Kamran Nəzirli: Tərif ona yaraşan adamlara deyilər

MANERA.AZ Kamran Nəzirlinin Şahmar Əkbərzadə haqqındakı yazısını təqdim edir:
Elə adam var ki, tərifdən ötrü sino gedir, layiq oldu-olmadı, elə hey istəyir ki, onu tərifləsinlər. Vallah, heç harda, mənim getdiyim-gəzdiyim heç bir məmləkətdə belə şeylər yoxdur! Oralarda təbəqəsindən və səviyyəsindən asılı olmayaraq demək olar ki, hər bir adam təriflə nəzakəti ayırd edə bilir;
hər iki anlayışın sərhədini nə özü aşır, nə də başqalarına imkan verir ki, bunu etsin. Bax belə! “Tərif mədəniyyətini bizim gözümüzdən salıblar”. Bu, əziz və unudulmaz şairimiz və dostumuz, evimizdə ən çox arzu olunan adamlardan biri Şahmar müəllimin sözüydü. Şair Şahmar Əkbərzadəni deyirəm...
1984-cü ildən bəri mən onunla tez-tez olmasa da, vaxtaşırı görüşürdüm və belə görüşlərin birində söhbətimizin mövzusu da təriflə bağlı oldu. O, böyük Şəhriyarın Tehranda keçirilən beynəlxalq yubiley təntənələrində müsabiqə yolu ilə iştirak etmişdi, səfərdən təzəcə qayıtmışdı.
Dedi ki, “Şəhriyar yaradıçılığında metaforik rəmzlər”dən məruzə edib, tehranlılar və təbrizlilər onu dərin maraqla dinləyiblər. Hətta Şəhriyarın bacısı Seyid Səriyyə xanım onu “papaq altda yatan şair qardaşım” deyə çağırıb.
- Əslində xoş söz, səmimiyyətlə deyilən tərif, zəhmətin isti-isti qiymətləndirilməsi insanları qaranlıqdan işığa, cəhalətdən oyanışa, Şərdən Xeyirə səsləmək deməkdir,- Şahmar müəllim tərifi bir qədər də özünəməxsus şəkildə belə izah elədi.
- Nəzakətli tərif həm də mədəniyyətdir, - dedim.
O, dalğın gözlərini qıydı, əlini çal saçlarında gəzdirdi, sonra bir qədər qırışlanmış alnını ovuşdurdu, dedi:
- Ürəyim doludu, səninlə söhbət eləmək istəyirəm...
Mən elə bilirdim ki, Qarabağın “qara bəxti”nə düşən şairimizin ədəbi aləmdə ağ günləri başlayıb. Onu Tehran, Təbriz, Moskva, İstanbul, Ankara, Nyu-York, Bonn... çap edir, tanıyır. Onu Bəxtiyar Vahabzadə, Çingiz Aytmatov, Məmməd Araz, Xəlil Rza Ulutürk tapıb, arayıb, meydana çıxarıb. Bəs ürəyi dolu şair nədən belə həzinləşib?
Qərara aldıq ki, piyada gəzək. Hökumət Evinin qabağından yolu keçib bulvara düşdük, dəniz qırağıyla söhbətləşə-söhbətləşə üzü yuxarı Şəhidlər Xiyabanına qədər gedib çıxdıq. Söhbətimizin mövzusu, məcrası tez-tez dəyişirdi...
O, ədalətli və səmimi adam idi, onun ürəyi uşaq ürəyi kimi təmiz və pak idi. Ədalət və həqiqət barədə dəqiq tərif verməsə də (əslində bunların heç birinin dəqiq resepti də yoxdur!) təbiətinə xas çılğınlıqla danışırdı:
- Bilirsən, dünən ədalətli hesab olunan əməllər bu gün bəzən cinayət sayılır. Məktəb bizə lenincəsinə, stalincəsinə, kommunistcəsinə yaşamağı, bəyləri, xanları ağına-bozuna baxmadan düşmən saymağı tövsiyə edirdi. Beriyaların güllələdiyi adamların çoxuna xalq xəlvətcə rəhmət oxuyurdu.
Mən də yavaş-yavaş “xalq düşmənləri” elan olunanların xalqın dostları olduğunu anlamağa başlayırdım. Atası, əmisioğlu, bibisi oğlu güllələnmiş anamın acı göz yaşları mənim ən ədalətli müəllimim oldu. İnanırdım ki, ədalət və həqiqət bərpa olunacaq.
Çünki sovet quruluşunun kökü yalan və tərif üzərində dayanırdı. Planlar saxta yolla doldurulur, yalan və gop uzaq ucqar kənddən Kremləcən ayaq tutub yeriyirdi. Rüşvət ədalətin də, həqiqətin də kürəyini yerə vururdu...Hələ üstəlik yalandan təriflər, əlçalmalar və alçalmalar...
Əlbəttə, biz yaxşı bilirdik ki, bütün bunları təkcə sovet dövrü doğmayıb. Şər və Xeyir cəmiyyət yarandığı gündən doğulub. İntəhası, bunlar bu və ya müəyyən dərəcədə ya artır, ya da azalır. Şahmarın bir şeri var, onu çox tez-tez deyirdi, mən də əzbərləmişdim.
Elə dərd var demək olmur heç kimə,
Həkim özü möhtac qalıb həkimə...
Yaxud,
Əməzəklər qoçulaşır ilbəil,
Qoç igidlər bacılaşır ilbəil,
Cibkəsənlər hacılaşır ilbəil...
...Biz Şəhidlər Xiyabanına çatanda mən onun həmin “Çərxi-Fələk” şerindəki bəndlərini dedim. Bir qədər susdu. Çox kövrəldi, xüsusən Şəhid məzarlarına baxanda halı bir neçə dəqiqə özündə olmadı, sonra qoluma girib astadan dedi:
- Müstəqilliyə qovuşandan və yüzlərlə, minlərlə şəhid verəndən bəri anlamışam ki, hürriyyət də, ədalət də, lap elə sənin bayaq dediyin o tərif mədəniyyəti də şüurlardan barınmalıdır. Yetkin şüura malik olmayan əhalidən xalq və millət ola bilməz...
...Şüur məsələsi! Çox önəmlidir, lap çox! Şərqi, Qərbi, Cənubu, Şimalı – Yer üzünün bu qütblərini qütbləşdirən Şüurdur. Fikrimcə, bizə millidən daha çox dünyəvi şüur gərəkdir! Dünyəvi Şüura malik olanlar daha firavan həyat sürürlər.
...”Qürbətin sarayından Vətəndə qəbir gözəl” deyən Şair Şahmar Əkbərzadə də dünyəvi şüura malik, ruhi sərhədlərə sığışmayan böyük Türk idi, Vətəndaş Ziyalı idi. Heyif ki, onu da qoruya bilmədik. Çox heyif! /azpress.az/
31 avqust 2015-ci il