manera.az
manera.az

2020/21-ci illərin uşaq nəsri və dramaturgiyası

2020/21-ci illərin uşaq nəsri və dramaturgiyası
İlhamə AĞAZADƏ

2020/21-ci illər xalqımızın həyatında müstəsna əhəmiyyəti ilə yadda qalan bir dövr oldu. Baş verən hadisələrin əhəmiyyəti, ədəbi mühitdəki canlanma dövrün özünəməxsusluğunu səciyyələndirən cəhətlərdəndir.

Uşaq nəsri və dramaturgiyası istiqamətində dövrün ədəbi mənzərəsinin müşahidəsi göstərdi ki, çağdaş uşaq ədəbiyyatının inkişafında xidmətləri olan Zahid Xəlil, Rafiq Yusifoğu, Sevinc Nuruqızı, Solmaz Amanova, Qəşəm Nəcəfzadə, Qəşəm İsabəyli, Reyhan Yusifqızı, Gülzar İbrahimova, Məmməd Namaz, Nurlana İşıq, Vüqar Haqverdiyev və başqaları sənətkar, bir insan kimi cəmiyyətdəki mövqeyini böyük məsuliyyət və bacarıqla bəyan etdilər.

Qeyd etdiyimiz dövrdə müasir zamana uyğun, bədii-estetik cəhətdən ruhu oxşayan nəsr nümunələri meydana gəlmişdi. Uzun zamandır bu sahədə janr baxımından elə də ciddi dəyişiklik nəzərə çarpmır. Çap olunmuş bir neçə roman və pyesi çıxsaq, hekayənin müraciət olunan ədəbi janrlar arasında üstünlüyü aydın görünər. Kəmiyyət baxımından yetərli olan çağdaş hekayə zamanın tələbinə görə uşaq və gəncləri düşündürə, həyəcanlandıra, daxili aləminə, duyğu və düşüncələrinə təsir edə biləcəkmi? Bu suala cavab tapmaq, hesab edirəm ki, ümumilikdə ədəbiyyatın bəzi məsələlərinə diqqəti çəkmək baxımından da maraqlı ola bilər.

Uşağa uşaqlıqdan vətən qarşısındakı məsuliyyətini aşılamaq, təmənnasız bir sevgi yaratmaq vacibdir. Yenə də əsas mövzular içərisində Vətən - Qarabağ - Müharibə başlıca yerdə durur. Müharibənin bütün reallığı və mürəkkəbliyi ilə təqdimatı daha doğru seçimdir. Ayrılıq, ölüm, yarımçıq qalmış arzular, puç olmuş ümidlər müharibənin diktə etdiyi mövzulardır. Erməni vandalizminə qarşı mübarizəni özündə əks etdirən əsərlər yaranmaqda davam edir. Bu qəbildən olan hekayələrin bir qismi valideynlərini itirən körpələrin, yaxud da uşaqlarını itirən valideynlərin acılarını səsləndirir: Sevinc Nuruqızının "Ağca və Cuppulu", "Gəlincik", "Günəş, buludlar və Ağca", Pərvanə Bayramqızının "İnsanlığın hekayəsi", Zahid Xəlilin "Sonuncu güllə", Nurlana İşığın "Ulduzların yanında", Naibə Yusifin "Üşüyürəm, ana", X sinif şagirdi Aysel Vaqifqızının "Son döyüş", Gülzar İbrahimovanın "Evin kişisi", Reyhan Yusifqızının "Qar", Mina Rəşidin "Bura bizim Vətəndi", Çingiz Abdullayevin "Körpə və kürən pişik balası", Zaur Akifoğlunun "Qız və qurd", Eyvaz Zeynalovun "Oğru", Eşqin Məmmədovun "Vətən torpağı", Gülarə Munisin "Nar dənəsi" hekayələrini səciyyələndirən əsas xüsusiyyət onlardakı müasirlik və vətənpərvərlik hissinin zamanın problemlərinin bədii həlli istiqamətində təqdimidir. Bu mövzularda nə qədər çox yazılmasına baxmayaraq, insanlıq duyğusundan məhrum olanların var-dövlət, torpaq davası bitib-tükənmir. Ədəbiyyat təkcə müharibə dövründə deyil, hər zaman uşaqlarda vətənpərvərlik, milli qürur hissini yüksəltməli, psixologiyasına təsir etməlidir.

