manera.az
manera.az

Ölümə bərabər öpüş - Koronavirusla bağlı lətifələr

Ölümə bərabər öpüş - Koronavirusla bağlı lətifələr
MANERA.AZ koronavirusla (COVİD-19) bağlı yaranan lətifələrdən bir neçəsini təqdim edir:

Ölümə bərabər öpüş

Bir qadın vaxtında ərə gedə bilmir, yaşlaşanda qardaşı uşaqlarının ümidinə qalır. Amma gəncliyində yaxşıca sərvət toplaya bilir, çoxlu qızıl əşyalar alıb, ağzına dörd-beş kilid vurduğu sandığa yığır. Qardaşı uşaqları bibilərinin başına fırfıra kimi fırlanırlar, hər biri özünü bibisinə sevdirmək istəyir. Bibi də nə bibi: aləmin bici olur, qardaşı uşaqlarının hiyləsini başa düşür, onlara bac vermir.

Günlərin bir günündə bibi xəstələnir, tez-tez öskürür, qızdırması qırxa qalxır. Qardaşı uşaqlarının gözünə işıq gəlir, hərəsi qaçıb bir həkim gətirir. Həkimlər bibini müayinə edib qərara gəlirlər ki, o, koronavirusa yoluxub, təcili rayon mərkəzi xəstəxanasına götürülməlidir.

Qardaş uşaqları əl-ayağa düşürlər, deyirlər ki, bibi, vəsiyyətnaməni yaz, get.

Bibi deyir:

- Kimin adına yazım?

Biri deyir, mənim adıma yaz, o biri deyir, yox, mənim adıma yaz. Qadının qardaşı uşaqlarının arasında dava düşür, aləm bir-birinə dəyir. Bibi əsəbləşir, deyir, sözüm var, kim sözümə əməl eləsə, vəsiyyətnaməni onun adına yazacağam.

Qardaşı uşaqları bibilərinin çənəsinin altını kəsdirirlər:

- Canımız qurban, bibi, nə sözün var, de, əməl edək.

Bibi deyir:

- Kim indicə gəlib dodaqlarımdan öpsə, mənim mirasıma o sahib olacaq, vəsiyyətnaməni də onun adına yazacağam.

Məsafə

Birini evləndirirlər. Karantin rejimi mövcud olduğuna görə toy eləməyə icazə vermirlər. Kəbin ciddi nəzarət altında kəsilir. Bəyə və gəlinə maska, spirt hədiyyə edirlər. İki-üç polisin müşayiəti ilə təzə evlənənləri kəndə yola salırlar. Polislərdən biri görür ki, bəylə gəlin xısınlaşır, qışqırır ki, məsafə saxlayın. Təzə evlənənlər əmrə tabe olurlar.

Kəndə çatandan sonra maska taxmış qonum-qonşu yığışıb bəylə gəlini "toy" münasibətilə təbrik edirlər. Nəhayət, adamlar dağılışırlar, yengə gəlini gərdəyə aparır. Bir azdan bəy də durur ki, gərdəyə yaxınlaşsın, polis arxadan qışqırır:

- Məsafə saxlamağı unutma!

Bu yerdə bəyin əsəbləri dözmür, qayıdır ki:

- Rəis, məsafə saxlayan idimsə, daha niyə evlənirdim?

Maska

Arvad ərini məcbur edir ki, maska alsın.

Kişi qayıdır ki, maskanı neynirsən, sən elə maskasız da maskalanmağı bacarırsan. Otuz ildir, bir yerdə yaşayırıq, hələ də əsl sifətini görə bilmirəm.

Birini-ikisini tutaydın da, on doqquzunu neynirsən axı?

Zərri nənənin nəvəsi koronavirusa yoluxur. Nənə görür, yemək vaxtlarında nəvəsinin biri süfrəyə oturmur. Soruşur, bəs bu nəvə hardadı?Deyirlər, koronavirus tutub. Nənə söhbətin nədən getdiyini başa düşmür. Bir də soruşanda deyirlər, COVİD-19 tutub. Bir azdan xəstəxanada olan nəvə ilə telefon əlaqəsi qururlar, verirlər nənəyə ki, sən də danış. Nənə deyir:

- Bala, Covidin on doqquzunu neynirsən axı, birini-ikisini tutaydın da, yükün ağır olmazdı, vaxtında özünü evə çatdırardın.

Yaşmaq əhvalatı

Koronavirus vahiməsindən evdə qalıb hər gün fikrə dalan birisindən soruşurlar:

- Niyə dinib-danışmırsan?

Deyir, keçmişi araşdırıram.

Deyirlər, keçmişin nəyini araşdırırsan?

