Mən gedəcəm - Səməd Şıxının hekayəsi
Bu hekayəni digərlərindən fərqli edən, onun necə bitəcəyini başlayarkən öyrənməyiniz olacaq.
Cəfər bugün həyatında dönüşü olmayan qərarı almışdı. 1 həftə sonra intihar edəcəkdi. Səbəbini özü də, hələ bilmirdi. Ona görə açıqlanacaq səbəb yoxdur. Sadəcə yaşamaq istəmədiyinin fərqinə varıb və həyatını sonlandırmaq üçün zaman təyin edib. Bu zamanı ərzində niyə yaşamaq istəmədiyi ilə bağlı düşünməyəcək, ona kiminsə təsir edib, fikrindən döndərə bilməməsi üçün diqqətli olacaqdı. İstədiyi tək şey yaşamaq istəmədiyi və tez bir zamanda həftənin bitməsi idi. Təqvimə baxdı və ordakı 15 apreli görüb, saymağa başladı. 22 aprel onun üçün həyatla bağlı son günü idi. 23 aprel deyə bir şey olmayacaqdı. Bir daha onun üçün günəş doğmayacaq, hətta 22-i axşamı ayın doğuşunu belə görməyəcəkdi.
Bəlkə gün sonuna qədər gözləyim deyə düşündü. Gün 24 saatdır nədə olsa. Niyə tələsirdi ki? Yaxşı, tələsmirdisə, niyə 1 həftə vaxt seçmişdi?-deyə suala cavab verə bilmədi. Buna görə sualı ağlından atıb, bir daha düşünməməyə çalışacam deyə beynini tənzimləməyə çalışdı. Tək problem qalırdı. İntihar edəcəyi ilə bağlı məlumatı evdəkilərlə və dostları ilə paylaşmalı idi, yoxsa öləndən sonra oxuyacaqları məktubla öyrənmə idilər? Çox düşünsə də, bunu onun dilindən eşitmələri daha uyğun olacaq deyə demək qərarına gəldi. Söhbətə necə girməli olduğunu bilmirdi. Qarşılarına keçib, “mən intihar edəcəm, xəbəriniz olsun” deməliydi, yoxsa onlara yavaş-yavaş izah edərək başa salmalı idi? Anasının qəlbinin buna tab gətirməyəcəyini bilirdi, amma heç nəyin onu yolundan döndərməsinə icazə verməməsinə çalışmalı idi. Atasının necə reaksiya verəcəyini hələ də qərarlaşdıra bilməmişdi.
Cəfərin 27 yaşı var idi, bu yaşına qədər atasıyla münasibəti məsafəli olmuşdur. Buna görə nəsə etmək istəyərkən ilk öncə anasıyla məsləhətləşər, atasına qarşı ondan dəstək alardı. İndi anasından necə bir kömək ala bilərdi ki? Anasının qarşısına keçib, mən atama intihar etmək istədiyimi demək istəyirəm desə, ondan əvvəl, bəlkə də, anası öləcəkdi. Geriyə bir yol qalırdı. İkisini də qarşısına alıb, hər şeyi açıq şəkildə demək.
Anası - Məryəm evdar qadındır. Kollec təhsili alsa da, evləndikdən sonra iş həyatını bitirmiş, özünü Cəfərə həsr etmişdi. Daha yaxşı yetişməsi üçün əlindən gələni edirdi ki, o daha yaxşı yetişsin. Atası - Yaqub isə Məryəmdən 5 yaş böyükdür. Öz həyatında, heç kəslə işi olmayan birisidir. Atasından ona qalmış mağazanı böyüdüb, ikincisini açmaq istəyərkən batırmışdı. Ondan sonra bir şirkətdə xaricə gedəcək məhsulların qeydiyyat və digər lojistik proseslərini həyata keçirən vəzifəli deyə işləyir. Maaşı ona və ailəsinə çatır deyə şikayətçi deyil. İşdə də çox yorulmurdu deyə bu həyatına kiminsə qarışmaması üçün kölgə kimi yaşayır. Düşünürdü ki, belə edərək səssizcə hər kəsin gözündən qaça biləcək və heç kəs onun işlərinə əngəl ola bilməyəcək.
15 aprel
Cəfər axşam yeməyi üçün masaya əyləşdi. Anasının çəkdiyi yeməkdən biraz yeyib, əvvəl anasını, daha sonra atasını süzdü.
-Sizə demək istədiyim bir şey var.-deyə onların diqqətini çəkməyi bacardı.
-Nədir? Yoxsa evlənmək istəyirsən? - atası gülümsəyərək cavab verdi.
-Hardadı bizdə o bəxt. Yaşı da keçir, vaxtıdır bir yana, vaxtından keçir hətta - Məryəm dedi.
-Yox. Elə əsil vaxtıdır. İndi söz kəsilər, nişan olar, 1 ilə qədər də, həm biz hazırlaşarıq, həm onlar biraz pul yığar.
-Yaşıtlarımın 2-2 nəvəsi var, mən hələ oğlumun toyunu görməmişəm.
-Bəlkə məni dinləyəsiz - Cəfər əsəbləşmişdi. Ağzını açmadan öz bildiklərini etməyə başlamışdılar. Sanki o burda yox idi heç.
-Yaxşı, de, mənim balam - anası oğluna dedi.
-Əslində necə başlayım bilmirəm. Necə başlanmalı olduğunu da bilmirəm. Belə deyim …
Atası onun sözünü kəsərək dedi:
-Mən zarafat edirdim, bu, deyəsən, söhbəti evliliyə gətirir
-Gözlə, görmürsən, oğlun nəsə deyir? -anası da eyni şeyi düşünürdü. Sadəcə əmin olmaq üçün səbrsizliklə oğlunun deməsini gözləyirdi.