Bəzi tədqiqatçılar müharibə haqqında yaranmış ədəbiyyatı yetərli hesab etməsələr də, qazanılmış qələbə onu deməyə əsas verir ki, bədii söz bu illər ərzində öz mənəvi tərbiyə missiyasını yerinə yetirməyə çalışmışdır. Azərbaycan əsgəri - mübariz vətən igidi başda olmaqla hər kəsin qələbə naminə Ali Baş Komandanın ətrafında sıx birləşərək, Müqəddəs Vətənin bir parçası olan Qarabağı düşmən tapdağından azad etməsində sözün magik gücünün də rolu az deyildir. Bundan sonra yaranacaq ədəbiyyatda Qarabağ mövzusu, şübhəsiz ki, tariximizə yazılan qara faciə kimi yox, qürurverici məqamlarla təqdim olunacaq, söhbət ağrıdan, kədərdən getsə belə. Necə ki, ötən ildə yaranmış bir sıra əsərlər məhz müqəddəs zəfərimizə - qələbəmizə həsr olundu. Bu mövzunu bədiiləşdirən uşaq əsərlərindən biri də Zahid Xəlilin "Dəmir yumruq dastanı"dır. "Dəmir yumruq" dastan ənənələrinə uyğun olaraq, şeirlə nəsrin növbələşməsi, birləşməsinin bütöv süjetə xidməti ilə diqqəti çəkir. Tarixi zərurətdən yaranmış əsər 44 günlük II Qarabağ savaşı zamanı baş verən mühüm hadisələri çevrələyir.

Düşmənə qarşı birliyimizin simvolu olan "Dəmir yumruq"da xalqın ümumi mübarizəsi, qazanılmış qələbə, bu qələbədə payı olan hər kəs böyük qürur hissi, sevgi ilə dastana dönür. Ali Baş Komandan başda olmaqla, dastanda adıkeçən qəhrəmanların hər biri, hətta 13-14 yaşlılar belə, fərdi məziyyətləri ilə yadda qalır. Ümumilikdə dastanın 21 "boy"undan "Dəmir yumruq"un ətrafına toplaşmış qalib xalq obrazı aydın görünür. Ötən ildə baş vermiş mühüm səciyyəvi hadisələri epik lövhələr, rəngarəng formalarda düzüb-qoşan Qoca Şairin öz obrazı da dastanda yer alır. Ana dilinə sevgi, vətənə məhəbbət bu dastanın əsas ideyasını əhatə edir.

Rafiq Yusifoğlu "Zəfər simvolu", "Zəfər yallısı", "Şuşaya dönən heykəllər" hekayələri ilə yanaşı, 2021-ci ildə dərc etdirdiyi "Xiffət" romanında da şanlı qələbəmizdən danışır. Rafiq Yusifoğlunun roman janrında ilk qələm təcrübəsi olan "Xiffət" humanizm, vətənpərvərlik duyğuları aşılayır. Müəllif ağrılı-əzablı günlər yaşamış bir ailənin bugünü ilə keçmişi arasında əlaqə - xatırlamalar yaratmaqla Qarabağ müharibəsinın epik təsvirini vermişdir. Əsərdə tarixi faktlardan, görkəmli şəxslərin fikir və mülahizələrindən yeri gəldikcə istifadə olunmuşdur. Yazıçı məramını ortaya qoymaqdan ötrü gətirilən sitat və faktların çoxluğu bəzi məqamlarda romanda ağırlıq yaradır, bədiiliyi üstələyir.

