manera.az
manera.az

Sülh və Müharibə - Yeni hekayə

Sülh və Müharibə - Yeni hekayə
- Humay, 2 alırsan!

Sözün də zərbəsi varmış. Elə bil məhz indi bunun fərqinə vardım.

Özümü təhqir olunmuş hiss etdim. Partaların yanından keçəndə kimsə pıqqıldadı, kimi dişlərini ağartdı.

Müəllimin sifəti təəccüb, kinayə və qəzəbdən rəngdən-rəngə düşürdü. Ürəyimdə özümü danlayırdım. "Füzuli türk poeziyasının şairidir" demək də nə idi? Atamdan eşitdiklərimi danışmağa məni nə məcbur etdi? Mənə elə gəldi, sinif otağının yuxarı başına vurulmuş Leninin portreti də üzümə acıqla baxır.

- Humay, Füzuli Azərbaycan ədəbiyyatının nümayəndəsidir! Füzuli məgər türkdür?

İstədim deyəm, elə biz də türkük! Amma müəllimin qəzəbli baxışlarını görüb sözümü uddum.

- Füzuli nə türkdür, nə ərəb! O, azərbaycanlıdır!

Bir az da inadkarlıq etsəm, "Füzuli komsomoldur", deyəcəkdi. Hənifə mənə baxıb başını bulayırdı, yəni ay-hay, əlaçımıza bax da. Paşabala qarnını tutub qəşş eləmişdi, ya da ki, özünü elə göstərirdi.

Fikirləşdim ki, Füzulinin türk, ya azərbaycanlı olduğunu araşdırmaq heç kimin ağlına gəlməyəcək, amma Humayın iki aldığını hamı xatırlayacaq. Bəlkə də jurnala yazılmasa unudulub gedər. Təki iki qiymətim jurnal üzü görməyə! Amma Göynurun işarəsindən anladım ki, qiymət jurnala yazılıb.

Təsəvvürümə gətirdim ki, bu ikini mənə böyük ümidlər bəsləyən sinif rəhbərimiz də görəcək. Yəqin ki, məni olimpiadaya hazırlaşdıran coğrafiya müəllimimizin də gözündən qaçmayacaq. Hələ bəlkə rus dili müəllimimiz Niyaz Abasoviç də gördü, o Niyaz müəllim ki, məni çox istəyir və nədənsə, hər görəndə mənim haqqımda "bizim jurnalistimiz" deyir.

Ondan sonrakı biologiya dərsində ancaq bu rüsvayçı qiymət fikirlərimi işğal elədi. Müəllim Kolorado böcəklərindən danışırdı. Dinləyərək düşünürdüm ki, görəsən, böcəklərin də dərdləri varmı? Hər halda o da canlıdır, yaşayır. Böcəyin dərdi də yəqin, böcək boydadır.

Mənim dərdim jurnala yazılan iki qiyməti boyda idi. Çox böyük idi, dərdini çəkə bilməyəcək qədər böyük. İçimdə dəhşətli fikir baş qaldırdı. Jurnalı oğurlayıb gizlətmək. Onunla birgə 2 qiymətini də tarixə gömmək.

Sonuncu dərs bitəndə mən hələ jurnal haqqında fikirləşirdim. Dərs bitdikdən sonra çantamı götürüb sinif otağından çıxdım. Biz 4-cü mərtəbədə yerləşirdik, müəllimlər otağı 2-ci mərtəbədə. Kitabxana ilə üzbəüz idi. Uzaqbaşı kitabxanaya gəldiyimi deyəcəkdim.

Müəllimlər otağının qapısında rus dili müəllimimiz Niyaz Abasoviçlə qarşılaşdım. O, rus cəbhəsində döyüşüb, medalları var. Bir vaxtlar veteranlara böyük hörmət bəsləyirdilər, amma artıq müharibə öz sehrini itirib, indi veteranlara əvvəlki kimi şövqlə baxmırlar. Bu, Niyaz müəllimə çox təsir edir, biz "Vətən üçün" vuruşmuşduq deyir, amma artıq onu heç kim anlamaq istəmir.

