Ruhla ovunan şeirin yeni ədəbi ömrü - Xanverdi Turaboğlu yazır

1989-cu ildə qərara gəlinsə də, müəyyən səbəblərdən bir araya gəlib “2+ ədəbiyyat” cərəyanını yaratmaq mümkün olmadı. Nəhayət 1991-ci ildə şair Dəyanət Osmanlı ilə Xanəmir bu cərəyanın yaradılması istiqamətində konkret addımları ilə diqqəti çəkdi.
Əsas məqsədlərdən biri də ədəbiyyatı yeniliyə sövq etməkdən ibarət idi. Onların düşüncəsinə görə, 1991-ci il olsa da, son 70 ildə millətin varlığının necə yox edildiyi bir vaxtda sovet dönəminin və o dönəmin məhsulu olan ədəbiyyata qarşı mərhəmətli olmamağa çalışırdılar.
Cərəyan yaradıcılarının fikrincə, hələ də sovet şairləri yaşayır, yaradır, eyni qayda ilə hər cür imtiyazlara sahiblənmədkən bezmirdilər. elə buna görə də, mifləri dağıtmaq, köhnə qəlibləşmiş streotiplərdən yaxa qurtarmaq üçün, bir araya gəlib, “2+ədəbi cərəyanı” nın manifesti və məramnaməsinin yazılmasına nail olundu.
Bu halda onların şeirləri ilə birgə cərəyanın məramnamə və manifesti də çap olunur. Bu işdə “Oğuz eli” qəzeti ilk addımı atdı . Bundan sonra çap olunarkən birgə şəkildə şeirlər yayımlanmağa başlandı. Az sonra cərəyanla bağlı münasibətlər, yazılar üzə çıxmağa başladı.
O dönəmdə çap olunan “Yol” qəzeti də onlara kifayət qədər yer ayırdı.
Daha sonra cərəyan nümayəndələri ədəbi prosesin “ölgünlüyünü” nəzərə alaraq,“Avanqard” Ədəbi Birliyi təsis etdilər. Bu Birlik fəaliyyətə başladı.
Müxtəlif yerlərdə toplaşır, şeirlər oxunur, müzakirələr edirdilər.
Az sonra “Ağ yol” ədəbi birliyi də fəalyyətə başladı. Bu birliyi də yenə həmin qrup yaratdı. Bu birliyin üzvləri birgə çap olunur, onların yaradıcılıq nümunələri müxtəlif mətbuat orqanlarında yayaımlanmağa başladı.
1993-cü ildə Xanəmir Türkiyəyə təhsil üçün yollanır.
O, cərəyanla bağlı yazıları və şeirləri orda bir neçə dərgidə dərc etdirir.
1996-cı ildə isə yaradıcılığındakı yeni çalarlardan, fərqliliklərdən qaynaqlanan səbəblərdən dolayı, “2 + ədəbiyyat” cərəyanını, “ 2+ mistik poeziya”
cərəyanı kimi təqdim edir. Onun yaradıcılığında mistik elementlər özünü göstərməyə başlamışdı.
Xanəmirin ilk çıxan kitabı da (1996-cı il, İstanbul ) Türkiyədə bu cərəyana yer verməklə çap olundu.
1999-cu ildən sonra o, Azərbaycana qayıdıb sonrakı yaradıcılığı boyunca irfan və mistik elementlər şairin yazılarında özünü göstərməyə başladı.
Indiyə kimi bir neçə kitabları fərqli janrlarda işıq üzü gördü. Çap olunan kitabları bunlardır: “Kül soyuğu”.1995. İstanbul; “Ağğğğbaaaağğğ”. 2004. Bakı; “Qarğa beyni yeyənlərə namə”. 2008, Bakı; “Qoy Vatikan sevinsin”. 2008, Bakı; “Saatım Bağdadda qaldı”.2008, Bakı; “Osmanlı”. 2008, Bakı; “A mədəniyyətinin A dili lüğəti; 2010, Bakı; ;Göyə qayıdan mətnlər” 2010, Bakı; “Qəvi qövmün qalı” 2011, Bakı; “Derlər” 2013, Bakı; “Maqlar” 2015, Bakı.
