manera.az
manera.az

Əllərimin yadına saçların düşüb qəfil - Yeni İmza

Əllərimin yadına saçların düşüb qəfil - Yeni İmza
MANERA.AZ "Yeni İmza" layihəsində Dəniz Darçının şeirlərini təqdim edir:

Bu soyuqlar, bu küləklər, bu darıxmaq, uzaqlıq,
Bir də onun gözlərimdən çəkilməyən xəyalı.
Heç bilmirəm orda sənin hal-əhvalın necədi,
Məni də ki, bilirsən də, yenə başım bəlalı...

Yenə qorxuram yol keçəndə, az qala maşın vura,
Vaxtında yemək də yemirəm, baş üstümdə duran yox.
Özümə yenə baxmıram, saçımı külək qurudub,
Soyuq dəyib e, deyəsən, ağrıyıram, yenə bax...

Bu gün evdən də çıxmadım, telefonu söndürmüşəm.
Yəqin zəng də etməmisən, düşməmişəm yadına.
Yeməmişəm, içməmişəm... o vaxt əsəbləşərdin e,
İçimdə dərd böyüdürəm indi sənin adına...

İndi mən vaxta düşmənəm,
Burda zaman dayanıb
Sən olduğun uzaqlarda saat neçədir indi?
Gecədimi, gündüzmüdür, hardadı görəsən o,
Məni bəlaya salanım, özü necədi indi?

Canımı verdiyim adam, canım elə yanır ki.
Mənim kimi heç zaman gözlərin yol çəkməsin.
Amma yadında saxla,
Elə ağır olur ki, əlindən tutduğun kəsin
Ayağından çəkməsi...

Sən günəş tək yandıran, mən özüm bulud adam,
Ömrümüz qovhaqovda, ölüm ilə yarışır.
Qucağım səndən yetim ürəyimdə yurd salan,
Bu qədər yaxşı ikən getmək kimə yaraşır?

Sənə qarğış etmərəm ki, yolun açıq, gedənim.
Ünvanına salamat çat, baxma ağlamağıma.
Amma yadında saxla, bilmək olmaz, bilirsən,
Bəlkə təsadüf edər mənim ailə qurmağım,
sənin boşanmağına...


***
Burda yağış başlayıb, pəncərəni döyməyə,
Qapım hələ açılmır, elə sən bağlayandı.
Divardakı şəklini qaldırmamışam hələ,
Baxıb təsəlli olur hər dəfə ağlayanda.

Sən gedəli nə bahar, nə qış bildim, birdənəm,
Günəşə düşmən oldum, qaranlıq adamıyam.
Burda hava soyuqdu, burda evə qar yağır,
Burda dəniz fəslidi, burda sən havalıyam.

Otaq -otaq sevincin, küçə-küçə qəmin var...
Bu şəhərin hər yeri xatirələr beşiyi.
Yenə neçə gecədi yuxum yoxdu, oyağam,
Yenə də şəkillərin çəkəcəyəm keşiyin...

Yenə də ağırlaşıb sən adlı xəstəliyim,
Həkim də baş açmadı, buram ağrıyır yenə.
Heç nəyə faydası yox yazılan dərmanların,
Mən çarəni bilirəm"ehtiyacım var sənə"...

Bir dəfə görsəm keçər, keçər bəlkə bilmirəm.
Sarıl, keçib getməsə dərdin üzünə lənət,
Anam bəlkə haqlıdı, bəlkə doğrudan da,
Heç nə əbədi deyil, bu da keçecek əlbət...

Görən neçə gün keçib, görən necə ay olub?
Görən neçə əsrdi yaşayıram belə mən?
Əlim heç nəyə yatmır, heç nəyə həvəsim yox,
İçimdən heç nə gəlmir, içimdən sən keçirsən...

Yadına düşsəm birdən, nömrəm həmin nömrədi...
Çəkinmə poz bir gecə otağın səssizliyin,
Ünvanım dəyişməyib, nə vaxt istədin qayıt,
Gəl bir az da oralar yaşasın sənsizliyi...


***
Gözüm görə-görə itirdim səni,
Gözüm görə-görə getdin, gəlmədin.
Anam deyirdi ee, gedənlər gəlməz,
Sən də qayıtmadın, rahatdı yerin?

Səninçün şeirlər yazırmı o da?
Qarşına qaçırmı işdən gələndə?
Vaxtında yeməyin hazır olurmu,
Üstünü örtürmü xəstələnəndə?

Dərdimin dəvası barmaqlarını,
Öpüb oxşayırmı mənim tək o da,
Bəlkə də xoşbəxtsən, ya da yox e, yox,
Onu kim itirib sən tapasan da...

