manera.az
manera.az

Həsrətə son qoyan ölüm - Hekayə

Həsrətə son qoyan ölüm - Hekayə
Rahil MƏMMƏD

Kəndimiz ermənilərin əlinə keçəndə mən anamın qucağında bir aylıq körpə olmuşam. Təbii ki, bir aylıq körpənin yaddaşında doğulduğu yer-yurd, el-elat haqda bir şey qalmazdı. Amma mənə elə gəlir ki, kəndimizi, onun axar-baxarlı yerində yerləşən ikimərtəbəli evimizi görmüş, lap elə oralarda yaşamışam da. Səbəbini bilmək istəyirsinizsə, deyim. İş burasındadır ki, ağlım kəsəndən bəri atama, anama, ən çoxu da İbrahim babama verdiyim sualların cavablarından öyrənmişəm bunları.

Atamdan söz qoparmaq çox çətindir. Danışmağı sevmir. Elə hey buludlu payız səması kimi qaş-qabağını töküb susur. Gözlərinin dərinliyində nisgilli bir həsrət həmişəlik yurd salıb. Odur ki, Qarabağ haqda ondan çox az şey öyrənmişəm. Anam isə indi məskunlaşdığımız kənddə riyaziyyat müəllimi işləyir. O nağıl edir ki, kəndimizin başının üstünü erməni təhlükəsi almazdan əvvəl atam könüllülərdən təşkil olunmuş müdafiə batalyonlarından birində xidmət edirmiş.

Silah-sursat çatmırmış. Buna baxmayaraq, erməniləri nəinki irəliləməyə qoymur, tədricən sıxışdırıb torpaqlarımızdan çıxarırmışlar. Sonradan nədənsə könüllülərdən ibarət batalyonlar ləğv olunur. Ermənilər bu fürsətdən məharətlə istifadə edirlər. Bir-birinin ardınca kəndlərimiz, şəhərlərimiz işğal olunur. Çox çəkmədən bizim kəndimizin də başının üstündə qara buludlar dolaşmağa başlayır. Döyüşlərin birində atam da sinəsindən yaralanır. Güllə onun sinəsinin sol tərəfini dəlib, qolunun altından çıxıbmış. Onu təcili Bakıya çatdırmasaymışlar, yəqin ki, indi həyatda olmazdı.

Atam xəstəxanadan çıxıb evimizə qayıdandan sonra cəmi üç gün evimizdə yaşamışıq. Sonra qaçqın həyatımız başlayıb.

İbrahim babam deyir ki, Allah baisin evini yıxsın. Dədə-baba torpaqlarımızda, isti ocağımızda rahat yaşayırdıq. Süfrəmizin başında əyləşdirdiyimiz, dost bilib əzizlədiyimiz bizə düşmən kəsildi, özümüzə qənim çıxdı. Deyir, ay bala, erməni bu qələti edə bilməzdi. Onu da qızışdırıb üstümüzə qısqıranlar oldu. Allah onlara lənət eləsin. Erməni kim idi ki, gəlib torpaqlarımızın üstündə otursun, özümüzə də meydan oxusun? Bu yandan da bilmirəm, nə oldu, Elə bil, qolumuzu-qanadımızı bağladılar, batalyonları ləğv etdilər.

Axı biz erməninin öhdəsindən gələ bilirdik, niyə belə oldu? Kişi hakimiyyətə gələndə bütün ümidimizi bağladıq ona. Nə biləydik ki, iş bu qədər uzanacaq. Allahdan bircə istəyim var, tezliklə torpaqlarımızı qaytaraq. Əzizlərimizin, doğmalarımızın qəbirlərini ziyarət edək. O günü görsəm, elə bilərəm ki, dünyada bütün arzu-kamıma çatmışam. Allahıma yalvarıram ki, o günü görməyincə mənim canımı almasın.

İbrahim babam danışır ki, neçə gün idi, kənddə şayiələr dolaşırdı. Deyirdilər, bizimkilər erməninin qabağını ala bilmirlər. Kənd köçməlidir. Amma camaat bu fikri qəbul edə bilmirdi. Deyirdilər, yuxarılardan göstəriş gəlib. Xocalı hadisəsi təkrar olunmasın deyə, nə qədər ki, gec döyül... Hətta tək-tük adam vardı ki, ağzını axşama salıb arvad-uşağını, olan-olmazını kənddən çıxarmışdı.

