manera.az
manera.az

Tükənib, təklənibdi, Əkrəm | Rəşid Bərgüşadlı yazır

Tükənib, təklənibdi, Əkrəm | Rəşid Bərgüşadlı yazır

MANERA.az Rəşid Bərgüşadlının "Daş yuxular" essesini təqdim edir:

“Biz Elçin və Anarla, uzun illər boyunca, yaxın dost və məsləkdaş olmuşuq. Bizi zaman ayırdı, burada heç kəsin təqsiri yoxdur. Biz bir vaxtlar, bir yerdə çox şeyə gülə bilmişdik. Ancaq heyf ki, sonralar heç nəyə bir yerdə ağlaya bilmədik...
Ancaq burası bəlkə daha çox ağlamalıdır ki, biz – Anar və Elçinlə bundan sonra bir də heç vaxt heç nəyə bir yerdə gülməyəcəyik”...

Əkrəm Əylisli

Ağlı başında olan kəs vaxtında özünü torpağa alışdırmalıdır. Çünki əlinin kiri, alnının təri torpağa nə qədər çox qarışarsa, torpaq səni o qədər asan qəbul edər. Cəhənnəm əzabı dediyimiz elə torpağın səni necə tanıması, qoxunu nə dərəcədə doğma bilməsidir. Başqaları ömrünün altmış ilini yaşamağa hazırlaşmaqla keçirər, yaşamağa başlayanda isə ömür kitabının sonuncu vərəqi açılar, – “Mənə əmanət verilən bu canı sahibinə təslim edirəm.
İmza, Filankəsov Bəhmənkəs”. Ayağı torpaqda olanın isə hər günü sadəcə yaşamaqla keçər, nə ölüm qorxusu var, nə də can üstəykən cəhənnəm əzabının xofu – torpaqla çoxdanın tanışıdır...

Bəlli yaşa çatanda ki, dostların, həmfikirlərin səni tərk edir, insan elə bilir bundan böyük faciə yoxdur dünyada. Əvvəlki kimi enerjin yoxsa, daha qazanmırsansa, deyib-gülmürsənsə, yeyib-içmirsənsə ətrafındakıların seyrəlməyi çox təbiidir, bunda namərdlik axtarmağın özü axmaqlıqdır.

Əksinə, səndən dünya malına görə üz döndərənlərin yoxluğunda fayda var. Tənhalığın hüzur limanındasan – qayığının lövbərini birdəfəlik sahilə pərçimlə və bir daha dərin suların həsrətini çəkmə. Tükəndiyini boynuna al. Vaxt varkən arınmalısan qaba xasiyyətlərdən. Nəyinsə, kiminsə acığına keçmişi qurcalama, bundan sonra kimin haqlı, kimin haqsız olduğunu sübut etmək ağıldankəmlikdir. Tənhalığına bais olanları lənətləməklə yox, axır ki, tanrıyla baş-başa qaldığına şükr etməklə hüzurun füsunkar dadını çıxar. İnsan təkcə yaxşı ola bilməz ki. Olsa, onu diri-diri torpağa gömərlər, daş-qalaq edərlər, adına dəli deyib eşşəyə tərsinə mindirərlər! İnsan pis olduğu üçün də öldürülməz. Hərdən kirlənmək də lazımdır, bataqlıqdan çıxıb savab əməllərində qüsllənmək lazımdır. İnsan naşükür olduğu üçün şeytanı yaradıb, ədalətsiz olduğu üçün yaradıb ilahi ədalət nəzəriyyəsini. Keçmişin ayağına it bağlasan da geri qayıtmayacaq – sən qabağa bax, hüzura aparan cığırları axtar. Hər şeyə təzədən başlamaq, ömür kitabını təzədən varaqlamaq faydasızdır.

Fələyin şapalağından sonra da dirəşirsənsə, demək ağlın çaşıb. Onsuz da geriyə yolun yoxdur, oxuduğun vərəqlər artıq qeyb olmuş, əlində yalnız imza sənədidir, bir də ömür mənasızlığında məna axtardığın təkəmseyrək daş yuxuların...

Həmin yuxular ən məhrəm xatirələrdir, başqasına dəxli olmayan, bəzən xəcalət və günah dolu, bəzən fərəh duyduğun, başqasına görk və ya ərk ola biləcək, amma hamının yanında deyilməyəcək doğma yuxular. Allahla bəndə arasında əbədi sirdir bu xatirələr. Torpağa gedəcək, torpaqla örtüləcək. Bu məmləkət küllü yaxşı insanlardan ibarət deyil ki.