Soydaşlarımızın uzun illər öz ata-baba torpaqlarından ayrı düşməsi; heç bir müqəddəs hiss tanımayan ermənilərin törətdiyi vəhşiliklər; viran olmuş Qarabağ; müharibənin acı həqiqətləri, qorxu, ümidsizlik, dəhşət saçan mənzərələrin uşaqların mənəviyyatına, psixologiyasına sarsıdıcı zərbələri, ümumiyyətlə, müharibənin dəhşətli bədii obrazı bundan sonra da ədəbiyyatda görünməli, Vətənin dar günündə heç düşünmədən düşmən üzərinə atılan qəhrəman Azərbaycan əsgərinin yaddaşlarda qalacaq obrazı yaradılmalıdır.

Yazıçılar bəzən müasir həyat hadisələrinə münasibət bildirmək üçün tarixə müraciət etməli olur. İstər duyğu və düşüncələri, istərsə də əməlləri ilə xalqın varlığında önəmli rol oynamış milli xarakterlərin yaradılması vacibdir. S.Nuruqızı "Qılınc həmin qılıncdır" (Ş.İ.Xətai), Lətif Vəlizadə "Həbib" (X.Natəvan), Mirzə Mehdi "Həcər" (Qaçaq Nəbi, Həcər), Solmaz Amanova rus dilində qələmə aldığı "Xarıbülbül" hekayələrində tarixdə mühüm rolu olan simaların həyatının ibrətamiz məqamlarını göstərməyə nail olmuşlar. Xalq qəhrəmanlarının, tarixi şəxsiyyətlərin obrazı kiçik ştrix və ayrı-ayrı epizodlardan istifadə yolu ilə canlandırılmışdır. Bu hekayələrdə tarix müasir həyatı dərk etmənin yolu kimi ortaya çıxır. Hekayələr hadisələri, insanları təsvir üsulu ilə də diqqəti çəkir. Məmməd Namazın ötən il çap olunan "Hamının günəşi", "Bağ" hekayələrində uşaqlara hər zaman böyük qayğı və sevgi ilə yanaşmış ümummilli lider Heydər Əliyevin bədii obrazı canladırılıb. Hər iki hekayə gerçək hadisələrin real təzahürü, fikrin bədii imkanları, təsvir zənginliyi ilə seçilir.

Uşaq ədəbiyyatında bəzən təbiət - vətən eyni məfhumun ifadəsinə xidmət edir. Demək olar ki, bütün yazarlar təbiətdən ilham almış, tükənməz gözəlliyin bəxş elədiyi yeni-yeni ideyalar uşaq hekayələrində vətənə, onun torpağına bəslənən sevgini ifadə etmək məqsədilə əlaqələnir. Zahid Xəlilin "Odunçunun səhvi", "Oxuyan koğuş", "Çəpiş", "Papaq", "Cumbulu", "Balqıçı qayığı" nağılları, Əli Səmədlinin "Çayın gileyi", "Sərçələr qurbağaları öz məskənindən necə qovdular", Bayram Həsənovun "Heyva", Elvira Məmmədovanın "Zibilqabının arzusu", Reyhan Yusifqızının "İki gül", Fuad Tanrılının "Mənimdir" hekayələri orijinallığı ilə seçilir. Hər yazıçının təqdimatında təbiət özünəməxsus görünür. Ölkəmizin coğrafi şəraiti: təbii gözəllikləri, mənzərələri bu hekayələrdə bədii əksini tapmışdır. Yazıçılar təbiətə müraciət etməklə yanaşı, heyvanları, ağacları, bitkiləri müxtəlif çalarlarda təsvir obyektinə çevirmişlər.

