manera.az
manera.az

Xatirə ömür mifidir - Esselər

📅 09.07.2022 18:48

Xatirə ömür mifidir - Esselər
Rüstəm Kamal - 60

Cığır

Evimizin dalındakı zağar tərəyə, tösmərək təpəyə tövşüyə-tövşüyə çıxıram. Hər halda yaş öz sözünü deyir. Xatirə ömür mifidir. Xatirə yalnız ömür-yaşam təcrübəsi deyil, həm də könül təcrübəsidir. İllər öncəsi Sarı yalda bir cığır qoyub getmişdim - onu xatırladım.

O cığırın ki, yayda Babəkardan, Kəkildən əsən sübh yelləri qurumuş otlarına, yovşanına sığal çəkirdi. Yovşanının dibində dovşan balalayırdı. O cığırı ki, dəli şimşək qırmanclayanda qızıl ilan kimi qıvrılırdı.

Cığır nə gəzir? Təpələri, çölləri əkin yeri eləyiblər. Yalquzaq cığırı, çoban cığırı kotan ağzında tikə-tikə, dilim-dilim doğranıb.

Kəndin bağrında yüzilin həsrətliləri kimi bir-birinə sarmaşan, bir-birilə qol-boyun olan, adamı yolda qoymayan cığırlar vardı. Ovcumuzdakı tale xətləri kimi zolaq-zolaq, naxış-naxış... Qoşa cığırlar, tək cığırlar... Bu cığırlar ilk görüşlərin, sevgi söhbətlərinin şahidi olub! Boş qeybətlər, qara yalanlar da eşidib... Oğru cığırlarını yada salmasaq, yaxşıdır. Ustad aşıq Cəlal Qəhrəmanov demişkən:

Var oğru cığırı, əyri cığırı,
Cığır demək olmaz hər cığırlara.


Qonşu cığırları necə məhrəm və mehriban idi: "Ev arası o cığırlar, o izlər" (H.Arif). Qonşunun qonşuluğu da cığırdan bilinirdi. Daş hasarlar, qara çəpərlər üzündən o cığırları ot basdı, gediş-gəliş tamam kəsildi...

Qız-gəlinləri ata evlərinə bağlayan cığırların bir ayrı büsatı vardı. Qırx günün təzə gəlini atası evinə gedəndə bir cığırla, geri, başqa cığırla qayıdırdı.

Hər kəs bilir ki, qəbristanlığa gedən cığırın zəhmi nə qədər ağır olur, adamın içinə soyuq qaramat dolurdu. Qəbirlər köhnəldikcə cığırlar da köhnəlirdi və unudulurdu. Yalnız təzə qəbrə təzə cığır düşürdü...

Ayişə (Aşa) arvadın bir ağır qarğışı vardı: "Cığırın tozdansın". İndi də bu qarğışın vahiməsi məni basır...

Təxminən 2 ilin söhbəti olar. Şair qardaşım Xaqani Qayıblının ata yurdunda - Qaraçöpdə qonaq idim. Bir gün Xaqani məni Töyrə tərəsindəki "Hacı Əfəndinin daşı" deyilən ziyarətgaha götürdü. Hacı Əfəndi deyilən mübarək insan Hacı Mahmud Əfəndinin sınanmış müridlərindən olub. İncə dərəsindən qayıdanda burda rəhmətə gedib.

Ziyarətgahdan üzü Ceyrançölə, Saç dağına, Poylu körpüsünə, ordandan İncə dərəsinə bir cığır uzanırdı. Xaqani dedi ki, bu cığırla Qaraçör möminləri gedib gəlirdilər. Xaqani bir də onu dedi ki, indi gördüyün bu cığır iki qutsal mübarək məkanı - Hacı Mahmud Əfəndinin Göy türbəsini və Hacı Əfəndinin daşını birləşdirir. Çox mübarək bir cığırdır...

O vaxtdan "cığır" sözü mənim üçün inanc mənalı söz oldu.

Mikayıl Müşfiqin babası aşıq Əliqulunun bircə misrada üç sözü (təriqət-yol-cığır) sinonim kimi işlətməsi bəlkə inancın şüuraltı təzahürü idi? Ona görə də misradakı "təriqət cığırı" ifadəsi mənə bu qədər maraqlı göründü:

Təriqət cığırı kəsmə yoldu da,
Daş-kəsəkdi, tikan dolu koldu da...


Desəm ki, Azərbaycan poeziyasında cığırları ən çox xalq şairi Hüseyn Arif vəsf edib, yəqin yanılmaram. Şeirlərindən cığır obrazı ilə bağlı neçə misranı xatırlaya bilərəm. Məsələn:

Ətrafı çən tutub duman kəssə də,
Bələdçi cığırlar aparar bizi.


