manera.az
manera.az

Nizaminin həyatı ekranda: baş tutan və tutmayan filmlər

📅 02.08.2021 12:20

Nizaminin həyatı ekranda: baş tutan və tutmayan filmlər
Böyük söz ustası Nizami Gəncəvinin irsi ekran ustalarının diqqətini ötən əsrin 30-cu illərində, səsli filmlər istehsalının başlanbasından sonra cəlb edib.

Müharibə ərəfəsində - 1939-cu ildə şairinin anadan olmasının 800 illik yubileyinin qeyd edilməsi haqqında dövlət rəhbərliyi səviyyəsində qəbu edilmiş qərar bu yönümdə canlanma yaranmasına səbəb oldu. Yubileylə bağlı tədbirlər planında, Nizaminin həyat və yaradıcılığına həsr olunmuş bədii və sənədli filmlərin çəkilməsi nəzərdə tutulmuşdu.

Bədii lentin ssenarisi qısa müddət ərzində təsdiq edilməli, 1940-cı ilin ortalarında istehsalata buraxılmalı idi. Film üçün ədəbiyyatşünas M.Rəfili və yazıçı M.S.Ordubadinin yazdıqları təqdimat Bakı kinostudiyasının ssenari şöbəsində və XKS-nin İncəsənət İşləri İdarəsində müzakirə edilmiş, təsdiq üçün Moskvaya - SSRİ XKS yanında KİK-nə göndərilmişdi. Komitədə M.Rəfilinin təqdimatı qəbul olunmamış, M.S.Ordubadinin təqdimatı isə bir sıra iradlarla rastlaşmışdı. Komitənin ssenari şöbəsinin rəisi L.Çernyavski Bakı kinostudiyasının direktoru Ş.Abbasova yazdığı 7 fevral 1940-cı il tarixli məktubunda göstərirdi ki, “...yol. Rəfilinin zayavkası bir sıra səbəblərə, tematik və istehsalat mülahizələrinə görə qəbul olunmur. Yol. Ordubadinin zayavkası böyük maraq doğurur və istehsalat cəhətdən daha realdır. Ona görə ki, komitənin sədri yol. Bolşakovun göstərişinə əsasən, 4-5 hissəyə sığışa bilər... Filmə onun bioqrafiyasından məlum olan faktları daxil etmək, həmin faktları şairin əsərlərindəki avtobioqrafik təsvirlərlə əlaqələndirmək daha yaxşı olardı. Film sovet tamaşaçılarının geniş kütləsini həm onun bütün əsərləri, həm də bioqrafiya ilə tanış edərdi... Zayavka studiyanın göstərişlərinə uyğun yenidən işlənməlidir. Bundan başqa, zayavkada şairin bioqrafiyasından faktlarını bir və ya bir neçə əsərinin süjet xətti ilə uyğunlaşdırmaq imkanı axtarılmalıdır” AMDƏİA, f. 330, siy.1, iş 50, v. 202).

M.Rəfili ssenarinin süjet xəttini “Nizaminin bioqrafiyasının ən vacib mərhələsi olan bir faktı – “Leyli və Məcnun” poemasının yaradılması dövrü, Nizaminin həyatının və obrazının xarakterik cizgilərini göstərməyə, şairin feodal dünyası ilə münasibətləri, onun öz vətəni və doğma xalqı ilə üzvi əlaqəsi üzərində qurmağa” üstünlük verirdi.

Nizaminin “Xosrov və Şirin” poemasında təsvir etdiyi arvadı Afaqa məhəbbəti, Şirvanşahın məşuqu kübar qadın Məhsətinin qəddarlığı və vəfasızlığı, şairin Gəncənin başı üstünü almış fəlakət zamanı xalqın vəziyyətini yüngülləşdirmək üçün gördüyü tədbirlər” filmin süjet xəttinin əsas faktlarını təşkil etməli idi. M.Rəfiliyə görə, “...əsl bədii əsər hazır sxem üzrə yazılmamalı, böyük yaradıcılıq vüsətinin, nəhəng humanist və vətənpərvərin, şərəfli və məğrur insanın, şairin və feodal despotizalinə qarşı mübarizin obrazını yaratmaq ideyasından ilham alan uzun və gərgin işin nəticəsi olmadı idi” (AMDƏİA, f. 330, siy.1, iş 9, v. 27-30).

