manera.az
manera.az

Nəsimi şəxsiyyətinin portret cizgiləri

Nəsimi şəxsiyyətinin portret cizgiləri
Seyid İmadəddin Nəsimi Azərbaycan ədəbi və fəlsəfi fikrinin təkcə XIV yüzillikdə deyil, ümumən ədəbiyyat tariximizdə yetişdirdiyi ən böyük mütəfəkkir şairlərdən biridir.

Üçdilli şairlərimizdən olan Nəsiminin söz sənətkarlığında yüksəldiyi zirvənin göstəriciləri onun türk və fars dillərində olan iki divanıdır. Şairin ərəbcə divanı olması barədə məlumatlara rast gəlinsə də, əldə olan onun fars divanına daxil edilmiş ərəbcə bir neçə şeiridir. Qeyd etməliyik ki, Nəsimiyə şair və filosof olaraq şöhrət gətirən və adını misilsiz söz sənətkarları sırasına yazdıran türk divanıdır. O, türkcə divanı ilə türk fəlsəfi fikrinin poetik ifadəsini bu sahədə neçə əsrlərdən bəri ənənəsi olan ərəb və fars şeiri səviyyəsinə yüksəltdi. Doğrudur, Nəsiminin əsərlərində ona qədərki və öz dövrünün bədii-fəlsəfi fikrinin çeşidli biçimlərdə təsirini görmək mümkündür. Bununla yanaşı, şairin cilalı poetik dili və fəlsəfi-irfani tutumu onun yaradıcılığına təkrarsız fərdi keyfiyyət vermişdir.

İncə fitri duyum və güclü abstraksiyaya malik mütəfəkkir şairin şəxsiyyəti ilə əlaqəli bəzi mübahisəli və ziddiyyətli mülahizələr mövcuddur. Məsələn, şairin təxəllüsü ilə bağlı çoxvariantlılıq müşahidə olunur: “Seyyid”, “Hüseyni”, “Nəsimi”, “Haşimi” və s. Onun farsca və türkcə şeirlərinin məqtə beytlərində yer alan “Seyyid”, “Hüseyni” və “Haşimi” şairin seyidliyinin mənşəyi ilə əlaqəlidir, ikincisi isə həm də məzhəbinə eyhamla qəbul olunmuşdur. Nəsiminin əsl seyidlərdən olması barədəki qeydlərə təkcə təzkirələrdə deyil, şairin öz əsərlərində də rast gəlinir.

Nəsiminin məzhəb baxımından şiə olmasını özünü “imamı-məzhəb” adlandırması, divanı boyu həzrəti-Əli, əhli-beyt və on iki imama məhəbbətinin poetik təzahürləri, mehdilik etiqadının çoxsaylı ifadələri təsdiqləyir.

Şairin mükəmməl mədrəsə təhsili gördüyünü onun İslamla bağlı dərin biliklərə malik olması, şəriət hökmləri və Quranın şərhlərinə yaxından bələdliyi, digər səmavi kitablar (Tövrat, Zəbur, İncil) barədə geniş məlumata malik olması təsdiq edir.

Nəsiminin avtobioqrafik xarakterli bəzi şeirlərində mədrəsə təhsilini bitirdikdən sonra din xadimi olaraq fəaliyyətinə işarələr vardır. Farsca bir şeirində isə o, alimin, yəni din xadiminin qiyafəsini qələndəri qiyafəsi ilə əvəz etdiyini açıq-aydın ifadə edir. Nəsiminin əsərlərində onun alim, qələndəri və hürufi qiyafələrinin təsviri təkcə zahiri görkəmində deyil, dünyagörüşü və həyat tərzində də baş verən dəyişiklikləri əks etdirir, bir mütəfəkkir və filosof olaraq onun ömür yolunu gözlərimiz önündə canlandırır.

