Selincerin məşhur romanı ilə bağlı - 12 maraqlı fakt
MANERA.AZ Amerika yazıçısı Cerom Devid Selincerin məşhur “Çovdarlıqda uçurumdan qoruyan” romanı ilə bağlı maraqlı faktları təqdim edir.
***
Əsər ilk dəfə 1951-ci ildə ABŞ-da nəşr olunub. O vaxtdan indiyə qədər roman şöhrətini saxlayaraq dünyada hər gün təxminən 685, il ərzində isə 250 min nüsxə satılır.
***
Müəllif romanının nəşri üçün getdiyi ilk nəşriyyat evində rastına çıxan naşir Holden Koldfildin ruhi xəstə zənn etmiş və bu səbəbdən romanın çapından imtina etmişdi.
***
Müəllif əsərin nəşrinə nail olmaq üçün “Nyu Yorker” jurnalının baş redaktoru Vilyam Maksvelə romanı əvvəldən axıra qədər ucadan oxumuşdu.
***
İkinci Dünya Müharibəsi zamanı hərbi xidmətə yollanan yazıçı əsərin altı hissəsinin əlyazmasını özü ilə müharibəyə aparmışdı.
***
Əsər müəyyən əxlaqi dəyərlərə qarşı çıxdığı üçün təzyiqlərə məruz qalmış, hətta kommunizm ideyalarının təbliğinə görə 1978-ci ildə Vaşinqtonun bəzi məktəblərində qadağan olunmuşdu.
***
Məşhur “Bitlz” rok qrupunun üzvü Con Lennonun qatili olan Mark Çempen həbs olunduğu vaxt onun üzərindən “Çovdarlıqda uçurumdan qoruyan” əsəri tapılmışdı. Bu əsər amerikalı aktrisa Rebeka Şefferın qatili Con Bardonun da evində tapılmışdı. 1981-ci ildə ABŞ prezidenti Ronald Reyqana sui-qəsdə cəhd edən Con Hinkli də bu romanın təsiri altında olduğunu etiraf etmişdi.
***
Romanda “Tanrının cəzası” ifadəsi 277 dəfə işlədildiyi halda, “xoşbəxtlik” sözünə cəmi iki dəfə rast gəlinir.
***
Selincer 2009-cu ildə bir isveçli yazıçının 60 yaşlı Holden Koldfildin qocalar evindən qaçışını təsvir edən romanının çapına müəllif hüquqlarının pozulması iddiası ilə icazə verməmişdi.
***
“Holden” Selincerin müharibədəki dostunun adı idi.
***
Əslində “Çovdarlıqda uçurumdan qoruyan” romanı bir ideya kimi daha əvvəldən mövcud olub. Belə ki, 1949-cu ildə Selincer “Harpers Bazar” jurnalında Holdenin qardaşının ölümündən bəhs edən “Boulinq topları ilə dolu okean” adlı hekayəsini çap etdirmək istəsə də, sonradan fikrindən daşınmışdı. Həmin hekayə yalnız 2013-cü ildə dərc olundu.
***
Roman hələ də ABŞ-da ən qalmaqallı əsər kimi qəbul olunur.
***
Leonardo Di Kaprio daxil olmaqla bir çox məşhurlar romanın motivləri əsasında film çəkmək istəsələr də bu, müxtəlif səbəblərdən mümkün olmayıb.