Bakı kinostudiyası ssenari şöbəsinin məsləhətçi-redaktoru A.Monoşkonun verdiyi rəydə M.S.Ordubadinin zayavkasının bədii film üçün təsəvvür yaratdığı böyük dramatik tarixi hadisələr fonunda Azərbaycan xalqının xarici işğalçılara qarşı apardığı mübarizənin düzgün işıqlandırıldığı, maraqlı və dramaturji cəhətdən sanballı material verdiyi qeyd olunur, Qətibə obrazının həddən artıq şişirdildiyi irad tutulurdu (yenə orada, iş 50, v. 209-210). Zayavka bədii filmin əsasını təşkil edəcək variantlardan biri kimi qəbul edilsə də, gerçəkləşdirilməmiş qaldı.

M.S.Ordubadinin yazdığı “Nizami” librettosuna görkəmli şərqşünas, alim professor Y.Bertels rəy vermişdi. O, ssenaridəki faktların tarixi hadisələrlə uyğunluğunu nəzərdən keçirmiş, çatışmazlıqları göstərmişdi. Y.Bertelsə görə, “...öz-özlüyündə fabula həm aktualdır, həm də maraqlı edilə bilərdi...

Nizaminin bioqrafiyasının qəti müəyyən olunmuş bir faktı da bu librettoda yoxdur, ... bir sıra faktlar əldə olan məlumatlarla tamamilə ziddiyyət təşkil edir. Buna görə də ssenari tarixi adlana bilməz, bu Nizaminin bioqrafiyası yox, improvizədir”. Ssenarini “ətraflı düşünüb-daşınması”nı məsləhət görən Y.Bertels onu “...yubiley Komitəsinin EA Azərbaycan filialında olan və gündən-günə artan bioqrafik faktlara uyğunlaşdırmağı” tövsiyə edirdi (yenə orada, v. 203).

Böyük şair haqqında yazılmış sənədli film ssenarilərindən biri də yazıçı A.Nəsibovun qələminə məxsus idi. Müəllif qısa panoramlar və keçidlərlə Azərbaycan, Bakı mənzərələrini göstərməyi, Azərbaycan xalqının nailiyyətlərini qeyd etməyi, sonra Gəncənin xarabalıqlarında qərar tutmağı təklif edirdi. Filmdə qoca çoban uzaq Şimaldan gəlmiş turistlərə Nizami haqqında rəvayətlər söyləməli, onun yaradıcılığından danışmalı, ekranda şairin “Xosrov və Şirin”, “Leyli və Məcnun” əsərlərindən səhnələr göstərilməli idi. Finalda Nizami dövrü ilə bağlı mədəniyyət abidələri, muzey eksponatları, tədqiqat əsərləri və s. göstərilməli idi (AMDƏİA, f. 330, siy1, iş 168, v. 16-16a).

Lakin ssenari komissiyanın diqqətini çəkmədi.
Kinematoqrafiya İşləri Komitəsinin və professor Y.Bertelsin rəyi öz rolunu oynadı: Bakı kinostudiyasının rəhbərliyi və respublika XKS yanında İİİ, eləcə də Nizaminin yubileyini keçirən komitə ssenarilərin istehsalata buraxılmasını mümkünsüz saydı. Beləliklə, Azərbaycan kinosu 1941-ci ildə böyük şairin yubileyi münasibətilə yalnız birhissəli sənədli filmi nümayiş etdirməklə kifayətlənməli oldu. “Nizami” lentində (ssenari müəllifləri Ə.Ələkbərov və A.Minski, rejissor A.Naroditski, operator Ə.Ələkbərov, bəstəkar R.Hacıyev) şairin 800 illik yubileyinə həsr olunsa da, vətənpərvərlik, torpağa və xalqa bağlılıq süjet xəttinin başlıca cizgiləri idi.