Kəndimizdən çıxdıqları o uğursuz gün babam səhər tezdən kəhərini minib həqiqəti öyrənmək üçün dağa qalxır. Günortaya yaxın geri qayıdıb, oğul-uşağa göstəriş verir ki, təcili köçməyə hazırlaşsınlar. Nənəm deyir, nə danışırsan, a kişi, mal-qara örüşdə. Ev-eşiyimizi qoyub hara gedirik?! Babam deyir, arvad, söz güləşdirmək vaxtı döyül. Erməni hər saat burda ola bilər. Ən vacib olanları götürün. Siz yır-yığış edin. Mən qaçım maşın dalınca. Bir də tapşırır ki, qonşuluqda yaşayan kimsəsiz Məsmə arvada da xəbər eləyin, o da hazırlaşsın bizimlə getməyə.

Babam bir saatdan sonra iki maşınla geri qayıdır. Birini özünün və oğlunun, o birini də qızlarının ailələrinə. Yorğan-döşəklərini, geyim paltarlarını, qır-qızıllarını, bir də toyuq-cücələrini yük maşınlarına doldurub kənddən çıxırlar. Ancaq Məsmə arvada nə qədər dil töküb yalvarırlarsa, onu getməyə razı sala bilmirlər: “Bu yaşımda gedib kimə yük olajam? Ölsəm də, öz komamda ölüm”, - deyir.

Yol boyu kəndi piyada tərk edən adamlara da rast gəldikcə onları da maşına götürürlər. Təxminən bir saat yol gedəndən sonra bibimin əri xəbər tutur ki, oğlanları Allahverdi maşında yoxdur. Onda Allahverdinin cəmi on yaşı varmış. Uşaq maşından hara yoxa çıxmışdı? Bəlkə, maşından yıxılmışdı?

Heç kəs bilmirdi. Bibim şivən qoparır. Əri Yunis maşından düşüb kəndə tərəf qayıdır ki, uşağı tapsın. Yola baxa-baxa kəndin kənarına qədər gedir. Allahverdini heç yerdə tapa bilmir. Ermənilər artıq kəndə girib talançılıqla məşğul olduqlarından evlərini yoxlaya bilmir. Əli hər yerdən üzülən Yunis əmim kor-peşman min bir əziyyətlə geri qayıdır. Babam deyir ki, uşaq bir həftədən sonra sağ-salamat gəlib qonşu rayona çatıb. Bu bir həftədə o nə yeyib, nə içib, haralarda gecələyib, bunu bir Allah bilir.

Sən demə, köç maşınları kənddən xeyli uzaqlaşdıqdan sonra Allahverdinin yadına düşür ki, çox sevdiyi vəfalı iti yaddan çıxıb zəncirdə qalıb. Fikirləşir ki, heç kəs bundan sarı geri qayıtmayacaq, heç onun da qayıtmasına icazə verməyəcəklər. Odur ki, maşının sürəti yavaşıyanda hamının gözünü oğurlayıb, kuzovun arxa tərəfindən yerə tullanır və yolun kənarındakı kolluqda gizlənir. Köç maşınlarının uzaqlaşdığına əmin olduqdan sonra kolluqdan çıxıb, kəndə tərəf yol alır.

Məndən on yaş böyük olan Allahverdinin özü bir dəfə bu əhvalatı mənə belə nağıl etdi. Köçümüzü aparan maşınların səsi uzaqlaşıb eşidilməz olduqdan sonra gizləndiyim kolluqdan çıxıb kəndimizə tərəf qaçdım. Az qala nəfəsim kəsilənədək qaçır, aradabir dayanıb nəfəsimi dərir, yenidən yoluma davam edirdim. Kəndin kənarına çatanda çığır-bağır və güllə səslərindən başa düşdüm ki, ermənilər artıq kəndə giriblər. Yol ilə hərəkət etmək təhlükəli idi.

Odur ki, çəpərlərdən aşıb, bu bağçadan o bağçaya atıla-atıla həyətimizə çatdım. Həyətimiz hələ boş idi. Əyilə-əyilə it damına yaxınlaşdım. Sanki hər şeyi başa düşən köpək əlimi-ayağımı yalayır, elə bil, məni də apar deyə yalvarır, yalmanırdı. Onu açıb buraxmaq istədim. Amma kənddən necə çıxacaqdıq. Küçəyə çıxmaq olmazdı. Ancaq axşama kimi gözləyib qaranlıqda kəndi tərk etmək olardı.