-Evlilikdən başqa düşündüyünüz şey yoxdur. Evliliklə bağlı bir şey deyil
-Bəs, nədir?
-Bunu demək asan deyil. Elə birbaşa demək daha asandır. Suallarınızı verərsiniz, buna görə cavablandıraram.
Cəfər biraz dayanıb, beynində nə deməli olduğunu qərarlaşdırdı. Bu an həm Məryəm, həm Yaqub dayanıb, onun nə deyəcəyini gözlədi.
-Deməli belə. Mən bir qərar almışam, sizdən də bu qərarıma hörmət etməyinizi istəyirəm. Edə biləcəyiniz hər hansısa müdaxilə mümkün deyil. Gecikdirsəniz belə bu olacaq. Qərarım qətidir, bunu ilk öncə bilməyinizi istəyirəm.
-Xaricə köçürsən?- Məryəm dedi.
-Onun kimi bir şeydir - Cəfər dedi. - 1 həftə sonra intihar edəcəm. -deyə davam etdi.
-Nə edəcəksən?
-İntihar.
-Mən də 2 saatdı bu nə deyəcək deyə yeməyimi soyutdum. Durub mənə yetiyetmə söhbəti edir.
-Mən ciddiyəm. Bunu da, məndən eşitməyiniz üçün deyirəm.
Yaqub masadan qalxır
Məryəm:
-Hara belə? Yeməyin qaldı.
-Oğlun doydurdu məni, sağ olsun. Bugünlük bu qədər kifayətdi.- deyərək Yaqub otaqdan çıxır.
-O nə sözdür deyirsən atana? İntihar hardan çıxdı? Hər ağlına gələni danışma.
-Məni ciddiyə almağınız üçün gərək özümü öldürməyimi gözləyəsiz? Öncədən demək istədim ki, məlumatınız olsun. Onsuz 1 həftə sonra görəcəksiz.
-Axmaq-axmaq danışma dedim sənə. Az danış, yeməyini ye.
Cəfər ayağa qalxır - bəsimdir. Doydum.
-Özün bilərsən. Acsan, mətbəxdən götürüb, yeyərsən.
Cəfərin ilk günki cəhdi heç uğurlu alınmamışdı. Amma bunu özü belə bir uğur idi. Onun üstünə düşən onları məlumatlandırmaq idi. Razı salmaq deyildi. Ən önəmlisi isə bununla bağlı bir mübahisə yaranmamış, ona qarşı bir əngəl formalaşdırmamışdılar. Bəlkə də, ciddiyə almamaları daha yaxşı olmuşdu.
16 aprel
Cəfər axşam hazırladığı vəsiyyətnaməsini səhər yeməyində gətirib, masaya qoyur.
Yaqub dedi:
-Bu nədir?
-Vəsiyyətnaməm. Amma indi açmayın. 1 həftə sonra açarsınız. Çox şey istəməmişəm. 1-2 şey var.
-Mən əsəbləşirəm. Yığışdır bu oyunu, yoxsa əlimdə qalacaqsan.
-İstədiyiniz kimi başa düşə bilərsiniz. Öz işinizdir. Mən üzərimə düşəni etdim. Sonra arxamdan “xəbərsiz getdin” kimi ifadələr işlətməyin.
Məryəm Cəfərə yaxınlaşıb, üzünü sığalladı.
-Sən ciddisən?
-Hə.
-Niyə? Nə olub?
-Heç nə. Nəsə olmalıdır?
-Özünü öldürmək istədiyini deyirsənsə, bunun bir izahı olmalı deyil?- Yaqub dedi.
-Xeyr.
-Necə yəni? Elə belə durduq yerə özünü öldürmək istəyirsən?
-Hə.
-Niyə?
-Səbəbi yoxdur. Yaşamaq istəmirəm.
-Nəyəsə ehtiyacın varsa, de. Boş yerə əsəblərimlə oynama.
-Heç nəyə ehtiyacım yoxdur.
-A bala, dərdin nədir, de, çarəsinə baxarıq.
-Niyə mənim dediyimi başa düşmürsüz? Sadəcə yaşamaq istəmirəm və bundan xəbəriniz olsun deyə deyirəm. Yoxsa sizi qorxuzmaq fikrində deyiləm ki, filan şey olmasa özümü öldürərəm. Başqasından eşitmək əvəzinə ya məni öldükdən sonra görərkən qorxmağınızı istəmirəm deyə öncədən məlumat verirəm sizə.
-Psixoloqa görünmək istəyirsən?
-Yox.
-Başqa ağrın var?
Cəfər əsəbləşib otaqdan çıxarkən ağzından - bunlara izah edənə qədər çərləyib, ölərəm. - dedi.
Cəfər otaqdan çıxandan sonra Məryəm Yaqubun yanında əyləşib- bu özünə nəsə eləməz? -dedi.
-Can şirindi. Yəqin nəsə yaşayıb, hirslənib. Biraz keçsin fikri dəyişəcək. Normaldı. Sadəcə yenə də, gözdən buraxmamaq lazımdır.
-Hardan girir belə şeylər başına? Özünü öldürmək hardan çıxdı? Gəlib, bizə də deyir özü də. Sən yenə də təkbətək söhbət elə. Bəlkə elə deyər.
-Danışaram.
Məryəm ayağa qalxıb, süfrəni yığışdırmaqla məşğul oldu. Yaqub da ayağa qalxıb, işə getmək üçün hazırlaşırdı ki, telefonuna zəng gəldi. Zəng edən onun rayondan qohumu idi.
