manera.az
manera.az

Nyutonun sevgi qanunu - Gənc müəllifin ilk hekayəsi

Nyutonun sevgi qanunu - Gənc müəllifin ilk hekayəsi
Səbinə YUSİF

***
- Salam, Murad.

- Salam, Saram.

- Sabah axşam saat on birdə bağımızda səni gözləyəcəm. Gəl, sənə sözüm var.

Sara bu sözləri deyib, sağollaşmadan telefonu qapatdı. Murad bu zəngin başqa zənglərə bənzəmədiyini dərhal anladı. Yatağında sanki onu ilan çaldı. O üz-bu üzə qıvrıldı. Daha yatamı bilərdi?

Yerindən sıçrayıb oturdu. İki əli ilə başını tutdu və öz-özünə danışmağa başladı:

-Mən ona çox zülm verdim, elə bil. Onu çox küsdürdüm, çox incitdim. İnsan insanı bu qədər sınağa çəkər? Axı mən onu dürüstlüyünə, sədaqətinə görə sevmişdim. Bu qədər inamın içində onu sınamaq doğru hərəkət deyildi. İndi öz cəzamdı. Çəkməliyəm.

Qalxdı, bir qədər otaqda o yan-bu yana hərəkət etdi və qətiləşdirdi ki, sabahısı gün Sara ona hansı cəzanı kəssə müttəhim kimi sakit dayanıb dinləməlidir, kəsilən cəzadan narazı qalmamalıdır. Necə deyərlər, özü yıxılan ağlamaz. Bircə, ayrılıq qərarı olmayaydı təki.



***

Murad sabahın bir az gecikməsinin istəyirdi. Əlacı olsa gecəni uzadardı.

Amma sabah öz münvalı ilə açıldı. Murad işə getdi. Çertyojlar gözünü qaraltdı. Başını nəylə qatdısa da xeyri olmadı. Sara gözünün qabağından getmirdi. Görəsən fikri nəydi onun, nə qərar vermişdi?

İş saatının sonu necə gəldi, Murad bilmədi. Fikirli-fikirli evə qayıtdı.

Saranın dediyi vaxtı ürək çırpıntısı ilə gözləməyə başladı.

Yemək yeməyə iştahı yox idi, yalnızca çay içdi.

Xəyallara dalan Murad özünü edam kürsüsündə hiss edirdi. Saraya qarşı etdiyi laqeyliklərin bədəlini alacağını düşünə-düşünə divandaca yuxuya getdi. Gecə yuxusuz qalması öz sözünü demişdi.

Oyananda baxdı ki, saat on ikiyə qalır, görüş vaxtından xeyli keçib. Fikirləşdi, Sara onun bu hərəkətindən lap inciyəcək. İstəmədən gecikdiyini Saraya inandıra bilməyəcəyini də yaxşı bilirdi. Xeyli düşünüb Saraya mesaj göndərdi: “Yubandığıma görə üzürlü say. Gəlirəm, sən də bağa çıx”.



***

Artıq gecədən xeyli keçmişdi. Bayırda elə soyuq var idi ki, aldığın nəfəs odun sobasından çıxan tüstü kimi aydın görünürdü. Diş-dişə toxunanda səsi ətrafa yayılırdı.

Saranın gözünə yuxu getməmişdi. Nə qədər yatmaq istəsə də olanları düşündükcə yuxusu ərşə çəkilirdi. Mesajı oxuyan kimi tez yerindən qalxdı. Gecə paltarını isti şalvarla, köynəklə əvəzlədi. Gödəkçəsini geyinib, şal və əlcəyini götürüb evdəkilərin yatıb-yatmadığını aydınlaşdırdıqdan sonra ehtiyatla, asta addımlarla həyətə düşdü, bağa adladı.

Murad tut ağacının altında onu gözləyirdi.

Həmişəkindən fərqli olaraq bu dəfə Murad sakit dayandı. Söhbətə Sara başladı.

- Biz taleyimizlə barışmalıyıq, Murad.

- Necə yəni, Sara?

- Ayrılmalıyıq.

Saranın “ayrılıq” qərarı Muradı bir anda sanki sikələdi.

- Sən nə danışırsan, Sara? Mən sənsiz qala bilmərəm. Sənsiz yaşanan ömür zindanda yaşanan ömürlə eynidir. Mən zindanda yaşamaq istəmirəm. Sənsiz yaşanacaq tale ilə barışa bilmərəm.

Sara fikrində qəti olduğunu isbatladı:

- Murad, məni unut. Elə bil ki, ölmüşəm. Yoxam.

