Üzüldü taqətim, aman, bəri bax! - Molla Pənah Vaqifin şeirləri
MANERA.az böyük Azərbaycan şairi Molla Pənah Vaqifin şeirlərini təqdim edir.
Görmədim
Mən cahan mülkündə, mütləq, dоğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim
Aşinalar ixtilatında sədaqət görmədim,
Biətü iqrarü imanü dəyanət görmədim,
Bivəfadan lacərəm təhsili-hacət görmədim
Xah sultan, xah dərvişü gəda bilittifaq,
Özlərin qılmış giriftari-qəmü dərdü fəraq,
Cifеyi-dünyayədir hər еhtiyacü iştiyaq,
Munca kim, еtdim tamaşa, sözlərə asdım qulaq,
Kizbü böhtandan səvayi bir hеkayət görmədim
Hər sədavü səs ki, dünyaya dоlub əksər əqəl,
Cümlə məkrü alü fənnü fitnədir, cəngü cədəl,
Dirhəmü dinar üçündür hər şеyə yapışsa əl,
Müqtədilərdə itaət, müqtədalərdə əməl,
Bəndələrdə simu bəylərdə ədalət görmədim.
Xəlqi-aləm bir əcəb düstur tutmuş hər zaman,
Hansı qəmli könlü kim, sən еdər оlsan şadiman,
О sənə, əlbəttə ki, bədguluq еylər, bigüman,
Hər kəsə hər kəs ki, еtsə yaxşılıq, оlur yaman,
Bulmadım bir dоst ki, оndan bir ədavət görmədim.
Alimü cahil, müridü mürşidü şagirdü pir,
Nəfsi-əmmarə əlində sərbəsər оlmuş əsir,
Həqqi batil еyləmişlər, işlənir curmi-kəbir,
Şеyxlər şəyyad, abidlər abusən qəmtərir,
Hic kəsdə həqqə layiq bir ibadət görmədim.
Hər kişi hər şеy ki, sеvdi, оnu bеhtər istədi,
Kimi təxti, kimi taci, kimi əfsər istədi.
Padşahlar dəmbədəm təsxiri-kişvər istədi,
Еşqə həm çоx kimsə düşdü vəsli – dilbər istədi,
Hеç birində aqibət, bir zövqü rahət görmədim.
Mən özüm çоx kuzəkarı kimyagər еylədim,
Sikkələndirdim qubari-tirəni zər еylədim,
Qara daşı döndərib yaquti-əhmər еylədim,
Danеyi xərmöhrəni dürrə bərabər еylədim,
Qədrü qiymət istəyib, qеyr əz xəsarət görmədim.
Еyləyən viranə Cəmşidi-Cəmin еyvanını,
Yоla salmış, bil ki, bəzmi-işrətin cəndanını,
Kim qalıbdır ki, оnun qəm tökməyibdir qanını,
Dönə-dönə imtahan еtdim fələk dövranını,
Оnda mən bərəkslikdən özgə adət görmədim.
Gün kimi bir şəxsə gündə xеyr vеrsən səd həzar,
Zərrəcə еtməz ədayi-şükri-nеmət aşikar,
Qalmayıbdır qеyrəti şərmü həya, namusu ar,
Dеdilər ki, еtibarü еtiqad aləmdə var,
Оndan ötrü mən də çоx gəzdim, nəhayət, görmədim.
Müxtəsər kim, bеlə dünyadən gərək еtmək həzər,
Оndan ötrü kim, dеyildir öz yеrində xеyrü şər,
Alilər xaki-məzəllətdə, dənilər mötəbər,
Sahibi-zərdə kərəm yоxdur, kərəm əhlində zər,
İşlənən işlərdə еhkamu ləyaqət görmədim.
Dövlətü iqbalü malın axırın gördüm tamam,
Həşmətü cahu cəlalın axırın gördüm tamam,
Zülfü ruyu xəttü xalın axırın gördüm tamam,
Həmdəmi-sahibcəmalın axırın gördüm tamam,
Başədək bir hüsnü-surət, qəddü qamət görmədim.