-Bu xeyir ola mənə zəng edib- deyərək telefonu cavablandırdı.
Səs tonundan hirsli olduğunu başa düşmüşdü. Salamını belə uzatmayıb, mövzuya keçmişdi.
-Bizim uşaqlar oğlunun yazdığını göstərdi. Dedim bir də mən zəng edib, dəqiqləşdirim. Nə olub?
-Cəfər? Nə yazıb?
-Oğlunuzun nə yazdığından xəbəriniz yoxdur?
-Təxmin edirəm. Sən hələ de.
-Bunu necə deyərlər, ölmək istədiyi ilə bağlı bir şey yazıb, vaxt da qoyub ki, 1 həftə sonra özümü öldürəcəm. Xəbəriniz olsun.
-Bu uşağın ciddi şəkildə problemi var. - Məryəmə dedi. - Narahat olma, özüm məşğul olacam -deyərək telefonu söndürdü.
-Götürüb, özünü öldürəcəyini internetdə də paylaşıb.
-Bu uşağın məqsədi nədir belə?
Otağına gedib, onu axtarsa da, tapa bilmədi.
-Nə vaxt çıxdı?
-Bilmirəm. Sənlə bir yerdəydim.
-Danışaram axşam - deyərək saatına baxdı. İşə gecikəcəyinin fərqinə varıb, evdən çıxdı.
Axşam gəlməyini gözləsə də, anasına mesaj atmışdı ki, evə gəlməyəcək, dostunun evində qalacaq. Yaqub zəng edib, gəlməyini istəsə də, sabah danışarıq deyərək telefonu söndürdü.
17 aprel
-Qərarına hörmət edirəm, amma qəbullana bilmirəm. - Cəfərin yaxın dostu olan Zəki dedi.
-Niyə qəribə gəlir, axı? Məntiqsiz olan nədir?
-Özünü öldürmək istəməyin. Bundan başqa nə olsun?
-Yaşamaq istəmirəm.
-İstədiklərini edə bilmirsən deyədir? Gözlə, çalış, bəlkə daha gözəl bir həyata sahib olacaqsan?
-İstəmirəm. Şəxsi bir səbəb axtarma altından. Pul, imkan, xoşbəxtlik- heç biri səbəb deyil.
-Yaşamaq gözəldir. Əmin ol.
-Belə yaşamaq deyil. Yaşaya bilmirsənsə boş yerə ömür sürmək oğurluqdur. Ən yaxşısı özümü öldürməkdir.
-Yaşamağın üçün nə lazımdır?
-Bilmirəm. Özümü dünyada xoşbəxt hiss etmirəm. Dünyaya niyə gəlmişəm, niyə varam, niyə yaşayıram, bilmirəm.
-Bu qədər sadə?
-Hə. Nə olmalı idi?
-Yəni özünə bir tarix seçmisən və o tarixdə özünü öldürəcəksən.
-Doğrudur. Tanrıya qalib gələcəm. Mənim nə zaman öləcəyimi, necə öləcəyimi o deyil, mən qərar verəcəm. Bəlkə də, buna görə intihar etməyi günah görür. Onun qərarına müdaxilə edirik deyə.
-Maraqlı yanaşmadır. Ola bilər.
-Sən də başa düşmürsən məni, sadəcə nə edəcəyini bilmədiyindən məcbur susmağı tərcih edirsən.
-Öz həyatındır. Qərar vermisən və mənə sadəcə buna hörmət etmək düşür.
Zəkinin düşdüyü çətin vəziyyətdə əlindən başqa bir şey gəlmirdi. İlk dəfə idi ki, bir şəxsin nə zaman öləcəyini bilirdi. Neçə günsə sonra indi danışdığı dostu artıq olmayacaqdı və bunu özü də bilirdi. Danışarkən ona diqqət etməyə başladı. Özüncə analiz etməyə çalışdı ki, bəlkə bir problemi var. Bəlkə əslində bunu etmək istəmir. Ona necə kömək edə bilərəm?-deyə düşüncəyə getdi.
-Mənə edə biləcəyin tək şey mənə əngəl olmağa çalışmamağındır. Çünki heç bir şəxs və hadisə məni fikrimdən döndərə bilməyəcək. Boş yerə özünüzü yormayın. Peşman etməyin məni sizinlə bu xəbəri paylaşdığıma. Sadəcə bunu istəyirəm.
Telefonunu çıxarıb, Zəkiyə göstərdi. Dünəndən bəri yüzlərlə zəng gəlib. Hər birini eyni sualı verəcək, ağlıyca məni fikrimdən döndərməyə çalışacaq. Heç kəs düşünməyəcək ki, niyə qarışıram? Bu onun həyatı deyil? Mənə nə? Özünü öldürmək istəyir? Öldürsün. Ölən ki, özüdür. Kimsə dünyaya gələrkən gəl sənə məsləhət verim demədisə, indi niyə sıraya düzülüblər ki, ölmə, yaşa. Yaşamaq yaxşı şeydirsə, yaşayın. Buna yaşamaq deyilirsə, o da.
-Çıx, get. Xaricdə həyatını qur.
-Orda eyni həyatı yaşamayacam? Orda işləməyəcəm? Orda sevməyəcəm? Orda səhər çıxıb, axşam evə dönməyəcəm? Orda avtobusa minməyəcəm? Orda da, həyatıma burnunu soxmağa çalışan insanlarla rastlaşmayacam? Orda insanlar acından ölmür, bəlkə? Orda insanların hamısı xoşbəxtdir, bəlkə?
