Azərbaycan oxucusunun xəbərsiz olduğu povest

Özünəməxsus keyfiyyətlərə malik olan müasir Azərbaycan nəsri bu gün dünya nəsri ilə yanaşı şəkildə inkişaf edir. Bu inkişaf Azərbaycan xalqının tarixi azadlıq mübarizəsinə, sosial inkişafına və həyat tərzinə uyğun irəliləyir. Müasir nəsrimizin nümayəndələri onun çoxşaxəli olmasını nizamlayırlar. Müasir Azərbaycan nəsri öz ənənəvi formasını dəyişib modernləşməyə daha çox üstünlük verir. Bu zaman millilik prinsipləri öz köklərini bədii nümunələrin daha dərinliklərinə yayır. Müasir oxucu bu keyfiyyətləri ilk baxışda ayırd etməyə çətinlik çəkir. O, öz milli düşüncələrini, öz yaşamaq prinsiplərinin həllini bu əsərlərdə axarıb tapmağa çalışır. Müasir nəsr bu gün poeziyaya nisbətən daha sanballı inkişaf yolu seçmişdir.
Bu da onun nümayəndələrinin səviyyəsi və dünyagörüşləri ilə sıx bağlıdır. Çünki müasir yazarlar nəsrin müxtəlif yanrlarında yazsalar da, hər şeydən
əvvəl dünya nəsrinin nəbzini tutan səviyyəli, gözüaçıq oxuculardır. Azərbaycan nəsrinin bugünki nümayəndələrinin əsərlərinin bestseller səviyyəsinə gəlib çatmasının səbəbi hər şeydən əvvəl onların zəhmətkeş bir oxucu olmasındadır.
Müasir yazıçılar nəsrimizin inkişafında böyük rol oynayır. Yazıçılarımız öz yaradıcılıqlarında ən çox roman janrına, hadisələrin çoxşaxəli inkişafına geniş yer verirlər. Bu da zamanın tələbindən irəli gəlir. Nəsrin janrları içərisində povest janrı da müxtəlif Azərbaycan yazıçıları tərəfindən inkişaf etdirilir.Yaradıcılığını yaxından izlədiyimiz, gözəl hekayələr, povest və romanlar müəllifi Rəşid Bərgüşadlı yaradıcılığında müasir Azərbaycan povestinin gözəl nümunələri yaranmışdır. Onun yaradıcılığında ”Sagır nun”,”Türkün məsəli”,”İşıq pulu”, Lənət”,”Dik”,”Təhqir edilmiş vicdan”,”Namus dağı”,”Dəmir duası”,”Təbrizin küçələri dolanbadolan”,”Dovşan”,”Mutant”,”Bəxti-xuda” “Cəngi”,”Dostum Qulam”,”97 nömrəli marşurutun sərnişinləri”,”Dişi canavar”,”Bozbaş” müğənni”,”Tanrının gözü”,”Zamanın nəbzi” adlı hekayələr, “Yarımçıq qalan gündəlik”, ”Sahibsiz yolçu” kimi povestləri, “Sevginin dadı”adlı romanı oxuculara təqdim olunmuş və maraqla qarşılanmışdır. Yazıçının bu əsərləri “Əsərləri “ və “Sevginin dadı” adlı kitablarda toplanmışdır. Bu gün haqqında danışacağımız “Sığınacaq” povesti isə “Manera.az” saytında çap olunmuşdur.
Povest janrının tələbləri
“Sığınacaq”əsəri gözəl povest yazmaq təcrübəsi olan yazıçının bizə təqdim etdiyi üçüncü povestidir. Onun “Yarımçıq qalan gündəlik”, ”Sahibsiz yolçu” kimi povestləri artıq oxuculara tanışdır. Yazıçının digər povestləri kimi bu povest də Azərbaycan xalqının taleyini, həyatını, mübarizələrlə dolu dünənini əks etdirir.Povestdə hadisələrin geniş təsviri povest ənənəsinə uyğun olaraq verilmişdir. Dağıdılmış şəhərin görünüşü, Qocanın sığınacaqda heyvanlarla birgə keçirdiyi günlərin detallı ardıcıllığı geniş təsvir olunur. Bu, povest janrının tələblərinə uyğun olaraq yazılmışdır. Povest janrında hadisələr bir neçə xətt üzrə hərəkət etməlidir. Bu povestdə də yazıçı oxucunun xəyalını müxtəlif istiqamətlər üzrə kökləyir. Həm düşmən qüvvələrin məqsədi, həm Qocanın azadlığa çıxmaq üçün mübarizəsi, həm yeniyetmənin atacağı addım oxucunu düşündürür.Povest janrı bu hadisələrin boyuna biçilib. Hər hansı bir bədii əsərdə məzmun və forma vəhdət təşkil etməlidir. Əgər böyük qlobal hadisələr baş versəydi, bu hadisələr roman janrı üçün material olardı, hadisələr romana sığardı. Burada isə” bir şəhərin sakinləri olan”qoca bir kişinin, itin və bir pişiyin başına gələnlər göstərilir. Lakin bu hadisənin fonunda xalqların böyük bir faciəsi əks olunmuşdur. İnsanın el-obasının dagıdılması, ev-eşiyinin, rahatlığının əlindən alınması real boyalarla oxucuya çatdırılır.
