Özünü özündən qorumaq olmur - Yeni İmza

MANERA.AZ "Yeni İmza" layihəsində gənc şair Fatehin şeirlərini təqdim edir:
***
Yaman təlaşlısan, hiss olunur bu –
Bayırda uçuşan kəpənək təki.
Birtəhər yaşayıb ömür sürürəm,
Axtarıb tapammır ölüm hələ ki.
Mən də bu dünyanın bircə dərdiyəm,
Üstəgəl, xatirəm pozulub yenə.
Sənin həyatının ən şirin anı
Dərd kimi alnıma yazılıb yenə.
Bəlkə, ahıl kimi görünməz daha,
Yəqin, bu ağaclar qocala bilmir.
Nə yaxşı, qanadı olmayan adam
Özündən yüksəyə ucala bilmir...
***
Bir ümid cücərib içimdə bu gün,
Bir ağac əkmisən, meyvəsi də biz.
Dünyanı tərsinə çevirdim bu gün,
Çevirdim, alındı bizim küçəmiz.
Sığmağa yerim yox, gizlət içində,
Bu gecə tapmasın qoy heç kim məni.
Axtarıb tapmasan, küçəmizə gəl,
Yəqin, tanıyırsan bizim küçəni.
Dostlar da şütüyür maşınsayağı,
Qoy ömrün yolundan geri qalmasın.
Hamının öləndə nəfəsini kəs,
İlahi, qoy heç kim diri qalmasın.
Bir gün başdaşından şəklim asılar,
Susacaq içimdə ağlayan kəniz.
Dünyanı tərsinə çevirdim bu gün,
Çevirdim, alındı bizim küçəmiz...
***
Mənim kədərimi ikiyə bölmə.
Onsuz da gücüm yox dərd azaltmağa.
Adıyla böyüsün dedilər əvvəl,
Sonra düşürtdülər ad ucaltmağa.
Mən uşaq cildində qalaydım gərək,
Susub oynayardım oyuncaqlarla.
Gizlənpaç oynamaq nəyimə lazım
Yurdu bilinməyən yad qucaqlarda?
Yaxşı ki, şad gündə yoxsan yanımda,
Yaxşı ki, uzaqsan bu günümə sən.
Özümü göylərə bağışladım ki,
Mənim təkliyimi görə biləsən...
***
Fikrim uzaqlara gedir arabir,
Dönüb qayıdanda tanımaq olmur.
Nədəndi, görəsən, şair olanda
Heç kimin işinə yaramaq olmur?
Darıxmaq evimi yıxacaq sonda,
Bu qoca dünyada yer olmaz mənə.
Bu yanda evimi yıxan İlahi,
Yəqin, o tərəfdə toxunmaz mənə.
Sənin nə yaşın var, nə dərdin ola,
Mənimlə deyinən anam, bilirəm.
Sənin böyütdüyün oğul önündə
Dinməyə üzüm yox, lalam, bilirəm.
Sadəcə, mən bir az qərib adamam,
Bəlkə də, sevməyə yoxdu ürəyim.
Bəlkə də, ən adi bir hadisədi
Bu qoca dünyada qəribsəməyim...
Fikrim uzaqlara gedir arabir,
Dönüb qayıdanda tanımaq olmur.
Ən böyük düşmən də sənin özünsən,
Özünü özündən qorumaq olmur...
***
Bu küçə nə yaman uzanır belə,
Bizim küçəmizə bənzəmir nəsə.
Hər gün bu küçədən çörək alıram,
Yıxılıb uyuyan xatirələri
yığıb aparmaqçün xərək alıram.
Fikirli-fikirli keçib bu yoldan
Hansısa uzağa gedirəm hər dəm.
Bizim küçəmizdən, bəlkə, nə vaxtsa
Fikirli-fikirli yüyürüb Adəm...
Körpə uşaq kimi bağrına basır,
Küsməyi bacarmır bir insan kimi.
Heç kimə dil açıb danışammıram
Buludtək boşalıb-dolan fikrimi.
Görən, nə deyim ki, toxunmasın qoy,
Görən, nə danışım mən yazıq indi?
Ya da ki susuram ən yaxşısı mən,
Susub dayanıram, Allah kərimdi...
***
Bilirəm, sən mənim olmayacaqsan,
Anlamaq çətindi, ağıla düşmür.
Bizim bağımızdan gizlincə dərib
Yediyin almalar nağıla düşmür.
İndi sən bir daha görünməz oldun,
Daha SƏN bənizli adamım yoxdu.
Kimdənsə kirayə olan ömrümün
yolunda SƏN izli yalanım yoxdu.
Buludun süzdüyü yağış da olma,
Külək də hörməsin saçını daha.
Nə mələk, nə şeytan olum dünyada,
Bir ümid yeri də saxla sabaha...
"Ulduz". Mart /2022