-Sənə nə başqasından? Özün başqasının həyatına müdaxiləsinə səhv kimi baxırsan, özün başqasının həyatına görə intihar etməyi düşünürsən.
-Mən insanların necə yaşamasını düşünmürəm. Maraqlı da deyil. Mənim problemim dünya ilədir. Mənasızdır. Sıxıcıdır. İstəmirəm burda boş yerə ömür çürütmək. Əvvəl-axır ölməyəcəm? Mən prosesi tezləşdirirəm. Daha az əziyyətli, daha az bəlalı. Həyatı zirvədə buraxıram.
Zəkinin demək istədiyi bəlkə çox şey var idi, amma hirsindən dodaqları əsirdi deyə danışmaq istəmirdi. Ona görə bu qərar çox axmaq fikir idi. Zaman-zaman hər kəsin intiharı düşünməsi normaldır. Yeniyetməlik dövründə hələki çox görülən hadisədir. Amma 27 yaşlı bir insanın bu düşüncədə olması və inadla bunu istəməsi heç cür ona məntiqli gəlmirdi. Yaşayıb, mübarizə aparmaq əvəzinə qaçıb, getməyi tərcih edirdi.
Yaşamaq və yaşamaq istəməyib, qaçmaq onun yolu idi, seçimini o edəcəkdi nəticə etibarılə. Amma dostunun ölümünü qəbullana bilmirdi deyə qərarsız qalmışdı.
Cəfər Zəkiylə sağollaşdıqdan sonra evə gəldi. Məryəm və Yaqubun hazır şəkildə onu gözlədiyini görüb, başa düşdü ki, işgəncə daha bir neçə gün davam edəcək.
-Eşidirəm sizi.
-Əsl biz səni eşidirik. - Yaqub dedi.
-Səsimin yaxşı olduğunu düşünmürəm.
-Bir psixoloqla danışmışıq. Sabah onun yanına gedəcəksən. - Məryəm dedi.
-Gedərəm. -Cəfər etiraz etmədən, qəbul etdi.
Cəfərin etiraz edəcəyinə özlərinə hazırladıqlarından qəbul etmələri onları təəccübləndirmişdi.
-Gedəcəksən, ha. Qaçıb, getmək yoxdur.
-Gedəcəm dedim də. Amma bir gün. İstəyirsinizsə, ard-arda 2-3 də gedə bilərəm. Problem deyil, amma sonrası üçün bir söz verə bilməyəcəm.
-Sabah get. Sonrasına baxarıq.
Cəfər yaxşı deyərək otağına keçdi.
-Sabah qoyma qaçıb, harasa getsin. Özün apar taksiylə, əmin ol getdiyindən. - Yaqub dedi.
Məryəm Cəfəri düşündüyündən ilk başda reaksiya verməsə də, Yaqubun təsdiq gözlədiyini görüb, başı ilə “yaxşı” işarə edərək ayağa qalxdı.
Cəfərin otağına getmək istəsə də, qapıda fikrindən dönüb, öz otağına keçdi.
18 aprel
Səhər saat 9- idi, Məryəm Cəfəri yuxudan oyadaraq, qalxıb, hazırlaşmağını istədi.
-Hara gedirik?
-Dünən söz vermişdin. Bugün psixoloqla görüşəcəksən.
-Bu saatda nə psixoloqu imiş. Son günlərimdə buraxın doyunca yatım.
-Az danış, qalx, hazırlaş.
Cəfər deyinərək yatağından qalxdı. - Millət son günlərini əylənərək keçirmək istəyir, mən yataraq.
Paltarını geyinib, anasının yanına gəldi.
-Saçını darayardın heç olmasa.
-Ünvanı ver, gedim.
-Yeməyini ye, bir yerdə gedəcik.
-Ac deyiləm. Yolda atışdıraram. Bir də, sən hara gedirsən? Buraxmayacaq, axı yanına.
-Mən qapıda gözləyərəm.
Cəfər gülərək:
-Qorxursan birdən getmərəm? Gedəcəm. Buna görə dalaşan deyiləm. Məndən istədiyiniz son şeydir, onu da yerinə yetirəcəm.
-Atan dediki bir gedin. Müdaxilə edən deyiləm. Sadəcə birlikdə gedək. Həm gəzmiş olarıq.
-Yaxşı.
Birlikdə evdən çıxdılar. Psixoloqun qəbuluna qədər gəzmək istəsələr də, gecikəcəklərini görüb, gəzməyi çıxışa saxladılar. Psixoloqun kabinetinin önündə dayanaraq sıralarını gözləyib, sıraları gələndə Məryəm çöldə gözlədiyini deyərək Cəfəri tək başına içəri göndərdi.
Psixoloq ilk öncə gülümsəyib, Cəfərlə salamlaşıb, ona yer göstərdi.
-Necəsiz?
-Pis deyiləm.
-Deməli, yaxşı olmağınız üçün ümid yerim var. -deyərək, psixoloq gülümsədi. - Nə içərdiniz? Çay, kofe, soyuq içkilərdən bir şey. Nə arzulayardınız?
-Kofe, zəhmət olmasa.
-Mən də, kofe tərcih edirəm. Hər kəs zərərli içki olduğunu desə də, mən çox sevirəm. Bir gün kofesiz qalmışdım deyə az qalsın özümü öldürüm, amma öldürmədim.
-Kaş öldürsəydiniz. Yaşamaq elə də əyləncəli deyil.
-Canını sevən birisiyəm. Dünyada hər kəs ölsün, bir mən qalım desələr, 1 saniyə belə düşünmərəm.
-Məndə də tam əksidir. Dünyada hər kəs yaşasın, bir mən ölüm desələr, yenə razı olaram.