Ermənilərin bu tezlikdə kəndə girəcəkləri ağlıma gəlməmişdi. Düşündüm ki, iti də zəncirdən elə gecə açaram. İtlə olsam, yolda vəhşi heyvanlardan da qorxmazdım. Deyir, sən saydığını say, gör fələk nə sayır. Mən bu fikirdə ikən yaxınlaşmaqda olan maşın səsi eşitdim. Səsindən bizim doqqaza tərəf gəldiyini təyin etdim. Maşın, doğrudan da, darvazamıza çatıb dayandı. Ürəyim elə döyünürdü ki! Maşından düşən adamlar əvvəlcə dəmir darvazanın o üzündə yad dildə donquldandılar. Sonra dəmir darvazaya, yəqin ki, ling salıb qıfılı qırdılar. Beynim ildırım sürəti ilə işləyirdi. Həyətə girənlər məni görə bilərdilər. Cəld özümü balaca it damına saldım.

İt çağırılmamış qonaqlara tərəf dartınıb mırıldandı. Mən onun zəncirini çəkib sakitləşdirmək istədim. Amma yox! Gələnlərdən birinin əlində avtomat silah vardı. O, itə atəş aça bilərdi. Onda güllələrdən biri, ya da nə fərqi var, bir neçəsi mənə dəyə bilərdi. Gələnlərin diqqətinin evimizin qapısına yönəlməsindən istifadə edib, itin xaltasını bir əlimlə başından açdım. İt yerindən sıçrayıb qəzəblə çağırılmamış ikiayaqlı köpəklərdən birinin - əlisilahlı erməninin üstünə atıldı. Silahsız erməni qaçıb özünü evin pilləkənlərinə yetirdi və eyvana çıxdı.

Silahlı isə itin gözlənilməz hücumundan özünü necə itirmişdisə, atəş açmağa belə macal tapmadı. İt onu yerə yıxıb əllərini, sir-sifətini gəmirməyə başladı. Hay-küyə üçüncü erməni darvazadan özünü içəri atdı. Vəziyyəti görüb əlindəki lingi itə tərəf qolaylamaq istədi, amma nə fikirləşdisə atmadı. Yəqin, dəmir parçasının itin pəncəsi altında bağıran erməniyə dəyəcəyindən, həm də lingi atsa, sonra əliboş özünü itdən müdafiə edə bilməyəcəyindən qorxdu. İt də ondan qorxub, yerə yıxdığı adamdan ayrıldı və evin arxasına tərəf qaçdı. Bir göz qırpımında bağdakı ağacların arasında gözdən itdi.

Gördüklərim o qədər gözlənilməz və heyranedici idi ki! İtin sağ-salamat qaçıb getməsinə görə sevincdən səssizcə ağlayırdım. Bir iş də var idi ki, mənim arxalandığım, məni buradan salamat çıxaracağına ümid bəslədiyim vəfalı itim qaçıb getmiş, mən bu vəhşi ikiayaqlıların əhatəsində köməksiz qalmışdım.

Ermənilər yerdə zarıyan yoldaşlarını ayağa qaldırıb eyvana çıxartdılar. Qapını sındırıb evə daxil oldular.

Otaqlarda bir xeyli eşələndikdən sonra həyətə düşdülər. İndi hər dəqiqə mənə bir il qədər uzun görünürdü. Bayaq itimiz qapan erməninin əlləri və üzü mələfə parçası ilə sarınmışdı, özü də bərk axsayırdı. Onlar evimizdən qarət etdikləri əşyaları maşının küzovuna yığıb Məsmə arvadın həyətinə girdilər. Bir azdan Məsmə arvadın tükürpədici qışqırığından, nifrinlərindən tüklərim biz-biz oldu. Özümü saxlaya bilməyib, sürünə-sürünə it damından çıxdım.

Taxta hasarın dəliyindən nə baş verdiyini öyrənmək üçün qonşu həyəti müşadidə etməyə başladım. O anlarda gördüklərimi ömrüm boyu unutmayacağam. Ermənilərin köməksiz qarıya etdiklərini danışmağa da xəcalət çəkirəm. Bütün bunları insan övladlarının etdiyinə də inanmaq çətindir. Onun paltarlarını cırıb əynindən çıxarmışdılar. Ona xeyli işgəncə verib əyləndikdən və murdar hərəkətlərdən sonra işıq dirəyinə bağlayıb güllələdilər. Bu azmış kimi üstünə benzin töküb yandırdılar. Yanmış insan ətindən yayılan qoxu indi də burnumdan getməyib.
Növbə İbrahim babamgilin evinin idi...

