manera.az
manera.az

Ömürdü, yola verirəm - Osman Fərmanoğlunun şeirləri

📅 09.10.2018 18:04

Ömürdü, yola verirəm - Osman Fərmanoğlunun şeirləri
Manera.az Osman Fərmanoğlunun şeirlərini təqdim edir:

OXUYUR

Paşam, gecə bələyində boğulur,
Kimsə yanır, qərib-qərib oxuyur.
Sənan kimi özgə dində doğulur,
Öz dinindən üz döndərib oxuyur.


Səs ələnir, gəlir torpaq qoxusu,
Çox gözlərin ərşə çıxır yuxusu.
Oxuya bax, tər Qarabağ oxusu,
Pirquluda nəfəs dərib oxuyur.

Bu çınqıya çətin dözə Pir adam,
Göy mələkli,şeytanladı Yer, adam.
İçin-için göynəyərək bir adam
Dərdlərindən süfrə sərib oxuyur.

Gecə üstən nəm döşürür Bəklə nəm,
Gəlib çıxmır vədə verən, bəklənən...
Bu gecənin köynəyində təklənən--
Təkliyinə könül verib oxuyur...

Osman, çatmır daş ürəyə bu haray,
Bulud-bulud yaşmaqlanır dolan Ay.
Qismətinə bu gecədən düşən pay:--
Şahsənəmsiz Aşıq Qərib oxuyur.

KEÇİRƏM

Paşam, hər şey gözlərimdə ikili,
Zəmisindən, kövşənindən keçirəm.
Sirr bildiyim pərdə-pərdə sökülür,
Qalxanından, düşənindən keçirəm.

Ayaq altda torpaqlarım ovulur,
Səhra- səhra küləklərdə sovrulur.
Bərələrdə ov gəzərkən ov olur,--
Ağrıların qənşərindən keçirəm.

Qulağımı girinc edir bu səda,--
Yavaş-yavaş boğulmada bu ada.
Əlim çatmır tapındığım bir ada,
Fağırından, təşərindən keçirəm.
Yetişirəm dərvişlərin köşkünə,
Zərrə-zərrə çevrilmədə eşq ünə.
Yol başlayır Füzulinin eşqinə;--
Nəsiminin məhşərindən keçirəm.

Osman, nələr anlaşılır səsindən,
Xəbər söylə durnaların dəsindən.
Adlayaraq əməllərin nəhsindən,
Ömrə-günə düşərindən keçirəm.

AZALANDADI
(təcnis)

Paşam, gedən gedir, qayıda çətin,
Damaq çəkə bilmir azalan dadı.
Gözlər gördüyündən kirə istəyir,
Ağızda itirir az alan... dadı...

Deyir, aldığını çox al anında,
Əridib azları,çoxal anında...
Bir onu bilirəm çox alanın da
Yazarlar, suçları az alandadı.

Osman, qeyzlənmə,çətin vurasan,
Asana yeriyib topla, vur asan...
Daha yüz toplaya, yüz də vurasan,
Ömür bölünmədə, azalandadı.

YAZ ARI YAZAR
(Təcnis)

Sıyrııb dumanın, çənin içindən
Bütün yazdığını yaz arı yazar.
Yayılar çəmənə qoca köçündən,
Hər gülün şəhdinə yaz arı yazar.

Qoşular arıya gələn gül dərə,
Dağın ayağında dərindi dərə.
Divlər keşikçidi hər gizli dərə,-
Yoluna ya ağla, ya zarı yazar.

Qovuşa könlündə halal halala,
Hallallıq canında gözəl hal ala.
Deyələr, yaraşır,vallah, al ala,-
Böyük hərflərlə yaz arı, yaz AR.

Oturar yanakı Şah divanında,
Hünərdi əyləşmək şah divanında.
Üzünə dayanar şah divanında,
Cibindən çıxarar yazarı "yazar".

Osman keçər günlər zaman əsimi,
Arıda dillənər zamanə simi...
Zamanə ağalıq zamanəsimi?-
Sözün doğrusunu yazarı yazar.

BAHASINA

Paşam,keçib gedən gecə açılar dan bahasına,
İnsan qalxar ucalığa ölümsüz an bahasına.
Ümid-ümid boylanılar gələnin gəldiyi yerə,
Çoxlarının ömrü gülər "bəxtəvər xan" bahasına.

Bu ATƏT-di, bu BMT dillər qabar söyəməkdən,
Toyuq darıdan çıxarmı gendən "kiş-kiş" eyləməknən.
Heç kəs torpaq verən deyil "Qarabağı ver" deməknən,
Torpaq sözlə alınmaz ki, alınar can bahasına...

Gəzib xəlvət dərələrdə bəylik edər tülkü dəsi,
Onlara zuy tutanların daha da gur çıxar səsi...
Yağmalanar hey bir ucdan torpaqları yatan kəsin,
Deməz, ağır döyüşlər də bağlanar qan bahasına.

Dildən kirə istəyənin boğazında sözü qalar,
Acın qarnı ac olsa da,tox tutmağa gözü qalar.
Pul gücünə Həcc alanın nə izi, nə özü qalar,
Bir quruca ad gətirər, yarım iman bahasına.

Osman, gedən köç dönərmi,fələk bilər nə say sayar,
Könlümüzü bağlayarıq göydən düşən üç almaya...
Torpaqlar üyünüb gedər, qismət ola,ya olmaya,
Beş arşınlıq qəbir yeri, o da insan bahasına.