Nizami ilə bağlı daha bir sənədli ekran əsərinin çəkilişi isə Bakı kinostudiyasının texniki təchizatının istənilən səviyyədə olmaması üzündən çətinliklərlə rastlaşmışdı. Kinostudiyanın xronika şöbəsinin rəisi A.Hacıyev studiyanın direktoru N.Vəzirova 14 noyabr 1947-ci il tarixli arayışında Azərbaycan Kinematoqrafiya Nazirliyinin əmrilə istehsalata buraxılmış “Nizami” kino-oçerkinin tamamlanmamasının səbəbini “Xosrov və Şirin” operasının son səhnəsini sinxron çəkməyin qeyri-mümkünlüyü (bu əsər oynanılan Dövlət Opera və Balet Teatrının binası 1947-ci il oktyabrın 10-da yandırılmışdı), bədii rəhbər Y.Dziqanın razılığı ilə regissor Ş.Şeyxovun filmi M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Simfonik Orkestrin ifa etdiyi “Nizami” operasından parça ilə bitirməli olduğu, lakin Nizami arıyasının ifaçısı xalq artisti Bülbülü çəkmək üçün studiyanın lenti fonoqrafla təmin edə bilməməsi ilə əsaslandırırdı.

Çəkilmiş material aşkarlanandan və çap olunandan sonra filmfonoqrafın “Super-Parvo” çəkiliş aparatı ilə qeyri-sinxronluğu müəyyən edilmiş, təkrar çəkiliş isə Bülbülün xəstəliyi üzündən baş tutmamışdı. Lakin şairin yubileyinin ümumittifaq səviyyəsində qeyd olunduğundan “Xalq şairi” sadlandırılan sənədli-bioqrafik oçerk (ssenari müəllifi və rejissoru Ş.Şeyxov, operatorları M.Mustafayev, S.Bədəlov) tamamlandı və filmdə şairin 800 illik yubileyinin yenidən qeyd edilməsi, Moskvada keçirilən təntənəli yığıncaq, qonaqların Bakı vağzalında qarşılanması, Nizami adına muzeyin açılışı ilə bağlı epizodlar əks etdirildi.

1959-cu ildə lentə alınan “Nizami” (ssenariçi Ə.Qurbanov, M.Mikayılov, rejissor M.Mikayılov, operator S.Bədəlov, bəstəkar Z.Bağırov) filmi şairin ekran obrazının yasradılması yönümündə edilən daha bir cəhd idi. Fakroqrafik materialın çatışmazlığı üzündən şairin portretinin yaradılması ilə bağlı qarşıya çıxan çətinliklər filmin tamaşaçılara sxematik quruluşla ekrana çıxarılmasını şərtləndirdi.

Nizami Gəncəvinin həyat və yaradıcılığından söz açan, Maarif Nazirliyinin sifarişi ilə çəkilmiş “Nizami Gəncəvi” tədris filmi (1976, ssenari müəllifi T.Əhmədov, rejissor E.Qasımov, operator S.Vəliyev, səs operatoru Ş.Kərimov) isə yuxarı sinif şagirdlərinə bədii söz ustasının həyat və yaradıcılığı ilə yaxından tanış olmağa, Nizami irsinin Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatına təsirini öyrənməyə kömək göstərmək məqsədi ilə lentə alınıb.

Nizaminin yaradıcılığı yenicə formalaşmağa başlayan animasiyanın da diqqətindən kənarda qalmayıb. Şairin eyniadlı nağıl-novellasını ekrana gətirən rejissor A.Axundov “Fitnə” (1970, ssenari müəllifi Ə.Qulubəyov, quruluşçu-rəssam E.Rzaquliyev, quruluşçu-operator A.Milov, bəstəkar A.Əlizadə, səs operatoru Ə.Şeyxov, multiplikasiyaçı-rəssam B.Əliyev, N.Məmmədov) orta əsrlər Azərbaycan miniatür sənəti üslubunda sadə xalqın arasından çıxmış, amma öz ağlı və fərasətilə hökmdara qalib gələn Fitnənin hekayətini tamaşaçılara təqdim edir. Zəhmətlə birləşən ağlın qüdrəti təsvirin dili ilə aydın və mükəmməl ifadə olunduğundan, tamaçaçıların yaddaşda möhkəm yer tutur. Sonrakı illərdə rejissor N.Məmmədov şairin yaradıcılığına “Şah və xidmətçi” (1976) və, “Xeyir və şər” (1980) animaiya lentləri ilə müraciət etdi.

