manera.az
manera.az

Boğça - HEKAYƏ

Boğça - HEKAYƏ
İki gündür, ağrıyan başı günortaya yaxın bir az səngimişdir. Hər dəfə təzyiqi qalxanda arvadı əl-ayağa düşərdi, limon, qatıq, dərman. Arvadı, bəlkə də, hamıdan çox özündən qorxurdu. Tək, kimsəsiz qalacağından qorxurdu. Axı bu yaşda Məzlumdan başqa onun canına yanan kimi vardı ki?!

Bir neçə il idi ki, səliqəli həyəti olan bu kiçik kənd evində ikisi yaşayırdı. Məzlum yataq otağında halsız uzanıb solğun nəzərlərlə otaqdakıları süzürdü. Gözü arvadının gəlinlik cehizi olan köhnə dolaba sataşdı. Bu dolab da neçə illər yataq otağının eyni küncündə eləcə sakit, səssiz qocalmışdı, köhnəlib solmuşdu.

Yaxşı günlərə içində onlarla sevinmiş, pis günlərə də onlarla birgə üzülmüşdü. Bəzən canında yumruq, sillə ağrısı da dadmışdı. Öz içində neçə illərin xatirəsini saxlamışdı. Neçə-neçə fərqli toy paltarları, rəngbərəng koftalar, donlar, ayaqqabılar... amma heç dəyişməyən bir dəst şalvar-pencək, iki ədəd də sadə qalstuk.

Moskvadan ezamiyyətdən qayıdanda almışdı. Məzlum müəllim hər dəfə bu kostyumda, qalstukda evdən çıxanda elə bil Moskvanın o izdihamlı küçələrində yeriyirdi. Axşam da yuxusunda həmin kostyumda mütləq universitetdə çıxış edirdi və hər kəs onu alqışlayırdı. Sonra yuxudan ayılıb dolabdakı kostyumunu çıxarardı. Arvadı oyanmasın deyə dolabın qapısını lap asta açıb örtərdi. Əvvəllər dolab onu heç ələ verməzdi. Lakin illər ötdükcə dolabın qapıları da yorğun düşdü, cırıldayıb çox vaxt onu ələ verdi. Arvadı bu illər ərzində bircə dəfə də olsa, bunu onun üzünə vurmamışdı.

Bu dolabın ən böyük sərvəti künc tərəfinə gizlədilən kiçik, bəzəkli mücrü idi. İllərlə mücrü çıxdı, açıldı, parıldadı, əzizləndi, yenə yerinə qoyuldu. Dolab da bu bəzəkli mücrünü gözü kimi qorudu.

...Sonra Şirin gəldi həyatlarına. Onun gəlişi ilə həyatları tamam dəyişdi. Şirinləşdi ikisi də. Yenə gecələr tez-tez yuxudan ayıldı. Amma bu dəfə dolabın yorğun qapısını cırıldatmağa yox...

Özünü bir az da unutdu. Paltarın ən yaxşısı Şirinin. Yeməyin ən dadlı yeri Şirinin. Şirin ilk dəfə diş çıxaranda sevindiyindən həyətdə ayaqları dolaşdı. Yıxılıb o da dişini çıxartdı. Neçə illər elə də qaldı. “Qalsın”,- dedi. Hər dəfə ağzındakı boşluğa baxanda Şirinin diş çıxartdığı günü xatırladı: “Mən öz dişimi oğluma vermişəm”, - deyib özündən yarızarafat lətifə də düzəltdi.

...Şirin böyüdükcə paltarları kiçildi. Şirinə təzə paltarlar alındı. Dolabda Şirinin kiçik paltarlarının boğçası üçün də yeni bir yer açıldı. Açıldı dolab, yenə əzizləndi mücrü.. Amma yerinə qoyulanda bir az yüngülləşdi...

Şirin ayaq açdı..Yeridi.. Qaçdı. Məzlum da evlərinin arxasındakı çəmənlikdə uşaq kimi oğlunun dalınca yüyürdü. Axı o uşaq olanda onun dalınca heç kim qaçmamışdı. Qaçanda arxaya baxıb gülməyi qonşu uşaqlardan öyrənmişdi. Onun dalınca qaçan olmasa da, qaçanda o da arxaya baxardı.

Əvəzində qaşının üstündə iri, dərin çapıq əmələ gəlmişdi. Bir də doyunca ana məzəmməti eşitmişdi. Məzlumun nisgili də, qorxaqlığı da ilk dəfə həmin çapığın dərinliyindən boy vermişdi.

Şirin bir az da böyüdü. Paltarları yenə kiçildi. Paltarlar yenə səliqə ilə qatlanıb dolabdakı boğçaya köçdülər. Kökəldi boğça...Şirin təzə paltarlarda məktəbə getdi. Yükünü yenə Məzlum müəllim çəkdi. Qonşunun uşağında velosiped görüb səhərə qədər ağladı. Səhər Məzlum yamaqlı ayaqqabılarını geyinib Şirinə velosiped almağa getdi. Məzlum yenə Şirinin velosipedinin arxasınca qaçdı. Şirin də arxasına baxa-baxa doyunca güldü. Qaşına çapıq da düşmədi heç.

...İllər keçdi. Şirin böyüdükcə dolabdakı boğça da kökəldi. Şirin məktəbi bitirəndə yenə çıxdı mücrü, yenə əzizləndi. Yerinə qoyulanda bir az da yüngülləşdi. Mücrüdən yayılan parıltı isə Şirinin üzünü aydınlatdı. Məzlum müəllim Şirinə Bakıda yaxşı ev tutdu. Yenə təzə paltarlar...təzə dostlar... təzə şəhər... Məzlumla arvadı Şirinsiz birtəhər dözdülər. Hərdən dolabdakı dolu boğça yada düşdü. Açıldı boğça. Kiçik paltarlar illər sonra gün işığı gördülər.

Hər kiçik paltarda Şirinlə bağlı bir xatirə oyandı, canlandı. Sanki Məzlum da cavanlaşdı, arvadı da. Əvvəl saçına düşən dənlər yox oldu, sonra gözləri bir az nurlandı. Ağzında düşən dişinin yeri göynədi. Ağzına hədiyin tamı gəldi. Təkcə qaşındakı çapıq silinib getmədi ki getmədi. Hər dəfə köhnə şəkillər də qanad açıb uçdular yuva albomdan. Hər şəkil bir paltarın üstünə qondu kəpənək kimi, çiçək kimi, bəzək kimi.. Sanki Məzlum müəllimin kostyumu da təzələndi. Dolab qapısı da bu dəfə cırıldamadı. Məzlum müəllim yenə kostyumunu geyinmək istədi. Yenə yuxusunda mühazirə demək istədi. Bu dəfə arvadından utandı. Nədənsə həmişə ona elə gəlirdi ki, arvadı onun yuxusunu görə bilir.

...Hər kursda mücrü açıldı, əzizləndi, yenə bir az yüngülləşdi. Əvəzində Şirinin arzuları böyüdü. Bahalı telefon..bahalı restoranlara ayaq açdı. Şirinə böyük şəhərin gecələri gündüzündən daha maraqlı gəldi. Mücrü yenə çıxdı, əzizləndi, yenə boşaldı. Axırda tamam boş qaldı. Daha əvvəlki kimi əzizlənmədi, əvvəlki kimi qorunmadı. Dolabdakı toxunulmaz yerini də itirdi.

Böyüdükcə Şirin də yavaş-yavaş dəyişdi. Əvvəl kənd yollarını bəyənmədi, sonra kəndlərini, sonra evlərini..Atasının, anasının geyimini, sözlərini, hərəkətlərini tənqid etməyə başladı: “Belə yerdə necə yaşayırsınız?” Məzlum da, arvadı da ürəyində üzüldü. Bu evin köhnə divarları da yeni Şirini tanıya bilmədi.