Ermənilər cəhənnəm olub gedəndə hava qaralmağa başlamışdı. Gecə insan övladının qeyri-insani cinayətlərinin üstünə örtüyünü çəkdikcə mənim də ürəyimə qorxu hissi çökürdü. Mən tək-tənha bu Cəhənnəmdən necə xilas olacaq, doğmalarıma necə qovuşacaqdım?! Maşından düşüb qaçmağımla nə boyda səhv etdiyimi indi-indi dərk etməyə başlayırdım.

Gəldiyim kimi sürünə-sürünə, çəpərlərdən atıla-atıla kənddən çıxdım. Yola çıxmaq qorxulu idi. Amma bir az kənardan yolu istiqamət götürüb getməli idim. İkiayaqlı yırtıcıların əlindən hələlik salamat qurtarmışdım. Görəsən, dördayaqlı yırtıcıların ağzından da salamat qurtara biləcəkdimmi? Hər şıqqıltıya, hənirə diqqət kəsilir, ehtiyatla hərəkət edirdim. “Kaş indi vəfalı itim yanımda olaydı”, deyə düşünür, ağlamamaq üçün özümü güclə saxlayırdım. Çünki uşaq olsaydım da, hiss etmişdim ki, ağlamaq insanı gücsüz edir, mübarizə əzmini zəiflədir.

Beləcə yarım saata yaxın yol getdim. Dönüb zülmətə qərq olmuş kəndimizə tərəf baxdım. Gündüzə nisbətən güllə səsləri səyrisə də, ara-sıra yenə də eşidilməkdə, gecənin bağrına şırım çəkməkdə idi. Kim bilir, bəlkə də, o güllələrdən biri mənim itimin həyatına son qoymuşdu.

Birdən möcüzəyə bənzər bir hadisə baş verdi. Mənə elə gəldi ki, kimsə məni güdür. Bədənimdən giziltili bir titrəyiş keçdi. Elə bildim ki, ermənilərin pusqusuna düşmüşəm. Arxadan bir qaraltı düz üstümə gəlirdi. Vəfalı itim mırıldanıb özünü tanıtmasaydı, ürəyim qorxudan partlayacaqdı. Kəşfiyyatçı əsgərlərimizə rast gələnə qədər üç gün ərzində sağ qaldəğıma görə mən o vəfalı, ağıllı itimə borclu idim. Heyif ki, əsgərlərə rast gələndən sonra ondan həmişəlik ayrıldım...

İbrahim babam deyirdi ki, Allahverdi tapılandan sonra uzun müddət özünə gələ bilmədi. Uşaq dəli kimi olmuşdu. Gecələr qışqırıb yuxudan oyanır, onu sakitləşdirmək çətin olurdu. Məktəbdə yoldaşları ilə aqressiv davranır, müəllimləri eşitmək istəmirdi. Payızın soyuğu canına necə işləmişdisə uzun müddət qızdırması düşmədi. Sonra hər şey yavaş-yavaş düzəldi. Allah onu bizə təzədən verdi. Bir neçə gün ərzində on yaşlı uşağın saçlarına əməlli-başlı dən düşməsini də onda gördüm.

Babam əvvəllər doğma ocağından ayrı düşəndə elə bilirmiş ki, tezliklə torpaqlarımız geri qaytarılacaq, o da yenidən doğma yerlərə qovuşacaq. Ona bu ümid qüvvət verir, onu bu ümid yaşadırmış. Batalyonlar ləğv olunandan, torpaq itkilərimiz sürətlənəndən sonra zənn edirmiş ki, bu bir siyasətdir. Deyir, yəqin, belə lazımdır. Allah qoysa, bu işlərə birdəfəlik son qoyulacaq, biz də qayıdacağıq doğma torpaqlarımıza. Evlərimizi söküb-dağıtsalar da, yenidən tikəcəyik. Təki qələbə sevinci yaşayaq, bu qan-qadaya birdəfəlik son qoyulsun.
Ağlım təzə-təzə söz kəsən vaxtlarda bir dəfə babama dedim:

- Darıxma, baba, heç darıxma. Allahqoysa, mən böyüyəndə gedib
kəndimizi geri alarıq. Onda biz də erməni arvadlarının başına Məsmə nənəyə etdikləri oyunu açıb, onun hayıfını alarıq.

