Nakam talelərdən danışan kitab

Aslan Kənanın adı oxuculara yaxşı tanışdır. Onun yazıları və kitabları oxucularda həmişə böyük maraq doğurur, sevilə-sevilə oxunur. Bu yazıları və kitabları oxuculara sevdirən odur ki, Aslan Kənan çoxlarına bəlli olmayan, hamının əli çatmayan, uzun illər boyu dəmir rəflərdə üstünü toz basmış arxiv sənədlərilə işləyir. Onları üzə çıxarır, araşdırır, təhlil süzgəcindən keçirir, aydın və anlaşıqlı dildə oxuculara çatdırır.
Aslan Kənanın yenicə işıq üzü görmüş “Arxivlərdən gələn səslər” kitabı da arxiv sənədləri əsasında yazılıb. Onun əlinin altında o qədər zəngin sənədlər var ki, yazdıqlarını heç vaxt təkrarlamır. Bu mənada toplanmış yazıları da müəllifin əvvəlki kitablarında çap olunmayıb.
Kitabda ayrı-ayrı şair və yazıçılar, müğənnilər, bəstəkarlar və çalğıçılar, kino işçiləri-aktyorlar, rejissorlar və ssenari müəllifləri, digər sənət adamlarının həyat və yaradıcılıqları haqqında bir-birindən maraqlı yazılar toplanıb.
Aslan Kənan 1937-ci il repressiyasının qurbanları haqqında onlarca məqalənin, bir neçə kitabın müəllifidir. Bu kitabın da böyük Azərbaycan şairi Hüseyn Cavid haqqındakı yazıyla açılması təbiidir, çünki şairin acı taleyi bir vətəndaş kimi Aslan Kənanı da həmişə düşündürür.
Aslan Kənan arxiv sənədlərinə söykənərək yazır ki, Hüseyn Cavid 4 iyun 1937-ci ildə həbs olunub. H.Cavidin istintaq materiallarının arasında Mikayıl Rzaquluzadənin adından yazılmış bir ifadə saxlanır. Ona görə “adından” deyirəm ki, burada çox açıq görünən bir uyğunsuzluq var. Həmin ifadənin sonuncu iki cümləsini olduğu kimi təqdim edirəm: “H.Cavid Azərbaycanın “ruslaşmaya” aparıldığını, vəzifələrə rusların yerləşdirildiyini, Azərbaycan dilinin rus təsiri altına düşdüyünü iddia edir. Həbs olunana qədər (kursiv - mənimdir, - İ.S.) o öz ideyasından dönməmiş, əksinqilabi, millətçi kimi qalır”. Bu ifadənin altında 13 mart 1937-ci il tarixi qoyulub. Guya ifadənin həmin tarixdə kiçik leytenant Məmmədov tərəfindən alındığı göstərilib. Bundan sonra isə H.Cavidin artıq həbsdə olduğu deyilir. Halbuki H.Cavid ifadənin verildiyi tarixdən (13 mart 1937) düz 2 ay 22 gün sonra həbs edilib. Əgər ifadə doğrudan da 13 mart 1937-ci il tarixdə alınmış olsaydı, M.Rzaquluzadə heç vaxt H.Cavidin haqqında həbs olunana qədər deməzdi. Bu cümlədən aydın görünür ki, ifadə 13 mart 1937-ci il tarixində yox, H.Cavid həbs ediləndən sonra yazılıb. Bu da ifadənin M.Rzaquluzadənin özü tərəfindən yazıldığına çox böyük şübhə yaradır.
Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin və onun kiçik qardaşı, Fransada yaşamış Ceyhun Hacıbəyli haqqında Aslan Kənanın çoxsaylı araşdırmaları var. Bu dəfə də arxiv sənədlərinə əsasən Hacıbəyli qardaşlarının həyatlarının görünməyən və bilinməyən səhifələrinə işıq salıb. Məsələn, Ceyhun bəy Hacıbəylinin “Qarabağ dialekti və folkloru” əsərinin 1933-cü ildə Parisdə nəşr olunan “Asiya” jurnalına əlavə kimi 144 səhifədən ibarət ayrıca kitab şəklində işıq üzü gördüyünü yəqin ki, çoxları ilk dəfə Aslan Kənanın bu kitabından oxuyacaqlar. Müəllif çox doğru yazır ki, and, yalvarış, qarğış, alqış, bayatı, tapmaca, lətifə, hədə-qorxu, öygü və s. folklor örnəklərinin toplandığı “Qarabağ dialekti və folkloru” əsəri Azərbaycanda tədqiq olunmalı, folklorşünas və dilçilərimiz bu mənəvi xəzinəni araşdırmalıdırlar. Belə bir kitabın Azərbaycanda tədqiqi və nəşri bu gün çox vacibdir.