-Mənim də, bu düşüncədə olduğum dövrlər olub. Amma dəyişə bildim
-Necə? - deyə Cəfər dedi.
-Özüm sayəsind. İnsanın həkimi özü olmalıdır. Çünki ən düzgün diaqnozu özümüz qoyarıq. Baxdım, bu dnyada məndən önəmli nə ola bilər ki, deyə düşündüm. Dünyaya bir dəfə gəlmişəm, bundan sonra başıma nə gələcək, var olacammı onu belə bilmirəm. Niyə ölümə tələsim? Dünyanın nemətlərindən istifadə etmək lazımdır. Sevmək, yemək, sevişmək lazımdır.
- Nə gözəl, yaşayın.
Psixoloq arxaya söykənərək, şeytani gülüşüylə Cəfərə gözünü zilləyərək baxdı.
-Sizin haqqınızda kiçik də, olsa məlumatım var. Amma istəyərdim bir də, sizin dilinizdən eşidim.
-Nə eşitmək istəyirsiniz?
-Özünüz haqqınızda danışın.
-Adım Cəfərdir. 27 yaşım var. Bu ilə qədər boşa yaşadığını, bundan sonra da boş yaşamaq istəmədiyini düşünən və buna görə də, yaşamına son vermək qərarını verən, amma ailəsi və ətrafı tərəfindən anlaşılmayan bir şəxsəm.
-Həyatın boş olduğuna necə qənaətə gəlmisiz? Hansı hadisə və ya kimsə bu düşüncəyə gətirdi?
-Özüm. Gördüklərim və yaşadıqlarım. Maraqsızdır. Bugün dünənin eynisidir. Sanki kimsə komputerdən təkrarlayıb, buraxıb.
-Amma dünən burda olmamısınız. Fərqlilik qatmaq mümkündür istədiyimiz zaman.
-Güclə gətirməsələr gəlməzdim. Həyatımız məcburi etdiklərimizdən ibarətdir. Məcburi yaşayırıq. Çünki nə zaman öləcəyimizə biz qərar vermirik. Oturub, gözləyirik ki, nə zaman öləcik. Ölənə qədər də, başımızı qatmağa fərdişlər axtarırıq. Ya qurduğumuz sistemin içərisində mənasız işlərlə daha da mənasızlaşdırırıq həyatımızı.
-Buna görə həyatınıza son vermək istəyirsiniz?
-Həm hə, həm də, yox. Bu savaşda tanrı mənə qalib gələ bilməyəcək. Mən qazanacam.
-Sizə görə ölümdən sonra nə var? Yəni ölümü necə görürsünüz?
-Bu barədə heç düşünməmişəm. Maraqlı da, deyil açığı.
-Amma insan hara gedəcəyi ilə bağlı maraqlanar. Bəzən məndə də, olur. Oturub, düşünürəm. Görəsən, ölüb, gedəndən sonra hara gedəcəm? Başıma nə gələcək? Həqiqətən, bir cənnət-cəhənnəm mövcuddurmu? Mən hansına düşəcəm?
-Yaşamaq istəmirəm. Bunu anlamaq çoxmu çətindir?
-Xeyr. Məni yanlış anladınız. Mən nə sizi fikrinizdən döndərməyə, nə də təsir etməyə çalışmıram. Anlamağa çalışıram sadəcə.
-Siz niyə yaşamaq istəyirsiniz? Niyə görə ölmək istəmirsiniz?
-Ölmək üçün səbəbim yoxdur deyə-psixoloq bu suala gülümsəyərək cavab verdi. Deyəsən, gözləməmişdi. Daha doğrusu bu barədə heç düşünməmişdi. Cəfərin diqqətini cəlb etmədən sualı not dəftərinin bir küncündə qeyd elədi.
Söhbət biraz daha davam etdikdən sonra sağollaşıb, Cəfəri yola saldı. Cəfər anasının da burada olduğunu, sözü varsa, çağıra biləcəyini desə də, ehtiyac olmadığını deyərək ayrıldı.
Cəfər anasının yanına gəlib, gedə biləcəklərini dedi. Birlikdə dəniz kənarında dolaşıb, restoranda oturduqdan sonra evə yollandılar. Psixoloqla nə danışdığı haqda sual versə də, qısa cavablarla üstündən keçdi.
Psixoloqla nə danışdığını axşam Yaqubdan öyrənə biləcəyini bildiyindən o da, çox üstünə getməyərək söhbəti bağladı.
19 aprel
Cəfər yuxudan oyananda əl-qolunun bağlı olduğunu görüb, ilk başda anlamasa da, qarşısında ana və atasını görəndən sonra məqsədlərini anlayıb, gülməyə başladı.
-Siz, həqiqətən, uşaqsınız. Bu nə hərkəkətdir?
-Fikrindən dönənə qədər burda bağlı qalacaqsan.
-Çox gözəl. Saxlayın burda belə. Amma düz yatmaq mənə çətindir. Heç olmasa bir qolumu açın, yana çevrilib, yata bilim.
-Xeyr, belə qalacaqsan -Yaqub deyərək, Məryəmi də əliylə çəkərək otaqdan çıxdı.
Cəfər heç bir reaksiya vermədən sakit vəziyyətdə yatağında uzanaraq yuxuya getdi. Anası içəri daxil olanda Yaqub artıq evdən çıxmışdı.
-Cəfər! Yatmısan?
-Artıq yox.
-Yemək gətirmişəm.
-Əsirə qarşı humanist addımdır bu.
-Sən əsirsən?
-Deyiləm?
-Bunu sən istədin. Səni fikrindən döndərməyin başqa yolu yoxdur. Atan fikrindən dönməyənə qədər səni buraxmayacağını deyir.
