manera.az
manera.az

Ovcunda saxlayıb Ayın əksini - Aleksandr Ananiçevin şeirləri

Ovcunda saxlayıb Ayın əksini - Aleksandr Ananiçevin şeirləri
Tanınmış rus şairi və bardı Aleksandr Ananiçev 1970-ci ildə Moskva vilayətinin Sergiyev Posad şəhərində anadan olub. Televiziziya və Radio Verilişləri İnstitutunu, sonra isə M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirib.
İlk poetik topluları 1990-cı illərin axırlarına nəşr olunub. Pravoslav məzhəbinə və Rusiyanın tarixi şəxsiyyətlərinə həsr olunmuş onlarla kitabın naşiridir. “Literaturnaya uçyoba” (2000), “Rusiya qızıl qələmi – 2004” , S.Yesenin (2004), “Rusiya peşəkarı” (2004), “Rus Amerikası” (2004), D.Mamin-Sibiryak (2007), “Bəyaz yelkənlər” (2007) və s. ümumrusiya, beynəlxalq ədəbi müsabiqələrinin, festivalarının mükafatına və diplomuna layiq görülüb. Əsərləri bir çox xarici dillərə çevrilib.
A.Ananiçev həm də pedaqoji elmlər namizədi, Sergiyev-Posad yazıçılar təşkilatının rəhbəri, Rusiya Yazıçılar İttifaqının katibidir.


ŞAİR QOCA XALİDƏ

Dəniz sahilində, doğrumu, dünən,
Küləklə atılıb-düşən mən idim.
Bakı tünlüyündə, doğrumu, dünən
Əsl şair kimi çıxıb gəzirdim.

Yenicə dən düşür gicgahlarına,
Amma şən gözləri işıqdan boldu.
O, doğma kəndinin yollarını ki
Şəhər asfaltına dəyişməz oldu.

Şirindir, dərindir astagəl səsi,
Torpaq, ot qoxuyur misra-əkini.
Dağlarda - odlu şərq bərq vuran yerdə, -
O, təkdir Yesenin və Rubtsov kimi.

Onunla sözləşib göz yaşarınca,
Bir qədəh gillətdik can qızsın deyə.
Zarafat elədi, Moskvadan mən
İyulda soyuğu gətirmişəm, hə...

Nizami, Sabir və bir də Füzuli,
Üstəlik, hər yanı kor qoyan külək...
Xəzər sahilində bunlardan yana
Heç nəyi görmürdü, sezmirdi ürək.

Şəhər gül açarmı Şamaxı kimi?
Qalarmı deşilən buz axın qında?
Şəhərlər-nəsrdir, kəndlər-poeziya, -
Pıtraq xışıldayır yol qırağında.

Dünyanın o başı qaranlıq, ölgün,
Ay yenə sarı və yayğın, birtəhər...
Eybi yox! Əgər ki, sağ qalırsa kənd,
Nə ölkə dağılar, nə də ki, şəhər.

XATİRƏ

Çayın o tayında başqa cür yaz var,
Başqa havalıdır yuxular orda.
Açıb pəncərəmi seyr eləyirəm,
Qırov budaqlarda qalıbdır darda.

Dan üzü çöl boyu boylanır duman,
Otlar xışıldayır ayaqlar altda.
Hiddəti, kədəri mənasız olur,-
Noyabr beləcə qalır hey yadda.

Divardan o yanda su səsi axır,
O yanda yad bir qız qəhqəhlə süzür.
Ovcunda saxlayıb Ayın əksini,
Quyumda sopsoyuq ulduzlar üzür.

Yarpağı titrəyir ağcaqayının
Durna çığırtısı səslənən yerdə.
Bir də ki, küləyin, siçanın səsi
Necə pərvazlanır minilliklərdə.

Yenə də... yenə də çaxır içirəm,
Sükutu pozmadan sükut içində.
Yenə xatirələr yanıb-sönürlər
Beynimdə dolanan dumanda, çəndə...


***
Gecələr hərdən bir oyaq qalıram,
Gözlərim yuxuya qalır tamarzı.
Yatmış dodağından əyilib öpmək,
Eh, bilsən nə qədər gözəl bir arzu...

Yuxun möcüzəli, nəfəsin həzin,
Ehtiyat edirəm pozular yuxun.
Asanca girdiyin həyatımda mən,
Sadəlövh qəlbini qırmaram, axı!

Kiçik Rusiyasan- hər şeysən sanki,
Saçların – zəmidir, gözləri gölsən.
Taleyin yaralı quşa bənzəyir,
Hələ uçacağıq, and içim, bil sən!

Hələ yuxularda uç sən, əzizim,
Pəncərə önündə Ayı seyr elə.
Nə vaxtsa bizi də tapacaq Günəş,
Göydə uçacağıq quş təki hələ.

SƏN

Batan gün bürkünü azalda bilməz,
Sükuta qərq olub kainat nədən.
Ayın işığında bərq vuran evdə
İkicə nəfər var: bir sən, bir də mən.

Sən baxa bilmirsən gözümə, yoxsa
Aradan üç illik ayrılıq keçir.
Yaman oxşayırsan bu qızılgülə,
Bürkü qızılgülü su kimi içir.

Kədərli simanla heykəl ölgündü,
Allah əzabkeşi saxlar, istəsə.
Cəza verirsə də, sevir, deməli...
Yazıqlar... dərd çəkə biməyən kəsə.