Mədrəsə təhsilini 20-25 yaşlarda bitirdiyi üçün şairin, təqribən, 25-30 yaşlarda hürufiliyə daxil olmasını ehtimal edirik. Bu təriqətə Fəzlullahın ilk xəlifələrindən olan Əliyyül-Əla vasitəsilə cəlb edildiyini şairin şeirləri əsasında müəyyənləşdirmək olur.

Təxəllüsü ilə səyahətlərdə keçən ömrü bir həmahənglik yaradan Nəsimi səhər mehi kimi bir yerdə qərar tuta bilməmişdir. Onun müxtəlif niyyətlərlə üz tutduğu ölkə və şəhərlərin təqribi siyahısı belədir: Şiraz, İsfahan, Bursa, Bakı, Bağdad, Rum, o cümlədən Maraş, Ankara, Toqat, Əntəp (indiki Qaziəntəp), Ərzincan və nəhayət, şairin sonuncu “duracaq yeri” olan Hələb.

Ərəbcə mənbələrdə Nəsiminin Hələbdə bir hürufi şeyxi kimi fəaliyyəti barədə verilən bilgilər onun öz əsərlərindəki örnəklər vasitəsilə də təsdiqini tapır:

Əzəldən piri-eşqin sərvəriyiz,
Təriqi-əhli-Fəzlin rəhbəriyiz.


Nəsiminin Hələbə gedişi, orada bir hürufi şeyxi kimi fəaliyyəti, nəhayət, bu fəaliyyətin nəticəsi olaraq edam edilməsi hansısa bir təsadüflə bağlı deyildi. Onun edamı haqqında fərman verən Misir sultanı Şeyx əl-Müəyyəd dini təəssübkeşlik adı altında özünün siyasi mövqeyini möhkəmləndirmək məqsədini güdürdü. Belə ki, Misir sultanına qarşı uzun müddət mübarizə aparan və Nəsimi barəsində verilən ölüm hökmündə adıçəkilən Zülqədərli Əli bəy 1417-ci ildə – məhz Nəsiminin öldürüldüyü ildə – bağışlanılmasını xahiş edən və itaətini bildirən məktubla Şeyx əl-Müəyyədə müraciət etdi. Həmin fərmanda adıçəkilən digər Zülqədər bəy Nəsrəddin isə 1419-cu ildə Misir sultanı ilə birlikdə Ramazanoğullarına qarşı vuruşdu...

Bu istiqamətdə apardığımız tədqiqat hürufiliyin ictimai-dini əsasları üzərində qurulacaq dövlətin, arxalanılacaq siyasi haminin axtarışları uğrunda Nəsiminin fəal mübarizəsini, hətta bir sıra hadisələrə istiqamətverici rolu öz üzərinə götürməsini onun faciəli ölümünün başlıca səbəbi kimi düşünməyə əsas verir. Həyatı ziddiyyətlərlə dolu olan Nəsimi ilə bağlı təzadlar onun faciəli aqibəti və ölümündən sonra baş verən hadisələrdə də özünü göstərir: çərkəz məmlüklərindən olan Misir sultanı Şeyx əl-Müəyyəd Nəsiminin ölüm hökmünü imzaladığı halda, digər Misir sultanı və çərkəz məmlüklərinin sonuncusu olan Qansuh əl-Quri (Qavri) öz qələbəsi şərəfinə Nəsiminin məqbərəsini bərpa etdirir. Bu isə özü də türkcə divan müəllifi olan sultanın Nəsimi şəxsiyyətinə ehtiramının göstəricisidir.

Nəsiminin ədəbi şəxsiyyəti və bədii-fəlsəfi irsinə təkrarsız sima verən hürufilik dünyagörüşüdür. Hərf, say, səs və söz mistisizmindən bəhrələnməklə öz təlimini yaradan bu fəlsəfi-fikri cərəyana mənsub olanlar özlərini ilk dövrlərdə daha çox “əhli-Fəzl” adlandırmışlar. Nəsimi şeirlərində də “hürufi” anlamında “əhli-Fəzl” ifadəsi yer almaqdadır.

