manera.az
manera.az

Aida Adıgözəlin şeirləri - Vaqif Yusifli yazır..

Aida Adıgözəlin şeirləri - Vaqif Yusifli yazır..
Onu şeirlərindən tanıyıram və bu şeirlər məndə qəribə hisslər oyatdı.

Üzünü görməsəm də, şeirlərində özünün və ürəyinin səsini eşitdim və bu səslər içinə sığmayan bir şairin duyğularından söz açır.

BİRİNCİ təəssürat:

Bir gün anladım ki, qopub düşmüşəm,
saralmış, xallanmış xəzəl olmuşam.
Anladım, anladım, elə sən demə,
Sən demə, sevirəm xəzəl baxtımı,
sən demə, sevirəm payız evimi.

Aida Adıgözəldən oxuduğum şeirlərin bir qismi məhz payıza bürünmüş – payızlaşmış xəzəlləşmiş duyğuların əksidir. İnsan ömrünün ekvator xəttinə çatanda təkliyə, tənhalığa alışır və payız fəsli yarpaqları saralmış, xəzəlləşmiş, küləkləşmiş, yağışlaşmış dərdi ilə ürəyə yol tapır. Və burada insanın payızlaşmağı təbii bir prosesə çevrilir.
İnsan “İçində nə varsa, uçub dağılan, bütün xarabalığı, kədəri, qəmi… payız dərdini götürüb, beləcə ayrılır öz budağından”. İnsan payız olmaq istəmir, Tanrıya yalvarır: “Bu payızı gəl çək üstümdən”.

İKİNCİ təəssürat: Yox, payızı təkcə saral mış yarpaqlarıyla, xəzəliylə, dəli küləyiylə tanınmır, bəlkə, daha artıq düşüncə fəslidir, yəni insanın qışa doğru yol alan ömrünün ağıl, idrak, beyin məşqlərinin düşüncəyə tabe olmasıdır. Aida Adıgözəl –müasir şeirimizin bu kürdəmirli xanımı həyatın, gerçəkliyin, olumun və ölümün serenadalarını poetik lövhələrə çevirir, bəzən mənasızlıqda məna axtarır, peşmançılığın rəsmini çəkir, kölgələrin rəqsini, gedənlərin göynəyən yerini, ağlayan şəkilləri, yanan körpüləri düşüncə sferasına daxil edir.

Aida Adıgözəli sevgi şairi kimi də təqdim edərdim. Amma onun sevgi şeirlərində ənənəvi motivlərə ənənəvi qayıdış yoxdu, “ayrılıq-dar ağacı”, “həsrət seli”, “ölürəm səndən ötəri” etirafları səslənmir, təzadların və ayrılıqların mənbəyinə, mahiyyətinə çəkib aparan bir xətt var. Sevgini və sevgidən doğan təzadı, ayrılığı əksər şairlər (xüsusilə, zərif cinsdən olan şairlər) bəzən eyni tempdə, eyni ahəngdə təsvir edirlər. Aida Adıgözəldə isə bir qədər fərqlidir:

Hərdən sor məni bağlı qapıdan,
qaranquş yuvalı tozlu eyvandan.
Hərdən otağa gir, evə də baş çək,
göz gəzdir ətrafa, zəngli saata,
gör saat səkkizdə yenə vururmu?
Dolabları dağıt, eşib səpələ,
gör o çox sevdiyim yaşıl pijama
həmin siyirmədə hələ dururmu?


Deməli, bu sevgi hekayəti hələ bitməyib, hələ davam edir. Və sevgi şeirlərində Aida Adıgözəl bitməmiş, ümidlə ümidsizlik arasında dövr edən bir həyat qüssəsindən söz açır. Bu sevgi şeirlərindən xatirə yağışları yağır, payız küləkləri əsir:

Məni belə xatırla:
qara dəli qız kimi.
Yavanlıq çörəyilə
son səpilən duz kimi.
Məni belə xatırla,
ruhumun son günahı,
qoca kor balıqçının
dənizdə vida ahı.


ÜÇÜNCÜ təəssürat: Aida Adıgözəlin şair fərdiyyəti, özünəməxsusluğu barədə nə demək istərdim? Şairliyə aidiyyəti olan bir sıra əsas xüsusiyyətlər var ki, o, bunları qədərincə bilir və şeirlərində də apaydın göstərir. Birincisi və ən ümdəsi budur ki, Aida Adıgözəl vərdişlə şeir yazmır, şeir misra-misra, sətirbəsətir içinə, ruhuna köklənəndə yazır. Sadəcə, içini boşaltmaq “əmə - liyyatı” yox, içini bəyan etmək prosesi… İkincisi. Aida Adıgözəl metaforalarla işləməyi çox sevir. Bu gün metafora müasir şeirimizin qanına, canına hopub. Hərçənd ki, uğursuz cəhdlərlə də çox qarşılaşırıq. Aida Adıgözəl “ölmüş şeirlər”də sırf metafora yolu ilə gedir:

Səndən sonra qalxmaq da var,
içindəki məzarlıqdan boylanmaq
ayrılığa acıq vermək...
Səndən sonra toparlanıb durmaq da var,
ağrıların qabağında
suallara cavab tapmaq.
Səndən sonra bu dünyaya oyanmaq var,
içimdəki qaranlıqdan.


Üçüncü təəssürat: Sizə elə gəlmirmi, Aida Adıgözəl yalnız özünün subyektiv aləmini, daxili dünyasını əks etdirir şeirlərində? Elədir ki var. Nə yazırsan-yaz, istər sevgi şeiri olsun, istər “yaz etirafları”, istər payız duyğuları, istərsə də Vətənlə, Şuşayla, Laçınla, Kürdəmirlə bağlı şeirlər…bütün bunlar həmin o daxili dünyadan, subyektiv aləmdən keçib gəlir:

Sən hardan biləsən bölünmək nədir?
Sən hardan biləsən Araz nə çaydır?
Sən hardan biləsən hər gün ürəyim
gecələr o taydır, gündüz bu taydır?
Sən hardan biləsən o taylıyam mən,
Araz deyə-deyə Kürlə böyüdüm?
O taydan başlanan yüz illik yolu
Bu tayda bir kənddə həsrət bitirdim.


Aida Adıgözəlin şeirləri içərisində ŞEİR KİMİ yonulmamışları, cilalanmamışları da var. Bəzi şeirləri, məsələn, “Sənsizlik zəhəri” fikrin tutumunu həcmin tutumuna gətirib çıxarır. “Laübalıq” şeirində lirik qəhrəmanın “ittihamları” həddini aşır və s. Bəzi şeirlərdə ara-sıra, çox olmasa da, ədəbi dilin qanunlarına bir etinasızlıq duyulur. Amma Aida xanımın şeirlərində sərbəst düşüncə tərzi xoşagələn haldır, şeirdə “nazlanmır”, həqiqətə pərdə çəkmir.

Aida Adıgözəlin şeirləri barədə çox danışmaq olar. Yəni bu şeirlər sənə danışmaq, söz açmaq imkanı verirsə... Amma burada qeydlərimi bitirir və mənim üçün maraqlı olan bir şairi tanıdığıma sevinirəm, deyirəm…

Vaqif YUSİFLİ
filologiya elmləri doktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31