manera.az
manera.az

AYB-nin bölmə rəhbəri: "Bölməmiz zərurətdən yaradılmış yaradıcılıq qurumudur"

AYB-nin bölmə rəhbəri: "Bölməmiz zərurətdən yaradılmış yaradıcılıq qurumudur"
MANERA.AZ AYB-nin Mingəçevir bölməsinin rəhbəri tanınmış şair İsmayıl İmanzadənin müsahibəsini təqdim edir:

-İsmayıl müəllim, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsi nə vaxt və necə yaradıldı?

- Yaxşı yadımdadı, 23 0ktyabr 1993-cü ildə Cəbrayıl rayonunun Arazqırağı kəndləri, o cümlədən dünyaya göz açdığım Böyük Mərcanlı ermənilər tərəfindən işğal ediləndə gecə yarısı Füzuli rayonundakı Əhmədalılar kəndinin üst tərəfindən İranlı soydaşlarımızın köməyi ilə Araz çayını keçərək, səhərə yaxın yüzlərlə həmyerlim kimi mən də Biləsuvar ərazisindəki qaçqın düşərgəsinə gəlib, bir neçə gündən sonra Mingəçevir şəhərinə üz tutdum. Şəhərdəki yataqxanalardan birinə sığınandan on iki gün sonra (dekabr ayının 1-də) "Səda” qəzetində şöbə redaktoru kimi işə başladım. Mingəçevirli yazarlarla tanışlıqdan sonra AYB-nin şəhərdə filialının açılması istəyi ilə Bakıya gedib, Anar müəllimlə və rəhmətlik Fikrət Qoca ilə görüşdüm. Hər ikisi təklifimə ürəkdən razılıq verdilər. Məsələnin mahiyyətini o vaxtkı şəhər rəhbərinə və onun humanitar məsələlər üzrə müavininə bildirəndə hər ikisi sözləşibmiş kimi: "Gəlib-gedənin əlində əsir-yesir olacağıq, qoy oturduğumuz yerdə oturaq”-deyib, bölmənin yaradılmasına etiraz etdilər. Beləliklə aradan iki ilə yaxın vaxt keçdi. Rəhmətlik Məhəbbət Qarabağlı Mingəçevirə İH-nin başçısı təyin olunan kimi onunla görüşüb xeyir-duasını aldım. Beləliklə 23 oktyabr 1999-cu ildə Anarın, Fikrət Qocanın, Məhəbbət Qarabağlının və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə bölmənin təqdimat mərasimi keçirildi. Yeri gəlmişkən, məcburi köçkün kimi Mingəçevirə gəldiyim günə kimi tematik plana əsasən "Gənclik” və "Yazıçı” nəşriyyatlarında üç kitabım işıq üzü görmüş, o vaxtkı mərkəzi qəzet, jurnal və almanaxlarda iki yüzdən çox şeirim dərc olunmuşdu. Ona görə də kimsə mənim bölməyə rəhbərlik etməyimə etiraz eləmədi.

- Artıq tarixə qovuşan 2021-ci il bölmənin və sizin fəaliyyətinizdə hansı əlamətdar hadisələrlə yaddaqalan oldu?