Babamın qaşları çatıldı. Əllərini uzadıb məni bağrına basdı.
- Yox, bala, - dedi, - torpaqlarımızı almağınıza, ermənilərə hədlərini
bildirməyinizə sözüm yox, amma düşmənə bənzəyib, o vəhşilikləri etməyinizi, insanlıqdan çıxıb, quduz canavara çevrilməyinizi istəmirəm.

Bu söhbətdən sonra düşünürdüm: “Bəs necə olur ki, ermənilər belə hərəkətlər etməyi özlərinə rəva görürlər?” Uzun düşüncədən sonra bu qənaətə gəldim ki, yəqin, ermənilərin İbrahim babam kimi ağıllı babaları olmayıb. Əgər onların da babaları mənim babam kimi ağıllı olsaydı, yəqin ki, belə vəhşi olmaz, Məsmə nənəyə də o zülmü etməzdilər.

Əvvəllər İbrahim babam elə düşünürmüş ki, dünya xalqları ermənilərin bizə qarşı haqsızlıqlarını qəbul etməyəcək. Çünki bu zülmü Allah götürməz. Heç müsəlman olmayanlar da bu haqsızlığa qol qoymaz.”Necə ola bilər ki, dişimiz- dırnağımızla qurduğumuz ev-eşiyimizi erməni alıb otursun üstündə, özümüzə də gözdağı versin”, - deyirmiş. Yəqin, evindən çıxmaq istəməyəndə Məsmə arvad da belə düşünürmüş. Ya da fikirləşib ki, qoca arvaddır, ona toxunmazlar.

Əvvəllər babamın danışığında da, baxışlarında da bir nikbinlik, inam vardı. Gözlərində kədər və həsrətlə yanaşı bir ümid işığı da parıldayırdı. Elə bil, soyuq qış gününü isitməyə aciz olan günəş işıldayırdı onun gözlərində. Əlbəttə, bu işıltı babamın qəlbindəki həsrəti əridib yox edə bilməzdi. Amma bu qışın keçib-gedəcəyinə, yaman günün ömrünün az olacağına bir inam yaradırdı.

İbrahim babam deyirdi: “Mən o torpaqlara qayıdacağım günü səbirsizliklə gözləyirəm. O torpaqlara qayıdacağım günü görməsəm, ölə bilmərəm. Yaradan özü də rəva bilməz ki, mən öz ata-baba yurduma qovuşmadan dünyaya göz yumam. Nəinki mən, elə isti ocağından didərgin düşənlərin hamısı”.

Atam gəncliyində Şuşada texnikumda oxuyurmuş. Babam tez-tez oraya oğluna baş çəkməyə gedirmiş. O yalnız adını eşitdiyim bu şəhəri elə tərifləyirdi ki!.. Deyirdi: “Bala, oralar Yer üzünün Cənnətidir. Kaş o yerləri öz gözlərinlə görəydin! Allahqoysa, torpaqlarımız işğaldan azad olandan sonra səni o yerlərə özüm aparıb gəzdirəcəyəm. Onda görərsən ki, baban düz deyir, ya yox!”

İllər ötdükcə babamın gözlərindəki o həsrəti isidə bilməyən ümid işığı da yavaş-yavaş əriyib yox oldu. O işıq yox olandan sonra babamın alnındakı qırışlar sürətlə dərinləşməyə, qəddi əyilməyə başladı. Yavaş-yavaş onun pəhləvan cüssəsindən də əsər-əlamət qalmadı.

Bu ara mən orta məktəbi bitirib universitetə qəbul olunmuşdum. Demək olar ki, hər həftənin şənbə-bazar günləri məskunlaşdığımız kəndə babama baş çəkməyə gəlirdim. Nəhayət, imtahanları verib növbəti kursa keçdim. Yay tətilinə buraxılan kimi kəndə tələsdim. Elə darvazamızın qabağındaca atamla rastlaşdım. Məni sinəsinə sıxıb kədərli səslə:

- Babanın vəziyyəti tamam ağırlaşıb, - dedi, - imtahanlarından fikrin
yayınmasın deyə, sənə demirdim. Yaxşı ki, özün gəlib çıxdın.

