manera.az
manera.az

Həyat yazdığımızdı, pozduğumuz deyil - Şəfa Vəli

📅 23.07.2018 14:43

Həyat yazdığımızdı, pozduğumuz deyil - Şəfa Vəli
Yazdığımızdı həyat... Amma, pozduğumuz deyil... Bu fikrə Vüsal Oğuzun “Sonuncu sovqat” kitabını oxuduqdan sonra gəldim.

7 hekayə, 1 esse və 1 oçerkin yer aldığı kitab özü mənə sovqat kimi gəlib çıxdı. Vüsal Oğuzun şeirlərindəki səmimiyyəti nəsrində də görmək xoşagələn haldır. Adətən, qələm əhli ya şeirdə, ya nəsrdə özü olur. Özü olduğu janrı bir yana qoyub ikincidə bütün intellektuallığını nümayiş etdirməyə çalışır, hisslərini ört-basdır edir. Unudurlar ki, hisslərdən uzaq olan mətnlər insan ruhunun astanasında qalır.

Nə yaxşı ki, Vüsal Oğuzun yazdıqları insan ruhunun qapısını döyməklə qalmır, həyatının müəyyən anlarına “qonaq da olur”.

Kitab “Sonuncu sovqat” adlı hekayə ilə açılır. Aprel şəhidlərinə həsr olunan hekayə bir atanın hisslərini anladır. O ata ki, dörd qız dünyaya gətirən arvadından bəxtikəmliyinin-oğulsuzluğun heyfini çıxır; onun üstünə hər şey üçün qışqırır, qızlarına mehribanlıq göstərmir... Bir gün arvadının sırf onun qızlarına əsl ata olması üçün Allahdan oğul arzuladığını eşidir. Əməlini yerə qoyur, daha hirsini arvaddan çıxmır. Oğlu olanda isə bunu özünün arvadına və qızlarına qarşı mehribanlığının mükafatı kimi qəbul edir.

Bundan sonra Vüsal Oğuz atanın öz oğlu ilə bağlı bütün arzularını qələmə alıb. Amma, həyatın sürprizlərinin və sosial çatışmazlıqların bu arzuların sərhədlərini müəyyənləşdirdiyini deməkdən çəkinməyib. Bütün problemlərin piramidaşəkilli görünüşündə sonuncu üçbucaq daşı axtarmaq oxucunun payına düşür. Nəhayət, oxucu o daşı tapır... Atanın yeganə oğlu şəhidlik zirvəsinə yüksəlir...
Bir yazıçı kimi Vüsal Oğuz burda qəfil süjet döngəsi yaradır; sonuncu sovqatı oğlunun məzarına ana aparır...

***
“İyirmi birinci gün” hekayəsi Varisin “77-ci gün” romanının təqdimat çarxı kimi qarşımıza çıxır. Lakin, iki əsər arasındakı janr fərqindən əlavə, qəhrəmanların həyat barədə düşüncələri də müxtəlifdir. Varisin qəhrəmanı 77-ci günün gələcəyinə və hər şeyin yaxşı olacağına inanır. Bu inam onu bir addım irəliyə-həyata sarılmağa sövq edir. Vüsal Oğuzun qəhrəmanı isə günbəgün həyata olan inamsızlığını, ümidsizliyinə yenildiyini yazır öz gündəliyinə... Bir də müasir cəmiyyətin şairi olmağın hansı uçurumlarla üz-üzə qalmaq demək olduğunu anlayırıq... Bu hekayə ruhumda boyumdan böyük təəssüf hissi yaratdı.

***
“Ovçu və qartal” folklor nümunələrimizi xatırladır. Ovçunun qartal balasını böyütməsi, onun qayğısına qalması maraqlı cümlələrlə oxucuya çatdırılıb: “Ertəsi gün qartal balası üçün kiçik dəmir qəfəs düzəltdi. Səliqəli alınmasa da yaralı heyvanı qorumaq üçün etibarlı idi. Onun yaralarını sarıdı. Zəhməti hədər getmədi.” Göründüyü kimi, Vüsal Oğuzun başqa hekayələrindən fərqli olaraq, bu hekayənin dili də sanki daha sadədir, daha yaxındır folklorumuza.

Qartal balası böyüyür...Yazıçının diliylə desək, “tükləri codlaşır, ayaqları qüvvətlənir, dimdiyi sərtləşir”. Hekayənin kulminasiya nöqtəsi ovçunun özüylə mübarizə aparmasındadır. O, qartal balasını açıb buraxmaq niyyətindədir. Amma, özünə əmin deyil... Bu niyyətinə sadiqliyindən əmin deyil... Burda insanın təbiət üzərindəki hakimlik hərisliyi gizli şifrələrlə oxucuya ötürülür.

Hekayənin sonuncu akkordu ibrətamizdir; ovçu qartal balasını dəmir qəfəsdən azad edir. Qartal uçur, göyə millənir. Sonra qayıdır, həyətin üstündə dövrə vurur. Ovçunu qəribə kədər bürüyür; o, düşünür ki, qartal balası öz missiyasını tam anlamayacaq, özü olmaqdan uzaqlarda böyüyüb axı... Lakin, qartalın həyətdəki hindtoyuğunun tüklərini göyə sovurmasını görüncə sevinir... Qartalı əsl qartal kimi böyütdüyünə görə özüylə qürur duyur və deyir: “Şükür yaradana, yaşayacaq... Əsl qartaldır!”