Deyir:

- Kütləvi xəstəliklərin keçmişdə az yayılmasının səbəbini araşdırıram. İndi başa düşürəm ki, arvadları niyə yaşmaqda gəzməyə məcbur edirmişlər...

Lələgiryan

Biri götürüb maşınını satır, puluna yeyib-içir. Çatana da deyir, hamımız qırılacağıq, bizə yeyib-içmək qalacaq.

Bir ay keçir, kişinin pulu bitir, çəkilib evdə oturur, çölə-bayıra çıxmır. Soruşurlar, niyə bayıra çıxmırsan?

Deyir:

- Pulum yoxdu, maşını satdım yedim, dedim, koronavirus tutub ölərəm, maşın ortalıqda qalar. İndi özüm qalmışam ortalıqda lələgiryan, koronavirus zəhrimar da gəlib çıxmır.

Görüş

İrana alverə getmiş yarıyaş bir arvad koronavirus tutur, qayıdanda onu Cəlilabad rayon mərkəzi xəstəxanasına yerləşdirirlər. Əri arvadına dəyməyə gəlir, həkimlər görüşə icazə vermirlər. Kişi xəstəxananın qabağında yaxasını yırtır ki, mütləq arvadı ilə görüşməlidir. Həkimlər polis çağırırlar, kişini xəstəxananın həyətindən çıxardırlar. Kişi görür, bu vəziyyətdə istəyinə nail olmayacaq, başlayır həkimə yalvarmağa:

- Həkim, başına dönüm, qoy heç olmasa, əlim arvadın əlinə dəysin!

Həkim deyir:- Olmaz, qardaş, buna imkan yarada bilmərəm, qanun icazə vermir, bir az gözlə, inşallah, o dünyada görüşərsən, nə qədər istəyirsən, arvadının əlindən tutarsan!

Sayıqlama

Kənddə birinin qızdırması qalxır, kənd həkimi mərkəzi xəstəxanaya bu barədə xəbər verir, gəlib kişini aparırlar. Xəstəxanada adam əlindən tərpənmək olmur, xəstələrlə birlikdə buraya ayaq açan qohumları bir hay-haray salırlar, gəl görəsən.

Kənddən gətirilən xəstəni təcrid otağına salırlar, qızdırma içində yanan xəstə başa düşür ki, vəziyyəti yaxşı deyil, deyəsən, koronavirusa yoluxub. Bu arada maska taxmış baş həkim təzə xəstəyə baş çəkir və ondan soruşur:

- Hardansan, xəstə?

Xəstə fikirləşir ki, kəndinin adını desə, bütün ailəsini yığıb tökəcəklər palataya, vəziyyət çətinləşəcək. Zarıya-zarıya deyir:

- Belə getsə, heç yerdən, həkim!

Baş həkim xəstədən əl götürmür:

- Yaşadığın kəndin adını bilmirsən?

Xəstə görür, baş həkim ondan söz almaq istəyir, deyir:

- Həkim, görmürsən, qızdırmadan sayıqlayıram, mənim indi kənd adı yadıma düşür?!

Bəy balası kimi

Bir arvad karantin dövründə məhlənin girişində qurulmuş postda polislərə ərinin adını, soyadını, maşınının nömrəsini verir, deyir ki, kişi hər gün SMS yazıb, harasa gedir, siz Allah, nəzarət eləyin, görüm o, bu iki saatda kiminlə olur?! Polis öz telefon nömrəsini arvada verir ki, ərin evdən çıxanda zəng elə, yadıma sal, ciddi yoxlayım.

Bir müddət keçir, arvadın əri öz maşınında yanında da fintiqfüruş bir qadınla gəlib postdan keçir. Polis üzünə maska taxmış qadını göstərib kişidən soruşur:

- Bu qadın kimdi?

Kişi deyir:

- Arvadımdı, bazarlığa gedirik.

Kişini postdan buraxırlar. Çox çəkmir, arvad polisə zəng edib soruşur:

- Ərim evdən çıxıb, görün, hara gedir?!

Polis deyir:

- Bacı, bizi ələ salmısan? Özünü bəy balası kimi dartıbsan, maşında ərinin yanında, özü də qabaqda oturubsan, mənə deyirsən, gör, ərim hara gedir?! Özün nəzarət elə də, bir halda ki, bir yerdəsiniz!

Polisin telefonu qulağında bomba kimi partlayır:

- Nəəə? Mənə elə bu lazım idi! İyirmi ildi, maşın alıb, bir dəfə də olsun, məni qabaqda oturtmayıb. Köpəyoğlu, həlbət evə gələr? Gör, onun başına nə oyun açacağam! /525.az/

Təqdim etdi: Bilal Alarlı
(filologiya üzrə fəlsəfə doktoru)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031