-Özünüz bilərsiniz. Bir ömür saxlayın məni burda.
-Psixoloq deyib ki, yaşadığı bir hadisədən təsirlənmiş ola bilər, ya həmin tarixin özəl bir səbəbi var. Həmin tarixə qədər özünə nəsə etməsə, sağalacaq. Bizə də, tək qalan çarə səni 3-4 gün bağlı saxlamaq olacaq - Məryəmin sözlər ağzından fasilələlərlə çıxırdı. Hər sözün arasında dayanırdı.
-Məni göndərdiyiniz psixoloq bundan artıq olmayacaq ki. Fikrimdən dönən deyiləm. Neçə il saxlasanız da, mən dediyimi edəcəm.
Məryəmin gözü dolmuşdu. İçindən nəsə demək keçsə də, heç nə demədən otaqdan çıxdı.
Axşam Yaqub işdən gələndən sonra Cəfərin arxayın şəkildə uzandığını görüb, Məryəmə yemək verməməsini deyir. Məryəm bu qədər də çoxdur desə də, Yaqub verməməsini israrla deyərək otaqdan çıxır. Cəfərin sakitliyi və vecsizliyi onları daha da hirsləndirirdi. Cəfər isə vəziyyətindən rahat idi. Uzanmışdı, yatırdı. 1-2 gün də burada belə yatsa, pis olmazdı. Ölərkən yorğun olmaq istəmirdi.
İlk başda ölüm onu biraz da olsa, qorxuzsa da, artıq onun üçün prinsip halına çevrilmişdi. Etdiyinin doğruluğundan əmin olaraq içinə rahatlıq hopmuşdu. Zaman keçdikcə fərqinə varırdı ki, onun yaşamaq istəməməyinə əsas səbəb insanlardan qurtulmaq istəyi idi. Bəlkə bir kimsəsiz adada yaşamaq şansı olsa idi, fikrindən daşınardı. Amma özünün bir Robinzod Kruzo olmadığını anlayırdı.
20 aprel
Cəfərin yatağında dustaq qalmasına görə telefonuna heç zəng kəs zəng edə, yazdığı mesajına cavab ala bilmirdi. Panika içərisində ya Məryəmə, ya Yaquba zəng edir, Cəfərin vəziyyətini soruşur, harda olduğu ilə bağlı məlumat almaq istəyirdilər. Telefonunu niyə istifadə etmədiyini soruşur, narahatlılıqlarını dilə gətirirdilər. Evin ünvanını bilənlər isə qapıya gələrək evdən maraqlanmaq istəyirdi. Gələn hər kəsə yaxşı olduğunu, tək qalmaq istədiyini deyərək görüşdürmədən geri göndərirdilər.
Axşam Yaqub otağa daxil olaraq Cəfərin qarşısına keçir.
-Düşündün?
-Nəyi?
-Fikrini dəyişməyi.
-Niyə dəyişim?
-Sənə bir təklifim var. Evi satıram. Pulun kiçik bir hissəsini götürüb, geri qalan hissəini də sənə verəcəm. Götür, çıx get istədiyin ölkəyə.
Cəfər gülümsəyərək, ahh çəkir. - Məni anlamaq istəməməyiniz məni əsəb edir.
-Əgər problem biziksə, bizi bir daha görmə. Heç telefonla da danışma. Razıyam.
Cəfər heç nə demədən onlara baxırdı. Sonra sola dönüb, yatmaq istəsə də, qolunu dartıb, əzdi.
-Heç olmasa bir qolumu açın, rahat yatım.
-Sənin elədiyin artislikdir. Özünə nəsə etməyəyəcəyini bilirəm. Sadəcə sənə dərs vermək üçün ac, susuz saxlayıb, peşman olana qədər süründürəcəm.
-İstəsəm sizi yalandan aldadıb, heç nə etməyəcəyimə inandıra bilərəm. Əl-qolumu açandan sonra istədiyimi edərəm yenə də. Mən sizə qarşı səmimiliyimi qoruyuram və deyirəm ki, burda məni aylarla, illərlə də tutsanız, nəsə dəyişməyəcək. Sadəcə zaman olaraq biraz gecikməsinə səbəb olacaqsız.
Yaqub otaqdan çıxıb, fikrə getdi. Başqa nə edə bilərdi? Nə etməli idi ki, oğlu fikrindən dönsün? Bəlkə açıb, buraxmalı idi. Özü versin qərarı. Ölümü hiss edənə yaxın peşmanlıq çəkib, fikrindən dönər deyə düşündü. Amma ya etməzsə, necə olacaq? Göz görə-görə onu ölümə göndərə bilməzdi. Amma belə də, əlindən bir şey gəlmirdi.
21 aprel
Məryəm otağa daxil olub, oğluna baxdı. Cəfər həvəssiz bir şəkildə anasına baxırdı. Yenə bir saat danışıb, onu fikrindən döndərməyə çalışacaqdı. Məryəmin rəngi ağarmışdı, gözünün altı şişmişdi. Üzündən gecəni yatmadığı aydın görünürdü.
-Sən özünü öldürəndən sonra mən də özümü öldürəcəm. -dedi.
Cəfər baxıb, gülümsədi. -Bununla fikrimdən döndərə biləcəyinizi düşünürsüz? Mən öləndən sonra kimə nə olacağı maraqlı deyil. Özünüz bilərsiz.
-Səni qorxuzmaq fikrində deyiləm. Sadəcə deyirəm. Səndən sonra yaşamağın elə də bir əhəmiyyəti qalmır.
