manera.az
manera.az

Vaqif Aslan poeziyasında Qarabağ mövzusu

Vaqif Aslan poeziyasında Qarabağ mövzusu
(Vaqif Aslan - 70)

Uzunmüddətli müşahidələrimə sığınaraq belə bir qəti qənaətdəyəm ki, yaradıcılıq palitrasının çoxşaxəliyinə baxmayaraq Vaqif Aslan milli-mənəvi tariximizdən süzülüb gələn qədim adət-ənənələrimizin, deyim və duyum dünyamızın fəlsəfi məqamlarını, əfsanələşmiş və əfsunlaşmış rəmzlərini poeziyaya gətirən incə ruhlu, həssas qəlbli lirik şairdir.

Sözün külünü qoyub közü ilə oynayan, oynadıqca könülləri, duyğuları yerindən oynadan, sərt həqiqətləri və zərif duyğuları lirik məcraya yönəltməyi bacaran istedadlı söz ustasının xüsusilə Qarabağ müharibəsi dövründə, insanlığın sınağa çəkildiyi, müqəddəs mənəvi mirasların unudulduğu zamanda yaratdığı əsərlər müsbət və müstəsna məziyyətlərə malikdir. Milli mentalitetə, mənəvi dəyərlərə sayğı hissi ilə yoğrulduğu üçün bu poeziya nümunələri bədii keyfiyyət və sənətkarlıq baxımından çox sanballıdır.

Min illərdən bəri türk insanı üçün dəri papaq əlahiddə anlam kəsb edir, qeyrət, şərəf nişanəsi, kişilik rəmzi sayılır. Vaqif Aslanın 1989-cu ildə qələmə aldığı “Papaq” şeirində isə mövzuya fərqli yanaşma var, birbaşa Qarabağ münaqişəsinə toxunulmasa da mühitdəki anti-milli prosesin xarakterinə, insanların mövqeyinə işarələr duyulmaqdadır.

Neyləyim, bu dünya döşümə yatmır,
Könlümü oxşamır, xoşuma yatmır.
Özümə yaraşmır, başıma yatmır,
Tülkü dərisindən tikilən papaq.


Xüsusilə son beyt poetik ifadə tərzinə, dərin, rəmzi məna qatlarına malikdir. Misralardakı gizlinlərə vaqif olmaq üçün ötən əsrin 80-ci illərinin sonunda Azərbaycanda baş verən hadisələri diqqətlə nəzərdən keçirmək zərurudur. Qarabağ münaqişəsinin qızğın çağı... Kremldə M.Qorbaçovun açdığı “Perestroyka” fabrikasında xüsusilə Azərbaycan rəhbərliyi üçün “tülkü dərisindən papaq” istehsalı və istifadəsi üçün təlimatlar... Şeirdə “tülkü dərisindən tikilən” bu baş örtüyü Moskvanın “Baş ideologiya”sının simvoluna çevrilir. Şair belə papağı özünə yaraşdırmayan, başına yatmayan cəsurların meydanlara sığmayan hayqırtısını, etirazlarını göz önündə canlandırır, tülkü papağı altında kişiliyin, mərdliyin, millət qeyrəti çəkməyin mümkünsüzlüyünü vurğulayırdı…

Kişi məfhumunun biçimi, məna qatları, mənəvi-əxlaqi keyfiyyətləri Vaqif Aslanın poeziyasında fərqli rakurslardan dəyərləndirilir. Onun “Kişilər” şeiri birbaşa Qarabağ müharibəsinə həsr edilməsə də həmin dövrdə qələmə alınıb. Şairin bədii ittihamnamə kimi səslənən “Kənd-kənd, şəhər-şəhər axırıq daha, axana qıraqdan baxırıq daha” – misralı suçlamasında əsərin yazıldığı vaxt, zaman haqqında informasiyanın dəqiqliyi şübhə doğurmur. Bu şeirdə çağdaş “kişi” laqeydliyinin, biganəliyinin canlı və unudulmaz obrazı yaradılıb. Keçmişlə indinin, dünənlə bu günün kişilik meyarları şairin haqq tərəzisində, ədalət mizanında müqayisə edilir, mənəvi aşınmanın çağdaş durumuna çox sərt, güzəştsiz qiymət verilir.

Vaqif Aslan əsasən dilimizdə biganə, laqeyd, qayğısız adam haqqında işlədilən “Araz aşığından, Kür topuğundan” xalq frazeologiyasını müstəqim mənada improvizasiya edərək “Kişilər” şeirində öncə ulu babalarımızın uca, möhtəşəm, əzəmətli görkəmi barədə unudulmaz təəssürat yaradır:

“Araz aşığından, Kür topuğundan”
olan kişilər!
Nə qədər ucaymış boyunuz sizin,
Əsliniz, kökünüz, soyunuz sizin,
Axıb qanımıza dolan kişilər!