Ya imam-əl-insü vəlcinnü şahənşahi-umur,
Gеtdi din əldən, bu gündən böylə sən еylə zühur,
Qоyma kim, şеytani-məlun еyləyə imanə zur,
Şölеyi-hüsnünlə bəxş еt tazədən dünyayə nur
Kim, şəriət məşəlində istiqamət görmədim.
Baş ağardı, ruzigarım оldu gün-gündən siyah,
Еtmədim, səd hеyf kim, bir mahi ruxsarə nigah,
Qədr bilməz həmdəm ilə еylədim ömrü təbah,
Vaqifə, ya rəbbəna, oz lütfünü еylə pənah,
Səndən özgə kimsədə lütfü inayət görmədim.
Hayıf ki, yoxdur!
Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası, hayıf ki, yoxdur!
Ucu tər cığalı siyah tellərin
Hərdən tamaşası, hayıf ki, yoxdur!
Qış günü qışlağı Qıraqbasanın,
Gözüdür Aranın, cümlə-cahanın,
Belə gözəl yerin, gözəl məkanın
Bir gözəl obası, hayıf ki, yoxdur!
Elə gözəl var bunların içində,
Ələ düşməz hərgiz Çinü-Maçində.
Söyləgən, oynağan, dürüst biçimdə
Bəzəyi, libası, hayıf ki, yoxdur!
Çoxdur ağ bədənli, büllur buxaqlı,
Lalə zənəxdanlı, qönçə dodaqlı.
Amma şirin dilli, açıq qabaqlı,
Könül aşinası, hayıf ki, yoxdur!
Havasından torpağının, yerinin,
Dadızmaz dəhanın, ləbi-şirinin,
Pəri çoxdur, nə fayda heç birinin
Adamlıq ədası, hayıf ki, yoxdur!
Ucu əşrəfili, bulud kimi saç,
Dal gərdəndə hər hörüyü bir qulac,
Kəlağayı əlvan, qəsabə qıyğac,
Altından cunası, hayıf ki, yoxdur!
Zər haşiyə al nimtənə üstündə,
Xallar üz yanında, çənə üstündə,
Buxağın altında, sinə üstündə,
Zülfün burulması, hayıf ki, yoxdur!
Laçın təki başda ala tomağa,
Yaşmağı tutmaya dişə, dodağa,
Cəllad kimi durub qabaq-qabağa
Baxıb can alması, hayıf ki, yoxdur!
Çünki yorğunuyam mən bu yolların,
Qaydasını billəm hər üsülların,
Gümüş biləklərin, bəyaz qolların,
Sarı kəhrəbası, hayıf ki, yoxdur!
Ayna tutub hərdəm camal görməsi,
Zülfə, zənəxdana sığal verməsi,
Səhər ala gözün siyah sürməsi,
Əlinin hənası, hayıf ki, yoxdur!
Vaqif haqdan dilər lütfü kərəmlər,
Belə yerdə qalan, vallah, vərəmlər.
Yenə yada düşdü bizim sənəmlər.
Getməyin binası, hayıf ki, yoxdur!
Bəri bax
Ala gözlü, sərvi boylu dilbərim,
Həsrətin çəkdiyim canan, bəri bax.
Gecə-gündüz fikrim, zikrim, əzbərim,
Üzüldü taqətim, aman, bəri bax!
Kim dözər mənim tək belə firqətə,
Rəncü-məşəqqətə, bari-möhnətə?
Haçandır düşmüşəm tari-zülmətə,
Çəkilsin üstümdən duman, bəri bax!
Payibəndəm qəmi-eşqə giriftar,
Hicran həsrətindən can oldu bimar.
Razi-dilim edə bilməm aşikar,
Çəkərəm dərdini pünhan, bəri bax!
Günbəgün könlümün artır qubarı
Pərişandır, tapmaz o qəmküsarı.
Ölsün, itkin olsun belə əğyarı,
Gəzməsin arada yaman, bəri bax!