Fəzlullahın daha çox Qurandakı hürufi-müqəttəat və mübhəm ifadələrin, eləcə də İslamda xüsusi dəyər verilən sayların izahı üzərində qurulan mülahizələri sonralar xəlifələrindən etibarən hərflərə ifrat meylə çevrildi. Bu mənada Fəzlullahın hürufiliyi ilə onun müridlərindən olan Nəsiminin hürufiliyi arasında bir sıra fərqli məqamları da müşahidə etmək mümkündür. Fəzlullahın hürufiliyin fəlsəfi-nəzəri əsaslarını təqdim etdiyi “Cavidannamə” Nəsiminin bir sıra şeirlərinin açılışına yardım etsə də, şairin ilk baxışda hürufilikdən təsirlənmə kimi görünən əsərlərinin bir qismi Quran təfsirləri və təsəvvüfdən qaynaqlanan ideyaların poetik-fəlsəfi ifadələridir. Nəsimi hürufiliyin, təbii ki, bütün ideyalarını nəzmə çəkməmişdir və onun şeirlərində ən qabarıq müşahidə olunan cəhətlər Quran surələri və insanın surəti arasındakı bənzərlik, kainat, Quran və insanın mahiyyət baxımından harmoniya təşkil etməsi istiqamətində axtarış cəhdləri və məntiqi qənaətləridir.

Nəsiminin hürufiliyin təbliği yönümündə yazdığı şeirlərinin böyük əksəriyyəti Fəzlullahın şəxsiyyətinə pərəstiş üzərində qurulmuşdur. Elə təbliğat niyyətini daşıdığı üçün Nəsiminin şeirlərində Fəzlullah həyati, insani cizgiləri ilə deyil, tamamilə ideallaşdırılmış bir şəkildə verilmişdir. Fəzlullah Allahın özü deyil, onun yer üzərində, bu dünyada xəlifələri sayılan övliya və kamil insanlar kimi vəsf edilir. Nəsimi heç bir şeirində Fəzlullahı Kainatın yaradıcısı hesab etmir, onu sadəcə bu dünyada “yarın bədəli” saydığını bildirir. Həmin düşüncə isə öz əsasını Qurandan götürür. Bu səmavi kitabda Adəmin – ilk insanın Allahın canişini, xəlifəsi hesab olunması (bax: “Baqara”: 30) açıq ifadə edilmişdir.

Nəsiminin əsərlərində onun hürufi dərviş, haqq aşiqi obrazları ilə yanaşı, bir də arif şəxsiyyətinin cizgiləri qabarıq nəzərə çarpır. Hətta hürufilik ideyalarını təbliğ etdiyi şeirlərində də Nəsimi özünün və məsləkdaşlarının “əhli-irfan”dan olduğunu bildirir:

Səkkiz cənnət yüzündən zahir oldu,
Məgər sən əhli-irfan rəhbərisən?
Ey könül, nadan qatında razını faş eyləmə,
Əhli-irfandır bu razın məhrəmi, nadan degil.


Hürufiliyin nümayəndələri insan və Kainat arasındakı həmahəngliyi hərf və saylar vasitəsilə izaha üstünlük verirdilər. Aləmül-qeyb, Allah və ruh haqqındakı qənaətlərdə, insan və kainatın yaranışı barədəki mülahizələrdə isə hürufilik vəhdəti-vücud fəlsəfəsinə əsaslanırdı. Hürufilik də vəhdəti-vücudun başlıca müddəalarını müdafiə edir, Yaradanla yaradılmışın əlaqəsini qəbul edirdi. Bu mənada ariflər və hürufilər arasında ciddi fikir ayrılığı yoxdur.

Nəsiminin çox mürəkkəb fəlsəfi fikirlərinin türk dilinin və əlbəttə ki, öz hisslərinin təbii axarına müvafiq şəkildə ifadəsi onun şeirinə səmimiyyət və canlılıq vermişdir. Bu səmimilik Nəsimi şeirinin həmişəyaşarlığını təmin edərək, sonrakı dövrlərdə yazıb-yaradan söz ustalarını onun təsir dairəsinə cəzb etmişdir. Şairin hürufilik, irfan və fərdi düşüncədən süzülüb gələn fikirlərinin sinkretizmi isə onun şeirinə bir əsrarəngizlik verərək, onu həm cəlbedici, həm də əlçatmaz edir.