Şairin düşüncələrinə əsasən torpağa sevgisi, vətənə bağlılığı ilə əsli, kökü, soyu uca olan, “Qaya parçasından, daş qopuğundan, nağara düzəldib çalan... Ox kimi şığıyıb Yazı düzündən, düşməni atından salan” bu köhnə kişilərin, ulu babalarımızın bugünkü törəmələri, nəvə-nəticələri ilə müqayisəsi “oddan kül törər” deyimini xatırladır. Nəsillərdən-nəsillərə, əsrlərdən-əsrlərə müqəddəs əmanət kimi qorunub saxlanılan vətən torpağının böyük bir parçasının – milli mədəniyyətimizin beşiyi, musiqi akademiyamız kimi tatınan Qarabağımızın, Şuşamızın bu gün düşmən tapdağı altında inləməsi ilk növbədə çağdaş kişiliyin mağmın və əlacsız vəziyyətinin real mənzərəsidir. Şairin sonda üzünü ulu, müqəddəs ruhlara tutaraq çılğın tonun hakim kəsildiyi acı, ağrıdıcı etirafları itkilərin səbəb və nəticəsi haqqında ciddi düşünməyə əsas verir:

Getdi özünüzlə zorunuz sizin,
Dolur gözümüzə qorunuz sizin,
Çatdam-çatdam olsun gorunuz sizin,
Daşımız qalmadı, daşımız üstə,
Ay yurdu-yuvası talan kişilər!
Olunca, dünyada olmasa yeymiş,
Qalınca, dünyada qalmasa yeymiş,
Sizin yerinizdə qalan kişilər!
İndiki kişilər – yalan kişilər!


Sözün közünün körükləndiyi, düzünün sərgiləndiyi bu misralardakı sərt gerçəkliyin etirafı nə qədər ağır olsa da qaçılmazdır.

Vaqif Aslanın Qarabağ mövzusunda yana-yana yazdığı şeirləri ifadə tərzinin hiss və duyğulara təsir gücü, fikrin, mənanın üzü qarsalayan odu-alovu düşünüldüyündən və gözlənildiyindən daha şiddətli özünü büruzə verir. Onun ürəkləri duyğulandıran, yaddaşlara ağrılı-acılı iz salan Qarabağ qoxulu əsərlərindən “Kərbəla faciəsi”, “Gəlmədi”, “Ay səni”, “Qaçqın mahnısı” və s. şeirlərini ayrıca vurğulamağa ehtiyac duyulur. Şairin eyni mövzuda yazdığı “Şəhid köynəyi” müharibə dövrünün “arxa cəbhə”sindəki mənəvi-psixoloji, milli-əxlaqi durumun dözülməzliyindən bəhs edən, sarsıdıcı, ironik üslubda qələmə alınmış dəyərli bədii sənət nümunəsidir. Cəmiyyətdəki aşınmalar, baqqal psixologiyasının müqəddəs mənəvi qatlar üzərindəki hökmranlığı, and yerinin alqı-satqı məkanına çevrilməsi, şəhid köynəyinin, şəhid ruhunun bazar məzənnəsi ilə dəyərləndirilməsi itkilərin, məğlubiyyətlərin başlıca səbəblərini və əsas ünvanını nişan verir. Şair “Didərginin tikəsini yeyənlərə”, “Qandan baha, candan baha” şəhid köynəyini vəzifə, varidat üçün əldə bəlgə edənlərə üz tutaraq deyir.

Mənsəb gəzən, taxt axtaran taxtabaşlar,
Gəzdiyiniz hal qurtarıb.
Şirin nağıl, yalan vədə,
Heç dəyməyib, kal qurtarıb.
Doğru sözə, düz ilqara qismət olan
Buxov, noxta, nal qurtarıb.
Satılmayan namus, həya,
Satlıq qoyun, mal qurtarıb.
Şor quruyub, yağ tükənib, bal qurtarıb.
Bircə şəhid köynəyi var, o da mənim.
Qalan nə var... Sizin olsun!...

Şeirin nikbin ruhundan, rəmzi məna qatlarından bəlli bir ideya aşılanır; nə qədər ki, şəhid məzarları ziyarətgahlara, şəhid köynəkləri işğal altında inləyən ərazilərin azadlığı uğrunda döyüşə atılan cəsurların, mübarizlərin zəfər bayrağına çevrilməyib mənəvi düşkünlüyün nicat yolu, baqqal psixologiyasının və harınlıq sindromunun qarşısının alınması mümkünsüzdür.