- Mən səni qəbirdə də tək qoymaram.

- Bunlar hamısı sözdür. Həqiqət isə başqadır. Həftələrlə, aylarla axtarmadığın insanam.

- Sara, bunları etməkdə səndən ayrılmaq olmayıb fikrim, sənə daha çox bağlanmaq üçün etmişəm nə etmişəmsə.

- Biz uşaq deyilik, Murad. Bir-birimizə acı verərək bir-birimizə bağlanmaq bizim yaşımıza da yaraşmır. Gecənin bu vaxtı hamıdan gizlin görüşümüz günahdır, bəs onu necə, bilirsən?

- Əgər sən bu görüşə günah deyirsənsə, bizim sevgimizə günah deyirsənsə, mən o dünyada da bu günahın cəzasını çəkməyə hazıram. Həm də ikimizin yerinə.

Sara qətiyyət göstərdi:

- Murad, şirin sözlərinlə məni fikrimdən daşındırmağa çalışma. Bu gün sonuncu gündür. Səni sevmək günah imiş. Mən bu gecə bütün günahlarıma əlvida deyəcəm.

Murad məsələni ciddi görüb yalvarışa keçdi:

-Qurban olum, Sara, məni sevməyi günah bilirsənsə, sən məni sev, sənin günahın da mənim boynuma.

Amma Saranın fikri qətiydi:

- Mənə nə etdinsə, sən etdin. Murad, mən çox dəyişmişəm. Bunu hiss etməyə başladım. Mən dəyişdiyimi nəinki hiss edirəm, artıq görürəm. Bir vaxt səninlə idim. Göydə ulduzları da dərərdim. Sonra sən yavaş-yavaş uzaqlaşmağa başladın. Sən hər dəfə uzaqlaşdıqca mən yerdəki xatirələri yığıb-yğışdıra bilmədim. Ağladım, ümid etdim. Baxdım ki, özümə zülm edirəm. Hamısı əzabdan başqa heç nə vermir mənə. Bilirsən, insan özü-özünü yaxşı tanıdığı üçün tapdanan hisslərinin acısı ilə barışmaqda çətinlik çəkir. Zamanla anlayır ki, o acı ilə yaşamaq da onun ömrünü zəhərləyir. Dərmanı da zəhərə dönür. Öz-özünə deyir: Dəyərmi?

Sara susdu. Onun səsinə həm havanın soyuqluğu titrətmə qatmışdı, həm də içindəki acı qəhər.

Susqunluq Muraddan özünü doğrultmaq üçün növbəti bəhalər gəlincəyə qədər davam etdi. Sara onun “elə deyil... elə deyil...” kəkələmələrini kəsib söylədi:

-Uşaq vaxtı da, institut illərində də xəyallar qurardım. O xəyallarda ən xoşbəxt insanlardan biri də mən olardım. Zaman-zaman xəyalımda qurduğum o xoşbəxtliyi yaşamağa böyük ehtiyac duydum. Çox çalışdım. Alınmadı. Artıq xəyal qurmuram. Bilirsən niyə? Xəyallarım məni aldadar deyə. Sayəndə xəyalımdan belə küsmüşəm. Hərdən gecələr xəyal gəlib qəlbimin pəncərəsini, düşüncələrimin qapısını döyür. Dərhal qovuram. Yaxına belə buraxmıram. Birdən xəyalım yenə məni aldadar deyə. Yenidən aldanmamaq üçün xəyal da qurmuram. Hər şey mənim xəyalımla üst-üstə düşsəydi nə vardı ki, yaşamağa?!

Murad onu yolundan döndərməyə bir daha cəhd göstərdi:

- Sən güclü insansan. Səni param-parça edən xəyalların acığına xoşbəxt dünya qur.

Sara bu cəhdi də tərksilah elədi:

- Gücüm çatmadı, Murad. Param-parça oldum. Daha xoşbəxt dünya qurmaq haqqında düşünmək belə istəmirəm. Əvvəllər sabaha daha ümidli idim. İndi sabah nə olacaq, deyə düşünmürəm. Düşünsəm nə dəyişəcək ki?! Sənin zəngini həyatımın mənası kimi dəyərləndirirdim. İndi isə əksinə. Səndən gələn zəngləri həyatımın əzabı bilirəm.