Yazılan nümunələrdə müasir həyat mövzusu başlıca yerdədir. Hekayələrin böyük hissəsi müxtəlif xarakterli, dünyagörüşlü uşaqların həyatından, daxili aləmi və düşüncələrindən bəhs edir. Müasir uşağın tərbiyəsi, əxlaqı, mənəviyyatı, onun cəmiyyətlə əlaqələndirilməsi, bu işdə ailənin, valideynlərin rolu kimi məsələlər ön plana çəkilmişdir. Reyhan Yusifqızının "Xoşbəxtlik nədir", "Kompüter oyunu" Əfsanənin "Mənim Robot anam", Rafiq Yusifoğlunun "İlham gələndə əkilən ağac", "Medalyon", "Hasarı qoruyan rəsmlər", Aləmzər Əlizadənin "Ruslan özünü axtarır", "Zeynəbi kiridən don", "Sıfırı tutan oğlan", "Ətirli nöqtələr", "Babanı bənövşələr öldürdülər" hekayələrinin qəhrəmanları gündəlik rastlaşdığımız, şıltaq, dəcəl oğlan və qızlardı. Müəlliflər uşaqların xarakterindəki bəzi oxşar və fərqli cizgiləri, onların həyatında baş vermiş hadisələri ümumiləşdirərək müxtəlif uşaq obrazları yaratmışdır. Hər bir istedadlı yazıçı uşaq aləmini dərindən öyrənmədən onu müəyyən bir məqsədə doğru yönəldə bilməz.

Uşaq hekayə müəllifləri arasında yaşlı və orta nəsillə bərabər, son dövrlərdə ədəbiyyata gələn istedadlı gənclər də az deyil. Nurlana İşıq yeni fikir, fərqli detal və təsvir vasitələri ilə kiçik oxucunun diqqətini cəlb etməyə çalışan yazarlardandır. Müəllifin ötən ildə dərc olunmuş "Şlyapalı dayanacaq", "Turist oğlan", "Bayquş və oğlan", "Aycil və filosof oğlan", "Doymuşam yadımdan çıxıb", "Qaşı göydə gəzən qız!" hekayələri özünəməxsus yazı tərzi, canlı təsvirləri yığcamlıq və konkretliyinə görə seçilir. Yazıçının elmiliklə nağıl ünsürlərini birləşdirən bu hekayələrin həcmcə kiçik olmasına baxmayaraq, mənəvi gücü, əxlaqi dəyəri ifadə baxımından diqqəti cəlb edir. Təhkiyə orijinallığı, kiçik oxucuyla səmimi ünsiyyəti də onun nəsrini fərqləndirir.

Uşaqlar ürəyinə yatan, onları həyəcanlandıran, sevdiyi qəhrəmanlara bənzəməyə çalışır. Əks halda bəsit lövhələr, uzun-uzadı nəsihətçilk işə yaramır. Mövzunun uşaqlar tərəfindən qavranılması da vacib məsələlərdəndir. Bəhs açdığımız dönəmdə ideyaca zəif, sənətkarlıq cəhətdən müasir uşaq ədəbiyyatının tələblərinə cavab verməyən nümunələr də yer almaqdadır. "Nicatın cəsarəti", "Tənbəl qız", "Dəcəl Tərlan səhvini düzəltdi", "Lovğalığın nəticəsi", "Tapşırıq", "Ən güclü kimdir", "Az yemək", "Tikanlı top" belələrindəndir.

Dərc olunan uşaq kitabları ilə yanaşı, kiçik yaşlı oxucularla ən operativ ünsiyyət vasitəsi ədəbi-bədii orqanlar hesab oluna bilər. Azərbaycan uşaq ədəbiyyatının son illərdə canlanmasında qəzet və jurnalların özünəməxsus xidmətləri danılmazdır. Müntəzəm çap olunan "Savalan" qəzeti, "Göy qurşağı" və "Göyərçin" jurnalları uşaq ədəbiyyatının inkişafı və təbliğindəki peşəkarlığı ilə yenə də seçildi. Uşaq Bilik Portalı, "ting.az" məhsuldar fəaliyyət göstərən, yenilənən uşaq saytlarındandır. "Yemlik" uşaq dərgisni son dövrlərdə nəşrə başlayan "Mücrü" əvəzlədi. Pandemiya səbəbindən 25 yaşlı "Tumurcuq" qəzeti çapını müvəqqəti olaraq dayandırdı. Bundan başqa, "Ədəbiyyat qəzeti", "Azərbaycan", "Ulduz" və "Xəzan" jurnalları, "525-ci qəzet", "Kaspi", "Yarpaq.az", "Kulis.az" saytları da uşaq ədəbiyyatının bir sıra məsələlərinə xüsusi diqqət yetirmışdır.

