Mən ruhumun libasıyam - Rafiq Hümmətin şeirləri

…Rafiq Hümmət üzləşdiyi çətinliklər qarşısında sınmadı, dözdü, yaşam qayğılarından vaxt tapıb görüşəndə əl boyda kağız parçalarına tanış xəttilə yazdığı duyğulu şeirlərini oxudu. Onda gördüm ki, ŞEİR YAZMAQ - Rafiqdən ötrü şair olmağa çalışmaq, çap olunmaq, kitab çıxartdırmaq, AYB-yə girib nəsə ummaq, ya da böyük-böyük adamlarla şəkil çəkdirib qürrələnmək deyil, daha məhrəm bir işdi.
Rafiq Hümmət mətbuatda tez-tez görünmək, ilbaşı kitab çap etdirmək, ədəbi aləmdə tez-tez görünüb tozanaq qaldırmaq onun xarakterində yoxdu. Bəlkə elə buna görədi ki, hələ yeganə olan “Salam, dünyanın yiyəsi...” adlı şeirlər kitabını az qala 40 yaşında, həm də dostlarının təkidilə (üstəlik də az tirajla) çap etdirdi…
Tanrının verdiyi ömür möhlətində onun yaşantılarını, ağrılarını, itkilərini, İNSANLIQ və SÖZ mərtəbəsində qazandıqlarını sayıb-sadalamaq çətindir.
Nəriman Əbdülrəhmanlı
O MİLLƏT Kİ…
O millət ki – damarında türk qanı axır,
Qırx bir yerə bölünsə də, qırxı çıxammaz.
O millət ki – Türk soyuna qaralar yaxır,
Yüz çaydan su götürsə də, arxı axammaz.
O millət ki – yer üzünün əşrəfi olub,
Okeanlar qurusa da, suyu soğulmaz.
O millət ki – cövhərinə kin-kifir dolub,
Min anadan bircə oğlu halal doğulmaz.
O millət ki – Allahından muştuluq alıb,
Peyğəmbərin müjdəsində alilik onun.
O millət ki – tək kilsəyə təfriqə salıb,
Şeytanların çarlığında valilik onun.
O millət ki – Tanrısını ilkin tanıyıb,
Tanrısından ənamını alacaq hər vaxt.
O millət ki – şeytan kimi bizi yanıyıb,
Yerdə-göydə başıburax qalacaq bir vaxt.
O millət ki – haqq-ədalət yaşam yasası,
Allah ona tapşırıbdır fani dünyanı.
O millət ki – lənətlənib… sözün qısası,
Şeytanlaşıb, qucaqlayır cani dünyanı.
Ey Türk oğlu, ey Türk qızı, özünə qayıt,
Unutma ki, adil olmaz özündən qaçan.
Böyük Çöldə mürgü basmış o nuru ayılt,
Bəlkə elə ay-ulduzdu gözündən qaçan…
DƏRİSİ SOYULAN MƏNƏM…
Canım tayqa boranında, könlüm Sibir sürgünü,
Öz içimin işığında qızınmaqdan doymuram.
Mən ruhumun libasıyam, sözlərim də eşqimin,
Eşqimi sözlərə büküb, üşüməyə qoymuram.
Gün nar odu saça-saça, yay niyə sazaq oldu?
Yurd içində yaşayana yurd niyə uzaq oldu?
Sürüsündən ayrı düşüb qurd da yalquzaq oldu,
Daha nələr, nələr oldu… dil tutulur, saymıram.
Bu dağınıq yığval ilə bir nizamın yiyəsi,
Bir ölçünün, bir meyarın, bir mizanın yiyəsi,
Öz içində özü üçün qır qazanın yiyəsi –
Özgə fikri oxusam da, özgə beyni oymuram.
Mən mey içdiyim piyalə nə şüşədi, nə saxsı,
Yol gedirəm, nə olsun ki, arxa oddu, qabaq su.
Baxışını məndən döndər, a qaramat dabbaxçı,
Dərisi soyulan mənəm, mən ha dəri soymuram.
NAĞIL
Ax… Mən oyananda gün-günortaydı –
Pusquda duranlar sonuncu payı,
Sonuncu tikəni aparmışdılar;
Uzadıb gecəni, söndürüb Ayı,
Qayığı, yelkəni aparmışdılar.
Ax… Gör mən kimlərə bel bağlamışdım –
Tək-tənha qalmışdım ləpədöyəndə;
Dəli bir qışqırıq vardı içimdə:
Bu yalın ayaqla payi-piyadə
Ac-susuz haraya, necə köçüm bə…
Ax… Qumsuz sahildə axşam düşürdü,
Göydə Tanrı idi, Yerdə mən idim,
Arxam qayalıqdı, önüm okean…
Ruhum hönkürürdü, pıçıldayırdı:
“Sona bülbüllər”i oxu… oxu, yan!..
Ax… Mən ulayırdım, oxumurdum ki,
Sən demə, Tanrıya layla çalırmış
Üzümdə nəqş olan hüznün görkəmi.
…Dərya ortasında nazlı bir gəmi
Üzürdü sahilə açıb yelkəni.
….İllər ötüb keçdi… Öz gəmim ilə,
Özümün öz bəyaz yelkənim ilə
Bir səfər eylədim həmin sahilə;
Mənim son tikəmlə adam olanlar,
Mənim qayığımla gəmi alanlar
Sahildə lüt-üryan ulayırdılar…
TÜRK DİLİ
Of , babamın gözəl dili,
Min illər o yandan gəlir.
Qaf boyda bədəndən-candan,
Dərya-dərya qandan gəlir.
Ayə kimi dərin dili –
Of, anamın şirin dili!
Məğribin, Məşriqin dili
Sultandan, xaqandan gəlir.
Ruhu göy kimi qocadı,
Ahı mələkdən ucadı,
Cahan ona balacadı,
Məkan ilə kandan gəlir.
Bu dil yüz min dildən qabaq,
Ən uzaq qədimdən qabaq,
Təriqətdən, dindən qabaq
Ulu Yaradandan gəlir…
AZADLIQ NƏ GÖZƏL İMİŞ…
Azadlıq nə gözəl imiş,
Sürgünü yox, ölümü yox.
Katorqanın məşəqqəti,
Zirzəminin zülümü yox.
Azadlıq nə gözəl imiş,
Qazanmağın min yolu var.
Çeşid-çeşid firqələrin
Mərkəzi, sağı, solu… var.
Azadlıq nə gözəl imiş,
Get, lap arvadı çılpaq al.
Təki pulun olsun, gülüm,
İstərsən Aydan torpaq al.
Azadlıq nə gözəl imiş,
Azad baş asan qatılır.
Məhləmizdəki bulağın
Suyu da pulnan satılır.
Hər yer necə gözəlləşir,
Günü-gündən başqalaşır,
Azadlıq nə gözəl imiş,
Hər şey azad bahalaşır.
…Amma sözü alan yoxdu,
Şair ağılsızdı, gülüm,
Bircə ölüm ucuzlaşıb,
Bir də dərd pulsuzdu, gülüm…
DAYANIR…
Sən Allah, bu qadına bax, -
Yeriyəndə yel dayanır.
Mizrab əlimdən sürüşür,
Sazda on bir tel dayanır.
Yerimir, quş kimi süzür,
Dərya pərisidi, üzür,
Göylər ona qurşaq düzür,
Leysan kəsir, sel dayanır.
Yeridikcə əriyirəm,
İtib gedir dərd, kədər, qəm…
İstəyirəm nəsə deyəm,
Dodaq çaşır, dil dayanır.
BAXIN
Elə bilirdim ölmüşəm,
Ölməmişəm, mənə baxın.
Göydən enmiş adam kimi,
Baxın, dönə-dönə baxın.
Cəzası yox belə suçun –
Şairlərə ölüm saçın!
Bacarsanız siz də uçun,
Göydən enə-enə baxın!
Kef çəkin, bəh-bəh, nə qəşəng…
Doldurun şar, atın fişəng.
Məni əlinizdə tüfəng,
Pusun, sinə-sinə baxın.
Pulunuzu yandırmayın,
Boş durmayın, xam durmayın,
O çılpaqdan yan durmayın,
Açılıbdı sinə… baxın!..
MƏN DÜZƏM, SƏHRAYAM, GÜLÜM…
Məni də qəmə buladın
Qəm daman görkəmin ilə.
Susmadın, gülüm, uladın
Sakin, səssiz qəmin ilə.
Sənə nədən ümid verim? –
Özüm möhtacam ümidə.
Nə üzə bilirəm, gülüm,
Nə də mənə yer verən yox
Yer deyilən bu gəmidə.
Hər kəsə qulaq verirəm,
Hamının sözü bal dadır.
Axşam məni öyən dostum
Sübh tezdən məni aldadır,
Məndən aralı dur, gülüm.
Sevgi qırx-əlli günlükdür,
Sənə ev gərək, bağ gərək.
Mən düzəm, səhrayam, gülüm,
Sənin arxanda dağ gərək.
…Bu məhəbbət ötəridi,
Ağlama, gülüm, ağlama.
Mənim sonuncu qapımı
Göz yaşlarınla bağlama…
SƏSİN CANI NƏFƏSDƏDİ
Sözüm sənə çatar olsa,
Kövrəkliyim sənə gəlsin.
Qəmim səni diksindirsin,
Qayıdaraq mənə gəlsin.
O xaraba yurda tuş ol,
Ula, bircə gün bayquş ol.
Duaya çevril, alqış ol,
Gedən ruzin yenə gəlsin.
Öp sözü, görk etmək üçün,
Kefini tərk etmək üçün,
Tanrıya ərk etmək üçün
Əlinə bəhanə gəlsin.
Qulağım çoxdan səsdədi,
Səsin canı nəfəsdədi,
Şairlər ki, qəfəsdədi,
Çağırın, məhkəmə gəlsin…
XIX YÜZİL QOŞMASI
Tarix yarpağını səpələ bir-bir, -
Zəfər şeypurunu çalan yurda bax!
Yeddi məmləkətə, yetmiş oymağa
Zəlzələ, vəlvələ salan yurda bax!
Minlərlə yağını yollarda yoran,
Xandan, pristavdan haqq-hesab soran,
Keçmişə sinəsi qalxıb-qabaran,
Bu günə gözləri dolan yurda bax!
İgid deyilənin dostu kəhərdi,
İndi əlindəki boş bir yəhərdi,
Barmaqla sananır comərdi, mərdi,
Satqını, şərçisi kalan yurda bax!
Götür bu şeiri də, suka, tax işə,
Oğraşı qəhrəman… işə bax, işə!
Quldurun altında pozğun, fahişə,
Alimin belində palan yurda bax!
Şairlər baş əyməz yekə sərlərə,
Arvaddan yoğrulmuş yumşaq ərlərə.
Cırımağızlara, kəlpeysərlərə,
Çuğundur üzlərə qalan yurda bax!
SON ÇİÇƏYİN ELEGİYASI
Ayın rəngi dəyişdi…
Son çiçək öldü.
İstəyim can verdi o çiçək üstdə…
Bir də tər çiçəklər doğulanadək
Mənə nə öpüş ver, nə çiçək istə.
Titrədi son ləçək…
Öldü son çiçək.
Mən daha huşsuzam,
huşsuzam,
huşsuz.
Bitdi qu quşunun o son nəğməsi,
Yaman darıxıram, yaman… bayquşsuz.
Ayın üzü bozardı…
Son çiçək öldü.
Eeyyy…
Aynam önündəki vişnə ağacı,
Tənha yaşıllığnı sirri-sehr elə,
Ağrını, nifrəti, kini qəhr elə,
Zərif budağından on üç yarpaq sal,
O gələn bayquşa orda yer elə…
EROS OĞLU…
Məzlum körpələrin gözlərində
Çörək libasına bürünüb,
Erkən qəhqəhə çəkən
Kaftar əcəli görürsənmi, eros oğlu?
Sahibsiz əndamını
Gündə beş erkək çığnayan,
Məməsi südə,
Əmcəyi bəbək ləbinə
Əyni mətbəx ətrinə tamarzı qalan,
Ana-bacılıqdan çıxdaş olanlara
Gülürsənmi, eros oğlu?
Gülü solmuş gülşənlərdəki,
Xaraba qalmış yurdlardakı
Yumulu göz bayquşlara
Yenə nəğmə yazırsanmı, eros oğlu?
…Bu millət
Say-seçmə toxumlarını
Şəhid adı ilə torpağa basdırıb –
Birindən mini cücərəcək,
Bilirsənmi, eros oğlu?..
NƏDƏN MUTLU OLUM Kİ…
Daha nə qaldı ki, üzülməli…
Dost xəyanətinə də, düşmən nifrətinə də
alışdım.
Nə çayların axınına, nə yellərin səmtinə
qoşuldum,
Mən öz fırtınamda boğuldum, öz sularıma
qarışdım.
Nədən mutlu olum ki…
Qarabağda şəhid olammadım,
Təbrizdə xoca.
O millət ki uca, o millət ki qosqoca –
Bu gün onu bulammadım.
O milləti aradım bir ömür boyu,
O millətə doğru yürüdüm.
Cəhənnəm atəşli bu yolda
Məni şam bilənlər yanıldılar –
Mən qurğuşun kimi əridim,
Ürəyimdə ağladım, gözlərimdə kiridim.
Əridim
əridim
bitən deyiləm…
bu zinrik yollarda itən deyiləm.
Nədən mutlu olmayım? –
Tanrı eşqinin cəfası,
Sonuncu dostun vəfası,
Övladlarımın könlündə
Təbriz, İstanbul havası
Məni yaşadır…
SON GÖRÜŞ
Baxdım…
Sanki bu son baxış
Sevgimizin əynidir.
Gözümüzüm rəngi ayrı,
Göz yaşımız eynidir.
Dönüb-dönüb bir də baxdım,
Sanki son dəfə sənə.
İstədim deyəm ki, məni
Kəfənə bələsənə.
Demədim.
Sözüm soyudu,
Dilimdə buza döndü.
Yanağımda yaş da dondu,
Səssiz ulduza döndü.
Demədim.
Hər şey lal oldu –
Yer də, göy də, hava da.
…Üç quş yaşaya bilməz ki
İki quşluq yuvada.