- Ötən ilin aprel ayından sonra pandemiya ilə bağlı əndişələrə son qoyaraq, adətən hər ayın 15-də keçirilən məşğələ günlərini bərpa etdik. Bölmədə yerli yazarlardan Məhəmməd Fərzəliyev, Mahir Musa, Məmməd Cəfərli və Nəsib Bayramoğlunun yeni kitablarının təqdimat mərasimi, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirdik. Gənc yazarlardan Ayşən Rəhim, Seymur Sönməz və Rəna Əliyevanın yaradıcılıq hesabatları dinlənildi. Bir neçə yazarımızın Namiq Zaman, Rəna Əliyeva, Rafiq Ələkbər, Gülnarə Acalova, İlahə Qəhrəmanın onlayın dərgilərdə əsərlərinin dərc olunmasına dəstək verdim. Özümün də uğurlu işlərim oldu, illər uzunu elm adamlarının, şair və yazıçı dostlarımın ədəbi yaradıcılığımla ilgili yazdıqlarını "Halal insanın söz halallığı” kitabında nəşr etdirdim. II Qarabağ Müharibəsində şəhid olan eloğlularımdan bəhs edən və Tariyel Abbaslı ilə birlikdə yazdığım "Zəfər yolu” adlı kitabım işıq üzü gördü və onun həm Bakıda, həm də Biləsuvar rayonu ərazisində təqdimat mərasimləri keçirildi. "Ədəbiyyat”, "525-ci qəzet”, "Ədalət”, "Xudafərin” qəzetlərində, "Göyərçin”, "Azad qələm” jurnallarında, bir sıra elektron dərgilərdə şeirlərim dərc olundu. Keçən il həyatımda baş verən ən unudulmaz hadisələrdən biri isə mədəniyyət beşiyimiz Şuşada M.P. Vaqifin adı ilə bağlı poeziya günündə iştirak etməyimdir. Şuşaya üç günlük səfərdən sonra yazdığım "Şuşa etüdləri” adlı lirik poemam bu əlamətdar hadisənin söz nişanəsinə çevrildi.

- İsmayıl müəllim, AYB ilə bölmə arasındakı əlaqələr barədə nə deyə bilərsiniz?

- Bildiyimə görə AYB-nin rəhbərliyi də, orada çalışan yaradıcı dostlarımız da fəaliyyətimizdən razıdırlar. Ən bəyəndiyim hal budur ki, rəhbərlikdən heç kim bizə hökm eləmir, sərbəst surətdə işlərimizi davam etdiririk. İstərdim ki, AYB-nin "işığı” bölgələrdə fəaliyyət göstərən bölmələrə, ayrı-ayrı rayonlarda yaşayan yazarlara daha tez gəlib çatsın.

- Deyə bilərsinizmi Sizin rəhbərlik etdiyiniz bölmənin ədəbi aləmlə bağlılığı hansı vəziyyətdədir?

- Söhbətimizin əvvəlində də qeyd etdiyim kimi, AYB-nin Mingəçevir bölməsi zərurətdən yaradılmış yaradıcılıq qurumudur. Görkəmli ədəbiyyatşünas alim Rüstəm Kamalın və tanınmış yaradıcı ziyalı dostum Ramiz Göyüşovun təbirlərincə desəm, sovetlər dönəmində mövcud ideologiyanın təsiri ilə kosmopolitləşən bir şəhərdə yaşayıb yaradan yazarların əlləri heç yana çatmayıb. Yalnız buradakı yerli qəzetin nəzdində bir müddət fəaliyyət göstərən və müəyyən səbəblərdən ayda-iki aydan bir rəhbəri dəyişən "Kür” ədəbi dərnəyinə üz tutmaları və arabir bu qəzetdə dərc olunan yazıları ilə təskinlik tapıblar. Əslində, bölmə yaradılandan sonra necə deyərlər "sıfırdan” başlamalı olduq. İlk mərhələdə şəhərdə yaşayan yazarları bir araya gətirdik, ömürləri boyu mərkəzi mətbuatda bircə sətirləri də dərc olunmayanların şeir və hekayələri "Ədəbiyyat”, "Yeni Azərbaycan”, "525-ci qəzet”, "Ədalət”, "Səhifələr”, "Zaman”, "Yeni avaz”, "Tumurcuq”, "Kaspi”, "Azərbaycan müəllimi”, "Mədəniyyət”... qəzetlərində, "Azərbaycan”, "Ulduz”, "Göyərçin”, "Bənövşə” jurnallarında yer aldı. Bölmə üzvlərinin ilk kitablarına mənəvi dəstək verildi, onların mərkəzi və yerli tele-kanallarda, yubiley və poeziya gecələrində çıxışları oldu. Qələm dostlarımızın əsərləri bölmənin ədəbi orqanı olan "Bənövşə” (əvvəlki adı "Mingəçevir leysanı”) ədəbi dərgisində, "Aranın söz sovqatı” (2014), "Uzaqdan gələn səs” 2016), "Bir ocağın şöləsiyik” (2018) almanaxlarında dərc olundu və hər üç kitabın Mingəçevirdə və AYB-nin