1981-ci ildə Nizami Gəncəvinin anadan olmasının 840 illiyi təkcə respublikamızda deyil, Sovet İttifaqı miqyasında təntənəli şəkildə qeyd edilməsi və poeziya bayramına çevrilməsi kinosalnamədə öz əksini tapdı. Bir il sonra yaradılan “Poeziya bayramı” sənədli filmində (ssenari müəllifi Q. Xəlilov, rejissor T. Mütəllimov, operatorlar T.Sultanov, K.Məmmədov, Y.Abramov, F.Qasımov) tamaşaçılara bayramla bağlı epizodlar əks etdirildi.

Təntənəli mərasimdə Sov.İKP MK Siyasi Bürosunun üzvü, Azərbaycan KP MK-nın birinci katibi H.Əliyevin şair haqqında yüksək fikirlər söyləməsi, onun həyat və yaradıcılığı ilə bağlı ekran əsərlərinin yaradılmasının vacibliyini qeyd etməsi “Mosfilm” kinostudiyası ilə birgə ekranlaşdırma üçün də etibarlı zəmin yaratdı. İnsanın tarixdə rolu, adamlar qarşısında borcu haqqında düşüncələr kimi dəyərləndirilən “Nizami” (1982, 2 seriya, ssenariçi İ.Hüseynov və E.Quliyev, quruluşçu-rejissor E.Quliyev, quruluşçu-operator A.Nərimanbəyov, quruluşçu-rəssam M.Ağabəyov, Ü.Hacıbəyov və Q.Qarayevin musiqisindən istifadə edilib, rollarda – M.Maqomayev (Nizami), H.Ömərova (Pəri və Afaq), H.Turabov (Müzəffəri), Ə.Abbasov (Xaqani), H.Yegizarov (Atabəy) Ə.Salahov (Zeyd), Ş.Ələkbərov (Osman), H.Xanızadə (Əbu-Bəkr), R.Cəbrayılov (Zərgər), M.Maniyev (Qazı), F.Yusifov (İsgəndər), S.Hüseynov (ata), E.Rəsulov (əkiz qardaşlar Maxan və Bəşir), Ə.Səmədov (Bəşir), S.Əhmədov (xidmətçi), B.Əliyev (sərxoş), R.Novruzov (Dərbənd elçi), V.Yaqut (Mütəzzil), G.Sayalıyeva (Rəna) eləcə də E.Əhmədova, İ.Akimova, M.Kərimov, A.Əliyev, T.Məmmədov, N.Hüseynov, B.Kərimov, Y.Məmmədxanov, Ə.Yunusov və b.) filmi isə tarixi-bioqrafik xarakter daşıyan pritça kimi lentə alınıb. Filmdə böyük şairin bioqrafiyasının faktları onun əsərlərindən iqtibas edilib və görümə çevrilib. Nizaminin sevgisi, fəlsəfi düşüncələri, sənətə münasibəti və hökmdarlarla ünsiyyəti, nəhayət, ölümü onun ömrünün, az qala, 40 ili ilə bağlı epizodlardır.