Niyaz müəllim o biri müəllimlər kimi qəzəbli deyil, imtahan vaxtı heç nə tələb etmir, süpürgəpulu yığmır və pulu olmayan uşaqları alçaltmır. Bütün görkəmindən kübarlıq yağan Niyaz müəllimin doğma, anlayışlı baxışlarını itirməkdən çox qorxuram və elə ona görə də üstümə kölgə salan jurnalı məhv etməliyəm. Bu həyatda itirəcəyim o qədər az şey var ki. Atamın sevgisi, anamın anlayışı, Niyaz müəllimin doğma baxışları, həyətimizdəki pişik balalarının hənirtisi... Düzdür, 2 almağım pişiklərin mənə olan münasibətini dəyişməyəcək, ancaq kim bilir...

Niyaz müəllimin gözlərinə baxmağa qorxurdum, deyirdim birdən doğma baxışları görərəm və bu məni görəcəyim işdən çəkindirər.

Müəllimin qarşısında gözlərimi yerə dikib durmuşdum və Niyaz müəlim kimi axtardığımı soruşmasaydı, yəqin, bu çox davam edəcəkdi.

İlk ağlıma gələn müəllimin adını söylədim, guya uşaqlardan məni soruşubmuş. Niyaz müəllim başını tərpədib otaqdan çıxdı. İçəridə heç kim yox idi. Müəllimlərimiz jurnalı özləriylə gətirməyi unudanda bizi bəzən jurnalın dalınca göndərirdilər. Ona görə harda yerləşdiyini bilirdim. Yeşiyi açıb jurnalımızı tapdım. Əlimi jurnalın üstünə çəkdim. Düzü, bu niyyətlə jurnalı əlimə götürəcəyim ağlıma gəlməzdi. Yadıma düşdü ki, jurnalı sinif otağında sahibsiz görəndə necə bir-birimizə macal vermədən qiymətlərimizə baxmağa cəhd göstərirdik. İndi bu qiymətli jurnal əlimdədir. Amma açıb içinə baxmağa taqətim yoxdu. Tək ona görə yox ki, lənətə gəlmiş qiyməti görəcəyəm, həm də ona görə ki, təlaşdan heysizləmişəm. Əslində, nə etdiyimi artıq bilmirəm.

- Humay, sən hələ burdasan?

Başımı qaldırdım. Niyaz müəllim qarşımda dayanmşdı.

***

Səhəri gün elə birinci dərs günündəcə məlum oldu ki, jurnal yoxa çıxıb. Əvvəl sinif nümayəndəsi jurnalı sinif rəhbərimizin, sinif rəhbəri isə sinif nümayəndəsinin götürdüyünü güman elədi. Gümanlar boşa çıxanda elə sandılar ki, jurnal ilk dərsi keçməli olan Fatma müəllimədədir. Amma Fatma müəllimə elə haray saldı ki, sinif nümayəndəsi də, sinif rəhbərimiz də qorxudan büzüşdülər. Sonra gümanları sinif otaqlarını gəzdi. Bəlkə təsadüfən hansısa dərs otağında qalıb deyə bircə-bircə yoxladılar. Jurnal yox idi.

Xəbər direktora çatdı. Dedilər, indi özü sinif otağına gələcək. Düzü, məsələnin bu boyda şişəcəyini güman eləməmişdim. Elə bilirdim, sadəcə yenisini yazacaqlar. Köhnə jurnal da yaddan çıxıb gedəcək. Nə çox elə jurnal!

- Bu, bilirsiniz nə deməkdir? - Direktordan qabaq özünü çatdıran partkom çığırdı. - Bu cinayətdir! Bu rəzalətdir! Bilirsiniz bu məsələ nazirin qulağına çatsa nə olar, (bəlkə də "güllələyər" demək istədi, amma Stalin rejiminin xeyli keçmişdə qaldığının fərqinə varıb sözü dəyişdi) hamımızı işdən çıxarar! Sizi də məktəbdən qovar! İt balası kimi qovar!

Axırıncı sözlərdən sonra bədənimdən üşütmə keçdi. İstədim qabağa çıxıb deyəm ki, jurnalı mən götürmüşəm, çünki jurnala yazılan qiymətlə barışa bilmədim, üsyan etdim. Amma addım ata bilmədim. Ayağım hərəkətsiz idi. Elə bil partkom öz lənətiylə məni daşa döndərmişdi.