Cəfər heç nə demədən anasına baxdı. Məryəm hərəkət etmədən dayanıb, yerə baxırdı. Bir dəqiqədən artıq idi ki, tərpənmirdi. Bəlkə də, ayaqüstündə yuxulayırdı. Özünə gəldiyində Cəfərə yaxınlaşaraq sırayla onun qollarını açdı. Cəfər hadisəni başa düşməyib, yerindən tərpənmədi. Anasının nə etmək istədiyini başa düşmürdü. Nə baş verirdi?-deyə versiyalar hazırlamağa başladı.
-Bir günün qalıb, get, əylən doyunca.
Cibindən yüzlükləri çıxarıb, ona uzatdı.
-Bunu nə edəcəm? - Cəfər pulu əlinə alaraq, dedi.
-Həyatını yaşa. Sonuncu günün dadını çıxar.
-Mən yaşamaq istəmirəm deyirdim. Yaşamaq dərdi çəksəm bu yola əl atmazdım. Ya sizin təkliflərinizi qəbul edərdim. -Pulu Məryəmə uzadaraq - Pul səndə qalsın. Mən yatıb, dincələcəm. - dedi.
-Xahiş edirəm. Son xahişimi yerə salma heç olmasa.
-Yaxşı -deyərək pulun arasından bir dənə yüzlüyü götürdü ki, bu bəsimdir.
Nə edəcəyini bilməsə də, axşama qədər hardasa vaxt öldürməli olduğunu bilirdi. Parklardan birində əyləşib, dincələ bilərdi. Parklar nə üçün var?! Gedib, istirahət edə bilərdi. Marketə girib, yüz manatı bitirəcək qədər bir şey almaq istəsə də, xərclədiyi pul iyirmi manatı keçə bilməmişdi. Bir də, şərab almışdı ki, onunla belə pulun yarısı ancaq tamamlanırdı. Pulu cibində saxlayaraq marketdən çıxıb, piyada parka doğru qalxıb, boş yerlərdən birində əlindəkiləri yanına töküb, başladı sırayla açmağa. Nə etsin deyə düşünürdü ki, hər zaman etmək istədiyi, amma edə bilmədiyi bir şey olsun. Xatırlaya bilmirdi. Hər şey gözündən elə düşmüşdü ki, istədiyi tək şey günün bitməsi və böyük günün gəlməsi idi. Bunun üçün evdə yata biləcəyi halda, anası onu evdən qovmuşdu. Əlinə aldığı şəraba baxaraq - bunu nəzərdə tuturdu? Budur həyatımın son gününün çıxaracağım dadı?
Uzaqdan iri addımlarla uzaqlaşan qadın Cəfəri görüb, ona yaxınlaşdı.
-Məscid hardadır?
-Məscid? Bu tərəfdə olmalıdır -deyərək işarə elədi.
-Səhər itlər üstümə necə atladısa. Qorxuram o yoldan getməyə.
- Qorxmayın, burada it olmur.
-Amma səhər var idi.
-Ola bilər. Siz yenə də, qorxmayın.
-Bu itləri niyə buraxmısız da. Demirlər yaşlı qadınam, atlayar, parçalayar məni. Kimdi bu yaşdan sonra mənə baxan. Düz demirəm?
-Düz deyirsiniz.
-Siqaretin olar bəlkə, dostum.
-Çəkən deyiləm.
-Elə mən də. Zərərlidir. Çəkmə.
Qadın getmək istəyərkən, Cəfər saxlayır. -Xanım.
-Eşidirəm.
-Bir dəqiqə dayanın, sizə bir şey deyəcəm.
-Xahiş edirəm tez deyin. Məscidə getməliyəm. Allaha deməli olduğum məsələ var.
-Nədir?
-Allahadır, sizə deyil.
-Bəlkə allah mənim dilimlə sizinlə danışacaq? Həm mən sabah öləcəm, sizin dediklərinizi daha tez çatdıra bilərəm ona.
-Mənə bu yaxşılığı edərsiniz?
-Niyə olmasın.
-Çox sağ olun, mən də qorxurdum yolu keçməyə. İtlərdən də qurtulmuş oldum.
Cəfər cibindən pulu çıxarıb, qadına uzatdı.
-Allah hələlik bununla dolansın, qalanını sonra göndərəcəm -dedi.
-Yadından çıxmaz? Dəqiq göndərəcək?
-Bilmirəm. Mənə elə dedi.
-Borc alaram kimdənsə, sonra göndərər, ona verərəm.
-Yaxşı.
-Yaxşı yol sənə də -deyərək, qadın uzaqlaşdı.
Başını yuxarı qaldırıb, səmaya baxaraq - görürsən də, sənin adına xeyir işlər görürəm. Cibimdəki bütün pulu xərclədim. Bunu nəzərə alarsan.
Yanından keçən qızlar ona baxıb, gülümsədi.
Marketdən aldıqlarını paketləyib, kənara qoyaraq uzaqlaşdı. Şəhərin küçələrini piyada gəzdikdən sonra ayağının ağrıdığını hiss edib, evə dönməyin vaxtı olduğunu başa düşdü. Cibindən pul çıxarmaq istəsə də, sadəcə qəpiklər qalmışdı.
-Kaş qadına pulun hamısını verməsəydim. Taksinin pulunu saxlasaydım deyərək son qəpiyiylə metroya düşdü. Özünə yer edib, əyləşmək istəsə də, bacara bildiyi tək şey özünü bir küncə verib, söykənə bilmək oldu.
Evə gedəndə anasının süfrə açdığını, sevdiyi bütün yeməkləri masaya düzdüyünü gördü.
-Əyləş.
-Ac deyiləm.