Evin pilləkənlərini, demək olar ki, yüyürə-yüyürə qalxdım. Allahverdi, babamın yanında stulda əyləşmişdi. Gənc olsa da, saçları dümağ idi. Onun saçları on yaşı olanda sizə nağıl etdiyim məlum hadisələr zamanı ağarmağa başlamışdı. Görüşdük. Gözləri yumulu halda yataqda uzanmış babama işarə edib:

- Necədir? - deyə soruşdum.
Çiyinlərini çəkib:
- Necə olacaq. Neçə gündür, yorğan-döşəkdən qalxa bilmir, - dedi.
Deyəsən, babam gəldiyimi hiss edib göz qapaqlarını qaldırdı. Ona tərəf əyildim. Babam sağ əlini çətinliklə qaldırıb xəfifcə:

- Aqşin bala, nə yaxşı gəlib çıxdın, - dedi.
Əyilib onun yanağından öpdüm. Məmnunluq ifadəsi çöhrəsini işıqlandırdı.

Neçə gün idi ki, İbrahim babam ölümlə çarpışırdı. Kişi hamımızın gözləri qarşısında əzab çəksə də, onun halını qismən də olsa, yüngülləşdirmək üçün əlimizdən heç nə gəlmirdi.

Əlimizdən gələn təkcə o idi ki, gecə-gündüz onun çarpayısı yanında keşik çəkirdik. Əlbəttə, heç birimiz onun ölümünü istəmirdik. Nə atam, nə anam, nə də mən... Ancaq həkimlər onun sağalmasını mümkünsüz sayırdılar. “Yazıqdır. Əzab çəkir. Qoyun rahatca canını tapşırsın”, - deyirdilər.
Mənə elə gəlirdi ki, nə isə bir möcüzə baş verəcək. Babam hansı sehirli qüvvənin təsiri iləsə sağalıb ayağa duracaq. O özü deyirdi axı: “Torpaqlarımız qayıtmayınca mənə heç nə olası döyül. Sağalıb ayağa durajam, Allahqoysa!”

Ancaq təəssüf ki, belə bir möcüzə baş vermirdi.
Bəlkə, köməkləri dəydi deyə babamın üstünə tez-tez həkimlər gətirirdik. Amma heç bir faydası olmurdu...

Mən babamın ölüm anını görməkdən yaman qorxurdum. Görəsən, onun ölümünü görəndə ürəyim dözə biləcəkdimi? Amma valideynlərimin yanında bu hissimi büruzə verməməyə çalışırdım. Hiss edirdim ki, anam da, atam da məni mümkün qədər İbrahim babamla tək qoymamaq üçün əllərindən gələni edirlər. Yəqin ki, mənim çox gənc və təcrübəsiz olduğumu nəzərə alıb ağır sarsıntı keçirə biləcəyimdən ehtiyat edirdilər. Bilirdilər ki, mən uşaqlıqdan babama çox bağlanmışam.

Fikrimcə, elə babam da məni o biri nəvələrindən çox istəyirdi. Babamın əziyyətini ən çox atam özü çəkirdi. Müharibədə yaralanıb əlil olsa da, atam onun başı üstündən əl çəkmirdi. Yorulsa da, yəqin ki, öz övladlıq borcunu layiqincə yerinə yetirmək istəyirdi.

İbrahim babamın ölüm yatağında keşiyini çəkdiyimiz axırıncı axşamı anam bişirdiyi xörəyi boşqablara çəkib xəstənin yanında olan atamı süfrəyə çağırdı. Yan otaqda kitab oxuduğum halda məni də səsləyib:

– Aqşin, gəl, bala. Gəl sən də çörəyini ye. Çıxmayan cana ümid çoxdur. Görək başımıza nə gəlir, – dedi və özü babamın otağına keçdi.

Mən şam yeməyini iştahasız yedikdən sonra bir qədər də kitab oxuyub yatmağa hazırlaşdım. Çünki həyəcanlı olduğumdan oxuduqlarım başıma girmirdi.

Nə qədər yatdığımı bilmirəm. Yuxumda bir də gördüm ki, babam geyimli-keçimli gümrah halda başımın üstündə durub deyir:

– Aqşin bala, nə yatmısan? Axı sənə bizim yerləri göstərəcəyimə söz vermişəm. Vaxtdır, dur gedək. Sənə göstərim ki, yer üzünün əsl Cənnəti necə olur.