Dedilər ki, direktor gəlir. Partkom Əzrayıl kimi gülümsədi.

Abdi müəllim zəhmli idi. Yəqin ki, ucaboy olduğundan həmişə hamının başının üstündən baxırdı. Adama elə gəlirdi ki, heç kimi görmür.

İndi fərqinə vardım ki, direktorun gözləri qan çəkib. Qorxu filmlərindəki ölüb-dirilən adamları xatırladırdı. Elə bil dediyi sözlərlə heç bir əlaqəsi yox idi, ümumiyyətlə, bura niyə gəldyini dərk eləmirdi. Amma bilirdi ki, hansısa mühüm cinayətin üstünü açmaq üçün gəlib.

Otağa sükut çökmüşdü. Ölü səhranın səssizliyinə bənzəyirdi. Hər halda mən özüm bu səssizliyə bələnmişdim. Elə bilirdim, ölü gözlərilə əlini mənə uzadıb "bax, cinayətkar budu, onu məhv edin", - deyəcək.

- Ən sonuncu vasitələrə əl atmağa məcbur eləməyin. Jurnalı kim götürübsə, sabah qaytarıb yerinə qoysun. Heç bir cəza tədbiri görülməyəcək. Amma jurnalı gətirib yerinə qoyun.

Direktor bunu deyib qapıya yönəldi. Qapıdan çıxanda ayaq saxladı, çevrilib qan çanağına dönmüş gözlərilə bizə baxdı. Mənə elə gəldi ki, bu zombi adam jurnalın kimdə olduğunu bilir.

***

Saat 7-də məktəbin həyətində topalaşıb müqəddəratımızı gözləyirdik. Növbəylə bütün uşaqları içəri keçirdilər. Bizim sinfi lap sona saxlamışdılar.

Məktəbə daxil olar-olmaz qapılar arxamızca kilidləndi. İçəridə ara-sıra polislər gözə dəyirdi. Özümü tələdəki quş kimi hiss etdim.

Sinif otağına yığışan kimi direktor, direktor müavini, partkom və polis işçisindən ibarət heyət daxil oldu. Ürəyim çırpındı. Bu elə hamımız üçün gözlənilməz idi. "Bəs deyirdilər cəza olmayacaq? Bu polislər nədir bəs?" - otaqda ağcaqanad vızıltısına bənzər pıçıltılar gəzdi.

- Hə, açın çantalarınızı. Utanmayın, utanmayın, jurnalı oğurlayanda heç bu qədər utanmırdınız, eləmi? - partkom idi bunları deyən. - Bəlkə sizə kömək edək? Hə?

Çantamızı açmağa cəsarət etmirdik, elə bil daşa dönmüşdük.

Polis irəli durmaq istədi, direktor əli ilə onu saxladı.

- Narahat olmayın. Özləri, - dedi.

Hələ də üzünə baxıb əlavə nəsə deməsini gözləyən polisin ümidləri suya düşdü; direktor qəddini düzəldərək məğrur görkəmlə bizim başımızın üstündən harasa uzaqlara baxırdı.

Qulaqbatırıcı sükut öz işini görürdü. Nə qımıldana, nə əl-qolumuzu tərpədə bilirdik. Direktorla göz-gözə gəlməmək üçün başımızı qaldırmağa qorxurduq.

Hə. - Direktor gözlərini uzaqlardan çəkib polisə işarəylə dedi, - siz işinizi görün.

Başımı ehmalca qaldırdım. Yoğun, yekəqarın polis məhəlləmizin qəssabına oxşayırdı.

- Ay ana! Məni kəsirlər! - Ənvər bağırdı.

Ənvər sinfimizin ən balacasıydı. Onu 5 yaşından məktəbə yazdırmışdılar. Bəlkə də elə buna görə dərsləri mənimsəyə bilmir, xeyli dala qalırdı.

- Vallah mən götürməmişəm, polis əmi, - Ənvər partanın küncünə sıxışıb əllərini özünü müdafiə etmək üçün qabağa tutmuşdu, - mən götürməmişəm!

Polis Ənvərə məhəl qoymadan çantasını açdı, içindəkiləri partanın üstünə boşaltdı.

- Bax, gördünüz, məndə yoxdu, yoxdu, - Ənvər burnunu çəkə-çəkə deyirdi.