Söz sənətinin imkanlarına incəliklərinədək yiyələnmiş şairin bəzi əsərlərini mövzu baxımından konkret bir bölgüyə aid etmək mümkün deyildir. Onun şeirlərindən bir qismi hürufi-təsəvvüfi, hürufi-lirik, təsəvvüfi-lirik, dünyəvi-lirik, bəziləri isə daha mürəkkəb – təsəvvüfi-hürufi-lirik kombinasiyalıdır.

Nəsimi şeirində bəzən ayrı-ayrı parçalar – beyt, misra, hətta ifadə tamamilə dünyəvi məzmun daşıyaraq, sadəcə, sufi yönümlü ideyaya keçid və körpü rolunu oynayır. Bu zaman şair elə bir sözü vasitəçi seçir ki, o, çoxanlamlılıq, assosiasiyalar, ideyalar axını yaratmağa qadir olsun. Məsələn, Nəsiminin şeirində “ala göz” yalnız şairin estetik zövqünün göstəricisi və dünyəvi gözəlliyin əlamətlərindən deyildir. O, mavi rəngi ilə insan və kainat arasındakı harmoniyanın ifadəçisidir: “Gözlərin alası afaqı tutubdur...” Göründüyü kimi, sufiliyin mərkəzi metafizik anlayışı bu poetik parçanın da fikri özüllərindən biridir.

Nəsiminin şeirində təsəvvüfün eşq anlayışının ən incə nüansları ilə bədii-fəlsəfi ifadələrinə rast gəlinir. Onun şeirində ilahi həqiqətin yolunun axtarışında canlı aləmin insandan başqa varlıqlarının da ruhi haləti, aşiqlikdə yetişdiyi mərtəbədən və s. söz açılır. Yaradanın aşiqləri yalnız insanla məhdudlaşmır, şəm, gül, sürahinin və s. real aləmdə aldığı bir sıra vəziyyətlərdə aşiqliyin əlamətləri görünür. Nəsiminin bahariyyələri başdan-başa təbiətin Yaradana məhəbbətinin təsviri üzərində qurulmuşdur. Şairin son dərəcə səmimi yaşantıları və dərin hissləri onun eşq fəlsəfəsi ilə qovuşaraq, əsərlərinə bir canlılıq vermişdir.

Hadisələri ən kiçik təfərrüatları, varlıqları ən xırda detalları ilə görə bilmək qabiliyyəti ilə yanaşı, mücərrədləşdirmə və ümumiləşdirmə qüdrətinə malik olan Nəsimi öz sözünün sirrini çox az şair və tədqiqatçıya açmışdır. Şair özü də bunu şeirlərindən birində obrazlı şəkildə belə ifadə edir:

Hər kimsə Nəsimi sözünü fəhm edə bilməz,
Bu, quş dilidir, bunu Süleyman bilir ancaq.

Divan və təsəvvüf ədəbiyyatının görkəmli nümayəndələrindən olan Nəsimi yaradıcılığının səmimiyyət və əsrarəngizliyi ilə özündən sonra çox uzun ömürlü bir ədəbi məktəbin sarsılmaz özülünü qoydu. Onun Azərbaycan, Türkiyə, İran, Özbəkistan, Türkmənistan və İraq türkman ədəbiyyatında ardıcılları çox olsa da, onların az bir qismi şairin sözünü incəliklərinədək dərk edərək qavraya bilmiş və onun dediklərinə nə isə əlavə etmək iqtidarında olmuşdur. /Xalq qəzeti.- 2019.-2 iyul.- S.10./

Səadət ŞIXIYEVA,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəsimi şəxsiyyətinin portret cizgiləriБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31