Natəvan klubunda təqdimat mərasimləri keçirildi. İyirmi iki il qabaq yalnız məndən başqa AYB-nin üzvü olmayan bu şəhərdə Rüstəm Kamal, Bəsti Abdullayeva, Qaraş İsmayıl, Fəxrəddin Əziz, Zahid Kədər, Məhyəddin Məhərrəmoğlu, Elşən Əzim, Zümrüd Rəhimova, Sabir Abdinli, Rafiq Ələkbər, Nəsib Bayramoğlu, Əhməd Sülüymanov, Əbülfət Həsənoğlu, Səxavət Kəlbəcərli ayrı-ayrı vaxtlarda AYB sıralarına qatıldılar. Bir sözlə, Mingəçevirdə yox yerdən ədəbi mühit yaratmağa, yerli yazarlara geniş meydan verməyə nail olduq. Yeri gəlmişkən, bölmənin nəzdində 2002-ci ildən fəaliyyət göstərən "Mingəçevir qönçələri” ədəbi birliyi də istedadlı gənclərin üzə çıxarılmasında bölmə rəhbərliyinə yardımçı oldu.

- Bildiyimiz kimi bir neçə illik fasilədən sonra AYB-üzvlüyünə qəbul yenidən bərpa edilib. Bu məsələ ilə bağlı bölmə rəhbəri kimi üzərinizə hansı vəzifələr düşür?

- Mən AYB-nin xeyli vaxtdan bəri gözlənilən bu addımını ürəkdən alqışlayır və arzu edirəm ki, seçim ədalətli və şəffaf olsun. Tanınmış yazarların və istedadlı gənclərin AYB-də təmsil olunmaları ümumu işimizin xeyrinədir. Ümid edirəm ki, belələri öz haqqlarına qovuşacaqlar. Bizim bölmədən də iki yazarımız sənədlərini AYB-yə təqdim ediblər. Ümid edirəm ki, onlar da öz arzularına çatacaqlar.

- AYB ümulikdə yazarlarımızın zaman-zaman işığına üz tutduqları söz məbədidir. İstərdim ki, 98 yaşı olan bu önəmli yaradıcılıq təşkilatı bir az da çevik, zamanın tələbləri ilə səsləşən söz tribunasına çevrilsin. Etiraf etmək lazımdır ki, ölkəmizin yazarlarının böyük bir qismi paytaxt Bakıya toplaşsa da, əyalətlərdə də öz halal zəhmətləri hesabına tanınan yazarlar az deyil. Təkcə göz qabağındakılar deyil, regionlarda yaşayan ən istedadlı yazarlar da kölgədə qalmamalı, AYB-nin ictimai əsaslarla fəaliyyət göstərən bölmələrinə də maliyyə vəsaitləri ayrılmalıdır. Qurumun özündə köklü islahatlar aparılmalı, bölmələrin sayı ilə yox, sanbalı ilə bağlı məsələlər gündəmdə olmalıdır. AYB rəhbərliyinin seçimində mən özüm də ən layiqli namizədə səs verəcəyəm.

-İsmayıl müəllim müsahibəyə görə sizə təşəkkürümü bildirir və işlərinizdə uğurlar arzulayıram. İnşallah AYB-nin Mingəçevir bölməsi əvvəllər olduğu kimi, bundan sonra da yeni uğurlu layihələrə imza atmaqla hamımızı sevindirəcəkdir!

Müsahibəni qələmə aldı: Əbülfət Mədətoğlu
"Ədalət" qəzeti


Baxış sayı - 961 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930