"Cığır" Hüseyn Arifin ekopoetikasında yalnız sevdiyi landşaft-peyzaj detalı deyil, həm də yaddaşının və ruhunun ən ülvi və unudulmaz obrazlarından biri idi. Bir şeirində isə cığırın "portreti"ni çəkib:

Axşam üstü çəkiləndə əl-ayaq,
Yorğun düşüb səssiz yatar cığırlar.
Qoyun-quzu mələşəndə obaşdan,
Yuxusuna haram qatar cığırlar.


Qarayazıda "cüyürün nəfəsindən isinən" (H.Arif), meşəbəyinin atının nalından hürkən utancaq cığırı heç unutmadım! Həmən cığırla cüyürlər Kürə su içməyə gəlirdilər.

Kürün üzərində göy üzü nədənsə həmişə böyüyürdü...

...Babam Çolaq Həmidin (rus-alman davasında ayağının birini itirmişdi) iki cığırı vardı. Yaz yağışının nəmləndirdiyi, payız qırovunun naxışladığı cığırlarda çəliyinin qoşa və tək çarığının izi düşürdü...

Bir cığır qara mal damının dalından, haçaqol tutun yanından və ot tayasının böyründən başlayırdı. Salatın arvadın qapısından, Kəmən müəllimin həyətindən keçib kəndin orta yoluna çıxırdı. O biri cığır isə Aşırgilin çəpəri ilə Köçünün çəpərinin arasından keçirdi. İki çəpərin sıxışdırdığı cığırla keçəndə kişi çox əziyyət çəkirdi. Çəliklər bir-birinə dolaşdıqca yolu daraldanların qarasınca söyürdü. Amma inadından və adətindən əl çəkmirdi. Çəpər yiyələri yolu tamam bağlamaq istəyirdilər, amma kişinin qorxusundan cığırı saxlamışdılar...

Bir gün atam dedi:

- A kişi, gen, rahat yolu qoyub özünə niyə zülm edirsən?

Babam ona cavab verdi ki, atam Alı kişidən qalan cığırdı...

Qoca və mən

II kursda universitet yoldaşım Marat Qorivodskinin (Vilnüs yəhudisi idi) nəsr sevdasına uyub mən də yazmaq istəyirdim.

Yataqxananın 1-ci mərtəbəsində qalan, bizimlə tay-tuş kimi oturub-duran müəllimin (Berlində Kleysidən, ya da Qofmandan təzəcə dissertasiya müdafiə edib gəlmişdi) yanına getdik. O, bizim mənasız sicilləmələrimizə qulaq asıb, cızmaqaralarımıza baxıb: «gedin Hemi (yəni Heminqueyi) oxuyun» - dedi.

Nədənsə, A.Çexovu, M.Zoşşenkonu deyil, məhz Ernest Heminqueyi məsləhət bildi. Şəhadət barmağı ilə eynəyini düzəldib: «Yazanda ayaqüstə yazan, pozanda isə uzanıb pozun» - dedi və əlavə etdi. «Starina Xem» (Qoca Hem) tak qovoril».

Onda Heminqueyin Paris kafelərində ayaqüstə durub necə yazdığını təsəvvür etməyə çalışdım.

17 yaşında evdən çıxır, Avropaya gedir, İspaniyada vətəndaş müharibəsinin qaynar yerinə düşür. O, gördüklərini, eşitdiklərini danışmaq, yazmaq istəyirdi. Evdən çıxanda bir cümlə yazmamışdı, amma özünü yazıçı kimi hiss edirdi.

Ədəbiyyatda ən vacibi özünü yazıçı kimi hiss etməkdir.

Heminqueyi oxuduqca onun obrazları yaddaşıma yapışırdı. İnsanda bədii obrazlara münasibət dəyişə bilər, ancaq sevdiyin və bəyəndiyin frazalar, deyimlər ömürlük səninlədir. «Fiesta»da, «Əlvida, silah»da ilk hekayələrində elə frazalar var ki, bu gün də yadımdadır. Hələ «Frensis Makoberin uzun sürməyən xoşbəxtliyi», «Hindu qəsəbəsi», «Kilimancaro qarları» və başqa hekayə şedevrlərini demirəm.

Bu yaxınlarda «Əlvida, silah» romanını yenidən oxumağa girişdim. Məni romanda İspaniyada vətəndaş müharibəsinin təsviri maraqlandırmırdı. Mən Qocanın tələbə vaxtı yaddaşımda ilişib qalmış frazalarını, həmin tanış intonasiyanı, ritmi axtarırdım. Bir-iki səhifədən sonra kitabı kənara atdım. Oxuya bilmədim. Bəlkə zövqüm dəyişmişdi, bəlkə tərcümədən idi? Yalnız romandakı XVII əsr ingilis şairi C.Donndan bir epiqrafı bir də oxudum. «Hər insanın ölümü mənim ömrümü gödəldir, çünki mən bəşəriyyətin ayrılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən, sənsən dünyadan köçən».