Nizami şəxsiyyətinin ekran təcəssümü haqqında tənqidçi, professor A.Hüseynov yazır: “…Ekranda biz şairi həyatın xırdalıqları, ötəri həvəsləri fövqündə dayanan, ətraf aləmin ən acınacaqlı səhnələrinə müdrik mütəfəkkir təmkini və soyuqqanlılığı ilə nəzər salan, daim öz yaradıcılıq aləminə, daxili dünyasına qapılan şəxsiyyət kimi görürük. Söhbət insan taleyiondən getdikdə Nizami fəaldır, qətiyyərlidir… Lakin Nizami şairdir və onun fəallığı, ətraf aləmə münasibəti ilk növbədə əsərlərində təzahür edir” (“Kommunist”, 1983, 23 dekabr). Quruluşçu-rejissor E.Quliyev isə filmi belə xarakterizə edirdi: “Filmdə Nizaminin şəxsiyyətini, poeziyasını, daxili asləmini canlandırmağa çalışmışıq. Çətinlik bir də Nizaminin inandırıcı təsir bağışlamasındadır ki, buna da nə dərəcədə nail olduğumuzu tamaşaçı deyə bilər. Kütləvi səhnələrə az yer verməkdə və kamera əsəri yaratmaqda məqsədimiz əsas diqqəti qəhrəmanın daxili aləminə yönəltməkdir…” (“Ədəbiyyat və incəsənət”, 1983, 14 yanvar). Fikrimizcə, filmin quruluşunda nəzərə çarpan konflikt çatışmazlığı və teatrallıq, aktyor seçimindəki qüsurlar bu ekran əsərinin yüksək bədii səviyyəyə qaldırılmasına imkan vermədi.

Bununla belə, “Azərbaycanfilm” və “Mosfilm” kinostudiyalarının birgə istehsalı olan “Nizami” filmi 1983-cü ildə Leninqadda keçirilən XVI ÜKF-da “Nizaminin humanist pafosunun ekran təcəssümünə görə” rejissor E.Quliyevə priz qazandırdı, 1984-cü ildə Daşkənddə Asiya, Afrika və Latın Amerikası ölkələrinin BKF-da isə filmə Özbəkistan Yİ-nın və Nazirlər Sovetinin diplomları verildi.

Görkəmli bəstəkar Q.Qarayevin N.Gəncəvinin eyniadlı əsərinin motivləri üzrə yazdığı “Yeddi gözəl” baletinin bəstəkarın xatirəsinə həsr olunmuş, Mərkəzi Televiziya ilə birgə çəkilmiş, kino tariximizdə ilk film-balet olan ekran versiyası (1982, baletmeysterlər R.Axundova, M.Məmmədov, ssenariçilər R. və M.İbrahimbəyovlar, quruluşçu-rejissor F.Slidkover, quruluşçu-operator A.Tafel, quruluşçu-rəssamlar E.Rzaquliyev, R.Nəsirov, A.Məhərrəmov, kostyum rəssamı T.Nərimanbəyov, səs operatoru V.Savin, rollarda – N.Bolşakova (Ayişə), Q.Abaydulov (Vəzir), V.Qulyayev (Bəhram), V.Nekrasova, T.Məmmədova, V.Zeynalova, S.Antoniçeva, İ.Yelizarova, L.Brodova və b.) da böyük şairin yubileyi proqramı çərçivəsində nəzərdə tutulmuşdu. Leninqrad və Bakı artistlərinin ifasında lentə alınmışdı.

Tamamilə balet quruluşunun prinsiplərinə əsaslanan bu ekran əsərində daha çox səhnə qanunlarına əməl olunsa da, hər halda, kinematoqraf elementlər də yox deyil. Nizami poeziyası və Q.Qarayev musiqisinin vəhdətindən yaranmış bu ekran əsərində balet dili ilə saf məhəbbət duyğuları əlvan boyalarla tərənnüm edilir, şər qüvvələrin hakimiyyətə can atmaları, bu yolda hər cür hiylə işlətmələr kəskin ifşa hədəfinə sevrilir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi yəqin ki, kinematoqrafçıların diqqətini bir daha böyük şairin həyat və yaradıcılığına yönləndirəcək. İnanmaq istərdik ki, bu mövzuda yeni ekran əsərləri tamaşaçılara daha mükəmməl quruluşla təqdim ediləcək.

Nəriman ƏBDÜLRƏHMANLI


Baxış sayı - 687 | Yüklənmə tarixi: 02.08.2021 12:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031