Polis Ənvərin yanından keçib Gülümsərin yanında dayandı.

Gülümsər çantasını iki əliylə qucaqlayıb oturmuşdu. Elə bil baş verənlərin fərqində deyildi.

Polis çantanı Gülümsərin qolları arasından dartıb çıxardı, qız dəhşət hissilə polisin hərəkətlərini izləyirdi. Çantadan kitablar, dəftərlər, qələm, karandaş, pozan və quru çörək parçası partanın üstünə düşdü. Gülümsər çörəyi gizlətmək üçün tez onu qamarladı, amma artıq gec idi. Hamı çörək parçasını görmüşdü. Bəlkə də başqa vaxt olsaydı, başda Paşabala olmaqla əzazil uşaqlar lağa qoyardılar, amma birdən-birə elə bil hamı böyüdü. Artıq uşaqlar üçün polisi qəssaba oxşayıb qışqıran Ənvər də, quru çörək parçasıyla naharı yola verən Gülümsər də gülməli deyildi.

- Bəs sən?

- Nə? - mən xəyallardan ayıldım elə bil.

- Ver çantanı görüm, - polis saymazyana dedi.

- Mənim çantamda... mənim çantamda jurnal yoxdu - mən kəkələdim.

- Ver bura dedim, - polis çantanı qamarladı.

Gözlərimə qaranlıq çökdü. Polis üstümə gəldikcə, burnu, gözləri, ağzı böyüyüb anormal şəklə düşürdü.

Hamının çantasına bir-bir baxıldı. Partaların üstündə dəftərlər, kitablar, qələmlər, qələmdanlar, pozanlar, cürbəcür dəftərxana ləvazimatları üst-üstə qalaqlanmışdı. Yerə tökülənlər də vardı. Amma heç kim direktorun yanında aşağı əyilərək yerə dağılanları toplamağa cürət eləmirdi.

Sonuncu çanta da boşa çıxanda elə bil direktora durduğuq yerdə şillə vurdular. O da şillənin əvəzini vermək üçün qolaylandı, amma birinci kimə vuracağını bilmədiyi üçün əlləri havada gedib-gəldi. Hətta polis də gözləri heç nə ifadə etmədən bir neçə saniyə onun havaya vurduğu zərbələrə baxdı.

Partkom özünü yetirib direktorun önünü kəsdi.

- Siz heç narahat olmayın, mən bu dəqiqə onları məcbur edəcəyəm, bu dəqiqə...

Üzünü bizə tutub bağırdı:

- Deyəsən, hamınız könüllü polis idarəsinə getmək istəyirsiniz. Həbsxana həyatına dair nəsə oxumusunuz? Bundan sonra oxumaq gərək deyil, öz gözlərinizlə görəcəksiniz. Durun ayağa! Hey! Kimə deyirəm! Hamınız düzlənin burda!

Uşaqları yazı taxtasının önünə yığdılar. Paltolarımızı geyinmiş, papaqlarımızı başımıza keçirmişdik. Ağzıaçıq çantalarımız çiynimizdəydi. Yerə tökülmüş dəftərlərimizi yığmağa halımız yox idi. Həm də düşünürdük, arxamızı çevirsək, filmlərdəki kimi bizi kürəyimizdən gülləylə vuracaqlar.

Vaxtdır - direktor dedi. Hamı bir-birinin üzünə baxdı. Hər dəqiqə bizə qiymətli görünürdü.

Yavaş-yavaş qapıya yönəldik. Birinci sinif nümayəndəmiz çıxdı. Yəqin ki, batan gəminin kapitanı kimi məsuliyyəti öz üzərinə götürmək istəyirdi. Üstümüzə partkomumuz kimi hücum çəkən qorxunu dəf edib, vacib xəbəri demək üçün gəlmiş sinif rəhbərimizin dediklərini anlamağa çalışdıq:

- Abdi müəllim, 7 b-nin jurnalı tapılıb - şkafın aşağı küncündəymiş... Görünür, kimsə sənədləri götürəndə aşağı sürüşüb...