-İmkan ver sonuncu dəfə ailəvi yemək yeyək -deyə Yaqub uzun müddətli sakitliyini pozdu.
Cəfər əyləşib, yeməklərdən biraz-biraz yeməyə başladı. Ayağının ağrısından yeməyin dadını ala bilməsə də, anladığı tək şey dünyada yaşamağın mənası varsa, o da “yemək” olması idi. Həqiqətən, insanlara verilmiş ən böyük bəxş yemək idi. Təbii ki, bir də bunun çıxarmaq. Düşündü ki, başqa nə ola bilər? Seks? Ola bilər, amma yemək qədər deyildi. Bir də, şübhəsiz, gəzmək. Amma ondan doymuşdu deyə onu ən sona yazdı. İlk sırada yemək, sonra onu sıçmaq, daha sonra seks etmək və sonda da gəzmək. Unutduğu və ən önəmlisini sonra xatırladı. YATMAQ. Mütləq ki, hər birindən daha şirini yatmaq idi. Yuxunun verdiyi şirinlik qədər hələ heç nədən dad ala bilməmişdi. Ağlına “əlimdə olsa, bir ömür yataram” gəldi, sonra gülümsəyib, əlimdədi və artıq çox yaxınam deyə düşündü. Saata baxdı. “Əbədi yuxu”yla onun arasında “şirin yuxu” var idi. Yatacaq, oyanacaq və “əbədi yuxu”ya gedəcəkdi.
22 aprel
Səhər oyanmaq istəmirdi heç kəs. Cəfərlə gəldikləri razılığa görə axşam qaranlıq düşənə qədər evə gəlməyəcəkdilər. Evdə kiminsə olmasını istəmirdi. Canına son vermək üçün başqa yerə getmək istəmirdi. Evdə də, yanında kimsə olarsa, ona müdaxilə edəcəyindən əmin idi. Ən yaxşısı tək qalmaq idi.
Yataqlarında oyanıb, otursalar da, artıq qalxmaq zamanı idi. Hər ötürdükləri zaman oğullarını onlara biraz daha yaxınlaşdırdıqlarını düşünürdülər. Zaman az qalarsa, düşünməyə vaxtı qalmaz, axşam olanda da, bacara bilmədim deyərək fikrindən dönərdi.
Addımlarını belə o qədər yavaş atırdılar ki, kənardan gülünc görünürdü. Cəfər isə heç nə demədən onları izləyirdi. Onun da həyəcanlı olduğu hiss olunurdu. Əlləri əsir, danışarkən sözlər ağzında düyün olurdu. Pəltəkləyir, cümləni tamamlaya bilmirdi.
-Artıq getmək zamanıdır -deyərək onlara vaxtın olduğunu bildirdi.
Hər ikisi yaxınlaşıb, Cəfərlə görüşüb, ağlamağa başladı.
-Ümid edirəm peşman olacağın bir şeyi etmirsən -Yaqub, özünü yığışdırıb, ciddiləşdi.
-Əmin ol, deyiləm -deyə, Cəfər onu rahatlaşdırmağa çalışdı.
Hər ikisi arxasına baxa-baxa qapıdan çölə çıxıb, hara gedəcəklərini düşündülər. Nə etməliydilər? Bəlkə, elə buralarda bir yerdə otursunlar? Övladlarına verdikləri sözmü dəyərli idi, ya övladlarının həyatı? Yaşamaq qərarını ona buraxmaqla düzgün addım atırdılar?
İçlərindəki səs “kaş, peşman olsa, bacarmasa” deyir, bir ümidlə həyata bağlanırdılar.
Evdən biraz aralıda yerləşən kafedə oturub, saatın hər saniyəsini ürək ağrısı ilə ötürür, nə oldu? Nə etdi?-deyə suallara cavab axtarmağa çalışırdılar. Evə kamera qoymaq niyə ağıllarına gəlməmişdi ki? Bir müddətdən sonra nə etdiyini deyil, özünü necə öldürdüyünü düşünməyə başladılar. Cəfər canını sevən birisi idi. Bıçaqla kəsməzdi. İplə də, asmaz. Dərmandan istifadə edəcəkdi böyük ehtimal. İntiharı, gününü düşünən adam yəqin onu da hesaba qatmış olar.
Bir gözləri çöldə, günəşdə idi. Günəş hər biraz əyildiyində övladları onlardan biraz daha uzaqlaşırdı sanki. Günəşin yerini ay almağa başladıqca həyəcandan öləcəklərini başa düşüb evə getmək qərarını aldılar. Həm dedikləri kimi zaman dolmuşdu. Evə getmək və Cəfərin bir küncdə sağ şəkildə oturduğunu görmək tək arzuları idi.
Evə yaxınlaşdıqca ayaqları əsməyə başlayır, irəliləməkdə çətinlik çəkirdilər. Evə girib, ya gözlədikləri kimi olmasa idi, nə olacaqdı? Buna hazırdılarmı?
Qapıya yaxınlaşıb, bir-birilərinə baxdılar. Heç birinin əli qapıya getmirdi. Qapını açmaq və içəri girmək qalırdı bircə. Yaqub cəsarətini topladıqdan sonra qapını açıb, içəri girdi. Məryəmin ayaqları getmək istəməsə də, nə olduğunu öyrənmək üçün özünü içəri atdı. Nə olduğunu öyrənməyin başqa yolu yox idi. Hər növbəti addımları daha da, ağırlaşırdı. Gözləriylə Cəfəri axtarmaq yerinə, qulaqlarıyla bir ümidin səsini dinləməyi üstün tuturdular. Bəlkə...
MANERA.AZ