manera.az
manera.az

Mən yenə sənsizəm, mən hələ sənsiz - YENİ İMZA

Mən yenə sənsizəm, mən hələ sənsiz - YENİ İMZA

MANERA.az "Yeni İmza" layihəsində Günel Ağayevanın (Balakişi) şeirlərini təqdim edir:


Soyuq əllər

Ayrı-ayrı yaşayırıq,
Eyni hava, eyni şəhər
Sən o yanda, mən bu yanda
Eyni gecə, eyni səhər.

İsitdiyin əllər indi
Soyuqdur sənsiz boş qalıb
Barmağının ucunadək
Darıxıram, yada salıb.

Bir çırpınır iki ürək,
Gecələrin birindəyik
Buludlar da sevdamıztək
Qaralıb, qəm içindəyik.

Pay gətirir sənə yellər
Dəli bir eşq, şirin yuxu
Məndə qalsın soyuq əllər
Yuxusuzluq, bir də qoxun...

Qisas

Mənə sənsizliyi öyrətdin, adam,
Gözümə görünmə, gözdən düşmüsən.
İlk günlər sənsizlik zülüm idi, zülüm,
İndisə sıradan, adi, birisən...

Çoxmu dəyər verdim? Dəyməzmi idin?
Mən səndə yanıldım, inandım, yandım,
Yəni, sən bu qədər dəyərsiz idin?
Səni sevdiyimə özüm utandım!

Gülüb yan keçəcəm, qarşıma çıxsan
Ayaq səslərindən tanırdım, hətta,
Xatırlayırsanmı?Sən indi yadsan!
İnsan yaşatdığın yaşar həyatda!

Dönmərəm sənə

Mən elə bilirdim, sən əvəzsizsən,
Dağ bilib söykəndim, mənə dağ çəkdin.
Ən çox ehtiyacım olan zamanda,
Əlimi buraxıb əlindən çəkdin.

Elə qəfildir ki, dost vuran zərbə...
Kağızın açdığı yaratək kəskin.
İnsan düşmənindən ehtiyat edər,
Məyər, dost edərmiş ondan betərin
.
Kağızdan kim qorxar, bıçaq deyilki,
Axı dost nə edə bilərdi mənə?!
Hələ də yanıram, sən, onu bilki...
Dərmanım olsan da, dönmərəm sənə,
Dərmanım olsan da, dönmərəm sənə

Əzizim

Hər dəfə gedişin qəlbə salır xal,
Susub, baxışımla yalvarıram, qal,
Dumanlı başımda doğur bir sual,
Sən niyə bu qədər əzizsən mənə?

Köksümdə çarpışan, çarpan ürəksən,
Tanrıdan umduğum arzu, diləksən,
Koram,gözlərimə nur tək gərəksən,
Görən niyə belə gərəksən mənə?

Məni ağladan da, güldürən də sən,
Məni yaşadan da, öldürən də sən,
Dərd verib, acımı dindirən də sən,
Niyə həm uzaq, həm yaxınsan mənə?

Aldığım nəfəssən, bil, varlığımsan,
Yaşanan həyata bağlılığımsan,
Tək sənin xəstənəm, can sağlığımsan,
De nədəndir, məlhəm olmusan mənə?

Didir cismi qəhər sən qəmlənəndə,
Dünya mənim olur, üzün güləndə,
Nitqim ki, quruyur səsin gələndə,
Axı niyə belə əzizsən mənə.
Sən niyə bu qədər, niyə bu qədər əzizsən mənə?

SƏNSİZLƏMİŞƏM.

Başda duman, qəlbim viran,
Körpətək qəribsəmişəm.
Halım bu cür pərişansa,
Demək ki, sənsizləmişəm.

Doğma ocaq divarları
Buza dönüb üşütmüşəm.
İsti evdə donuramsa,
Demək ki, sənsizləmişəm.

Bütün günü lirik, həzin,
Musiqilər dinləmişəm.
Duyğulanıb dolmuşamsa,
Demək ki, sıənsizləmişəm.

Dost-tanışlar bilmir yenə
Nədən belə kövrəlmişəm.
Əzizlərim yadlaşıbsa,
Demək ki, sənsizləmişəm.