Yuxunun təsirindən hövlnak gözlərimi açdım. Yuxu gördüyümü başa düşüb yorğanı təzədən başıma çəkdim, ancaq gözlərimə yuxu getmədi. Durub geyindim və babamın yatdığı otağa keçdim.

O, çətinliklə nəfəs alırdı. Atam əl-üz dəsmalını oturduğu stulun söykənəcəyinə qoyub alnını ona dayayaraq mürgüləyirdi. Mən içəri girəndə diksinib başını qaldırdı. Əvvəlcə babama, sonra isə mənə baxdı. Ağlamaqdan və yuxusuzluqdan onun gözlərinin altı tulum-tulum olmuşdu. Bilirdim ki, atam tez-tez biz görməyək deyə xəlvətə çəkilib ağlayır.

– Niyə durdun, bala? – deyə xəbər aldı.
– Yuxum gəlmir. Sən get bir az yat, ata, – dedim.

Deyəsən, o əvvəlcə etiraz etmək istədi. Ancaq səsimdəki qətiyyəti hiss edib babama tərəf bir də nəzər saldı, sonra durub sakitcə:

– Yatmaq istəsən, məni durğuzarsan, – deyib otaqdan çıxdı.

Stulu çəkib babamın çarpayısına lap yaxın oturdum. Çətin nəfəs alsa da, sifəti elə bil ki, daha da nurlanmışdı. Bir vaxt məni boyu bərabərinə qaldıran güclü əlləri indi bir dəri, bir də sümük qalmışdı, az qala damarları görünürdü. Bir qədər əvvəl yuxuma girdiyi halını indiki vəziyyəti ilə müqayisə etdim. Böyük fərq var idi. Ancaq indi də sifəti bayaqkı kimi nurlu idi. Mənə elə gəldi ki, neçə gündən bəri ürəyimə gələn, arzuladığım möcüzə baş verəcək. Babam, doğrudan da, yaxşılaşıb ayağa duracaq. İsti əlini ovucumun içinə alıb oxşadım. Mənə elə gəldi ki, o qımıldandı. Üzündəki cizgilərdən bunu hiss etdim. Sonra isə... Sonra onun nəsə deməyə çalışdığını gördüm. Ancaq nə dediyini təyin etməkdə çətinlik çəkirdim. Bütün diqqətimi toplayıb ona tərəf əyildim.

– Danış, baba. Mən sənə qulaq asıram, – dedim.
Onun qırıq-qırıq pıçıltılarından çətinliklə də olsa, dediklərini başa düşdüm:

– Gəl...dinmi, Aqşin bala? Nə ya...xşı! Sə...nə bizim yerləri göstə...rəcə...yəm bu gün.
Sevincimin həddi-hüdudu yox idi. Riqqətə gəlmişdim. Babam danışırdı! Ancaq bilmirdim ki, reallıqda bu onun son kəlmələridir.

Birdən beynimdə ildırım kimi çaxan bir fikir sevincimi alt-üst etdi. Deyirlər, sönməkdə olan şam sonuncu dəfə ətrafına gur işıq salıb sonra sönür. Elə insanlar da belədirlər. Deyəsən, İbrahim babam da eynən belə bir hal keçirirdi. Bununla belə, onun eşidə biləcəyi səslə danışmağa başladım:

– Bəli, sən yaşayacaqsan, baba. Mənə Şuşanı, Ağdamı, kəndinizdəki öz ata mülkünüzü, Daşaltını, Cıdır düzünü, daha haralarısa göstərəcəksən. Qarabağın, doğrudan da, Yer üzünün Cənnəti olduğunu sübut edəcəksən. Səninlə birlikdə oranın bal kimi havasını da su kimi içəcəyik. Bütün dərdlərini unudacaq, şəfa tapacaqsan. Sonra özün öz əllərinlə canın qədər istədiyin doğma torpağını əkib-becərəcəksən...

Mən bu sözləri bəzən pıçıltıyla, bəzən də təlqinlə deyirdim. Və duyurdum ki, babam bütün hallarda məni eşidir. Odur ki, dediklərim inandırıcı çıxsın deyə uydurduğum yalanlara özümü də inandırmağa çalışırdım.