Murad “elə deyil” deyib Saranı dayandırmaq istəsə də Sara dayanmaq fikrində deyildi:

-Səni bir kəşf bilirdim. Lap elə Nyuton hesab edirdim özümü. Nyuton yerin cazibə qüvvəsini kəşf etdiyi kimi elə bilirdim ki, mən də səni, səninlə sevgi qanunumuzu kəşf etmişəm. Sonra gördüm ki, yox, mən Nyuton ola bilmərəm. Nyuton kəşf etdi, sübut etdi. Mənsə özümü aldatmışam. Nyutonun kəşfində cazibə qüvvəsi var. Mənim isə kəşfimdə adi bir bağlılıq da yox imiş.

Dərindən ah çəkdi Sara:

-Əvvəllər çox ağlayırdım. Sevgim üçün ağlayırdım. Axır vaxtlar ağlamıram, ağlaya bilmirəm. Hər dəfə sənin laqeydliyini gördükcə sevgim də göz yaşlarımla birgə gözümdən düşdü, getdi. İndi ağlayacağım sevgim də yoxdur.

Bilirsən, səni çox gözlədim, Murad. Saatlarca yalnızlığımda xəyalınla danışanda, işə gedəndə, evə qayıdanda, şəhərə gəzməyə çıxanda, sevən cütlüklərə qibtəylə baxanda. Amma çifayda. Gəlmədin. Heç mən xəstələnəndə, gözüm palata qapısına zillənəndə də gəlmədin. Sənin laqeyd davranışlarını saysam bitməz. Mən sənin laqeyd hərəkətlərindən bitdim, tükəndim. Yoruldum. Hər şey yaxşı olacaq deyə özümü aldatmaqdan yoruldum. Artıq yetər. Hər şey bitdi. Sənə olan inamım, ümidim bitdi.

Bu son sözləri o özündən çox sevdiyi Murada çox soyuq, etinasız halda dedi.

“Sən danışdın, mən də dinlədim. İndi mən danışım”, - deyə Murad dilləndi. Saranın susması müqabilində sözünə davam etdi:

-Saram, çox danışmayacam. Bir neçə cümlə deyəcəm, dinlə. Mən səni tanıyandan müqəddəsləşdim. Ancaq sən bunu bilmədin. Bəlkə də ən xoşagəlməz vərdişlərimi səni sevən gündən bir kənara atdım. Sən məndən uzaqlarda olsan da, hər gecə ruhən səni yanımda hiss etdim. Sən həqiqətən mənimləsən, anlayırsanmı? Yol gedəndə sən yanımdasan. Yemək yeyəndə də. Səhər oyanıb işə hazırlaşanda da sanki məni sən hazırlaşdırırsan işə. Səhər çayım, ütülü paltarım, təmiz ayaqqabılarım, ətirim, sanki hamısı sənin əlinlə hazır edilib məni gözləyir. Özümlə söhbət edəndə də sən məni tək qoymursan. Sənsiz özümlə söhbət edə bilmirəm, Saram. Bu sevgi deyilmi? Bu mənim sənə olan sevgim deyilmi?

Gecənin sükutunu hardansa uzaqlardan gələn it hürüşməsi pozdu. Sükut bərqərar olan kimi Sara səsindəki əzəlki titrətməylə söylədi:

-Bunlar sevgidir, əzizim. Sevgidir. Həm də ən müqəddəs sevgi. Bu hiss etdiklərin, yaşadıqların mənim sənə bəxş etdiyim sevgidir. Mənim isə indi sənə uzun-uzadı danışdıqlarım sənin mənə bəxş etdiklərindir. Sən məni heç zaman unuda bilməyəcəksən. Sənə qarşı diqqətimi, qayğımı, sevgimi düşündükcə məni daha da çox sevəcəksən. Mən isə sənin mənə etdiyin sayğısızlığı, soyuqluğu, etinasızlığı, laqeydliyi düşündükcə, səni bir də xatırlamamağa çalışacam. Mən sənə sevgi verdim. Sən mənə iztirab verdin. Əlvida!!!

Saranı yola gətirə bilmədiyi özünə inandırıcı görünməsə belə bu həqiqət idi. Siqaretin tüstüsünü hirsli-hirsli ciyərlərinə çəkən Murad gecənin zil qaranlığında baxışlarının Saradan qopub məyusluqla yerə dikildiyinin fərqində belə olmadı. Fikirləşdi: “Amma yox. Təslim olmaq əsla olmaz. Mən son demirəmsə, bu sevgi bitə bilməz”.

Birtəhər özünü toparlayıb dilləndi:

-Sara, unutma ki, hər əlvida son deyil. Bəlkə də başlanğıcdır!

Amma Sara artıq evə tərəf səmt almışdı.

Muradın son sözləri tut ağacının yarpaqlarını tökmüş qol-budaqlarına dəyib özünə qayıtdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031