Aslan Kənanın kitabında çap olunmuş “Fədakar jurnalist”, “Üzeyir bəyin təkrarsız operası”, “O olmasın, bu olsun” filmi haqqında”, “Sonbeşiyin Vətən həsrəti” adlı yazıların hər biri Üzeyir və Ceyhun Hacıbəyli qardaşları haqqında təzə fikirlər, yeni bilgilərlə o qədər zəngindir ki, onları həyəcansız oxumaq olmur.
1937-ci il Azərbaycan tarixinin qanlı səhifələrindən biridir. Həmin repressiyaların ağrısı bizi hələ çox göynədəcək. 1937-ci il bir tufanıydı, seliydi gəldi və bir çox aydınlarımızı ağzına alıb apardı. Az sayda ziyalılarımız o tufanın, selin ağzından təsadüf nəticəsində qurtardı. Məhv edilənlər ağır itkimiz, qalanlar qazancımız oldu. İndi bu qazancımızı gözləri götürməyənlər də tapılır. “Filankəslər niyə güllələnmədilər”- deyib, ürək bulandırırlar. Onlar daha çox Səməd Vurğunun, Süleyman Rüstəmin adlarını çəkirlər. Bu baxımdan, Aslan Kənanın “Süleyman Rüstəm dəhşətli repressiyadan necə keçdi” yazısı həqiqət prizmasından yazılıb və belələrinə çox tutarlı cavabdır. Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın, Süleyman Rəhimovun da 1937-ci il repressiyasından kənarda qalmalarına ağız büzən, haqsız danışıqlara yol verənlərə bu cür cavab vermək lazımdır.
Abay Dağlının adı ədəbiyyat adamlarına yaxşı tanışdır. Onun səsi-sorağı ilk dəfə Türkiyədən gəldi. O zaman Abay Dağlının kim olduğunu ədəbiyyatçılar da bilmirdilər. Çoxlarına elə gəlirdi ki, o Türkiyə yazıçısıdır. Sən demə, belə deyilmiş. O zaman onun Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhərində doğulduğunu kim ağlına gətirə bilərdi...
1993-cü ildə mən “Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri işləyirdim. O zaman Aslan Kənan bir əlyazma gətirdi. Qovluğun üstündə müəllif kimi Rana, əsərin adının yerində “Onlar türklərdi” yazılmışdı. Aslan Kənan bu əsərin surətini Ceyhun bəy Hacıbəylinin Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanan şəxsi fondunda görmüşdü. Kitabı müəllif 1950-ci ildə Ceyhun bəy Hacıbəyliyə avtoqrafla bağışlamışdı.
Əsər Aslan Kənanın “Ön sözü” ilə həmin il nəşr olundu. O zaman Rana adlı müəllifin kimliyini Aslan Kənanın özü də bilmirdi. Bununla bağlı Aslan Kənan yazır: “İllər bir-birini əvəz etdikcə, “Rana”nın kimliyi məni sakit buraxmırdı. Türkiyə ilə əlaqə saxlamağa çalışsam da, heç bir nəticəsi olmadı. Nəhayət, köməyimə Ramiz Abutalıbov gəldi. O, mənə Almaniyada “Azadlıq” radiosunun ilk redaktoru olmuş Əbdülrəhman Fətəlibəylinin (Düdənginskinin) Ceyhun bəyə yazdığı məktubla tanış olmağı məsləhət gördü. O məktubun bir cümləsi mənim illərlə axtardığım suala tutarlı cavab verirdi: “Mirzə Abay Dağlı adında bizdə böyük bir ədəbiyyatçı var. “Onlar türklərdi” əsərinin müəllifidir”.
Bundan sonra Aslan Kənan Abay Dağlının sorağına düşmüş, onun kimliyini üzə çıxarmaq üçün ciddi axtarışlar aparmışdır. İndi onun bu kitabını oxuyanlar biləcəklər ki, Abay Dağlı kimi tanıdığımız yazıçı Cəmil İbrahim oğlu Ağayevdir. O, 1941-ci ildə cəbhəyə getmiş, geri qayıtmamış və yeri-yurdu da bilinməmişdir. Onun Türkiyəyə necə gəldiyi də bəlli deyil. Yazıçı Türkiyədə adını da, soyadını da gizlətmiş, Abay Dağlı kimi tanınmışdır.
