manera.az
manera.az

Nizami Gəncəvinin novellaları – İosif Braginski

📅 29.03.2021 18:52

Nizami Gəncəvinin novellaları – İosif Braginski
Nizami sevgi mövzusuna həsr olunmuş "Xosrov və Şirin”, "Leyli və Məcnun” poemalarından sonra qələmə aldığı "Yeddi gözəl”də də onu narahat edən ideal, həm də ədalətli hökmdar probleminə müraciət edir. Əgər əvvəlki iki poemanı hökmdarların sifarişi ilə qələmə almışdısa, "Yeddi gözəl”in mövzusu şəxsi istəyi ilə seçilmişdir.

Novella Bəhram Gurun tərcümeyi-halından ibarətdir (əfsanəvi sasani şahı Bəhram nəzərdə tutulur – 421-438). O, şairə rəhbər missiyası barədəki anlayışını diktə etmək üçün lazımdır. Nizaminin təbirincə hökmdar humanist və ziyalı olmalı, xalqın qayğısına qalmalı, dövləti idarə edərkən müdrik hökmdar təcrübəsinə söykənməlidir.

Bəhram Gurun obrazı mürəkkəb olduğu qədər həm də orijinaldır. O, xalqına xoşbəxtlik bəxş etməyə çalışır, düşmənləri və zülmkarları cəzalandırır, bir çox cəzaları isə ləğv edir. Amma Nizami qəhrəmanının feodal şərq başçıları üçün tipik olan zəif tərəflərini də göstərir. Öz vəzifəsini daim unudan Bəhram Gur dəbdəbəli hərəmxana yaradır, vaxtını ovda, ziyafətlərdə, kef məclislərində keçirir.

Bundan istifadə edən vəziri Rast Rövşən kəndlilərlə pis rəftar edir, xalqı talayır, ölkəni düşmənlərin tapdağına çevirir. Bəhram öz səhvini ancaq onun gözlərini özbaşınalığa və qanunsuzluğa açan müdrik çobanla rastlaşdıqda başa düşür. Çoban şaha möhtəşəm həyat dərsi keçir. Hökmdara "dərs keçən” müdrik çoban, şahı ağlı və bacarıqları ilə heyrətləndirən istedadlı müğənni həm də rəqqasə olan Fitnə, xeyirxah, zəhmətkeş, dostluqda sədaqətli Kürdlə onun qızları – asudə xalqa məxsus olan bütün bu obrazlar Nizami tərəfindən böyük məhəbbətlə yaradılmışdır. Qeyd etmək lazımdır ki, Şərq poeziyasında ilk dəfə olaraq rus qızı obrazı da "Yeddi gözəl” poemasında yer alır. Bu qız ağıllı, təhsilli, iradəli, cəsur slavyan gözəlidir.

Bu cür – ölkəni idarə etmək sənəti aşılayan didaktik əsərlər Yaxın Şərqdə hələ islamın meydana gəlməsindən daha əvvəl məlum idi. Onlar müsəlman dünyasında da geniş yayılmışdı.

Nizaminin xidməti həm də ondadır ki, ancaq məsləhət və "resept”lərlə kifayətlənməmişdir, bütün biliklərini həqiqi bədii formaya salmış, bədii obrazlar vasitəsilə oxucusuna dərin iz buraxmağa çalışmışdır. Böyük şairin yaradıcılığının zirvəsi və özünəməxsus yekunu isə "İskəndərnamə” poemasıdır.

Nizami əsasən ensiklopedik əsərlər yaratmışdır. O, janrın əhatə dairəsində qədim ənənələri, müsəlman baxışlarını, Sasani salnamələrini, qədim yunan fəlsəfəsini birləşdirmişdir. Çoxplanlı tarixi hekayələr sevgi mövzusu, varlığın fəlsəfi konsepsiyası və həyatın mənası haqqındakı düşüncələrlə uyğunlaşır. Poema iki hissədən ibarətdir: "Şərəfnamə” və "İqbalnamə”. "İskəndərmanə”də şairin həm idealları, həm də fəlsəfi düşüncələri tam və dərin şəkildə təsvir edilmişdir.