Elə bilki, nəsə çatmır,
Ya nə isə etməliyəm...
Deyib fikrə dalmışamsa,
Demək ki, sənsizləmişəm

İstədiyim xörək yoxdur,
İştahadan da küsmüşəm.
Bəhanədir,yemirəmsə,
Demək ki, sənsizləmişəm.

Qaş-qabaqla dolanıram,
Sanki, hamıdan küsmüşəm.
Özümdən də bezmişəmsə,
Demək ki, sənsizləmişəm.

Şəkillərdən sora-sora,
Bilsən,necə darıxmışam?
Ağlamaqdan qalmışamsa,
Demək ki, sənsizləmişəm.

Tək həmdəmim şeirlərdir.
Həsrətini bölüşmüşəm,
Uzun-uzun yazmışamsa,
Demək ki....
Demək ki, sənsizləmişəm!

İmkansız sevgi

Sən mənim ən böyük günahım oldun,
Hamının yanında üzüm qaradır.
Mənə aid olan nə varsa, aldın,
Və bu iliyədək sızan yaradır.

Rəbbim bağışlarmı etdiklərini?
Səni ucaltdıqca, hörmətdən düşdüm.
Qarşıma aldığım sevdiklərimi,
Sənə dəyişdikcə, özüm dəyişdim.

Geriyə baxıram, itirdiklərim...
Vicdan yarasısan, əzab verirsən.
Mən durub yerimdə sayaqladıqca,
Sən öz həyatına davam edirsən

Yandırıb yaxırsan, rəvadırmi bu?
Çırpıram sinəmi yumruqlarımla,
Imkansız sevgimi, göz yaşlarım, yu,
Çıxart ürəyimdən, apar onunla!

Bir qızın xəyalı

Bir payız da gəlib keçdi ömrümdən,
Mən yenə sənsizəm, mən hələ sənsiz.
Dəlitək sevilmək keçir könlümdən,
Gözləyirəm səni səssiz-səmirsiz

Qönçə ikən solan nakam taleyin,
Son nəfəsdə son duası kimisən
Gec olmadan çıx gəlki xöşbəxtliyi
Bircə kərə tanıyım,görüm kimsən?

Gözümdə canlanır bəyaz gəlinlik,
Geyinsəm nə qədər gözəl olaram?
Gecələr təsəlli verib özümə,
Nağıllar uydurub yuxulayıram.

Xəylımda ev qururam, işıqlı,
Fəqət, boşluqdayam, ana deyən yox.
Qucağım illərdir körpəyə həsrət,
"Ağ atlım" gələrmi, hələ bilən yox?!


***
Sən ağlıma gələndə,
Ağlım başımdan gedir.
Heç özüm də bilmirəm,
Bu nədir, nə baş verir.

Nə çörəyim səndəndir,
Nə suyum səndən gəlir.
Bəs niyə acdır ruhum,
Bəs məndən nə istəyir?

Ya Rəbb, bu nə sevgidir?
Özümü unutmuşam.
Bu adamı görəndən,
Özümə yad olmuşam.

Bir insana bu qədər,
Bağlı olmaq olarmı?
Ruh bədəndən ayrılıb,
Başqa cismə dolarmı?

Ürəyim qan yerinə,
Səni daşıyıb durur.
Cismim qida yerinə,
Səni damardan sorur.

Adını zikr edirəm,
Dilim məni çaşdırır.
Başqa kimə səslənsəm,
Adını qarışdırır.

Mənim üçün adaşdır,
Hamı sənlə eynidir.
Ayrı-ayrı simalar,
Gözlərimdə eynidir

Elə sevimlisən ki,
İzini qısqanıram.
Ötüb keçdiyin yoldan,
Səni soraqlayıram.

Qoxunu rüzgar alır,
Yarpaq kimi əsirəm.
Qəzəbimdən küləyin
Nəfəsini kəsirəm.

Mənimdir o, qoxlama,
Mənim havam, suyumdur,
Adım atdığın hər yol,
Mənim ömür yolumdur.

O yolun hər bucağı
Sevgi qoxur, eşq qoxur,
Gözüm yollarda qalır,
Baxır, ürək darıxır...

Ya Rəbb, bu nə sevgidir?
Özümü unutmuşam,
Sənə qədər kim idim...
Mən indi kim olmuşam?!

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031