Bu baxımdan müasir poeziyamızın son dövr bədii mənzərəsində Xanəmirin (1971) şer yaradıcılığını xüsusi olaraq qeyd etmək lazımdır. Xanəmir poeziyasının bədii obrazında hər şeydən öncə, gerçəkliyin görünən və görünməyən bütün tərəfləri həmişə bir vəhdət məqamında birləşir və poetik qəhrəmanın daxili ruhi aləmi bu halda daim Ulu Dərgaha aparılan yolun işığına tapınıb sığınır və ovunur, çünki İlahi varlıqdan ötürülən bu daxili nur bütövlükdə şairin bədii-poetik sənət yolunun Ruhi Bələdçisi olur. Budur, Xanəmirin şerlərində hər şey, bütün predmet və hadisələr—gecə, səhər, Günəş, Ay, Ulduzlar, Göy, Səma, Mavi çətir, Qaranlıq, Küləklər, Kül soyuğu, Ölüm, Tabut, Səssizlik, Qəbir, Ruh aləmi bədii-psixoloji vəziyyətin məhsulu olsa belə, yenə Xanəmir poeziyasının bədii kontekstində ən aparıcı mövzulardan olub bütövlükdə bu bir vəhdət halında cəmləşir, qovuşur.
Və bütün bunlar şairin poetik dlaxili dünyasında, “”iç””,, aləmində əsrarəngiz şəkildə, harmoniya biçimində, yeni bədii anlamda çözələnir və ədəbi həyatda öz yerini, mövqeyini aydınlaşdırır, təsdiqləyir. Budur, şairin şerlərində İnsan həmişəki kimi yenə də gecənin yaxınlaşdığını duyur, görür. Gecə yaxınlaşdıqca insan özü ilə özünün daxili “mən,,-i ilə tək qalmağa məcbur olur. Və bu məqamda insan bütün ruhu ilə üzü Göyə, Torpağa, adamlara, Sübhə, qaranlığa, ümumiyyətlə, həyatda, Kainatda nə varsa hamısı ilə yaxın, qovuşuq məqamındadır. Çünki onlar daxilən, ruhən bir-birilə” “ortaqdı,,.
Gecə” ”yaxınlaşır, üzüm göyə
Torpağa, adamlara,
Sübhə, qaranlığa…
Şairin bədii qəhrəmanı daha sonra özü ilə tək qaldığı, tənhalıqda yaşadığı müddətdə ömrün bundan sonrakı gələcək anların bədii taleyi barədə düşünür. Şairin qəhrəmanı ona verilən bu ömür payından olduqca çox, daha çox istifadə etmək istəyir, çünki ,,ömürdən,, sən istəsən də, istəməsən də “sular tez axır,,. Şairin poetik mən-i istəyir ki, ona verilən bu ömür payının vaxtının, zamanın dəstəyini öz əlində rahat saxlasın və müddətini daha da uzadıb genişləndirsin. Fəqət bu onun imkanı daxilindədirmi? Vaxt keçir, ömürdən gedir, ömürdən bir gün itik düşəndə şairin qəhrəmanı ona verilən bu ömür payının zəncirvari halqasından ayrı düşdüyünü hiss edir, yaşamağın səmtini doğrudan unudur, çaşır və poetik qəhrəman bu andan etibarən öz iç aləmində burulğanlı düşüncələrin ab-havasında darıxmağa başlayır:
Ömrümdən sular axır…
Balaca çiyindən aşan
Ay kimi qalxır…
Payın azı-çoxu çatır…
…Ömürdən
itik düşəndə gün
Səmtini unudaram yaşamağın…
Xanəmir şerlərindəki poetik qəhrəman bəzən Göy üzünə çəkilən xoş bir “mavi,, səsizliyin ab-havasında ruhani bir azadlıq görür və hiss edir. Külək də, Ulduz də, Ay da, Günəş də, hətta İlahi varlıq özü də bu xoş əsrarəngiz səssizliyin əhatəsində öz şirin və istəkli anlarını yaşamaqdan belə çəkinmir:
Mavilik təki səssizlik
Çəkilib göy üzünə
Heç nəyi incitmir külək
Sayrışmır Ulduzu, Ayı görünmür
Günəşi şığımır, ötmür buludu
Göyün bu məqamı rahat Allah da—
Taledən, gərdişdənkənar, qıraqda…
və məlum olur ki, Göyə çəkilən xoş bir mavi səssizliyin yaradıcısı məhz poetik qəhrəmandakı daxili “iç,, aləmin İlahidən ötürülən gizli nurdur ki, bu da İnsan Ruhu ilə bürünüb yenidən Ulu Dərgahda qovuşuq vəziyyətində cəmləşir:
