Sözün Vüqarı - Gülbala Dadaş yazır

Hər kəs bu dünyada əbədi olmadığını yaxşı anlayır. Və kimsə də nə zaman bu dünyadan köç edəcəyi günü bilmir - "ölüm haqdır" sözünün hikmətıni necə dərk etməyimizdən aslı olmayaraq...
Qara xəbər: Meyxana ustadı kimi xalqımız tərəfindən böyük sevgi-sayqı qazanmış Vüqar Biləcərinin vafatı insanlar tərəfindən kədərlə qarşılandı. Hətta sosial şəbəkələrdə müzakirə mövzusu oldu.
Xəbərdarlıq: Həmid Herisçinin Vüqar haqında yazısını sevənləri alqış, dostları minnətdarlıqla qarşıladı. H.Herisçinin yazısını oxuyan meyxanaçılara nəyinsə aydın olmaması mümkün deyil. Çünki meyxananın ən böyük xiridarı, meyxanaçılar özləridir. Həmid bəy mərhum meyxanaçıların ölüm səbəbini "şair tale" adlandırıb...
Şairin özünəməxsusluğu: Vüqar Biləcərini əksər söz adamları həmkarlarından bədii yaradıclığıyla fərqləndirib. Yanılış! Onun yeganə fərqliliyi meyxana deyənlər sırasında yox, barmaqla sayılacaq deyə bilənlər cərgəsində olmasıydı. 
Meyxanasında nə işimiz? O, təpədən dırnağa qədər əruz idi, klassika idi, qəzəl idi, qafiyə idi, rədif idi, məcaz idi, təzad idi, bütün varlığı ilə şair idi. Yoxsa sıradan bir şair taleyi yaşamadı ki Vüqar!
Üzün gülür gülər üzlüm üzündə güllər açıb
Gözün gülür qara gözlüm gözündə güllər açıb.
Dizin-dizin könül ol vadiyi-məhəbbətdə
Sürünmüsən o qədər ki dizində güllər açıb.
Xəlil üçün odu döndərdi laləzarə Xuda?!
Təəccüb eylədi Nəmrud közündə güllər açıb.
Vərəqdi hər açılan gül kitabi-hüsnündən
Nə qədri sirri-nihani özündə güllər açıb.
Gəl ey gül üzlülərin şahi yolların bəzənib
Ayağın öpməyə xatir izində güllər açıb.
O Kərbəladə ki torpağı ətri-qəm qoxuyur
Çölündə qanlar axıbdır düzündə güllər açıb.
O lalə üzlü qış ilhamıva bahar gətirib
Vüqar səbəb budu sözsüz sözündə güllər açıb.
Vüqarın özü gül idi, ətri yazdıqları. Güllər solmağa məhkumdur. Fəqət ətri ruhumuza hopan güllər var ki əbədiyyət tapır. Vüqar ətirli əsərlər ruhumuzda iz buraxdı. Ümid edirəm yaxın zamanda kitabı işiq üzü görəcək. Yaradıcılığından ciddi ədəbiyyat adamları yüksək fikirlər yazıb, sözün vüqarından danışacaqlar hələ zaman zaman. Yəni Vüqarın görünməyən tərəfindən...
Barəsində: Sözə xəyanət etməyən şairdir, xoş şeirlərinin halına olsun! Allaha bəlli olan səmimi dostlarının ən ağır itgisi, ailə üzvülərinin ən böyük faciəsidir Vüqar Paşayev (Biləcəri).
Təzə evin mübarək, "mülk Allaha məxsusdur" deyən şair!..
Gülbala Dadaş