Kimsə "ura" dedi. Kimsə sevindiyindən siçan kimi ciyildədi. Ənvər ağladı. Direktorun gözləri yenə qan çanağına döndü. Partkom qurbanını ələ keçirə bilmədiyi üçün sarsılmış Əzrayıl təbəssümüylə gülümsədi. Bircə enli gövdəli, qalınbığ polis nəfərinin tükü də tərpənmədi. İfadəsiz gözlərlə boşluğa baxırdı.

***

Dünənki günü müharibə günü kimi xatırlayıram. Ona görə yox ki, qarşıma müharibə veteranı Niyaz müəllim çıxmışdı, ona görə ki, ədalət naminə döyüşdüyümü güman etdiyim gün idi.

Jurnalı nəyə görə götürmək istəyirdim? Çünki orda "iki" vardı və o ikini mən Füzuli "türkdür" dediyimə görə almışdım. Müəllim təbii olaraq nəticə çıxarmışdı ki, deməli, biz də türkük və dərhal məni hamının gözünün önündə cəzalandırmaq istəmişdi. Daha bir kimsə cəsarət edib belə "cəfəngiyatı" dilinə gətirə bilməzdi.

Hələ insan hüquqlarından xəbərim yox idi, amma düşünürdüm ki, bir insan kimi mənim hüquqlarım pozulub, haqsızlığa tuş gəlmişəm.

Bundan başqa, o "iki"nı Niyaz müəllim də görəcəkdi, o Niyaz müəllim ki, mənim xətrimi çox istəyir və mənə "bizim jurnalist qızımız" deyir.

O həmin Niyaz müəllim idi ki, şagirdinə onun dilə gətirmədiyi arzularını hiss edəcək qədər bələd idi və yəqin, elə bu səbəbdən işlərimi bitirəndən sonra rus dili otağına getməyimi istədi. Niyaz müəllim otaqdan çıxandan sonra məni dəhşətli fikirlər sardı. Doğrudanmı, Niyaz müəllim mənim nə istədiyimi anladı? Axı o bəzən fikirlərimi üzümdən oxuya bilir. Məsələn, keçən dəfə şeiri əzbərləmədiyimi hiss edib məni dərs danışmağa çağırmadı. İmla yazdıranda isə bəzən xəyallarımla bərabər açıq pəncərədən uzaqlara uçduğumu duyur, ta ki mən xəyalların əlindən çıxıb yenidən sinif otağına qayıdana qədər bir cümləni bir neçə dəfə təkrarlayır.

Amma vaxt mənim əleyhimə işləyirdi, heç nə düşünmək istəmədən jurnalı tez-tələsik çantama dürtüb otaqdan çıxdım.

Çantam ikiəlli qucağımda rus dili otağına daxil olanda düşündüm ki, yəqin, hər şeyi rus dili müəllimimə danışmalı olacağam, çünki bütün siması heç də xoş olayla qarşılaşmadığını söyləyirdi. Səliqəylə arxaya daranmış ağ saçlar mənə bu dəfə kübarlığın deyil, prinsipiallığın bəlirtisi kimi göründü.

Onun işarəsiylə üzbəüz partanın arxasında oturanda da bu haqda düşünürdüm.

- Humay, bu gün bütün vaxtı dalğın olmuşam, heç müəllimlər otağına niyə gəldiyimi də bilmədim... Gərək ki, səni oraya sinif rəhbəri göndərmişdi, eləmi?

Mən güclə eşidiləcək səslə:

- Bəli, - dedim. Amma dərhal anladım ki, Niyaz müəllim dalğınlığın havasını dağıtmaq üçün bu sualı verdi.

- Dünən bir məktub almışam. Əsgər yoldaşımın ailəsindən idi… Biz onunla - Luçemirlə cəbhədə bir yerdə vuruşmuşuq. Bir yerdə ölümün gözünün içinə baxmışdıq. Elə an olur ki, hər şey, hətta ölüm də mənasını itirir. Bax həmin o anları bir yerdə yaşamışdıq…

Mən çantamı hələ də ikiəlli qucaqlayıb müəllimimlə qabaq-qənşər oturmuşdum, amma o danışdıqca fikirlərim indiyə qədərki anlamsızlığını qavrayıb, uzaqlara, Niyaz müəllimin xatirələrinin canlandığı zamana və məkana uçurdu…

- Luçemir patriot idi, doğma Ukrayna dilində danışmağı rus dilində danışmaqdan daha üstün tuturdu. Bu dildə çox gözəl nəğmələr var. Ukrayna xalqının nəğmələri... Luçemir bəzən zümzümə edər, hamımız bu nəğmənin havasına köklənib özümüzü qan-qadadan uzaq, doğma yerlərdə sanardıq...