Göyə mavilllik düşüb
Ürəyimin dibindən…
Digər halda şairin bədii qəhrəmanı insanda görmək istədiyi şirin, isti nəfəsin həsrəti ilə səssizlikdə daxilən “yanır,, və darıxmağa başlayır, çünki insan darıxanda hər şey ona cansıxıcı görünür, insanla bərabər hər şey, hətta “yarpağı yaşıl olan ağaclar,, da –baxmayaraq ki, ağaclar təbiətin canlı, aparıcı və sevimli qüvvəsi hesab olunsa belə– yenə də mavi çətir altında özünü rahat və sakit hiss edə bilmir. Yaşıl ağaclar da insanlar kimi bu geniş dünyaya, kainata, təbiətə ruhən sığa bilmir, daxiili, gizli aləmində insanlar kimi ruhən isti alovlu, atəşin, nurlu məhəbbətin eşqi ilə yanır və yaşamaq istəyir. Lakin təbiətin təbii qanunauyğun hadisəsi olan soyuqların verdiyi sərt, həmçinin bədbin əhvali-ruhiyyə yaşıl ağaclarda olduğu kimi insanın ruhi aləmində özünə yuva qurmuş həsrətli ümidlər də birdən birə öz donunda, soyuqlaşır, üşüməyə başlayır, öz canlılığını itirir:
Yarpaqları yaşıl ağaclar
Mavi çətir altda darıxında
Sopsoyuq ümidlər əsir oldu canımda
Səs-səmir çəkildi qeybə
Sağı-solu ölçən soyuqlar idi
…O taylara bahar gəlib
yaşıl ağacların kökləri üşüyür yenə
Xanəmirin şerlərindəki insan ümumiyyətlə, Gecə Qaranlığı və səssizliyin daima ümumi qovşağında yaşayır, Gecə Sükutun, Səssizliyin simvolik obrazına çevrilir. Xanəmirin poeziyasında Gecə sanki bütün hər nə var, hər şeyi susdurur və hər şey Gecənin qoynunda öz inadkar səssizliyini qoruyur. Çünki Gecə bütün libasların, səslərin bir rəngdə, bir biçimdə boğulmasına geniş imkan verir, lakin Səma cisminin digər sakini olan Ay işığın, nurun maşiyyət və məzmununu özündə əridən, ehtiva edən xüsusi mənbə rolunu oynayır:
Gecə ilıq maye
Toxunuram tərpənir
qulaqlarıma dolur qaranlıq
qulağım qaranlıq işığında
Göllərdə qaldı sükut
Sükut qaranlıqda qulaq tutdu göldə
Gecə boğarkən səsləri Ay parlıyırdı…
Şairin şerlərində təsvir olunan Ay bəzən öz işığı, nuru ilə poetik qəhrəmanın İstəkli Ruh aləminə daxil olur, şairin fərdi-poetik mən-in işığına öz müqəddəs nurundan pay verir. Çünki İlahidən daxili, gizli şualanma ilə ötürülən bu payı insanla ilahi varlığın mənəvi qovuşmasını reallaşdıran vasitəyə çevrilir:
Ay parlayır gecənin başında
Ruhum içimdəki yerləri gəzir
İçimdəki yerləri ziyarət eyləyir
Anlayır o dünyanı…
Xanəmirin şerlərindəki poetik qəhrəman bəzən insanın sifət cizgilərində ilahi varlığı görür. Nəsimidə “ənəl həq,, ideyasına öz bədii-fəlsəfi nurunu qatan şairin fikrincə əlində tutduğu quş lələyi ilə yazılan sözlər insana ilahi tərəfindən verilən gizli, mübhəm nurdur ki, həmin nurun məzmununda insan və ilahi varlıq bir-birinə qovuşur:
Quşun səsi üzümdə rəsim cızdı
Özünə bənzədi, özü kimi Allahı gördü…
Bununla belə şairin poetik qəhrəmanı söz və səslə insan üzünə çəkilən rəsmlə qaneedici bir məqam görmür, o daha çox dəyişilməni, başqa səpkidə rəsmlər, tablolar görmək istəyir ki, ilahi varlıqla daha sıx təmasda olsun:
Əllərinə gül al dedim
Əllərinə gül al
Dəyişsin axır zaman tabloları –gözəlləşsin
İstədiyimizi söyləyə bilək Allaha…