GÜLDANDA BÖYÜYÜR
(Bir dostum güldanda bənövşə bitirməyiylə öyünür)

Bizdə bənövşələr çöldə bitərdi,
Güldanda böyüyür sizdə bənövşə.
Kol dibində, xəzəl altda itərdi,--
Yanıb qovrulardı düzdə bənövşə.

Suyunu verərdi dağın dumanı,
Təbiət qoynunda gözəldi, hanı?...
Güldanın içində sıxılır canı,
Açıb-solan olur gözdə bənövşə.

Osman, ev gülüsə baxmağa dəyməz,
Nə çöllərə boylan, nə bənövşə gəz...
Daha Qurbaninin sazı da çəkməz,--
Sızlayıb solacaq sözdə bənövşə.

VERİRƏM

Paşam, gün-gün aldadaraq,
Ömürdü, yola verİrəm.
Gecələrin yuxusunu
Sorğu- suala verİrəm.

Qoşa əlim daş daşıyır,
Qabarında daş yaşayır.
Hərdən boş-boş baş qaşıyır,
Sağı da sola verirəm.

Bitməyən yoldu; bir həvəs,
Könlümə quldu bir nəfəs...
Olanım qoldu, bir qəfəs,
Boynuna dola, verirəm.

Duran yox dilinə yiyə,
Odla getməzlər körüyə.
Çaşanda düzü əyriyə,
Dəymişi kala verirəm.

Osmanı çoxları danır,
Yoxdu sözünü duyanı...
Əli açığam cahanı
Bir qara xala verirəm.

OLMAZ

Yağışla sallanır bu gün,
Nə desəm günahım olmaz.
Diri--diri, ötkün-ötkün,--
Belə görüm--baxım olmaz.

Yolu yorarsan, yol olar,
Ömür də yolda yoğrular.
Ağamdı,-- sözə qul olar
Könlüm,başqa Şahım olmaz.

Osman, haqdan gələr sabah,
Qönçə ağzında "qana" bax...
Hər peyğəmbər Xəlilüllah,
Şair də İbrahim olmaz.

APARIR

Paşam,hamı canhacandı,
Kim gəlir, kimi aparır?...
Küləyindən göz açanı
Buludun nəmi aparır.

Dolansa da, dəli kimi,
Düzdü adamın seçimi.
Dili bada verir kimi,--
Kimi görkəmi aparır.

Kəndirdi boyunda şərəf,
Dolaşır, açılmır kələf...
Balığı əcələ tərəf
Qarmağın yemi aparır.

Yurddu didilən,sökülən,
El-obaya düşür şülən...
Taxtadan yapışıb gələn
Gedəndə gəmi aparır.

Osman, yüz çabala,yenə
Əlac olmur cin düyənə...
Borclunu ölməli günə
Salır, sələmi aparır.

KİM QALIR

Səhərəcən yuxu qovan,
Sonda yuxunda kim qalır?!
Uzaqlar uzaq dolanan,-
Əli yaxanda kim qalır?!

Niyə vurnuxursan yenə,
Öz payına göz diksənə.
Bu qəbir dar gəlir sənə,
O boy- buxunda kim qalır?!

Ömrün kəndirdən asılı,
Kəsilən kəndir qısalır...
Hərə özündən asılır,--
Dərd ayağında kim qalır?!

Quşsuz xarabadı yuva,
Boş-boş deyilən söz hava...
Başa bax, iki göz dava,-
Gözün yağında kim qalır?!

Osman, çoxalır sualı,
Dil sözü ağızdan alır...
Gün keçir, hamı qocalır,
Körpə çağında kim qalır?!

QORDİ DÜYÜNÜ

Bu il də vaxtı qura bilmədik Xocalıya,
Qaldıq "QƏLƏBƏ" sözünü
hecalaya-hecalaya...
ömrümüzdə bir il də böyüdü
Xocalı faciəsi,
Yenə ağrıyla baxdıq
qanında boğulan uşağa--
qulağımızda ağlaşma səsi.

Bu illərin altında
əvvəl gün-gün itirdiklərimizin
indi il-il itməsi,-
üstündə kef- damağımız...

Başı Həcc ziyarətinə
adam yığmağa qarışmış
qoca "Şeyx"in əsnəyə-əsnəyə
Xocalı adına oxuduğu
26-cı Fatihəsi,
o Fatihədən boylanan
laqeyd, tox səsi.

Sağ qalan analar
o gün qanında boğulan körpələrinə
göz yaşı içərisində
"toy tutar, gəlin gətirərlər",
oxşayarlar doğulmayan nəvələrini,
onarın mağazalarda
asılı qalan paltarlarını...,
yardım qutularından çıxan
bəzəkli çantalarını.

Bu il də "sevindilər" Xocalılar
qaçqın pulunun artmasına,
"rəhmət oxudular"
məmur dəstəsinin atasına.
Əzildilər 26 sayının ağırlığından,
26 fevral,
26 il,
26- lar.
oyun,
kafe,
qumar...
26-ların nəvələrinin
törətdikəri vəhşiiklər,-
onsuz da kövrəlmiş ürəkləri
çi-lik-lər.

... Bir qara paltarlı gəlin
gül dəstəsi verib oğluna,
göndərir "Xocalı harayı"
abidəsinin önünə,
Bəlkə, böyüyə bir əncam çəkə
açılmayan Qordi düyününə.


Baxış sayı - 2 171 | Yüklənmə tarixi: 09.10.2018 18:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031