Nizami poema üzərində işləməyə başlayarkən yaşı artıq altmışı haqlayırdı. Bu əsərdə onun bədii düşüncələrinin nəhəng yaradıcı mövqeyi əks olunmuşdur. Nizaminin İskəndərinin poetik obrazı tarixi prototipi olan Makedoniyalı İskəndərdən fərqlənir. Nizaminin ideal hökmdar, sərkərdə olan qəhrəmanı həm ağıllı, həm də ədalətlidir, hər yerdə qayda-qanun yaradır, xalqları zülm və əzabdan xilas edir, şəhərlərin abadlaşması ilə məşğul olur, alimlərlə, filosoflarla məsləhətləşir, özü də dərin düşüncə sahibidir.

Amma digər əsərlərdə olduğu kimi bu əsərdə də şairin müsəlman əxlaqı büruzə verməyə bilməzdi. İskəndər fars diyarını ilhaq edərək zərdüştlüklə mübarizəyə başlayır, atəşpərəstlərin məbədlərini məhv edir, oda sitayişi kafirlik kimi qəbul edir.

Nizami İskəndərin tarixi prototipini ideal başçı kimi təsvir edərkən əsas etibarilə tarixə qarşı dürüst davranır. İskəndərin qanlı müharibələr aparmasının, fəth edilmiş diyarların sakinlərindən xərac almasının, onlara əzab verməsinin üzərindən susqunluqla ötmək gücündə deyil. Bu səbəbdən də təsadüfi deyil ki, "İskəndərmanə”nin səhifələrində kəndlərin ağır həyatından, feodalların qəddarlığından tez-tez bəhs edilir, xalqın həyatının yaxşılaşdırılmasının vacibliyi xatırlanır.

"Nüşabə haqqında hekayə” – ən gözəl poemalardan biridir. Məlumdur ki, Makedoniyalı İskəndər Qafqazda heç zaman olmayıb, amma əsərdə İskəndərin Bərdədə hökmdar qadın Nüşabə ilə görüşündən danışarkən Nizami doğma diyarın gözəlliyi və zənginliyini şövqlə qələmə almışdır.

Nüşabə hökmdar kimi ədalətli və ağıllıdır. Bu, güclü iradəyə qadir olan qadın ölkəni müdrikliklə idarə edir. Onun hakimiyyəti altında olan Bərdədə insanlar sülh və əmin-amanlıq şəraitində yaşayırdılar, günləri sevincli idi, çünki hökmdar xanım onları fəlakətlərdən, yoxsulluqdan, düşmənlərin hücumundan qoruyurdu. Təəssübkeşliyə və zahidliyə yad olan Nizami öz qəhrəmanını həyat eşqi ilə dolu insan kimi göstərmişdir.

Nüşabənin İskəndərin şərəfinə təşkil etdiyi ziyafət səhnəsi simvolik olduğu qədər həm də ibrətamizdir. Məclisdə süfrəyə yemək əvəzinə hökmdarın əmri ilə qiymətli daş-qaş təqdim edilir. Heyrət içərisində olan İskəndər bunun səbəbini öyrənməyə çalışır:

İskəndər söylədi: "Ey sadə dilbər,
Ölçüsüz söyləmə, tökməyəsən tər.
Düzmüsən süfrəmə almaz, yaqut, dürr,
Daş-qaş yeyilərmi, bu nə deməkdir?
Daşı da yeyərmi ağıllı insan?
Bu rəngi təbiət həzm etməz, inan!
Eylə bir yemək ver mədəmiz dolsun,
Rəğbətlə ona əl uzatmaq olsun."
Nüşabə gülərək söylədi şaha:
"Daşın ki, boğaza yolu yox daha,
Faydasız, yaramaz belə daş üçün
Bu qədər vuruşmaq, çarpışmaq neçin?
İndi ki, yeməyə yaramaz bu daş,
Dünyada onunla ucalarmı baş?
Dəyərsiz bir daş ki, olmayır yemək,
Onunçun bu qədər zəhmət nə gərək?


Şair Nüşabənin sözləri ilə həyatın məqsədini yad ölkələrin fəthi və xalqların talan edilməsində görən qəsbkarların qəddarlığını ifadə edirdi.

İskəndər demək olar ki, ayaq basdığı bütün ölkələrdə yeni qaydalar tətbiq edir, sakinlərə yardım edir, xalqları yoxsulluqdan, tənəzzüldən, kasıblıqdan xilas edir, köçərilərin hücumundan qoruyurdu, bircə Nüşabənin hakim olduğu Bərdədə onun köməyinə ehtiyac yox idi. Burada İskəndər ədalət, yaxşı quruluş, mədəniyyət işığı, dinc, sakit həyat gördü.