Digər şerlərində Xanəmirin qəhrəmanı bəzən tanrıya müraciətlə söz haqqında mülahizələrini çözələyir. Şairin fikrincə sözlər başdan başa sirlərlə doludur, şair bu sözlərdəki sirləri açmaya bilməz. Çünki söz—sənətkarın əlində tutduğu qələm istər-istəməz sözlərlə birgə ilahidən gələn nurun ab-havasından qızınaraq Günəş simalı, təmiz, ağ vərəqlərə süzülür. Vərəqlər isə İlahinin yazdıqlarını ruhun aynasında çözələyərək daha bir sirrin surətini üzə çıxarır. Bu məqamdasa Sözlər, fikirlər işığında Vərəqlər şairin ruh aləminin daxili məzmununu özündə əridən konkret xüsusi yerini, məkanın ifadə edir:
Tanrım sözlərim canında
Qətl edir bir-birini
Qaranlıqdan, işıqdan öncə
Çiçəklərdən, sulardan, rənglərdən öncə
Sözləri yaradıcının sirrini
yozmasın şairin mömin qələmi
ölürmü, Rəbbim
Ay görünmək istər istərkən söz ruhum, səs ruhuuuu
Unutmasın çiçəklərin açıb solan məqamın…
və s.
Şairin poetik mən-i həmçinin müqəddəs sənət yolunun axarı boyunca mavi göylə daxili dialoqa girmək istəyir, onunla yaxın, lap yaxın və sıx təmasda yaşamaq, ondan mənəvi-ruhani sığınacaq, mərhəmət istəyir. Çünki şair buna özünün daxili- intuitiv ehtiyacı kimi baxır:
Baxdım göy
Dualı sözlərimə qardaş olarmı
Dualı sözlərimə analıq edib
Mavi mərhəmətini göstərərmi
Mavi göydən mərhəmət uman şairin fərdi-poetik dünyasında gözəlliyin rəmzi siması kimi canlanan sözlər ruha çevrildikcə onun məzmununda gizlənən mənalar sanki birdənbirə bir çiçək kimi açılır, doğulur, özlüyündə Söz Ruha çevrildikcə onun mahiyyətini özündə əridən böyük məkana daxil olur:
Qorxularımdan gözəllik doğacaq
Sözlərimin içində gizlənən çiçəklər
Bir məkan arayacaq
Vallah o gün olacaq…
Bu dəfə şairin fərdi-poetik dünyasında incələnən bədii fakta görə insanın köksünün altında kükrəyən ahı, alovu ilə gözəgörünməyən İlahi varlığın simvoliki olan Mavi Göyə qovuşmaq istəyir:
Göyün altındakı mavilik cəlladı
maviyə gömülür sinəmin ahı
sinəmin ahı itmək istəyir, itmək istəyir…
Xanəmirin şerlərində insan bəzən Ruh aləminə qovuşarkən bədii qəhrəman bu halda özündə daxiili-ruhi azadlıq, sərbəstlik hiss edir. Bu məqamdasa insan gizli, şirin yuxuların qoynunda Ulu Dərgahın Nuruna qərq olduqca özünü ruhən saf, təmiz və müqəddəs hesab edir. Şairin fərdi-poetik dünyasında yuxu Şirin və Toxunulmaz Ruh aləmidir. Şairə görə Ruhun ab-havasında uyuyan hər şey daha canlı və əzəmətli görünür. Hətta «çiçəklər də açılır, otlar da göyərir»:
Gecə
Ay doğandan sonra
…adamı çağıran nuru qayıdır
Ay batana qədər
Yuxumun gücünə
Xanəmirin şerlərində qəhrəman digər məqamda Tənhalığı qorumaq, onun daxili isti yuvasında ovunmaq istəyir, şairin fərdi-poetik anlamında incələnən Tənhalıq bəzən səssizlik içində uyuyan gecənin əsrarəngiz, tilsimli əzəmətli qoynunda şirin, həm də uzaq xatirə tək yaşanılır.:
Gözlərindən axan uzaq xatirə tək
Səndən qalan
dörd divarlı tənhalıq
qoruyuram yadigar tək
Xanəmirin şer yaradıcılığında səhər də ayrıca məna kəsb edir.Səhər şairin fikrincə, bütün görünən əşya və predmetlərin, obyektlərin, küçələrin, binaların, ağacların otların ilk doğuluş bətnini xatırladır və səhər sanki bütün görynən obyektləri göydən aşağı buraxır, özü isə səmalar məkanına çəkilir:
Səhərin içindən çıxıb
Bu küçələr, ağaclar
Dustaq binalar
Səhər göydən çəkilmiş kimi
otlu, ağaclı, binalı
yuxarı dartılır….