Ötən il Zahid Xəlilin "Yumru yumaq", "Qış nağılı", Anarın "Muradın nağılları", Reyhan Yusifqızının "Uzaq planetin sirri", Sevinc Nuruqızının "Melissa", Solmaz Amanovanın "Gözün Ayda olsun", "Şuşanın sehrli açarları", Naibə Yusifin "Zərbə", Ələmdar Quluzadənin "Qadan mənə, Qarabağ", Qəşəm İsabəylinin "Leyləyin intiqamı", Əziz Sultanın "Əjdahaların hücumu"(fantastik), Elxan Yurdoğlunun (Məmmədov) "On yeddi göyərçin", Elçin Hüseynbəylinin "Dənizin nağılları", Çinarə Köçərlinin "44 gün Qarabağda", "Peyğəmbərlər", "Şuşa" adlı nağıl kitabları çap olunub.

Uşaq dramaturgiyası istiqamətində nəsrdə gördüyümüz canlanmadan əsər-əlamət belə yoxdur. Bunun bir səbəbi uşaq pyeslərinə çox az hallarda müraciət olunmasıdırsa, digər mühüm məsələ pandemiya səbəbindən bütün teatrların bağlanmasını göstərmək olar. Son iki ildə demək olar ki, uşaq pyesinə müraciət olunmayıb, Gülzar İbrahimovanın "Vəfalı dostlarla sehrli cinin nağılı" səkkizpərdəli pyesi çıxmaq şərtilə portalda yerləşdirilib. Dostluq, birlik təbliğ olunan pyesdə yarı real, yarı fantastik macəralar uşaqlar tərəfindən sevinclə qarşılanır. Müəllif tarixi hadisələri nağılvari dillə çatdırır, hadisələrin mahiyyəti də bu zaman fərqli şəkildə yenilənir, bir növ müasir dövrə uyğunlaşır. Bu günlərdə Vüqar Haqverdiyevin kiçik uşaqlar üçün nəzərdə tutulan "Qarınqulu ayı balası" tamaşasının premyerası Bakı Uşaq və Gənclər Teatrında İntiqam Soltanın quruluşunda təqdim olunmuşdur. Bundan başqa, Vüqar Haqverdiyevin "Döyüşçünün zirehli hərbi geyimi" adlı nağıl kitabı Mədəniyyət Nazirliyinin 2022-ci ildə müsabiqə əsasında nəşr olunacaq kitablar siyahısına salınması və "Sehrli planşet" cizgi filmi ssenarisinə müəlliflik şəhadətnaməsi alması yazarın uğuru hesab olunmaqla yanaşı, uşaq filmi və dramaturgiyasında gözlədiyimiz durğunluğu dəyişə bilər.

Son olaraq demək olar ki, bəhs etdiyimiz zaman ərzində qəzet-jurnallarda, dərc olunmuş müxtəlif kitablarda, dərslik və dərs vəsaitlərində, internet resurslarında ideya-bədii xüsusiyyətlərin rəngarəngliyi ilə seçilən, kiçiklərin mənəvi dünyasına, əxlaqi tərbiyəsinə, vətənpərvər kimi formalaşmasına təsir edəcək keyfiyyətlərlə zəngin nümunələr var. Dram janrında gözlədiyimiz nəticə olmasa belə, uşaq ədəbiyyatı öz inkişafını davam etdirir.

"Ədəbiyyat qəzeti"Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031