manera.az
manera.az

İsmixanı belə gördüm.. - Sərraf Şiruyə yazır

📅 21.10.2018 19:45

İsmixanı belə gördüm.. - Sərraf Şiruyə yazır
Ötən əsrin 80-ci illərin əvvəlləri idi; Kəlbəcərdə «İstisu» sanatoriyasında dincəlirdim. Günortaya qədər müalicədə olur, günortadan sonra yaxınlıqdakı mərkəzi yeməkxanada göyçəli Aşıq Cahadın xoş söhbətinə, ahəstə oxumasına qulaq asar, ya da Sücaətin bazardan yuxarı kiçik təpənin döşündə olan yeməkxanasında şairlərlə həmsöhbətdə olardım. Hər axşam isə sanatoriyanın mədəniyyət sarayında aşıqlarla, şairlərlə birlikdə konsertdə günümü səmərəli, istirahətimi gözəl keçirərdim.

Adəti üzrə Aşıq Cahad həmişə mərkəzi yeməkxanada olardı. Bir gün getdim aşığı orada görmədim. Geri qayıtmaq istəyirdim ki, çöl qapının ağzında Aşıq Cahadla üz-üzə gəldik. Aşıq Cahad dedi: "elə səni axtarırdım, getdim, otağında yox idin, yaxşı ki, tapışdıq. Haqverdi, İsmixan və Məmməd Aslan Sücaətin yeməkxanasındadırlar. Məni də sənin arxanca göndəriblər. Zar kəndinin Sovet sədri Alməmməd kişi qonaqlıq verir, heyvan kəsiblər». Haqverdi və İsmixanla ilk dəfə orada görüşdüm. Baxmayaraq ki, İsmixanın adını Göyçədə orta məktəbdə 8-ci sinifdə oxuyandan eşitmişdim. Onda təzə-təzə şeirləri dillərə düşür, tanınırdı. Məmməd Aslanla da çoxdan - 70-ci ildən tanış idik. Bərdədə, Bakıda bir süfrə başında çox əyləşib dərdləşmişdik. Sücaətlə də hər ili sanatoriyaya getdikcə günlərlə bir yerdə olardıq, aramızda səmimi, isti münasibətimiz varıydı.

Görüşümüz hamı üçün xoş oldu. Sovet sədri Alməmməd yaxşı ziyafət verdi. Hər birimiz yeri gəldikcə şeir söyləyirdik. Birdən İsmixan üzünü mənə tutub, dedi: – Ayə, ay Şiruyə, o şeir payından mənə niyə göndərmirsən? Məktubların, şeir payın həmişə Aşıq Cahada gəlir, təzə şeirlərini də zurnaçılar deyir. İsmixanın haraya, nəyə işarə vurduğunu anladım. Mahir zurna sənətkarı Zamaxan və Əjdər bir dəfə Göyçədə toyda olarkən İsmixanın «Qalxmışam da, enmişəm də» şeirini mənə gətirdilər ki, bu, oynaq şeirdir; buna bir nəzirə yaz, oxuyanda iki aşıq qoşa oxusunlar. Mən də «Qalxasıyam, enəsiyəm» rədifdə yazdım ki, yəni, "ay ustad, sən o yolları keçmisən, mən hələ cavanam, istəyirəm indi keçəm".

İsmixan
Soruşduğun o dağları,
Qalxmışam da, enmişəm də.
Sərin-sevda bulaqları,
Sormuşam da, əmmişəm də.


Şiruyə
Soruşduğun o dağları,
Qalxasıyam, enəsiyəm.
Şır-şır axan bulaqları,
Sorasıyam, əməsiyəm.


İsmixan
Sinəm üstdə sındı sazım,
Ürəyimdə qaldı sözüm.
Nə odum var, nə də közüm,
Yanmışam da, sönmüşəm də.


Şiruyə
Hələ sazım ötür zildə,
Şeirim, sözüm gəzir dildə.
Vətən deyin qürbət eldə,
Yanasıyam, sönəsiyəm.


İsmixan
İsmixanam, yox taqətim,
Nə canım var, nə cəsətim.
Bəd gətirib məhəbbətim,
Sevmişəm də, dönmüşəm də.


Şiruyə
Şiruyəyəm, düz etibar,
Bağlayıbdı, mənimlə yar.
Nə bilim, bəlkə də, dostlar,
Sevəsiyəm, dönəsiyəm.


Şeirləri elə oradaca ikimiz də səsləndirdik. Sonra da Aşıq Cahad oxudu. Bir neçə şeir də Haqverdi və Məmməd Aslan deyəndən sonra sazın müşayətiylə Sücaət də nisgilli şeirlərindən dedi. Elə burada öyrəndim ki, Məmməd Aslanla Haqverdinin, ümumiyyətlə Aşıq Ələsgər ocağının səmimi, ailəvi dostluqları var. Ziyafət başa yetdi, xoş ovqatla ayrıldıq.
İsmixanı belə gördüm.. - Sərraf Şiruyə yazır
İsmixanla son görüşüm Göyçənin başının üstünü qara buludlar aldığı vaxtlar da - 1988-ci ilin dekabr ayında Goranboy İcra Hakimiyyətinin binasının önündə oldu. Haqverdi, İsmixan və bir neçə adam sığınacaq almaq üçün oraya gəlmişdilər. İsmixan tamam pəjmur haldaydı. Yaranmış vəziyyət onu çox sarsıtmışdı. (Hətta 1988-ci ildən sonra özünə «Didərgin» təxəllüsü götürdü) Haqsızlıq, özbaşınalıq indi onu lap haldan çıxarırdı. Dediyinə görə neçə gün imiş ki, katibin qəbuluna düşə bilmirmiş. Vəziyyətdən mən də təsirləndim. Xeyli söhbət etdik, Göyçənin itkisi ilə heç cür barışa bilmirdi. Elə orada qəlbimdən keçənləri ağ kağıza boşaltdım:

Qəza bəd gələndə, taleh yatanda,
Zəmanə natiqi, lal eyləyərmiş.
İqbal oyananda, bəxt gətirəndə,
Zəhəri döndərib, bal eyləyərmiş.

Kəsərdən düşəndə zalım qələmi,
Korlayar dünyanı, yıxar aləmi.
Nanəciblər, ay əzizim, eləmi?
Min könül sındırıb, qal eyləyərmiş.

Dünya şöhrətinə satılan namərd,
Olmaz Şiruyəyə həmsirdaş, həmdərd.
Qocalıqdan betər yaman fikir, dərd,
Ağardıb saçları, çal eyləyərmiş.


Şeirin bir üzünü İsmixana verib, kövrək hislər ilə bir-birimizdən ayrıldıq. Sonra İsmixanın Daşkəsəndə yaşadığını, oradan mənə ortaq dostlarımızın vasitəsi ilə göndərdiyi "salamlarını" alırdım. Bir az keçəndən sonra- 1994 -cü ilin yayında Göyçə nisgilli, həssas qəlbə malik İsmixan müəllimin məskunlaşdığı Bayan kəndində qəflətən rəhmətə getdiyini eşitdim.

Budur, üzərində İsmixanın ağ saçlı, pəjmur, kədərli şəkli olan kiçik şeir kitabı qarşımdadır. Keçən günləri xatırlayıram…

Sərraf ŞİRUYƏ
"Hər görüş bir xatirədir" kitabından.2007-ci il


Baxış sayı - 3 500 | Yüklənmə tarixi: 21.10.2018 19:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031