Xanəmirin şerlərində bədii qəhrəman bəzən daxili tənhalığında baş yastığı ilə ünsiyyətə girir. Yastığa müraciətlə söylənən fikirlərində poetik qəhrəman daha çox qayğılı görünür. Qəhrəman gah yastığın yumşaqlığından anasının dizləri üstə yatmağını xatırladır, gah gecə soyuqlarından üşüyərək gözündəki yaşları özünə çəkən yastığa özünün qeyri-ixtiyari olaraq isnişdiyini büruzə verməklə baş yastığında özü ilə bərabər «hörüklü bir başın» da qayğısına qalmağı ona həvalə edir. Çünki Yastıq onların bir vəhdət halında mənəvi-ruhani simasının ayrılmazlığın əyani simvolik nişanəsidir:
Başımı qoynuna alan yastığım
…Yuxuda qayğılı başımı qoru…
Düşdü qaranlıqlar, üstünə əyildim
Yumşaqdın—anamın dizləri bildim
…Gecə soyuqları gələndə hərdən
Gözümün yaşını yığdın üzümdən
Böyrümdə hörüklü bir baş gözlədin…
Şerin ikinci bədii mətnində Yastıq və Yastıq sahibi daha çox darıxdırıcı, ölü sükut içərisində və qəriblikdə boğulur. Buradakı qəhrəmanların gələcək yaşamaq ehtimalı da bundan sonra görünmür. Çünki hazırki vəziyyət, psixoloji situasiya o qədər də qənaətbəxş deyil:
Başımın ağırlığına dözən
Yastığım dayanıb
Çarpayımın baş tərəfində
Yuxum qəriblikdə hələ də
ac mələfə kimi sakitlikdə
…çox yaşamağa gümanım az, gümanım az…
Xanəmirin şerlərində bədii qəhrəman həmişə olduğu kimi bu dəfə də bəzən gizli intuisiya məqamında yaşayır: ana və övlad yenə bir-biri ilə qovuşaraq keçmiş anlarını yaddaş psixologiyasında çözələndikcə daha da analıq və övladlıq hissiyatı incələnib dərinləşir. Ana balasını qolları arasına alıb bağrına basır. Ana övladını qucaqladıqca bir müddət övladının boynundan asılı qalır, övladının boynundan asılmağı şair şirin həsrətli, sevimli «düşmən» asılmağı kimi qəbul edir və mənalandırır:
Anamın qolları boynuma dolaşır
Əsir düşür boynumda anam
Uzaq göy altda dərdimi doğradıqca nəğmələrimə
Boynumun sevimli düşmənliyi qurtarır, ana
Üzünün üzünə sıxmasını mənəvi məhrəmlik kimi yozan şairin fikrincə onlar sanki, Tanrının söylədiklərinə qeyri-şüuri olaraq əməl edir, çünki ana indiki məqamda qucaqladığı övladını bir vaxtlar bətnində gəzdirirdi:
Üzünü üzümə sıxıram
Dirilir Tanrının söylədikləri
məni hələ də bətnində duyursan
üzümü gördükdən sonra, bətninə
qaytarırsan, ana
Xanverdi TURABOĞLU
ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru