manera.az
manera.az

Bulaq suyu kimi kölgəsi içinə düşən şair - Nurafiz

Bulaq suyu kimi kölgəsi içinə düşən şair - Nurafiz
Manera.az Nurafizin "Görüş və ya İsa İsmayılzadəyə qaytara bilmədiyim borc" yazısını təqdim edir:

Otların, güllərin yanağında yaş kimi gilələnən şehin nə düşündüyünü bilsəydik, kəpənəyin ah çəkdiyini, bənövşənin gileyini eşidə bilsəydik... və bu gün İsa İsmayılzadə sağ olsaydı...

Yığvalı qınamaqla, Allaha asi olmaqla, heç bir işin qulpundan yapışıb günü urvatla başa vura bilməyəndə, gözdən-könüldən uzaqda palçığa batmış maşın kimi içimdə var-gəl eləməyə başladığım vaxtlarda rahatlığım nəm çəkmiş barıt kimi səsimi içimi yeyən gileylərin dar ağacından asır. Başımda cin düyünü kimi asılmış fikirlər , gün boyu yaşanan sıxıntılarımı, ağrılarımı qış axşamı nağıla qulaq asmağa yığışan uşaqlar kimi, ürəyimin başına yığıb, onlara faizsiz kredit verilən dərdlərimin nağılını danışmağa başlayır.

Belə vaxtlarda özümə güvənim azalanda dilimə təlvə tutmağa bir söz tapmayanda, hər şeydən yorulub bu ümidsizliyin ifrat doyumluğunda son güvənc yeri kimi ya şeir oxumağa üz tutmuşam, ya da şeir qaralamışam. Amma, orta məktəbdə oxuduğum illərdə İsa İsmayılzadə şeirinin mənə bəxş elədiyi xoşbəxt günün xeyir-duasının yaddaşımda yandırdığı ocağı hələ də ruhumu isitməkdədir. Bəlkə də heç vaxt şeir yazmayacaqdım, o gün olmasaydı... Bu ilahi yaxşılığın yanında maddi əl tutmaların nə qədər çəkisiz olduğunu anladım.

Birinci görüş – Xeyir-dua

Onda Qarayazıda-Ağtəhlə kənd orta məktəbinin 7-ci sinfində oxuyurdum. Rayon Yeyinti-Ticarət İdarəsinin rəisi işləyən əmimoğlu Rustavidəki evinin bar-barxanasını, mebelini kənddə tikdirdiyi təzə evə köçürmək üçün gedəndə məni də özüylə aparmışdı, kitabları daşıyım deyə. Onda kitabların arasında əl boyda bir kitabça marağımı çəkdi. Üstündə İ.İsmayılzadə, “İşıqlı Yarpaqlar” sözlərini oxuyub tələsik içini açdım. Şeir kitabı idi. Açıb bir vərəqini oxudum, içimdən ilıq isti keçdi. Çox sevdiyim ədəbiyyat müəlliməmin Şərqiyə xanımın dərsdə bizə dediyi bir söz yadıma düşdü: “Kitab oğrusunu tutmurlar”. Heç kim görməsin deyə kitabı tez köynəyimin altında gizlətdim. İsa İsmayılzadənin məktəb dostu Ələkbərə avtoqraflı bu kitabı mənim ilk şəxsi kitabım oldu və ilk xeyir-duamı da elə bu kitabla İsa İsmayılzadə verdi. Bu şairlə ilk “ görüşüm oldu.”

İkinci görüş - Ümid

Artıq o vaxt ki, İnşaat mühəndisləri İnstitutunun axşam şöbəsində oxuyur, gündüzlər isə çilingər işləyirdim. Ara-sıra yazılarım “İnşaatçı”(Bakı) “Samiqor” (Qarayazı) və İnstitutun “Gənc kadrlar uğrunda” qəzetində işıq üzü görürdü.
İsa İsmayılzadənin sözə qarşı tələbkarlığı, ciddiliyi haqda çox eşitsəm də bir gün özümü ələ alıb yanına beş şeir apardım. Üçünü seçib-apar Dilsuza ver, dedi. Amma mən çap olunmaq üçün yox, fikrini bilmək üçün yanına getmişdim. Özümü itirdiyimdən utana-utana, sadəlövhlüklə İsa müəllimə yenə yazımmı dedim. Gülə-gülə: Şeirlərin ümid verəndi, yaz, amma az yaz, dedi.Onda bu “az”ın niyəsini başa düşmədim. Sağollaşıb ayrılanda mənə elə gəldi ki, onun kitabını oğurladığımı bilir, səsimin ağırlığından içim yoruldu, yaman utandım.

Üçüncü görüş - Təbrik

Tələbələrin qış tətilindən qayıdırdıq. İsa İsmayılzadənin bizimlə bir vaqonda Tiflisdən bakıya gəldiyini biləndə çox sevindim. O vaxtlar Qarayazıda gürcü və Azərbaycan dilində çıxan “Samiqori” qəzetində ayda bir dəfə qəzetdə ədəbi səhifə buraxılırdı. İndi üzdə olan yazıçılardan Arif Mustafazadənin, Eyvaz Əlləzoğlunun, Allahverdi Təhləlinin, Tapdıq Yolçunun, Əsəd Təhləlinin, Afiq Muxtarın, Məmməd Həsənlinin, Əbdüləli İbrahimsoyun yazıları müntəzəm çap olunurdu. Həmin gün özümlə götürdüyüm “Samiqori” qəzetinin növbəti sayını İsa müəllimə verdim. Mənim də qəzetdə “Hamı işıqdan keçir” şeirim çap olunmuşdu. Oxuyub təbrik etdi. Dedi yazılarının üstündə çox işlə (çox yaz,-demədi) Utandım deyəm ki, oğurladığım “ İşıqlı yarpaqların”ın işığıdır ” Hamının keçdiyi işıq”.
O gecə qatarda hamı yatmışdı. Səhv etmirəmsə, K.Qədimin şeiridi:

“Qatarlar ömrünü oyaq yaşayır,
Yuxunu paylayır sərnişinlərə”

O gecə sevdiyimdən təkcə mənə yuxu payı çatmamışdı.

Dördüncü görüş – Xəbər

Hələ ki, təkcə Qədərin bildiyi bir xəbər yol gəlirdi.
Şeirlərini sevə-sevə oxuduğum, katta türk kişisi olan Məmməd İsmayılın rəhbərlik etdiyi Respublika Gənclər Ədəbi Birliyinin hər ay keçirilən müzakirələrində mən də iştirak edirdim. Bir gün “Azərnəşr”də keçirilən növbəti tədbirdə sərbəst yazılarımı oxuyan Məmməd İsmayılın zarafatla dediyi: “Sən də yerlin İsa İsmayılzadə kimi əvvəl sərbəstdə yazıb, sonra da hecayamı keçəcəksən” – sözündən pərt oldum və bir daha tədbirə qatılmadım. Bir də 2005-ci ildə “Yeni Azərbaycan” qəzetində ədəbiyyat səhifəsində öz şeirlərimi görəndə təəccübləndim. O vaxta qədər şəxsən tanımadığım Rafiq Hümmət Tiflisdə nəşr olunan “Çənlibel” almanaxında çap olunmuş şeirlərimi neçə ildən sonra qəzetdə təkrar çap eləmişdi. Sonralar Rafiqlə tanış olduq, dostlaşdıq. Onun təkidi ilə 2007-ci ildə “Hamı işıqdan keçir” adlı şeir kitabım işıq üzü gördü.

Tiflisdə “Hamı işıqdan keçir” təqdimat mərasimində Azərbaycan ədəbiyyatının gürcü dilinə ən yaxşı və məhsuldar çevirməçilərindən biri olan Zezva Medulasvili də üç şeirimi Azərbaycan türkcəsində və gürcücə tərcüməsini oxudu və sonda R. Hümmət bizi tanış elədi. Zezva Medulaşvili-balaca İsadan (İsa İsmayılzadədən) sonra ikincisən ki, kitabını tərcümə eləmək üçün özüm seçmişəm. Goru nurla dolsun, ruhu şad olsun İsa İsmayılzadənin, burda da ruhu köməyimə çatdı. Səhərisi qəbrini ziyarətə getdim. Düşündüm ki, gec də olsa kitabı oğurladığımı etiraf edim, aradan on bir il keçib, yetmişə yaxın yaşı olar, qoca kişidir-bəlkə bağışladı məni. Gördüm heç dəyişməyib, əlli yeddi yaş baş daşının sükutundan asıb özünü.

Şəklinə baxanda unadım ki, məni çoxdan bağışlayıb. Ruhuna bir salavat çəkib qayıtdım özümə.
Ayağımdan asılan sükutun qışqırmaqdan dilinə düyün düşmüşdü. Heyiflər olsun ki, o dünyaya zəng çatmır./525-ci qəzet.-2011.-10 fevral.-S.7/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930