sakit görünür.” Bu, şairənin ruhunun təlatümümü, yoxsa üsyanı!?

“Üzür ruhun gəmisi
dünyanın boş üzünə,
Qəddarlıqla yoğrulmuş
bir az da xoş üzünə...

Ruhumu bu sahildən
o sahilə aparır...
gah da ki, göyə çəkib
yer üzündən qoparır ...

Dalğaların telindən
tutub sürünürəm mən...
suyun əlini sıxıb
sakit görünürəm mən...

(İçimdəki səs)

Ancaq, hər şeyə rəğmən “dalğaların əlindən tutub sürünən, suyun əlini sıxıb sakit görünən, kimsəsiz adaların qovulmuş sakini olub üş nöqtədə yaşayan” şairə nidanın, hissin, həyacanın hakimidir. Ancaq içindəki yad səslər onu rahat buraxmır, gah əllərimə toxunur...

gülür, gülür...sonra da...
tellərimə toxunur...,

ona bir şeylər deyir:
-Deyir...yat...yat...oyanma...
məzardasan, ölüsən...
nə fərqi? ..ölməsən də...
ağıllı bir dəlisən...

(İçimdəki səs)

Ədəbiyyatımzda çox toxunulan “ağıllı dəli” məsələsinə şairə də toxunur. Təranə Arifqızı içindəki yad səslərdən diksinib ayılmasını o qədər poetik bir üslubda anladır ki...

Diksinib ayılıram...
səs qırılır, tökülür...
sonra... sonra... anidən
səsin beli bükülür...

Ölür yad səslər məndə,
için-için qocalır...
məndən uzaq zamanda
doğma bir səs ucalır...

(İçimdəki səs).

Sözlə bu qədər poetikcəsinə davranan, sözü mənalandıran Təranə xanımın istifadə etdiyi “səs qırılır, tökülür” vəya “səsin beli bükülür” ifadələri onun sözə aşinalığından xəbər verir. Bu şairənin xoşbəxtliyidi. Şəxsi həyatında tapa bilmədiklərini misralarda yaşayan şairə övladı yerinə qoyub şeirlərini. Kədərini də pıçıldayıb, sevincini də, misraları ağrı-açı ilə yükləyib incitdiyi də olub, sığal çəkdiyi də, ağladıb göz yaşını tökdüyü də olub, sarılıb öpdüyü də. Bu xoşbəxtliyi, sözlə danışmağı, sözlə sarılmağı ona Tanrı verib. 42 yaşında qardaş itkisi yaşayan şairə şeirlərimdə heç vaxt “Qardaş!!”,-deyə ağlamasa da, əslində “O” yazdıqlarının hamısında var. Yazdıqlarının hamısına az-az da olsa; “Bir ovuc göz yaşıydın.../gözümdə tutammadım./Yandı tökülən yeri,/içimdən atammadım”, - dediyi qardaş dərdi səpələnib:

Əlin dəstəkdə titrər,
kirpık nəmı qucaqlar.
Mənli olan zil səsın
sınar, bəmi quçaqlar.

Qor uçar, soba yanar,
gözün uçar dərinə…
Qəfil an yuxu gələr,
gözə ruhum görünər...

(Sənsizlik)

Ruhunu görəcək qədər ikinci dünyasına hakim olan, itirdiyini andıqca “kirpiyi nəmi qucaqlayan” şairə onsuzluğun “yasına dəfn olunmağını” istər, ancaq bir şərti var; “Başqa kimsə gəlməsin ruhunun qapısına” (Sənsizlik).

Çox zaman “Sözün tərs üzünü naxışlayan” şairə, bəzən usanıb bezdiyini misralara pıçıldayır:

Elə usanmışam, elə bezmişəm
sözün tərs üzünü naxışlamaqdan.
yollar da yorulub, gözünü döyür,
əl çəkib yolçunu bağışlamaqdan...

Yol və yolçu... Yol varsa yolçu da var. Yolun başı olum, sonu ölümdür. Lakin bu yolçu, canının yolun yarısında ondan ayrılması ilə barışa bilmir. Yol da artıq yolçunu bağışlamaqdan yorulub. Amma yolçu inadkardır, hələ də “bəlkə”lərə, gedəninin qayıdıb gəlməsinə, “əlinin xoş səs kimi yenidən üzünə dəyməsinə” gümanı, “bəlkə yolu düşər deyə, qapıya dəmir atdığı” var: “Bəlkə, yolun düşər deyə,/Qapıya dəmir atmışam” (Bəlkə).

Lakin şairə,”almadığı nəfəs kimi” qayıdıb gəlməsini istədiyi əzizi üçün “bəlkə yolu düşər deyə, qapıya dəmir atsa” da, əfsus кi, bu mümкün deyil. “Gedən gəlməz, ölən dönməz əcəb sirr.”