Vaqif Aslanın bütövlükdə ədəbi-bədii yaradıcılığını dünənimizlə bu günümüz, qədim və zəngin keçmişimizlə fikir, düşüncə pürealizminin intişar tapdığı çağdaş zəmanəmiz arasında məntiqi əsaslara dayalı, milli-mənəvi və bədii-estetik ornamentlərlə süslənmiş körpüyə bənzətmək olar. Misralarında tarixin nəhri çırpınan, nəbzi döyünən şeirlərinin mayasında, nüvəsində sirli-sehirli suallar, müəmmalar yuvalanmış, zamanın dumanlığına bürünmüş örtülü mətləblərin ecazkar cazibəsi dünənimizə boylanmağa, keçmişimizdən gələn səsləri dinləməyə vadar edir. Qobustanı Azərbaycanın daşlaşan əlifbasına bənzədən şair “Daş əlifba” şeirində yazır:

“Qaval daş” çalınır nə vaxtdan bəri?
O ana qəlbini necə ovudum?
Bəlkə ası düşən bəy ərənləri,
Qarğışı tutubdur Dədə Qorqudun?


Bu yığcam misraların bələdçiliyi ilə tarixin sübh çağına xəyali səyahət, asiliklə mərdliyin, zərifliklə sərtliyin vəhdətində təcəlla tapan daşlaşmış rəmzlərin məna qapıları önündə düşüncələrə dalmaq məziyyəti Vaqif Aslan poeziyasının vüsətindən, hikmətindən və qüdrətindən qaynaqlanır. Onun oğuz bəylərinə, Dədə Qorqud qəhrəmanlarına həsr etdiyi şeirlərində yalnız tiplərin xarakterinə, mədəni və mənəvi keyfiyyətlərinə deyil, eyni zamanda dövrün, mühitin mürəkkəb, qaranlıq məqamlarına da tam aydınlıq gətirilir, obrazlar fərqli baxış bucağından dəyərləndirilərək yeni təqdimatda poeziyasevərlərə çatdırılır.

Vaqif Aslan “Oğuz bəylərinə və xatunlarına salam”, “Qanlı Qoca”, “Dəli Domrul”, “Qazan Xanın yuxusu”, “Dəli Ozan”, “Təpəgöz”, “Aruz qoca”, “Dirsə Xan”, “Yalıncıq”, “Oğuz alqışı” və b. əsərlərində “Qamus və namus kitabımız” (Prof.Y.V.Qarayev) olan “Kitabi-Dədə Qorqu”un tarixi-etnoqrafiq mənzərəsini, mənəvi-əxlaqi meyarlar sistemini poetik düşüncə müstəvisində obyektiv qiymətləndirməyi bacarmış, tədqiqatçı-şair statusunda layiqli mövqeyini daha da möhkəmləndırmişdir.

V.Aslanın polemikaya, ciddi təhlilə dayanaqlı, mötəbər poetik düşüncələrinin daşıyı¬cısı olan, məhəbbət, təbiət, sənət və həqiqət mövzusunda yazdığı lirik-fəlsəfi şeirləri yetərincədir. Onun görkəmli tənqidçi, türkoloq və ictimai xadim Aydın Məmmədova həsr etdiyi “Aydın”, təfəkkür tariximizin dərin qatlarından söz açan “Ruhlarla söhbət” poemaları, “Qan üzərində rəqs”, “Kötük” pyesləri, çoxsaylı elmi-tənqidi əsərləri, XVII əsr fransız səyyahı Jan Şardənin (“Parisdən İsfahana səyahət”), Pol Verlenin, Erve Bazənin, Öjen Potyenin irsindən – birbaşa orijinaldan bədii tərcümələri, səmərəli pedaqoji fəaliyyəti etiraf edək ki, ədəbi tənqidimiz tərəfindən indiyədək həssaslıqla qarşılanmayıb, sənətkarın fədakar və təvazökar əməyi təəssüf ki, müvafiq səlahiyyətli orqanlar tərəfindən layiqincə dəyərləndirilməyib.

Bununla belə əminliklə vurğulamaq olar ki, çağdaş ədəbi prosesdə fəallığı ilə seçilən, bədii ədəbiyyatımızın barınmasında müstəsna xidmətlər göstərən, mayası istiqlal məfkurəsi ilə yoğrulan milli ruhlu, istedadlı şair Vaqif Aslanın zəngin bədii yaradıcılığı ədəbiyyatşünaslığımızın indiki təkamül mərhələsində ciddi elmi araşdırmaların obyektinə çevriləcək, mənəvi irsimizin təbliğində mötəbər mənbə missiyasını ləyaqətlə daşıyacaqdır.

Bakı.05.07.2020

Asif RÜSTƏMLİ,
filologiya elmləri doktoru, professor

Vaqif Aslan poeziyasında Qarabağ mövzusuБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31