Nüşabənin obrazında, azad və ağıllı, mühakimələrlə məhdudlaşmayan qadın haqqında ən yüksək təsəvvürlər toplanmışdı. Əlbəttə ki bu, Nizaminin qəhrəmanını intibah dövrünün adamı etmir, onun dünyagörüşü, hökmranlıq üsulu orta əsrlər ənənəsini qoruyub saxlayır. Lakin məşhur dini azaddüşüncəlilik və orta əsrlər üçün olduqca xarakterik olan ədalət və müdrik başçı haqqındakı utopik xəyallar orta əsrlər mədəniyyətində tərəqqi kimi əks olunmuşdur.

Poemanın ikinci hissəsində ("İqbalnamə”də) Nizami qəhrəmanını əsas etibarilə alim, filosof və peyğəmbər kimi təqdim edir. Şair həqiqi elmin üstünlüklərini orta əsrlər sxolastikası qarşısında müdafiə edir. O, həyatın gözəlliklərini, yer həyatının xoşbəxtliyini tərənnüm edir, "o biri” dünyanın mədhinə ironiya ilə yanaşaraq asketizm əleyhinə çıxış edir. Nizami mahiyyətə uyğun olaraq ortodoksal dini təsəvvürləri rədd edir, bununla da Renessansın ideyalarının əsaslarından bəzilərinə heyranlıqla yanaşır.

"İqbalnamə”də Nizami şifahi xalq yaradıcılığından, ədəbi mənbələrdən bəhrələnərək maraqlı, dərin düşüncə tərzi ilə fərqlənən fəlsəfi-epik hekayələr ərsəyə gətirmişdir. Onlarda Nizaminin nəhəng həyat təcrübəsi, tarixi bilikləri əks olunur. Bu hekayələrin əsasında ədalətin ideyası, insanın xoşbəxtliyi və əmin-amanlığı naminə ilhamla dolu yaradıcı əməyə çağırış dayanır. İslam dininin qadağan etdiyi fəlsəfə, musiqi və digər incəsənət növlərinin burada həyat üçün vacib elmlər olduğu diqqətə çatdırılır. Nizami ağlı, müdrikliyi, zəhmətkeş insanın üstünlüklərini mədh edir.

Poemada fəsillər dəyişdikcə şair qəhrəmanının biliklərini elmin müxtəlif sahələrində ortaya çıxarır. Beləcə İskəndər sarayda disputlar təşkil edir, orada məşhur alimləri məğlub edir. Yeddi məşhur yunan filosofu – Aristotel, Valis (Fales Miletski), Bulinas (Apolon Tianski), Sokrat, Furfurius, Hörmüz və Platon İskəndərlə birlikdə kosmoqoniya (kainatın, xüsusən dünyanın əmələ gəlməsi haqqında nəzəriyyə – X.N.) məsələlərini müzakirə edirlər.

İskəndərin və müdriklərin dilinə Nizami yunan fəlsəfəsindən öz geniş həcmli biliklərini əlavə edir.
Nizaminin yol verdiyi xronoloji uyğunsuzluq (bu alimlər müxtəlif əsrlərdə yaşamışlar), ona oxucuları antik fəlsəfənin əsas cərəyanı ilə tanış etmək imkanı yaradır, eyni zamanda öz nöqteyi-nəzərini də əlavə edir. İskəndərin maarifçi rəhbər kimi qeyri-adi üstünlükləri bəlli yüksəkliyə çatır. Tanrının müjdəçisi ona müqəddəslik bəxş edildiyi xəbərini çatdırır.

O, mövhumatdan və zülmətdən, dinin həyat və təsbit barədə həqiqətə uyğun gəlməyən izahlarından uzaq dünyagörüşünün qələbəsinin həsrətini çəkirdi. Nizami elmə, həqiqətə və ədalətə söykənən "din” barədə arzulayırdı. Şairin sosial quruluş haqqındakı ideyaları İskəndər haqqındakı kitabın ikinci hissəsi olan "İqbalnamə”də daha geniş izahını tapmışdır.

Burada İskəndər yenidən uzun səyahətə hazırlaşır, amma bu dəfə bütün dünyanı elmə və insan müdrikliyinə əsaslanan həqiqi imana çağırır. O, mövhumatdan, dinin həyat və təbiət izahları ilə uyğunsuz qərəzindən uzaq dünyagörüşünün qələbəsinin həsrətindədir.