Ürəyimdə tutdum dilək,
Əzrayılım qurdu kələk,
Şah damardan vurdu fələk,
Çəkilmiş bir ah kimiyəm…

(Çəkilmiş ah kimiyəm)

Zaman su kimi axıb gedir. Saniyələr dəqiqələri, dqiqələr saatı, saatlar günləri, günlər ayı qovalayır. Lakin hər saniyənin, hər anın, hər dəqiqənin, hər ayın-günün öz yaddaşı, öz xatirəsi, öz nağılı olur. Bu hər keçən günün xatirəsi, yaddaşı, nağılı, “sabahı gümanın qoynuna atıb, dünənki günündən nağıl çəkməyi“, sevdiyini “kirpiyinin ucuna alıb” “gözünün qəmli içində saxlamağı”, “Özünün yuxusu ərşə çəkilsə” də, “üçnöqtələr suala dönsə” də yaddaşındakı “O”nu “gözündə şirin-şirin yatırmağı” var:

Bu gün dəftərlərim qapalı qalıb
üç nöqtə suala dönüb içimdə.
alıb kirpiyimin ucuna səni
saxladım gözümün qəmli içində.


Şairənin yuxuları ərşə çəkilən “lirik mən”nin sevdiyini gözlərində yatırıb, divara, tavana baxmaqdan “gözünün naxışı fərşə çəkilib.” Nə yaşaya, nə də ölə bilir:

Qanadsız sözümün ayaqları altındayam
Nə ölə bilirəm, nə də yaşaya...
Səssiz çığırıqların son qatındayam...
Nə ata bilirəm, nə də daşıya...


Şairənin yorulmuş, usanmış lirik qəhrəmanı “Səssiz çığırıqların son qatındadır. Nə ata bilir, nə də daşıya” bilir... Nə ölə bilir, nə yaşaya bilir, “yuvasız quşlar özünü sərhəd dirəyinə çırpıb yuva axtardığı kimi, şairə də yenə hər kəsə qapalı olan iç dünyasına baş vurur. Bu dünyada “ağlının ucundan keçən, gözləri cənnət işıqlı insan ona baxır, baxır, gülümsəyir və qaçır içindən:

“Ürəyimin başına bir qılınc sancılan” lirik mən ağlının ucundan keçənləri, umu-küsüsünü, niyətini misralara pıçıldayır:

Sən belə eləsən, günün bir günü
oğru tək asacam baxışlarımı..
Kəndir əvəzinə kirpiklərimlə
sıxacam sən dolu göz yaşlarımı...


Şairənin söz icadı bitib tükənmir. Lirik mən “bir sabah qalxıb, yolu ayağına yığıb, ondan sevdiyini ayıran “xəstə şəhəri” “ümmanda boğub” ona gedəcək. Lakin “evədək gəlib qapını döymədən, yalnız pəncərədən sevdiyi üzə baxıb, qəlbində özünü yıxıb gedəcək:

Sən belə eləsən, bir sabah qalxıb
Yolu ayağıma yığıb gələcəm...
Səni məndən edən xəstə şəhəri
Ümmanda məhv edib, boğub gələcəm..

Sən belə eləsən, evətək gəlib
Qapını döymədən çıxıb gedəcəm...
Baxıb pəncərədən sevdiyim üzə
Qəlbimdə özümü yıxıb gedəcəm..


Şeirlərindəki hər misraya şairənin nəfəsi, ruhu hopub. Bu nəfəs, bu ruh isə şeirin ovqatından doğur. Əslində, Təranə xanım da şeirlərində “gülüşünün ələmiylə”, “taleyinin sələmiylə”, “ağrıların qələmiylə” öz şəklini çəkir. Bu zaman “Qış içində yaz ruhunu”, ”Qəm dolu avaz ruhunu”, “Hər kəlməni öz ruhunun” yarpağına bükür. “Oğurlanmış taleyinə yük olan qadın, misra-misra doğulsa da, şeir-şeir çökən qadın sözlə “öz şəklini” çəkir:

Gülüşündə ələmiylə,
Taleyinin sələmiylə,
Ağrıların qələmiylə
Öz şəklini çəkən qadın.

(Öz şəklini çəkən qadın)

Təranə Arifqızının охuculаrın iхtiyаrınа verdiyi, “ İçimdəki səs ” аdlı şeirlər кitаbındakı şeirləri özündən-özünə pıçıldadıqları, özünün-özünü ovutmasıdır. Lap Leskofçalı Qalibin dediyi kimi, “Durmayıb ney kibi inlər könlüm”,/ Sonra da kəndini dinlər, könlüm.”
Təranə Arifqızını bu kitabı münasibətilə təbrik edir, yaradıcılığında yeni uğurlar arzulayırıq.

Lütviyyə Əsgərzadə
Filologiya elmlər doktoru
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
2627282930