Beləcə nə qədər oturduğum, daha nələri dediyim yadımda deyil...
Birdən babam qalxıb yerinin içində oturdu. Gördüm ki, indi o, əvvəl yuxuma girdiyi görkəmdədir. Ayağa qalxıb:

– Gedək, – dedi, – sənə bizim yerləri göstərməyin əsl vaxtıdır.
Biz əl-ələ tutub otaqdan çıxdıq. Yuxunun fantastik sürəti ilə göz qırpımında əvvəlcə babamın kəndimizin axar-baxarlı yerində yerləşən evini ziyarət etdik.

Onun nağıllarından və oxuduğum kitablardan tanıdığım Cıdır düzünə çatdıq. Hər tərəf donqarburunlu, gözləri çalağan gözlərinə oxşayan əlisilahlı adamlarla dolu idi. Əvvəlcə onların bizə atəş açacağından ehtiyatlandım. Ancaq sonra başa düşdüm ki, onlar bizi sadəcə görmürlər. Daha doğrusu, biz onların gözlərinə görsənmirik.

Babam məni gənclik illərində atamın oxuduğu texnikuma, sonra Şuşadakı muzeyə apardı. Daha sonra Daşaltının sahillərindən dolanıb, onun vaxtilə gəzib-dolaşdığı dağlara qalxdıq. Bura əsl Cənnəti xatırladırdı. Birdən babam hara isə yox oldu. Bu məni bərk narahat etdi. Baxışlarımla onu axtardım. O, heç yerdə yox idi.

Birdən qarşıdan kiminsə gəldiyini gördüm. Yaxınlaşdıqca onun belində qılınc, başında tac, üzündə niqab olan cüssəli birisi olduğunu aydınca gördüm. Şahanə görkəmi var idi.

– Onu axtarma. Mən onun ruhunu haqqın dərgahına təslim etmək üçün göndərildim, – dedi, – çünki indiyədək İbrahim baban bu dünyada mənim ruhumla yaşayırdı.

İçimdəki qorxunu boğub:
- Dayanın! - deyə səsləndim, - siz kimsiniz? Axı babam sağalmışdı! Siz
onu nə üçün aparırsınız?
- Adım İbrahimdir. Qarabağın keçmiş xanı, İbrahim xan.

- Hmm! Vaxtilə rusların Azərbaycana gəlişinin ilk səbəbkarlarından biri.
Deyəsən, səsimdəki güclə sezilən tənəni duydu.

- Bəli... Mən bir əjdahanın cəngindən qurtarmaq üçün belə etdim. Amma başqa bir əjdahanın mədəsinə düşdük. Özüm də bu səhvimin qurbanına çevrildim. Səhvimi düzəltmək üçün Yaradandan yenidən məni həyata qaytarmasını xahiş etdim. O məni eşitdi. Babanın cismində məni həyata qaytardı. Amma heç bir şey edə bilmədim. Bir də siz bu yerləri əsirlikdən qurtarandan sonra ruhlarımız bu həyata yenidən doğulacaqlar... Babanın da, mənim də ruhumuz onda rahatlıq tapacaq. Əlvida!!!

İbrahim xan bunu deyib yavaş-yavaş əriyərək yox oldu.

Mən həyəcandan az qala boğulacaqdım. Bu halda ayıldım. Ürəyim elə sürətlə vururdu ki... Gözlərimi açan kimi İbrahim babamın üzünə baxdım. Onun məchul bir nöqtəyə dikilib qalmış gözləri açıq idi. Sifətində işıqlı bir təbəssüm donub qalmışdı. Hələ də ovcumun içində tutduğum soyumaqda olan əlini ehmalca yorğanın üstünə qoyub gözlərini sığadım. Ölüm babamın torpaq, yurd həsrətinə beləcə son qoydu.

Qəribədir, mən indi heç nədən qorxmurdum. Ancaq isti göz yaşlarım ixtiyarsız olaraq yanaqlarımdan süzülüb köynəyimin yaxasını isladırdı.

Haçansa eşitmişəm ki, əməlisaleh insanlar ölüm yatağında cismən nə qədər zəif olsalar da, ruhən çox güclü olurlar. Mən indi də özümü inandırmağa çalışıram ki, İbrahim babam öz həyatını, doğrudan da, Qarabağ hökmdarı İbrahim xanın ruhu ilə yaşayırmış. Və həmin gecə o məni öz doğma ata yurdu ilə tanış etməyə, doğrudan da, aparmışdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930