Daha olan olub, keçənlər keçib,
Daha bundan sonra ağrımı bilmə.
Bir də bu dünyaya yolun düşərsə,
Mənim olmağa gəl, ya da heç gəlmə...


***
Sonra birdən-birə dəyişər hər şey,
Üzünü unudar ən çox sevdiyin,
Səsini unudar könül verdiyin,
Sonra aranıza yad biri girər,
Kirləyər müqəddəs xatirələri,
Pozar sevdiyinin daş yaddaşını,
Ən xoşbəxt günündən xatirə qalan,
Kəsərsən şəkildən mən olan yeri...

Sonra inanmazsan nağıllara da,
Qəhrəman bildiyin sevdiyin ölər,
Sonra anlayarsan gəlməz gedənlər,
Sonra anlayarsan aldandığını,
Boş yerə gözləyir elə sevənlər...

Hər görüş sonunda evə ötürən,
Ömrünün sonuna ötürməz səni,
Sonra anlayarsan amma gec olar,
Ay məni heç nədən itirən adam,
Ay məni həsrətlə bitirən adam,
Mənə nağıl oldu itirmək səni...

Sonra anlayarsan, indi başına,
Haranın daşını tökəsən axı.
Verəsən özünə hansı cəzanı,
Hansı cəza səni haqq etmiş olar,
Beləcə, fikirdən çökərsən axır...

Yumasan gözünü onsuz dünyaya,
Təkcə xəyalıyla vidalaşasan,
Təkcə xəyalını qucaqlayasan,
Təkcə xəyalına baxıb gedəsən...
Götürüb tək xoşbəxt xatirələri,
Dünyanın qapısın yıxıb gedəsən...


***
Gəl bu axşam görüşək, hər şeyi at qırağa,
Tələs mənə gəlməyə, ayrılığa hələ var
Bilirəm ki soyuqdu, üşüməyə qoymaram,
Gəl dizlərim yastığın qollarım yorğan olar...

Gəl ayrılıq fəslində görüşək, payız gülsün.
Gəl otağım bürünsün bu gün sənin ətrinə.
Çox da böyük deyil ki, sənə olan nifrətim,
Səni bağışlayacam noyabrın xətrinə...

Gəl, bu zalım intizar yaxamdan əlin çəksin,
Gəl ki, bu günlük atım kənara darıxmağı.
Gəl xatirəm çoxalsın səninlə, sən olmasan,
Hansı günə yaraşar şəkillərə baxmağım?

Gəl bir günlük qonaq ol həyatıma, həyatım
Gəl gör necə bitirəm, gəl gör necə çökürəm.
Səndən başqa hər şey var, hər şeyim var, amma ki,
Gəl özün də şahid ol səndən korluq çəkirəm.

Gəl, bir günlük qovuşaq, sonra yenə gedərsən.
Gəl son dəfə yenə də görüşünə tələsim.
Kaş sən də anlayasan, kaş özün də biləsən,
Ölümə qanad verir ayrılığın beləsi...

Sənin yerinə olsam, gəlib bir də getmərəm,
Səni inandıraram bu sevginin gücünə,
Gəl yapış əllərimdən, ömrümün sarı fəsli,
Qoşul mənlə bir gedək ömrün köçhaköçünə...

Gəl, ünvan dəyişməyib, nömrəm də həminkidi,
Qapım sənə açıqdı bilirsən axır-əvvəl...
Gəl, burdan sizə qədər gözümlə yol çəkmişəm.
Mən səni gözləyəcəm, gəlməsən də... amma gəl...



***
Əllərimin yadına saçların düşüb qəfil,
Barmaqlarım çarəsiz yastığını oxşayır.
Darıxmağın beləsi mənim ən böyük cəzam,
Mənim ən böyük dərdim elə sənə oxşayır....

Əllərini gəzirəm, ovucum səndən yetim.
Yanağımdan yaşların qarşısın almır heç nə.
Hər canım ağrıyanda deyirəm ki, "ilahi,
Sən özün də görürsən, mən keçirəm, sən keçmə".

Hər şeyim idin mənim, getdin heçnəsiz qaldım.
Bu boyda ayrılığın acısını bilmədin.
Sən körpələr evindən götürdüyüm uşaq tək,
Əziyyətin mən çəkdim, sən yada "ana" dedin.

Gedişin qəfil oldu, hələ də inanmıram.
Olmur e daha belə, duyğularım qarışır.
Tərslikdən tanışlar da çox gəlir bu aralar,
Elə bil qəsdən hamı məndən səni soruşur.

Axı mən sənin idim, yerim sənin yanındı,
Axı mən ürəyimi sənin üçün qorudum.
İki yad əl uzandı, yıxdı mənim evimi,
Sən mənim Vətənimdin, amma işğal olundunБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728