“Dolan, kəfkirim, dolan” yazısı akademik Nizami Cəfərov haqqındadır və onun bir kitabı da elə bu cür adlanır. Nizami Cəfərovun həmin kitabının qəhrəmanı hamının yaxşı tanıdığı Manaf Süleymanovdur. 1993-cü ildə çapdan çıxmış bu kitabın nə qədər gözəl yazıldığını və oxunaqlı olduğunu çoxları bilir. Aslan Kənanın yazısının dəyərini göstərmək üçün iki fakta diqqəti cəlb etmək istəyirəm. Onun birincisi budur ki, Manaf Süleymanovun Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanan şəxsi fondundakı sənədlərdən aydın olur ki, Nizami Cəfərov kitabının adını ilk dəfə “Manaf Süleymanov, yaxud tarixə dönmüş günlər” qoyubmuş. Bəlkə də bunu çoxları, hətta “Dolan, kəfkirim, dolan” kitabını sevə-sevə oxuyanlar da bilmirdilər. Onu ilk dəfə Aslan Kənan üzə çıxarmış və adın dəyişməsinin səbəbini də Nizami Cəfərovun xalq deyimlərinə, xalq yaradıcılığına sevgisi, məhəbbəti ilə bağlamışdır.
İkinci fakt da maraqlıdır. Onun müəllifi akademik Tofiq Hacıyevdir. Aslan Kənan akademik Tofiq Hacıyevin fikirlərini diqqətə çatdırır: “Universitetin (BDU nəzərdə tutulur) IV kursunda oxuyarkən Tələbə Elmi Cəmiyyətinin xətti ilə Nizamini Qazan Universitetinə göndərdim. Məruzəsini bitirdikdən sonra bir yerli professor deyir ki, biz tələbələrin elmi işlərini dinləyirik, elmi dərəcəlilərinkini yox. Professor bildirir ki, Nizami Cəfərov Azərbaycan Dövlət Universitetinin IV kurs tələbəsidir. Sovet dövrünün görkəmli türkoloqu, o zaman Qazan Pedaqoji İnstitutunun rektoru, professor Mirfateh Zəkiyev heyrət və sevinclə tələbəmin bu parlaq istedadına görə mənə təşşəkkür və təbrik məktubu yazmışdı”.
Mən bu fikirləri təsadüfən xatırlatmadım. Burada iki məsələ düşüncələrimlə üst-üstə düşdü. Birincisi, Nizami Cəfərovun bu gün qazandığı bütün titullar, ad-san, şan-şöhrət ona ana südü kimi halaldı. Çünki bu adların hamısını o özü qazanıb. IV kurs tələbəsinin Qazandakı bir çıxışla çoxlarını heyrətləndirməyi onun bugünkü uğurlarının, özünütəsdiqin ilkin göstəriciləridir. İkinci məsələ, Nizami Cəfərovun rastına Tofiq Hacıyev kimi qayğıkeş insanın çıxmasıdır. İstedadla qayğı yarıbayarıdır. Bir sucuq görüb onun üstünü açanda ordan bulaq qaynayır, yəni bulağın gözü açılır. Amma yanından ötüb keçəndə bir bulaq itirilir...
Böyük tarzən Bəhram Mansurov haqqında Aslan Kənanın bir neçə yazısını oxumuşam. Bu kitabda da müəllif böyük sənətkarı unutmayıb. Aslan Kənan Bəhram Mansurovun həyat və yaradıcılığının bütün incəliklərinə bələddir. Bu yazıda da onun həyatının elə maraqlı səhifələrinə işıq salıb ki, onu oxuduqca böyük sənətkar gözümüzdə daha da ucalır. Fikrimin təsdiqi üçün Almaniyadan Bakıya gəlmiş musiqi professoru Yurgen Elsnerin 1960-cı ildə Bəhram Mansurovun tarına qulaq asandan sonra söylədiyi fikirləri xatırlatmaq yerinə düşür: “Mən bu görüşdən çox şey gözləyirdim, lakin buraya gəldikdə təsəvvür etdiyimdən qat-qat yüksək bir sənətkarlığın şahidi oldum. Mən çox tarzən tanıyıram, amma bu cür texnikaya malik orijinal ifaçını isə ilk dəfə görürəm”.