Düşmən bütün hallarda amansız olur... Bir rus snayper var idi, əsir düşdükdən sonra həyatla ölüm arasında seçim etmək şansı vermişdilər. O da yaşamağı seçmişdi. Gündəlik işi əsir düşən rusları güllələmək idi. On minlərlə soydaşını qətlə yetirmişdi... Almanların fikrincə, bu, qaz kameralarından daha yaxşı effekt verirdi. Rusun öz əliylə soydaşını qətlə yetirməsi həm də düşməni mənən sındırmaq demək idi... Bir kənddə bir süngüyə keçirilmiş üç insan meyitinə rast gəldik. Kişi, arvad və uşaq... Bu səhnələri görəndən sonra hər şey yadlaşır, heç nə haqqında düşünə bilmirsən. Bütün bunlar yaddaşının qırışlarına hopur.

Birinci batalyon məğlub olanda köməyə ikinci batalyon gəlirdi. Yaralılar döyüş meydanında qalırdı, vəziyyət belə idi, birini xilas edənə qədər on əsgər itirə bilərdin... Döyüşlərin birində mən kürəyimdən yaralandım. Qış idi - şaxta, sazaq. Ətrafda döyüş dostlarımı görürdüm, onlar həlak olmuşdular. Halbuki bir gün əvvəl biz sabahkı döyüş haqqında gülə-gülə danışır, zarafata salırdıq. Döyüşqabağı belə söhbətlər etmək ənənə halını almışdı, adam həm ruhən, həm də fiziki cəhətdən bərkiyir, öz ölümsüzlüyünə inanırdı. Həmişə "pis adama heç nə olmaz", - deyə zarafat edən Valeri də ölənlərin arasında idi. Əslində, yaxşı adam idi, azad etdiyimiz kəndlərdə ən əvvəl uşaqları xilas etməyə qaçırdı, son tikəsini onlara verirdi, hətta gizlicə alman uşaqlarını da yedizdirdiyini görmüşdüm. Deyirdi ki, öz tifillərim gəlir durur gözümün önündə, yəqin, onlara da belə kömək edən var. Bir çətən külfəti vardı, müharibədən sonra öyrəndik ki, onlardan yalnız yeganə bir qızı sağ qalıb, qalan tifillər soyuqdan və aclıqdan tələf olmuşdular.

Həlak olmuş dostlarıma baxıb mən də öz ölümümü və doğmalarımı düşünürdüm. "Görəsən, qara kağızı vaxtında çatdıra biləcəklərmi? Çatsa belə anamın nigaran baxışları yollardan yığılacaqmı?". Öz ölümümlə dərdləşmək doğrudan çox qəribə idi. Çünki ağrıların arasında mənə ən yaxın olanı ölüm idi... Bu vaxt insan nəfəsini üstümdə hiss elədim. "Adam öləndə beləmi olurmuş", - dedim öz-özümə.

Sonra kimsə ayaqlarımdan tutub sürüməyə başladı. Dumanlı halda Luçemiri başımın üstündə gördüm. Güllə səsləri qulaqlarımda əks-səda verirdi, amma təhlükədən uzaqlaşdığımı hiss edirdim.

Sonra yenə Luçemirin alacalanmış gözlərini gördüm, "Bratan, səni kolun dalında gizlədim, nisbətən təhlükəsiz yerdəyik, amma sığınacağa gedə bilməyəcəyik, səni qaldırmağa çalışdım, gücüm çatmadı. Mən də səninlə burda qalacam. Nə olar, olar. Nə olsa da səni tək qoymayacam", - dedi və ağladı.

Luçemir çəlimsiz idi, kasıb ailədə böyümüşdü, "birini tapanda birini tapmırdıq, - deyirdi, yəqin, ona görə belə balaca-malaca qalmışam. Bratan, mən sənin kimi nəhəng olsaydım, yerə-göyə sığmazdım", - deyə zarafat edərdi.