Çox çəkər hicrini Vaqifi-xəstə,
Leylü-nahar, şamü-səhər peyvəstə,
Ey yanağı lalə, ləbləri püstə,
Ağzı nabat, şəkkər zəban, bəri bax!
Aşiqəm
Bir əndamı nəsrin, dodağı qönçə,
Bir qaməti gülbün yara aşiqəm.
Olsa yüz üzü gül, girməz eynimə,
Mən ancaq bir gülüzara aşiqəm.
Gecələr sübhədək eylərəm nalə,
Hərgiz düşməz könlüm özgə xəyalə.
Bir gərdəni mina, ağzı piyalə,
Bir ləhcəsi şirinkara aşiqəm.
Bir buxağı turunc, sinəsi meydan,
Bir sözü cəvahir, mirvari dəndan,
Bir maral baxışlı, kirpiyi peykan,
Bir qaşları zülfuqara aşiqəm.
Bir güləndə ləblərindən bal axan,
Bir bəzənib sərxoş tovuz tək çıxan,
Bir niqab altından pünhani baxan,
Bir əcayib xoşgöftara aşiqəm.
Vaqifəm, bədəndən canım dağılır,
Məcnun kimi xanimanım dağılır,
Görməyəndə din-imanım dağılır,
Gecə-gündüz mən didara aşiqəm.
Pəri
Boyun sürahıdır, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri!
Sən ha bir sonasan, cüda düşübsən
Bir bölük yaşılbaş sonadan, Pəri!
İxtilatın şirin, sözün məzəli,
Şəkər gülüşündən canlar təzəli,
Ellər yaraşığı, ölkə gözəli,
Nə gözəl doğubsan anadan, Pəri!
Üz yanında tökülübdür tel nazik,
Sinə meydan, zülf pərişan, bel nazik,
Ağız nazik, dodaq nazik, dil nazik,
Ağ əllərin əlvan hənadan, Pəri!
Avçısı olmuşam sən tək maralın,
Xəyalımdan çıxmaz hərgiz xəyalın,
Ənliyi, kirşanı neylər camalın,
Sən elə gözəlsən binadan, Pəri!
Günəş təki hər çıxanda səhərdən
Alırsan Vaqifin əqlini sərdən.
Duaçınam, salma məni nəzərdən,
Əskik olmayasan sənadan, Pəri!
Sevdiyim, ləblərin yaquta bənzər
Sevdiyim, ləblərin yaquta bənzər,
Sərasər dişlərin dürdanədəndir.
Sədəf dəhanından çıxan sözlərin
Hər biri bir qeybi-xəzanədəndir.
Nədəndir sözümə cavab verməmək?
Həm camal gizləyib, üz göstərməmək.
Gecələr gözlərim xabı görməmək,
Ol siyah nərgisi-məstanədəndir.
Mən ha səni nuri-ilahi sannam,
Camalının şöləsinə dolannam,
Atəşinə mərdü mərdanə yannam,
Bu xasiyyət mənə pərvanədəndir.
Bir namə yazmışam can üzə-üzə,
Badi-səba, apar sən o gül üzə,
Soruşsa yar ki, bu kimdəndir bizə?
Söyləgilən: Sizin divanədəndir.
Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalə tək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadan, nə şanədəndir.
Müştaqdır gözünə gözü Vaqifin,
Yolunda payəndaz üzü Vaqifin,
Sənsən fikri, zikri, sözü Vaqifin,
Qeyri söz yanında əfsanədəndir.
Bayram oldu
Bayram oldu, heç bilmirəm neyləyim...
Bizim evdə dolu çuval da yoxdur.
Dügüylə yağ hamı çoxdan tükənmiş
Ət heç ələ düşməz, motal da yoxdur.
Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm, dəxi qoymazlar kəndə.
Xalq batıb noğula, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.
Bizim bu dünyada nə malımız var,
Nə evdə bir sahibcamalımız var.
Vaqif, öyünmə ki, kamalımız var,
Allaha şükür ki, kamal da yoxdur.
Tural Adışirinin təqdimatında