Aslan Kənanın kitabındakı iki tənqidi yazıdan söz açmadan keçmək olmur. Onlardan biri “Professor Paşa Əfəndiyevə açıq məktub”dur. Məqalə tanınmış folklorşünas, qocaman pedaqoq Paşa Əfəndiyevin bir kitabın yazarını dəqiqləşdirmədən yol verdiyi yanlışlıqlar haqqındadır. Aslan Kənan dəqiqliyi sevən qələm adamıdır. Ona görə də Paşa Əfəndiyevin yanlışlıqlarını düzəltmək üçün axtarıb-aramış, haqqında söhbət gedən “Mahnılar” adlı kitabın müəllifinin Hacı Kərim Sanılı olduğunu aydınlaşdırmışdır. Bundan başqa, P.Əfəndiyevin həmin kitabdan verdiyi şeir parçalarının da təhrif edildiyini qarşılaşdırmalarla üzə çıxarmışdır.
İkinci tənqidi yazı “Yubiley xatirinə nəşr olunmuş kitab” məqaləsidir. Bu yazıda Aslan Kənan 2009-cu ildə çap olunmuş “Azərbaycan Yazıçılar Birliyi 75” kitabında buraxılmış kobud yanlışlıqlardan danışır. Məsələn, kitabın eyni səhifəsində Mikayıl Müşfiqin ölüm tarixi həm 1937-ci il, həm də 1938-ci il kimi göstərilmişdir. Aslan Kənan arxiv sənədlərinə söykənərək Mikayıl Müşfiqin 1938-ci il yanvarın 5-dən 6-na keçən gecə güllələndiyini göstərir.
Bundan başqa, Aslan Kənan həmin kitabda 1937-ci il repressiyalarında güllələnən və yaxud digər ağır işgəncələrlə öldürülən insanlar haqqında “həlak olub” ifadəsinin işləndiyinin yanlışlığını da doğru vurğulayır. Çünki 1937-ci il repressiyalarının qurbanları haqqında “həlak olub” ifadəsini işlətmək olmaz. Güllələnməklə həlak olmağın arasında yerlə göy qədər fərq var. Bu cür yanlışlıqların yetərincə çox olduğunu görən Aslan Kənan “Azərbaycan Yazıçılar Birliyi 75” kitabının azərbaycanlı olmayan və ya Azərbaycan dilini bilməyən bir müəllif tərəfindən yazıldığını söyləməkdə də haqlıdır.
Bu yazıda Aslan Kənanın “Arxivlərdən gələn səslər” kitabını ümumilikdə təhlil etmək fikrində deyiləm. Buna ehtiyac da yoxdur. Kitab görmədiyimiz gördülərlə, bilmədiyiniz bilgilərlə o qədər zəngindir ki, oxucu ondan nəinki yorulmur, əksinə, maraq onu səhifədən-səhifəyə, yazıdan-yazıya çəkərək hər birini diqqətlə oxumağa vadar edir. Aslan Kənanın yeni kitabına daxil edilmiş “Vahidi düşünərkən” (Əliağa Vahid), “Kainatın hayqıran səsi” (Nazim Hikmət). “Unudulmuş yazıçı” (Əli Əsgərov), “Ata ocağı”nda ana həsrəti” (Süleyman Osmanoğlu), “Bizə məlum olmayan Azaflı” (Aşıq Mikayıl Azaflı), “Ələsgər Ələkbərovun bəstəkarlığı da varmış” (Ələsgər Ələkbərov), “Səhnəmizin Ziyası” (Kazım Ziya), “Xalq poeziyasının vurğunu” (İslam Sadıq), “Ustad tarzən” (Əhsən Dadaşov), “Zəhmətkeş tədqiqatçı” (Firidun Şuşalı), “Erməni xislətinə daha bir nümunə”, (“Qrakan Adrbecan” haqqında), “Dünyada səsim qaldı” (Seyid Mir Tağı Mirbabayev), “Çənbərəkəndli Qədirbala” (Əbdülqədir Cabbarov), “Azərbaycan dedektiv janrının banisi” (Cəmşid Əmirov) və bu kimi başqa tədqiqat əsərlərini oxuyanda hiss edirsən ki, sonrakı səhifələrdə səni daha maraqlı məlumat və bilgilər gözləyir.
Aslan Kənanın “Arxivlərdən gələn səslər” kitabının oxucularda böyük maraq və təəssüratlar yaradacağına əminəm.
Mənbə: "Respublika" qəzeti, 2020, 2 fevral.
İslam SADIQ,
şair, filologiya elmləri doktoru.