- Burda qalmağın anlamsızdır, dostum, - dedim. Mən sənin xilas olduğunu bilsəm, rahat öləcəyəm. Məni o dünyaya suçlu göndərmə.

Luçemir gözlərini üzümə dikdi, elə bil vidalaşmaq istəyirdi, amma münasib sözlər tapmırdı.

- Get, dostum, - mən dedim.

Güllələrin səsi daha yaxınlıqda eşidilirdi.

- Vaxtımız daralır, dostum, xahiş edirəm, - getdikcə danışmaq daha çətin olurdu, çox qan itirdiyimin fərqindəydim.

Luçemir ağlayırdı. Mənə elə gəldi ki, bütün taleyinə ağlayır. Ağlamaq üçün yəqin, bundan əlverişli vaxt olmazdı...

Luçemirin səsi getdikcə uzaqlaşırdı. Onun getdiyini, uzaqlaşdığını düşündüm.

Amma o getmədi. Elə bil ölümlə oyun oynayırdı. Sığınacağa çatmağa az qalmış yenidən hansısa möcüzəylə döyüş yerinə qayıtmışdı.

"Səni orda tək ölümlə baş-başa qoya bilməzdim, o sonralar deyirdi. - Bu vicdanla yaşamaq elə ölmək demək idi".

Luçemir kürkünü əynindən çıxarıb üstümü örtdü. Son anda da məni ölümün nəfəsindən qoruyurdu. Onun soyuğun altında müdafiəsiz qalmış çəlimsiz bədəninə baxa-baxa ölümün, əslində, o qədər də qorxulu bir şey olmadığını düşünürdüm. Danışmağa taqətim yoxdu. Bircə "sağ ol, bratan", - deyə bildim. Sonrasını xatırlamıram. Gözümü açanda hospitaldaydım. Son anda köməyimizə üçüncü batalyon yetişmişdi. Hamımız xilas olmuşduq. Amma məni həyata qaytaran Luçemirin çəlimsiz vücuduna sığmayan böyük ürəyi idi.

Niyaz müəllim bunu deyib susdu. Mənə elə gəldi, o bu an xatirələrin tozunu silir. Elə silir ki, kirlənməsin.

- Bizə tuşlanan güllələrə öz sinəmizi sipər edərək yaşadıq beləcə. Müharibədən sonra da döyüşdük. Ədalət, vicdan, azadlıq uğrunda. Bu artıq mənəvi məsələlər idi... Müharibədən sonra Luçemir Kiyevə qayıtdı, ali təhsil aldı, ailə qurdu, başı öz işlərinə, qayğılarına qarışdı. Amma yenə də əlaqəni itirmirdik. Dünən ailəsindən gələn "qara məktub" cəbhədəki həmin son günü yadıma saldı. Luçemirin başımın üstündə uşaq kimi ağlamasını xatırladım. Dünən onun yerində olan mən idim. Mən ağlayırdım. Məsafəcə uzaq olsa da, xiffəti ürəyimin başında olan dostumun ölümünə ağlayırdım...

Niyaz müəllim başını qaldırdı, ilk dəfə idi ki, müəllimimi ağladığını görürdüm. Mən elə bilirdim, ancaq uşaqlar ağlayır.

- Dünən ömrümün ən qərib günüydü. Dostların ölümündən sonrakı ömrün axdığını duymaq əzablıdı. Amma səni gördüm, içimə işıq qondu. Sən uşaqların çoxundan fərqlənirsən. Vicdanlısan, doğruculsan. Mənim sənə böyük ümidlərim var. Siz bizim yaşamadıqlarımızı yaşayacaqsız. Və buna borclusuz. Nazim Hikmət necə deyirdi, gözəl günlər görəcəyik, çocuklar.

Niyaz müəllimin içinə qonan işığı mən də hiss edirdim. Sarsıntım keçmişdi, içimdə işıq seli üzürdü. Mən heç nə demədən ayağa qalxdım. Birbaş müəllimlər otağına gəldim. Şkafı açıb jurnalı sənədlərin arasına qoyub otaqdan çıxdım.

Hardasa uzaqlarda bir döyüşçü ağlayırdı./edebiyyatqazeti.az/

Günel NATİQ
Sülh və Müharibə - Yeni hekayəБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031