manera.az
manera.az

Nənəmin konfetləri - Hekayə

📅 30.08.2020 08:46

Nənəmin konfetləri - Hekayə
Küləyin havada oynatdığı uzun qara saçları üz-gözünə səpilib mənə baxmağına mane olurdu.

Bakının küləyləri yenə çox qısqanc idi,bu kiçik şəhərə sığan paxıllıq hissini illərdir ki,anlaya bilmirəm. Şərab qoxan qadınların bağışladığı keçici duyğular ya da hər payız axşamı əlində qələm tutub sevgi dəmi vuran yazarlar nədənsə bu şəhərə çox yaraşırdılar.

Çünki,saatlıq eyforiyalar elə Xəzərin Bakıdan yuyub apardığı bakirliyin,büküş vərəqdə qeyd edilən olmazlar da şərq tərəfdən doğan irsi bağlılıqdan qaynaqlanırdı. Bu şəhərə bəstələnən mahnılarda da,həsr olunan şeirlərdə də xəstəhallıq duyulur,əzab verən xatirələr yada düşür. Hərhalda,bu şəhər hamımıza qarşı incikdir. Bir də gördün yenə kiminsə pullarını,kiminsə sevgisini əlindən alıb,Xəzərə pay verir...

-Nə olub sənə,yenə bikefsən? - əlləri ilə sifətini örtmüş saçlarını yana darayıb,ürkək baxışlarını gözlərimə zillədi.

Düzü,bilmirdim bu dəfə hansı səbəblər tapıb söhbəti yumşalda bilərəm. Hər dəfə eyni məsəllər,çürük aydınlıqlar. Keçən ixtilatımızda demişdim ki,guya bu aralar yaman başım ağrıyır,özümü narahat hiss edirəm. Əslində,dincliyimi pozan verdiyi qayğılı sualları,yolsuz münasibəti idi. Yəqin ki,hamıda belə olurdu. Hansısa təəssürat üçün illərlə həsrət çəkirsən,anandan başqa sənə nəvaziş göstərən qadının həyatında olmağını arzulayırsan,hərçənd əlçatmazlar əlçatan olanda səndən uzaqlaşan əvvəlki xoş sədanı nifrət avazı əvəz edir. Ardınca yalanlar,üzüntü,vicdan nisgili.

-Heç danışmırsan,çoxdandır da görüşmürük. Yaxşı,məni keç,bəs bu qədər zamandır bir-birimizə sərf etdiyimiz vaxtlar nə olacaq? Geri qaytara biləcəksən onları? İtirə-itirə gedirəm,hər şey yaxşı olacaq deyə düşünürdüm. Amma,fərqindəyəm ki,nə mən sənin vecinəyəm,nə də indiyənədək baş verənlərə qətiyyən ciddiyətlə yanaşmamısan.

Ailəm,təhsilim,bir tərəfdən də xərclər,başa düşə bilirsən məni? Qazandığım nə var idisə,hamısını ziyan etmişəm. Nə susursan axı,bəlkə cavab verəsən? - islaq başını çiynimə qoydu,saçlarından qopan qoxu ətrafımı sardı.

Hərdən olurdu ki,dərsdən qayıdanda yarım kilo alma alıb evə yol alırdım. Cibimdən çıxan quruşların məndə oyatdığı məsuliyyət hissi,bir növ "erkən atalıq" duyğusunu xatırladırdı. Yarım kilo. Nə qədər çəkili səslənsədə,hərçənd daşıdığı ağırlıq xərclənmiş sözlər qədər yüngül olurdu. Elə,qapının kandarına çatmamış,yol boyu yumadan yeyə-yeyə bütün almaları bitirirdim.

Yanımdan qəribə nəzərlərlə ötüb keçən adamlara göstərdiyim səliqəsizliyi anlasam da,bundan həzz almağı da bacarırdım. Düzü,bəzən məqsədim sadəcə bu olurdu. Kiminsə fikrini-zikrini özümə cəlb edib,anlamsız şəkildə zamanından silib aparmaq. Eyni hissləri indi keçirirdim.

Yəqin ki,məni həddən-ziyadə ciddi anlamışdı. Könlünü tez qapdırmışdı xəyallarına,yaxşı bilirdim ki,o çox sadəlövhdür. Hər şeyi gözəl başa düşürdüm. Sərf etdiyimiz mövzuları dəfələrlə yadıma salırdı,isti əllərini soyuq ovucumda hiss edəndə də,əla anlayırdı ki,
o mənim üçün sadəcə geridə qoyduğum sıradan anlardan biridir.

-Yenə danışmırsan,gərək ki,danışdırım səni.

Lap,uşaqlar kimisən,bir o qalıb ki,üst-başı şirəyə bulaşmış satıcıya bir manatı uzadıb şirin pampıq alıb gətirim sənin üçün,birini mən yeyərdim,o birini də istəsən öz əllərimlə verərdim sənə... - kövrək təbəssümü sınıq şəkildə üzünə yayıldı,titrək baxışları yaşla dolmasa da,ağlansındığını sezə bilirdim.

Nəsə danışmalıydım,hansı ki,dramatik filmlərin sonluğunu ifa edən aktyorun hiss etdiridiyi məhzunluq kimi. Ya da uzun-uzadı
cümlələri nöqtəylə tamamlağı bacarmalıydım.

-Bilirsən,əvvəl həmişə pəncərəmizin önündə bir salofan konfet olardı. Hamısı da nənəminki idi,yalandan mı,yaxud həqiqətən də onlar şəkər xəstələri üçün müailcəvi xarakter daşıyırdı onu deyə bilmərəm,ancaq hər səhər o oyanmamış ciblərimi doldurub evdən çıxırdım ki,xəbəri olmasın. Gedib oturururdum balkonda,yeyib bitirməmiş də geri dönmürdüm. Qarpızlı,çiyələkli,amma aralarından ən çox sevdiyim limonlusuydu.

Kiminsə sir-sifətini əyiş-üyüş görəndə də limonlar yadıma düşürdü,turşluq məzəsi dadırdım. Konfetlərdən soyub açdığım qabığı da,qonşumuzun sürahilərinə tərəf atırdım. Dodaqlarımın kənarları da yapış-yapış olurdu, - sinəmin yaş olduğunu yavaş-yavaş duymağı bacarırdım,deyəsən tab gətirə bilmirdi - kimsə məndən etdiyim işə görə izah tələb edəndə də,yapışqandan susdurucu kimi istifadə edirdim. Susub danışmırdım,guya ki,özüm yox,konfetlər ağzımı bərk-bərk tutub. Ardınca nənəm oyanırdı,sonra qonşumuz hiddətlə qapını döyürdü. Mən isə sadəcə danışmaq istəmirdim.

Gözlərindən süzülən ağrını hıçqırtısına qatıb hönkürtü çəkdi. Etdiklərim nəyinsə əvəzi,ya da ona əzab vermək şövqü deyildi.

Bəzən yarım kilo almanı,cib dolusu şəkər konfetlərini anlada biləcəyim birini tapmıram. İçimdə var-gəl edən insanlar bir gecənin yuxusu,bir də yeni yazılarımın baş obrazıdır. Mənə verilən ümid qayğısına da, bəslənilən ümidlərə də yazığım gəlir...

Mirzəbəy Əzimli


Baxış sayı - 764 | Yüklənmə tarixi: 30.08.2020 08:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031