...Bir neçə gün sonra Şirinin doğum günü olacaqdı. Bu, Məzlumun, bəlkə də, həvəssiz yanaşdığı ilk doğum günü idi. Oğlu şəhərə qayıdarkən doğum günü üçün evlərinə gəlməyəcəyini demişdi. Doğum gününü şəhərdə dostları ilə birlikdə qeyd etmək istəyirdi. Məzlum əvvəl təəssüf hissi keçirsə də, daha sonra arvadına toxtaqlıq vermişdi: “Nə olar, ay arvad, lap yaxşı. Biz də yığışıb şəhərə gedərik. Şirinin 20 yaşını şəhərdə qeyd edərik”. Şirin isə cavabında: “Ata, uzaq yoldur. Siz gəlməsəniz də olar” cavabını vermişdi. Neçə gündür ki, Məzlumun təzyiqini oynadan bu söz idi. Bu sözlər çəkiclə beyninə vurulan mismar kimi başında sancırdı. Bu sözlər anasının boğazında düyünlənib qalmışdı. Neçə gün idi ki, boğazından bir tikə keçməyə imkan vermirdi. Hərdən də sinəsində qövr edən bu qəhər gözlərində gilələnib yanağından süzülürdü. Ən çox da Məzlumun halına üzülürdü.

...Günortadan sonra arvadı yenə dolabdakı boğçanı açdı. Azadlığa çıxan kiçik paltarlar səliqə ilə yatağın üstünə düzülüb cilvələnməyə başladılar.

Otaq yenə şirin xatirələrlə doldu. Şirinli xatirələrlə doldu. Sonra yenə köhnə albomun vərəqləri yarpaq-yarpaq çevrildi. Kəpənəklər kimi qanad açdılar şəkillər və çiçək-paltarlara qondular. Ana həmin çiçək-paltarlardan və kəpənək-şəkillərdən kiçik bir boğça daha düzəltdi. Məzlum isə məhzun baxışlarla sakitcə arvadını süzdü. Sonra həmin boğçanı Şirinin sinif yoldaşı Cəmilə verdi. Cəmil Məzlum dayıdan ayrılanda onu çox hüznlü gördü. Kişi sanki birdən-birə qocalmışdı. Əlləri ilə qizarıb tərləmiş alnını ovuşdurduqca tərli başından qalxan buxar tüstüyə oxşayırdı. Cəmil bağlamanı götürüb sağollaşıb getdi.

Səhəri gün Məzlum da, arvadı da Şirinə zəng edib yeganə övladlarının yeni yaşını təbrik etdilər. Anası qəhərini zorla boğub özünü toxtaq tutdu. Məzlumun beyninin damarı yenə atılmağa başladı.

Cəmil də səhəri gün günorta Şirinin qaldığı evin qapısını döydü. Evdə səs-küy çox olduğundan Cəmil qapını bir neçə dəfə döyməli oldu. Qapını açan Şirin Cəmillə görüşüb onu içəri dəvət etdi. Cəmil otağa girəndə otağı bürüyən tüstü qoxusundan gözləri alışdı. Otaq tamam duman idi. Cəmilə bir anlıq elə gəldi ki, bu duman Məzlum dayının təpəsindən çıxan həmin tüstü idi ki, burula-burula gəlib Şirinin otağına dolmuşdu. İçəridəkilər Şirinin yoldaşları idilər. Cəmil onları qiyabi tanıyırdı. Onlarla görüşəndən sonra Şirini təbrik etdi və çox qala bilməyəcəyini deyərək kiçik boğçanı Şirinə uzatdı və ata-anasının göndərdiyini dedi. Şirin Cəmildən aldığı boğçanı aparıb mətbəxə qoymaq istəyəndə otaqdakı uşaqlardan biri-Murad dilləndi:

“Şirin, gətir görək atangil sənə nə sovqat yollayıblar? Axı bu gün sənin doğum günündür!” Şirin bağlamadan pendir, qaymaq, şor çıxacağını güman etdiyi üçün yoldaşlarının yanında açmaq istəməmişdi. Amma digər yoldaşları da israr edincə bağlamanı gətirib açmaqdan başqa çarəsi qalmadı.

