manera.az
manera.az

İtik - Bilal Alarlının yazısı

İtik - Bilal Alarlının yazısı
Nəvəm tay-tuşları ilə İnçəçayın sahilində oynayarkən beş manat pul tapmışdı, bunu onun ətrafındakı bütün uşaqlar görmüşdü. Nəvəm sadəlövh olduğundan tapdığı pulu nümayiş etdirmiş, "Beş manat pul tapdım", demişdi.

Əlbəttə, o yaşda uşaqlarda beş manat olmur, yəni qəpik-quruşa qane olurlar, buna görə də nəvəmin tay-tuşları pula yiyə dura bilməzdilər və durmamışdılar. Nəvəm pulu götürüb evə gəlmişdi, biz də ondan bu pulu almadıq, məktəb yaxınlaşır, dedik, özünə dəftər-qələm alarsan.

Amma sən demə, məsələ bu qədər sadə həll olunmurmuş, bir azdan nəvəmlə çayın kənarında oynayan Həsənin anası Yapmaxanım əlini-qolunu ölçə-ölçə bizə gəldi, nəfəs dərmədən döşədi:

-Qıza, çayda paltar yuyurdum, pulu da şalımın ucuna bağlamışdım, dükandan qənd-çay alacaqdım, evə gedəndə baxdım ki, şalımın düyünçəsi açılıb, pul düşüb.

Mən Yapmaxanımın həyasız bir qadın olduğunu bilirdim, ona görə də dərinə getmədən evdəkilərə dedim, pulu verin, çıxıb getsin, yoxsa camaatı yığacaq qapımıza.

Nəvəm sinəsini irəli verib, Yapmaxanımdan soruşdu:

-Neçə manat itiribsən?
Yapmaxanım səsinin cır yerinə salıb qışqırdı:
-Sən neçə manat tapıbsan?
Nəvəm dedi:
-Beş manat.
Yapmaxanım bağırdı:

-Elə mən də beş manat itirmişəm.
Nəvəm büküb cibinin ddərinliyində gizlədiyi beş manatı çıxardı, Yapmaxanım pulu göydə qapançalayıb, danışa-danışa getdi. Təşəkkür-zad da eləmədi, sanki nəvəm pulu tapmaqda günah iş görüb.

Yapmaxanım gedəndən sonra rahat nəfəs aldıq ki, qalmaqal sovuşdu. Amma sən demə mərəkə hələ indi başlayırmış, nəvəm beş manatı çayın sahilindən tapanda onunla oynayan Hüseynin bibisi Bibiqız evimizin üstünə hücum çəkdi:

-Bala, pulu tapıbsan, gətir yiyəsinə ver, görmürsən üç gündü, çayın qırağında dolaşıram? Qardaşım uşaqlarını gətirməyə getmişdim, pulu da corabın böyrünə dürtmüşdüm, alverçiyə borcluyam, dedim, borcunu yığmağa gələndə əlimi atıb verərəm. Bir də gördüm, corab sürüşüb, pul da düşüb. Gətir pulumu ver, verməsən dünyanı burya yığacağam.

Bibiqıza başa salmağa çalışdım ki, pulu Yapmaxanım aparıb, get ondan al, amma sözümü tutmadı, dedi, yaxamda Quran var, and olsun bu müqəddəs kitaba, qarğış elərəm, beş manatı sağ-salamat yeməzsiniz, beş qatını qusarsınız.

Bibiqızın Qurana and içməsi onun yalançı olmadığına məndə inam yaratdı, çıxarıb beş manat pul verdim, getdi.

Bu əhvalatın üstündən üç-dörd saat keçmişdi, nəvəmin tay-tuşlarından olan Əlinin nənəsi Kilkəkinə həyət qapımızı döydü. Qapını açdım, bir əlini belinə qoyub, əyilə-əyilə yeriyən, kənddə Uzuntuman Kinə kimi ad çıxarmış nənəm yaşda olan arvad alçaq səslə, nəfəs dərə-dərə dedi:

-Bala, o pulu nəzir boyun almışam, məscidə aparıb, Ələmə bağlayacağam. Onu yemək olmaz, qaytar nəziri! Çayın qırağında körpələrin cındırlarını yuyurdum, pul da belimə bağladığım şalın arasındaydı. Hava isti idi, tərlədim, şalı açıb yanımda yerə qoydum, yadımdan çıxıb ki, arasında nəzir var, şalı götürmüşəm, nəzir çayın qırağında qalıb.

Kilkəkinə danışdıqca onun yerinə mən xəcalət çəkirdim, bu yaşda arvad yalan üyüdürdü, çünki o çoxdan idi, paltar yumurdu, onun öz paltarlarını gəlini yuyurdu. Gördüm, arvad mənimlə danışdıqca dönüb sağ tərəfə baxır, rəngi qaralır. Əyilib Kilkəkinə baxan tərəfə boylandım, yolun başında onun gəlini, yanında da nəvələri dayanmışdı.

Kilkəkinənin gəlini qonşu-bacayla dalaşanda yaxasını açar, üzünü cırardı, ona görə ondan çəkinərdilər, sözünə baş qoşmazdılar, çalışardılar ki, xətası yan ötüşsün.

Mən şükür elədim ki, gəlin bizim qapıya qaynanasını göndərib, özü gəlməyib. Fikirləşdim ki, Kilkəkinəni əliboş yola salsam, gəlin özü hücuma keçəcək, evimizi söz atəşinə tutacaq, bu da ağır nəticələr verəcək.

Gətirib beş manat da Kilkəkinəyə verdim. Axşam düşdü, sevindim ki, daha itmiş pul dalınca gələn olmadı. Elə bu zaman telefonum zəng çaldı, baxdım ki, sahə müvəkkilidi. Öz-özümə dedim, balam, xeyir ola, sahə müvəkkili mənə hələm-hələm zəng eləmir?! Dalağım sancdı ki, zəngin səbəbi beş manatın həngaməsi olacaq.

Sahə müvəkkili söhbətinə çox mədəni şəkildə başladı, kefimi soruşdu və sonra dedi:

-Müəllim, qonşularından biri üç-dörd gün bundan qabaq beş yüz manat pul itirib, eşidib ki, sənin nəvən tapıb. Şöbəyə müraciət eləyib, rəis ərizənin üstünü mənə yazıb. İndi gecdi, sabah otağıma gəl, işi yoluna qoyub ərizəni bağlayaq.

Telefon qulağımda od tutub yandı.

30.08.2021Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930