Nizaminin ədalətli sosial quruluş haqqındakı ideyaları İskəndər haqqındakı kitabın ikinci hissəsi olan "İqbalnamə”də geniş yer almışdır. Bu poemada Nizami ideal şəhər-dövlətin parlaq mənzərəsini yaratmışdır. İskəndər uzaq şimalda yerləşən qeyri-adi ölkə ilə tanış olur, burada başçı və təbəənin olmadığı, zülm və zorakılıqdan azad insanlar bərabər hüquqlardan istifadə edərək qocalana qədər xoşbəxt yaşayırlar. Burada tanrı və qullar yoxdu, azadlıq və ədalət qələbə qazanır, sosial zülm, aclıq və yoxsulluq yox edilib. Hər kəs namuslu əməklə məşğuldur. Həqiqi xoşbəxtlik ölkəsidir. İskəndər uzun zaman bu ölkənin arzusu ilə yaşamışdır. İndi həmin ölkənin qapıları onun üzünə açılıbdır. Nizami bu ölkəni fərəhlə təsvir edir:

Bizdə artıq deyil heç kəsdən heç kəs,
Bizdə ağlayana heç kimsə gülməz.
Oğrudan qorxmarıq, biz nə şəhərdə
Keşikçi qoyarıq, nə də çöllərdə.
Oğurluq eləməz bizdə bir nəfər,
Oğurlaya bilməz bizdən özgələr.
Nə zəncir, nə qıfıl görər qapılar,
Gözətçisiz otlar bizim mal-davar.
Bizim uşaqları böyüdər allah,
Naxıra şir, pələng toxunmaz əsla.


Nizami digər poemaları kimi "İskəndərnamə”də də ideal başçı obrazı yaratmağa çalışmışdır. Amma bu əsəri bitirdikdə şair o düşüncəyə gəlir ki, hətta ədalətli başçı da dünyada həyatı dəyişdirməyi bacarmaz – "Qüdrətli başçılara məsləhət vermək duzlu torpaqda toxum əkmək kimidir”.

Nizami yaradıcılığının ən yaxşı bilicisi Y.Bertels onu dövrünün ən görkəmli şəxsiyyətlərindən biri hesab edir. Nizaminin əsərlərini orta əsrlər Avropasının cəngavər romanları ilə müqayisə edərkən alim həm bilgilərin genişliyi, həm də həqiqətə yaxınlığına görə poemaları daha yüksəyə qaldırır. "Orta əsrlər Avropa roman fantastı üçün romanın möcüzəli olması adi olduğu qədər aydın məsələdir. Nizami fantastikaya ancaq hekayəni tamamilə şüurlu şəkildə yaratdıqda müraciət edir ("Yeddi gözəl”). Onun poemasında hadisələr hansısa daxili deus ex machina (gözlənilməzliyin) əmrilə yekunlaşmırdı, qəhrəmanların xarakterində kök salmış xüsusiyyətlərin nəticəsi olaraq baş verirdi. Bu səbəbdən də Nizaminin poemaları formal olaraq orta əsrlər ədəbiyyatının əlamətlərini daşısa da, yanaşmada daha çox Avropa intibah dövrünün ən yaxşı əsərlərinə daha yaxındır”.

Nizaminin yaradıcılığını Qərbdə də yüksək qiymətləndirirdilər. Böyük alman şairi İ.Höte öz "Qərb-Şərq divanı”nda Nizami haqqında deyirdi: "Poemaların gözəlliyi nəhəng, müxtəliflik sonsuzdu. Həmçinin onun digər həlli mümkün olmayan məqsədlərə həsr edilmiş şeirlərində də eyni aydınlıq gözə çarpır.”

Nizami öz "Xəmsə”sində Şərqin bədii mədəniyyətinin inkişafına dərin iz buraxmışdır. Həmin beş poema təkcə Azərbaycan ədəbiyyatının deyil, həm də Yaxın Şərq ədəbiyyatının mərkəzində dayanmışdır. Əmir Xosrov Dəhləvidən (1253-1325) başlayaraq Cami, Əlişir Nəvai, Füzuli və bir çox digər şairlər Nizaminin əsərlərinə bənzətmələr yaratmış, onun ənənələrini bölüşərək öz "Xəmsə”lərini ərsəyə gətirmişlər. /artkaspi.az/

Rus dilindən tərcümə edən: Xatirə Nurgül


Baxış sayı - 809 | Yüklənmə tarixi: 29.03.2021 18:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031