Cəmil də yoldaşların bu ümumi maraq axınına qapılıb ayaq saxladı ki, görsün boxçadan nə çıxacaq? Hər kəs sehrli çıraq kimi boğçanın ətrafına toplaşdı. Şirin əlacsız qalıb əlləri əsə-əsə könülsüz olsa da, anasının vurduğu düyünləri açmağa başladı. Boğçanın düyünləri növbə ilə açılanda otaq birdən-birə evlərinin arxasındakı çəmənliyin çiçək qoxusu ilə doldu. Amma bu qoxunu Şirindən başqa heç kim duya bilmədi. Boxça açıldı və Şirin gözləmədiyi bir mənzərə ilə qarşılaşdı. Əvvəlcə kiçik paltarlar əl-əl gəzdi. Sonra isə kəpənək-şəkillər otaqda qanad açdılar. Sonra hər şəkil-kəpənək öz gül-paltarına qondu. Şirinin körpəliyində, uşaqlığında çəkilmiş şəkillərdəki paltarları canlı-canlı gördükcə həm təəccüb, həm də məftunluq hissi keçirən Murad dilləndi: “Şirin, halal olsun sənin valideynlərinə. Mən hələ indiyə qədər belə bir doğum günü sürprizi görməmişdim. Sənin necə də “kreativ” valideynlərin var!” Otaqdakıların hamısı kiçik uşaq paltarlarına və Şirinin həmin paltarlarda illər öncə çəkilmiş uşaqlıq şəkillərinə baxdıqca heyranlıqla Muradın dediklərini təsdiqlədilər. Şirin dostlarından valideynləri haqqında ən xoş sözləri eşitdi:

-Həqiqətən, çox orijinal, mənalı doğum günü təbrikidir, Şirin. Sən valideynlərinlə fəxr etməlisən!

Bayaqdan bütün olanları sakitcə izləyən Cəmil də dilləndi:

-Əlbəttə, Şirinin atası Məzlum müəllim çox gözəl insandır. Həm çox gözəl müəllim, həm də çox mehriban və fədakar atadır. Elə deyilmi, Şirin?
Şirini elə bil silkələyib hələ indi ayıltdılar. Nə qədər danışmaq istəsə də, söz tapa bilmədi. Elə bil sözlər kəpənəklərin arxasınca qatarlanmışdılar.

Şirin sözləri ağzında nizamlaya bilmirdi. Sanki Şirin yoldaşlarının bu şəkillərdəki balaca uşaq haqqında dedikləri məzəli oxşamaları da, Cəmilin sözlərini də yarıyuxulu eşidirdi. Və Şirin bütün günü yarıyuxulu qalacaqdı...

Axşam isə həmin şəkillərin və uşaqlıq paltarlarının olduğu boğçanı qucaqlayıb yuxuya daldı. Və yuxusunda bir uşaq səhərə qədər evlərinin arxasındakı çəmənlikdə bəzəkli kəpənəklərin arxasınca qaçdı. Həmin kiçik paltarlar hər biri çəmənlikdə bəzəkli gülə, çiçəyə döndü. Və həmin uşaq kəpənək qollarını açaraq kənd yolu ilə ona sarı gələn atasına tərəf qanadlandı.../Ulduz.-2020.-İyun/

Nizami ADIŞİRİN
Filologiya üzrə fəlsəfə doktoru
AYB-nin üzvü
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31