manera.az
manera.az

Haqverdiyev haqqında xatirələrim - Sidqi Ruhullah

Haqverdiyev haqqında xatirələrim - Sidqi Ruhullah
Əbdürrəhim bəy Haqverdiyev - 150

Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin vəfatı günündən on il keçir. Bu günlərdə mən onun həyatını, yaradıcılığını, səhnəmizə etdiyi böyük xidmətləri daha dərindən düşünür və xatırlayıram.

Haqverdiyev yalnız ədəbiyyatımızda deyil, səhnəmizdə də böyük bir simadır. O, artistlərimizin sevimlisidir. Azərbaycan dramaturgiyasının yaranması və inkikası, aktyor kadrlarımızın yetişməsi məsələsi onun adı ilə sıx surətdə bağlıdır.

Mən Əbdürrəhim bəy ilə 1907-ci ildə tanış olmuşam. Bakıda "Kommerçeskoe Sobranie" (Sovet hakimiyyəti dövründə müəllimlər evi kimi tanınıb - M.Ç.) evində Hüseyn Ərəblinskinin rejissorluğu ilə Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərini oynayırdıq. Mən bu tamaşada Rüstəm rolunda oynayırdım. Birinci pərdə ilə ikinci pərdə arasında fasilə idi. Ərəblinski səhnəni düzəldir, mən isə ona tamaşa edirdim, bu zaman səhnəyə əzəmətli və ağır addımlarla gur saçlı və gülər üzlü bir nəfər daxil oldu. Ərəblinskiyə yanaşıb: "Bəs bu gecə sən oynamırsanmı?" deyə sual etdi. Bu zaman Ərəblinski əlini mənim çiynimə qoyaraq gülə-gülə: "Xeyr, bu gecə bu oynayır" deyə məni göstərdi və "tanış olun" dedi.

Mən qarşımdakının Əbdürrəhim bəy olduğunu bilib, əlini sıxdım. Əbdürrəhim bəy mənim oyunum haqqında öz fikrini söylədi və "aktyorluq sənətində uzun müddət çalışmanızı və müvəffəqiyyət qazanmanızı arzu edirəm" dedi və bu sözün mənim üzərimdə böyük təsiri oldu. Hörmətli ədibimizin bu sözündən sonra mən öz sənətimi daha artıq sevərək, yaradıcılıq üzərində daha artıq çalışmağa qatlaşdım. Məni ilk dəfə səhnəyə çıxardan Hüseyn Ərəblinski olmuşdur. Əbdürrəhim bəyin mənə etdiyi təsir, məni səhnəni daha artıq sevməyə cəlb etdi və teatra olan həvəsimi qat-qat artırdı. Ə.Haqverdiyev ilə bu görüşümdən sonra, artistliyi daha böyük ruh yüksəkliyi ilə davam etdirməyə başladım.
Haqverdiyev haqqında xatirələrim - Sidqi Ruhullah
Məlumdur ki, o zaman teatr dərnəkləri ayrı-ayrı həvəskarlardan ibarət idi. Mükəmməl aktyor kollektivi yox idi. Əbdürrəhim bəy isə əsl bir kollektiv uğrunda can-baş ilə çalışırdı. O, istəyirdi ki, Azərbaycan teatrı bacarıqlı aktyor və rejissor kadrosuna, mükəmməl repertuara malik olsun. Böyük yazıçımız mənimlə etdiyi söhbətdə bu fikri tez-tez təkrar edərdi. Nəhayət, Əbdürrəhim bəyin vasitəsilə Ərəblinski ilə mən bir truppa təşkil edib başqa şəhərlərə qastrola getdik.

Ə.Haqverdiyev Azərbaycan teatrını böyük bir həvəs, alovlu bir qəlblə sevirdi. Mən hansı şəhərdə tamaşa verərdimsə, Əbdürrəhim bəy imkan tapdıqca haman şəhərə gələrdi. 1913-cü ildə Tbilisidə, səhnə həvəskarları ilə "Pəri cadu" əsərini tamaşaya qoymuşdum. Bu tamaşada özüm Qurban rolunu oynayırdım. Üçüncü pərdənin fasiləsində, heç gözləmədiyim halda, Əbdürrəhim bəy səhnəyə daxil oldu və Qurban rolunu yaxşı ifa etdiyim üçün təşəkkür etdi. Tamaşa qurtardıqdan sonra Əbdürrəhim bəy məni düşdüyüm mehmanxanadan öz mənzilinə dəvət etdi.

Biz həmin gecəni bir yerdə keçirtdik. Sevimli yazıçımız dramaturgiya, teatr və aktyorluq haqqında çox maraqlı fikirlər söylədi. Həmin gecə Əbdürrəhim bəyin mənə söylədiyi bir nəsihət hələ də yadımdadır. O dedi ki: "Sidqi, sənin aktyorluğun mənim çox xoşuma gəlir. Lakin bunu unutma ki, müəyyən bir obrazı yaratdıqdan sonra bir yerdə dayanıb durmaq olmaz. Sənətkar həmişə inkişaf etməlidir... Onu bilməlisən ki, bir obrazı bu gün nə qədər yaxşı oynayırsansa, bu rolun üzərində çalışsan, sabah daha yaxşı oynaya bilərsən".

Bu sözlərdən sonra coşğun bir hərəkətlə "Pəri cadu" kitabını masa üzərindən götürüb, "Sidqi Ruhullaya vəsiyyətim" sərlövhəsilə həmin sözləri kitabın üstünə yazdı və kitabı mənə bağışladı. Həmin xatirə indi də Cəfər Cabbarlı adına Teatr Muzeyində saxlanmaqdadır.

Ə.Haqverdiyevin mənim səhnə yaradıcılığımda həlledici təsiri olmuşdur. Ostrovski və Maksim Qorki rus artistlərini və rus teatrını bir bağban kimi yetişdirdikləri kimi, Ə.Haqverdiyev də Azərbaycan teatrı və onun banilərindən Ərəblinskini yetişdirməkdə çox iş görmüşdür. Mən onun yaratdığı gözəl əsərlər və obrazlar üzərində çalışmaqla boy atmışam. Ağa Məmməd şah Qacarın, Qurbanın, Nəcəf bəyin, Cahangir ağanın mənim yaradıcılığıma böyük təsiri olmuşdur. Mən səhnə fəaliyyətimi Əbdürrəhim bəyin ölməz obrazları üzərində inkişaf etdirmişəm.

Mən gələcəkdə də Azərbaycanın böyük yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin əsərlərində hörmət və ifixarla çıxış edəcəyəm./525.az/

24 oktyabr, 1943-cü il

Mustafa Çəmənlinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31