***
“Çağırılmamış Şaxta baba” kövrək hekayədir. Bu kövrəklik hər insanın həyatından da, elə ruhundan da cəmi bir dəfə gəlib keçir. Bir ömürdə bircə dəfə... Və elə həmin o bir dəfədə də bax, bu cür hekayələr yazılır. Hekayənin qəhrəmanı uşaqlıqda sözün həqiqi mənasında, ata-ana görməyib. O, bütün həyatını ümidinin qoynuna qısılaraq yaşayıb: aktyor olmaq. Lakin, bu da ona qismət olmur. Qəhrəman həyatının bundan sonrasını anlamsız yaşayır. Yazıçı, bu anlamsız, heç nəyə həsr olunmayan ömrün təsəllisini yalnız bir şeydə axtarır: obrazının Şaxta baba olmağında... Uşaqları sevindirmək həyatındakı qiymətli hər şeydən-arzularından və sevgisindən çoxdan əl çəkən insan üçün həyat bağı olur.

Nəhayət, ömrünü həsr edəcəyi bir uşaq onun içindəki ümidləri kül altda qalmış köz kimi oyadır... Yavaş-yavaş ürəyindəki işartının alova çevrildiyini anlayır...Və... Həyat davam edir!

Vüsal Oğuz burda bütün dinlərin özəyini təşkil edən bir fəlsəfəyə toxunub: yaşam fəlsəfəsinə... Həyatın dövriliyinə və heç vaxt heç nəyin son olmadığına...

***
“Çalış, darıxma...” hekayəsi adət etdiyimiz insanlar haqda psixoloji nağıldı. O insanlar ki, onları, əslində, sevmirik. Onlar olmadan da həyatımız öz axarıyla fəsilləri geyinə bilir əyninə. Sadəcə, biz onların varlığına adət etmişik, onları ömrümüzün bir küncündə büküb saxlamağı vərdişə çevirmişik. Böyüklük isə məhz bu vərdişlərdən əl çəkməkdi.
Yazıçı insanın öz böyüklüyü qarşısındakı acizliyini yaxşı izah edib...

***
Vüsal Oğuzun nasir kimi özünə sadiqliyi onun kənddə yaşamağından irəli gəlir. Çünki, o, kənd həyatını daha səmimi, daha dolğun, daha inandırıcı yazır. Diqqət etdinizsə, “təsvir edir” kəlməsini asanlıqla “yazır” kəlməsi ilə əvəz etdim. Bəli, məhz belədir, Vüsal Oğuz heç kimin görə bilmədiyi incəlikləri də görür o kənardan sakit görünən kənd həyatında... Əslində, kənd-cəmiyyətdə baş verən bütün təlatümlərin rüşeyminin ilk cücərdiyi yerdir...

“Nisyə” hekayəsində ən maraqlı obraz İlyasdır... Mənə elə gəlir ki, günümüzdə İlyası tanımayan heç kim qalmayıb Azərbaycanda. Bu hekayəni oxuyan bütün oxucular dillərinin ucunda öz-özlərinə etiraf edəcəklər ki, nə vaxtsa, İlyas(lar) onları bir çörək, iki dilim kolbasa, yaxud bir qutu siqaret üçün azarlayıb, alçaldıb... Düzdür, Vüsal Oğuz hekayəsinin qəhrəmanını Şahin adlandırıb, onun keçirdiyi ruhi sarsıntıları olduqca dolğun şəkildə qələmə alıb, yenə də mənim fikrimcə, bütün bunlar əslində İlyası anlatmaq üçün yazıçı manevridir...

***
“Tanışlıq” hekayəsi bu gün bütün nasirlərin toxunduğu bir mövzunu anladır. “Zəmanəmizin qəhrəmanlarının” keçirdiyi mənəvi-psixoloji böhranlar bütün yazıçıları bu haqda düşündürür. Ana xətti Anarın “Mən, sən, o və telefon” hekayəsindən başlayan bu proses günümüzdə İradə Aytelin “Virtual sevgi”, Vüsal Oğuzun “Tanışlıq”, mənim “Labirintin yolu” hekayələrim kimi neçə-neçə əsərdə öz yoluyla davam etməkdədir. Yəqin ki, hələ oxumadığım daha neçə əsər də var, neçəsi də yazılacaq. Bu mövzu insan var olduqca yaşayacaq mövzudur...

Vüsal Oğuzun hekayəsinin xüsusiliyi Adilin ailəsinin təsviridir. Onun bir kişi kimi sahib olduğu ailə bir insan kimi mənəvi boşluğunu doldurmağa “yaramır”... Bu da “ölməz problemlərdəndir”...

***
“Xəcalət çəkdiyim üç an” essesi Vüsal Oğuzun bu janra yaradıcılığında önəmli yer ayırmadığını sübut edir. Elə bil yazıçı çalışıb ki, essenin sonuna kəsə yolla çatsın...

Esse çox maraqlıdır...Təsirlidir... Duyğulandırmaqla yanaşı, düşündürücü təsirə də malikdir... “Xəcalət çəkdiyim üç an” kimi gözəl bir esse yazan adamın bu janra laqeyd yanaşması qəbulolunmazdır.

***
“Bir dəfə Xınalıqda...” oçerkdi. Professor Sədnik Paşa Pirsultanlının qələmindən çıxan oçerkləri oxuduqca bu janra olan marağım böyüdü...Böyüdü... Nəhayət, “Qapıları taybatay açın... Qapıya ələm gəlir!” adlı oçerkimi yazdım.
Vüsal Oğuzun bu oçerkini oxuyanda düşündüm ki, ürəklə ondan Gəncəylə bağlı bir yazı tələb etmək haqqımız var... Nə də olsa, “Gəncə mənim İrəm bağım...”

Şəfa Vəli (Gəncə-2018, iyul)


Baxış sayı - 1 624 | Yüklənmə tarixi: 23.07.2018 14:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031