Sağ-solumuzda o qədər nadan, ikiüzlü, yaltaq, mərdimazar, alçaq adamlar var... Xalq üçün nə qədər dəyərli insanlar ömür çürüdüb, şam kimi əriyib, iki gözdən olub, amma xalqı onu dar ağacında görüb sevincək, – “Asılsın! Şaqqalansın!” bağıranda son gilə göz yaşının halallığını verməyib xalqa. Təkcə bizdə belə deyil, fransızı da belədi, türkü də, ingilisi də, ermənisi də, mozambiklisi də – hər millətin öz kütlə payı var! Sözsüz ki, bunlar ədəbiyyat üçün qadağan edilmiş mövzular deyil...


Bir dostum var, qarnımıza doyunca yemək tapmayan vaxtlar birdən imkan düşürdü və oturub toqqamızı bərkidəndən sonra deyirdi ki, – “Allah, biz yedik doyduq, sən bu yetim-yesiri qır qurtar ki, əl-ayağa dolaşmasınlar” – əllərindən cana doyduğumuz, hazıra nazir, nəxənək tanış-tunuşu nəzərdə tuturdu. Şərə qulluq edən media yetim-yesirləri zavallı birinin yuxuyozmalarını oxumadan, nə istədiyini dinləmədən günün günorta çağı dar ağacına elə sürətlə çəkdi ki, kül üfürülən gözümüzü ovxalayıb açanda bir də gördük yazığın xirtdəyi ilgəkdədir. Hətta, hardasa haqlı olsalar belə, yaxşı əsər yazmaqdansa ad, ev, təqaüd dilənənlərin onu qol-boyun edib diz çökdürməsi olduqca iyrənc mənzərədir...

Edam kürsüsündə baltanı boğazına dirədiyimiz bu dəfəki məhkum dəlisov bir yazıçıdır. Hələ də dil-boğaza qoymayan bu bəndənin günahı büdrəyib yıxılmağı və çarəsiz hala düşəndən sonra yardımına yetişməyən dost-aşnalarına hədyan-qarğış yağdırmasıdır. Di gəl ki, son arzusu keçmiş “naxələf” dostlarıyla bir yerdə vaxtilə doyunca gülə bilmədiklərinə indi doyunca ağlamaqdır.

Səmimidirsə, olduqca ağlamalı və çox kədərli dərddir... Əkrəm Əylisli ömrün nə tez ötdüyünü indi anlayır. Arzuladığı, ümid etdiyi böyük yazıçı ola bilməyəcəyindən qorxur. Qorxur ki, zamanında həvəslə nəşr etdirdiyi cild-cild kitablar sabah heç kəsə lazım olmaya bilər. Bu, dişləri tökülməkdən betər dərddir. Tükənib, təklənibdi Əkrəm. Bilir ki, dostu Anar da, Elçin də bir gün onun kimi tükənə bilər, hətta, bəlkə də təklənəcəklər. Öz timsalında yəqin edir ki, Anar da, Elçin də bundan sonra indiyədək yazdıqlarından yaxşı heç nə yaza bilməyəcək...

Mənim qorxduğum isə başqa şeydir. Ondan qorxuram ki, ay dolanar-il ötər – Allah eləməsin – birdən erməniylə yenə kirvəlik eşqinə düşərik. Bu kirvəliyi bizə sırımaq istəyənlərin önündə isə indiki nüfuzlu ağsaqqallarımız gedər, ya da Əkrəmi vətən xaini çıxaran başqa tanınmış yazıçılarımız bu təklifə yerdən çəpik çalanlar sırasında olar.

Bax onda Əkrəm Əylisli ona çəkdiyimiz sinə dağına görə axıtdığı göz yaşlarının halallığını verməsə, tam haqlıdır!.. Əgər bunun belə olacağına azca da olsa ehtimalları varsa, keçmiş üç dost inadkarlıq daşını ətəklərindən töküb, toy toğlusu kimi ortada əl-ayağa dolaşan “yetim-yesirləri” təpiklə bir qırağa itələyib, ötən daş yuxulardakı məhrəm sirlərini birgə vərəqləyib gülə-gülə hələ xeyli birgə ömür sürə bilərlər.

Daşın torpaqda mum kimi əridiyi yuxular da var – ən azından Əkrəm Əylisli ədəbiyyatımızın obrazlar rəfində bir-birindən fərqli qəhrəmanları olan güclü yazıçımızdır. Yıxılana balta çalmaq vərdişimizi nə vaxtsa tərgitməliyik. Allah hamımızı dedi-qodu yayanların, qarışqanı fil boyda böyüdənlərin, belələrini fəqir-füqara üstünə qısqırdanların şərindən qorusun...

27 iyul 2021 Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
252627282930