QAR

Qar yağır çöllərə, bataqlıqlara,
Təpələr, düzənlər bələnir qara.
Gah yağır yuxuda, gah da ki, aşkar,
Asta-asta yağır qar.

Hər dəlmə-deşiyə qar səpələnir,
Donmamış çaylara yağır, ələnir.
Dovşan tükü kimi pırtlaşıq, par-par,
Bu qar, bu qar.

Göyün sıyığıdır, qəsdinə yağır,
Yoldan ötənlərin üstünə yağır, -
Arada yaxşısı, həm də pisi var,
Asta-asta yağır qar.

Göy yorğun torpağın yaralarını,
Ehmal sarımağa qıyır qarını.
Yüpyüngül, gümüşü gülüşdü ki, var,
Bu qar, bu qar.


***
Niyə yenə lal, susqunsan,
Qəm-kədərin çarmıxında?
Əgər bədbəxtsənsə sən, bil,
Özün günahkarsan onda.

Bax, xoşbəxtlik lap yaxında -
Təki ona əl ver, əyil.
Xoxbəxt olmaq üçün çox şey,
Artıq heç nə lazım deyil.

Bircə loxma çörək varsa,
Başın üstə koman, bir də, -
Bu bəsindir, itirməyə
Qorxun yoxsa belə yerdə.

Yaşayırıq! Möcüzədir...
Niyə qınayaq taleyi?
Yadda saxla, bədbəxt olmaq
Heç düz, həm də yaxşı deyil.


***
Sən gedəndə yay donun da
Yellənib xışıltı saldı.
Sənsiz mənim ev-eşiyim
Tutqunlaşıb lap boşaldı.

Amma bahar ətrin qalır,
Əşyalara hopub çoxdan, -
Qaralmış stəkanaltı,
Bir də xalat qalır mıxda.

Divanda yuxusuz adyal,
Mətbəxdə çörək və çaxır...
Hər şey məsum nəfəsinə
Bələnib, saflaşıb baxır.

Qucub eyvan qapısını,
Tənha yol çəkməkdi cəzam.
Yaroslavnasını itirmiş
Kədərə batmış knyazam.


***
Yaşıl dalğaların üzərindəcə
Tənha bir qağayı dövrə vurmada...
Sahildə yanımdan bir qız indicə
Qaçır ayaqyalın, qaçır durmadan.

Qızın nə vecinə Yunanstandakı
Yanğın... sentyabr, ya da od-atəş.
Onun sağ yanında batır Ay da kı,
Solunda ufüqdən boy verir Günəş.

Onu dəniz öpür, küləklər indi...
Xəzan yarpağı tək yellənir hələ.
Onun gülüşləri dalğalı, şəndir,
O qız gülüşündən nur, şəfəq ələr.

O qızın dalınca qaçsam ar gələr,
Çaxır tək qaynayır qəlbimin odu.
Sanki sığalımı dadıbdı göylər,
Mənim də başımı Göy sığalladı.

SƏRİN SU

Bürkülü iyunun günortasında
Mənə bulaq suyu içirdin sonda.
Ovcumdan su sızıb axınca an-an,
Mən səni süzürdüm bulaq-aynadan.

Körpə göz yaşı tək safsan, durusan,
Gözləri kəpənək qanadlı nursan.
Sənin kipriyininin kölgəsi dərin,
Dibinə əl yetməz lap min yol girin.

Günün yandırdığı suyun şırnağı,
Lal olub astaca axır ,,qınağı”-
Tökülür daşların, qumların üstə,
Sənin dodağından sözlər ahəstə...

Buz kimi ovcumda suyun xiffəti.
Sehrli bulağı unutmaq çətin.
Dodağım bulağa dəyib çəksə nəm,
Başqa heç nə lazım deyil ki, deyəm...

ALİYƏ

Aliyə, Aliyə,
Heç bilmirəm nə vaxt qonaq
Gəlib çıxdın bu yerlərə.
Gözüm tutan tayqa boyu
Qar torpağı sıxır niyə,
Aliyə, Aliyə...

Soyumazmı isti qanın,
Tutqunluq gözünü döyər;
Vişnətək od tutub yanar, -
Arzusunu gizlətməyər,
Aliyə, Aliyə...

Bürüyüb buzlu kədərə,
Neft lampaları titrəyər.
Bir yad qadın bərq vurur, -
Az qalır, qar dizə dəyə,
Aliyə, Aliyə...

Bu nə addır, qızartısı
Dan yerini çəkər Göyə.
Burda yoxsan, günahkarı
Hansımızıq?! Sənmi, mən, ya?
Aliyə, Aliyə...

AXŞAM

Oynaya-oynaya ilıq daşlarla,
Yaman tələsdirir bizi vaxt-vədə...
Sahil qayasının arxasında, bax,
Kədərdə soğulub, sönür gün hədər.

Göy ilə, meşənin toranlığında,
Gözlərim qamaşdı - bir ulduz axdı.
Ya biz yaşamışıq dünən axşamı,
Çəhrayı yayı ya, ya ömrü-vaxtı.

Baxırıq dumanın der-deşiyindən,
Yorulmuş düşüncə yol varır sona, -
Səsli dalğaların sınıq görkəmdə
Bomboş okeana qayıtmasına.

Tərcümə: NURAFİZ
Ovcunda saxlayıb Ayın əksini - Aleksandr Ananiçevin şeirləriБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031