Qocanın teleqraf üslubu, qısa cümlələrlə qurulmuş «qeyri-ciddi» dialoqları məni çəkirdi. Dostoyevskinin uzun monoloqlarından, çoxsəsli dialoqlarından sonra Heminqueyi oxumaq ayrı bir ləzzət idi. Çox sevdiyim hekayələrindən bir dialoqu xatırladım:

«- Bu gün Ay çıxacaq, - Nik dedi. O, buxtanın arasındakı təpələrə baxdı. O bilirdi ki, Ay təpələrin dalından qalxır.

- Hə, mən bilirəm, - Macori xoşbəxt səslə dedi:

- Sən hər şeyi bilirsən, - Nik dedi.

- Boş ver, Nik. Rica edirəm, belə olma.

- Mən nə edə bilərəm ki? - Nik dedi.

- Sən hər şeyi bilirsən. Tamam hər şeyi. Elə bəla da burasındadır. Sən özün gözəl bilirsən…

Macori cavab vermədi.

- Mən sənə hər şeyi öyrətdim. Sən ki hər şeyi bilirsən. Hə, məsələn, sən nəyi bilmirsən?

- Əl çək, - dedi Macori. - Bax, Ay çıxır.

Onlar bir-birinə toxunmadan yorğan üstündə oturmuşdular və Ayın necə qalxmasına baxırdılar» («Nəsə bitdi»).

Başqa hekayəsindən bir parçanı misal gətirmək istəyirəm:

«- Sənin sağlığına, - dedi Bret. Mən stəkanı başıma çəkdim və yenə süzdüm. Bret dirsəyimə toxundu.

- Çox içmə, Ceyk, - dedi. - Mənasız şeyə görə dəyməz.

- Sən hardan bilirsən?

- Lazım deyil, - dedi. - Hər şey yaxşı olacaq.

- Mən elə də çox içmirəm, - dedim. -

Mən sadəcə şərab içirəm.

Mən şərab içməyi sevirəm…»

İlahi, bu qədər canlı, inandırıcı və poetik yazmaq olarmış? Bu dialoqlarda həyat «fışqırır».

Mən Qocadan «personajları üçüncü şəxsdə danışdırmağı» öyrənmək istəyirdim.. «Mən» adından yazmağa nə var ki? Heminquey «onlar»ın adlarını necə tapırdı? - Nik Adams, Ceykob Barns, polkovnik Kentvell, yazıçı Harri… - hamısı inandırıcı və gerçək gəlirdi!

Mən də üçüncü şəxsin dilində yazmalıydım. Personajlarımın adını mütləq uydurmalıydım.

Qəhrəmanların ünsiyyətində, dialoqlarında mənasız, boş nəsihəblər, sərsəm fəlsəfəçilik yox idi. Onlar öz həyatını yaşayır, ürəkləri nə istəyir, onu da edirlər. Onların əməlinə, hərəkətinə oxucu nə deyəcək -qətiyyən ilgiləndirmir.

Düşünürəm ki, indi bizə belə yazıçı daha çox lazımdır…

Qoca Hemin «Atalar və oğullar» adlı balaca hekayəsi (İ.Turgenevin romanının adı kimi) var. Atalar-oğullar problemini Heminquey özünəxas şəkildə izah edir. Hekayənin qəhrəmanının atasının qoxusu xoşuna gəlmir. «Nik atasını sevirdi, ancaq onun iyisini götürmürdü və bir dəfə atasının alt paltarını ona geyindirdilər, gödəlmişdi və atasının əyninə gəlmirdi. Nik elə iyrəndi ki, alt paltarını aparıb çayda iki daşın altında gizlətdi və dedi ki, onu itirib… Sonra qaranlıq düşən kimi hindu qəsəbəsinə qayıtdı ki, bu iydən qurtulsun».

Bax beləcə sadə və aydın! Didaktik-etik, uzun-uzadı fəlsəfi sərsəmləmələr yox!

«Əlvida, silah»da bu sözləri də tez-tez xatırlamalı oluram: «Dünya hər kəsi sındırır və bir çoxları sınanda bərkiyirlər. Kimi öldürə bilmirsə, öldürür - ağına-bozuna baxmadan, güclüləri də, yoxsulları da və zəifləri də öldürür. Sən onlardan biri olmasan, səni də öldürəcəklər».

İntihar etməsəydi belə, Heminqueyin özünü də bu dünya öldürəcəkdi.

Bu günlərdə «JZL» seriyasından Heminqueyin tərcümeyi-halını bir də oxudum. Hövsələm çatmadı, kitabın sonunu vərəqlədim. «2 iyulun səhəri Heminquey həmişəki kimi tezdən qalxdı. Meri hələ yatırdı… Ernest silah saxlanılan otağa keçdi, ən sevimli silahlarından birini götürdü, güllələri qoydu, lüləsini ağzına dirədi və tətiyi çəkdi».

Təsadüfə baxın: Həmin 2 iyulda mən dünyaya gəlmişdim…


Baxış sayı - 552 | Yüklənmə tarixi: 09.07.2022 18:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031