Əsərin mövzusu
Əsərin mövzusu insanlığın həll edə bilmədiyi müharibəyə, torpaqların alınması, talan olunması prosesinə həsr olunmuşdur.Hekayənin girişi bildiyimiz kimi geniş, əhatəli olmur. Povest girişi üçün əhatəlilik əsas hesab olunur. Lakin yazıçı povestə geniş giriş vermir, bu da ənənəvi povestdən müasir oxucunu sanki xilas edir, oxucu “rahat nəfəs alaraq” hadisələrin axarına düşür. Oxucu elə povestin əvvəlindən başa düşür ki, yazıçı ona güllü –çiçəkli bağı gəzməyi təklif etməyəcək. Əsər oxucunu müharibə adlı bir əjdahanın özü ilə yox, onun vahiməsi və törətdikləri ilə tanış edir. Oxucu görür ki, yazıçının qəhrəmanı “can verməkdə olan şəhər və onun atılıb qalmış yarıcan sakinləri”dir.
Əsərin ideyası
Yazıçı bu əsəri niyə yazıb? Hansı oxucu kütləsi üçün yazılıb? Niyə şəhərin konkret adı yazılmayıb? Niyə düşmənin adı yazılmayıb? Əsər bizim yadımıza nələri salır? Əsər bizə nələri öyrədir? Əsərin ideyası haqqında düşündükdə bu sualları cavablandırmalıyıq. Xalqın, Vətənin başına gələnləri, olub-keçənləri yazmaq üçün, həmin gərgin anları yenidən xatırlamaq üçün, yaşamaq üçün insanda onlardan da güclü bir səbəb olmalıdır.
Vətənpərvərlik və İnsansevərlik. Torpaq eşqi. Bu yazıçıda nə qədərdir? Bu vətənpərvərlik hansı mübarizə üsulunu bizə məsləhət görür? Və ya”əlimizdən yazmaqdan başqa heç nə gəlmir ,“- deyə oxucunun əl-qolunu yanına salır? Yox! Yazıçı insanlığın xilası üçün gələcək nəsillərə yaddaş kitabı hazırlayır.
“Əmr verən də, əmrə tabe olan da eyni şər gücdür. Hamısı amansız qatillərdir. Xalqı, torpağı qorumaq cəfəngiyyatdır.” Əsərdə yazıçı bu cümlələrlə müharibə törədənlərin iç üzünü açıb göstərmiş, Qocanın düşüncələri vasitəsilə oxucuya abad yerlərin viran qalmasının səbəblərini sadə dillə anlatmışdır.Yuxarıda sadaladığımız sualların cavabı əsərin içində verilir və qlobal əhəmiyyət daşıması ilə seçilir. Modernləşmə prinsipləri baxımından şəhər, düşmən, müharibə, qurbanlar dünyanın hər yerində eyni ağrı ilə yada düşür. Məkan, ad dəyişik olsa da, insanlıgın, Vətənin faciəsi olması dəyişmir.
Povestdə hadisə
Bədii əsərdə hadisə və onun məqamları yazıçı tərəfindən uğurla həll olunur. Baş vermiş hadisə mümkün bədii dillə bizə çatdırılsa da, reallıq o qədər qabarıqdır ki, sanki televiziyanın “Xəbərlər” verilişində bu şəhərin dağıntılarını ya İraqda, ya Bosniyada, ya Əfqanıstanda acı təəssüf hissilə seyr etmişik. Ölkədə yaranmış qarışıq, mürəkkəb siyasi durumu yazıçı iki cümlə ilə məharətlə ifadə etmişdir: ”Silah anbarlarında çürüyən bombalar havayı getməsin deyə hər gün bu şəhərin təpəsində çatlayır....Nə qədər əlisilahlı dəstə olarmış , ilahi,- hökumət qoşunları, müxalifət birliyi, xarici muzdlular, dini qruplaşmalar, separatçılar- hamısı da bir-birinə qənim kəsilib.” Bu sərrast ifadə etmək bacarığı yazıçıda böyük ümumiləşdirmə potensialının olmasından xəbər verir. Əsərdə hadisələrin axarı, yaranmış vəziyyət, sakinlərin çaşqınlığı, bir sözlə, real vəziyyət “nə şəhər onları qoruyurdu, nə onlar şəhəri” ifadəsi ilə gözəl təsvir olunmuşdur.
Əsərdə oxucunun hadisə adlandıracağı tərəflərdən biri də Qocanın tez-tez müxtəlif məqamlarda Allaha müraciət etməsidir.Əslində yazıçının “Allahla söhbəti”insanlığın məhv olmasına görə Allah yanında insanlıq adından xəcalət çəkməsindən başqa bir şey deyildir.
Povestdə surətlər
Yazıçının qələmində müharibənin dəyişdirdiyi hər bir detal obraza çevrilir.Gözümüzdə Allah, Ağac, Günəş, Ölüm, Şəhər, Qoca, yeniyetmə Oğlan, İt, Pişik, Müharibə daxili aləmləri olan surətlərdir. Yazıçı müasir nəsrdə az işlənən portret, təbiət, əşya obrazlarının mükəmməl nümunələrini yaratmışdır. Hətta epizodik obraz olan Düşmən obrazı tutqun, uzaq, amma çox təhlükəli bir obraz kimi oxucuya təqdim olunur.
Qoca obrazı
Deyərlər ki, xaraba yerlərdə itlər ulayar, bayquşlar yurd – yuva salar. Qəribəsi budur ki , bu xaraba şəhərdə doğma torpağını, evini, doğmasının məzarını qoyub getmək istəməyən, bilə-bilə ölməyini gözləyən qocalar da var.
Qoca kişi surəti müharibə dövründə dağıdılmış şəhərin əsl qəhrəmanlıq nümunəsidir.Niyə? Hər şeydən əvvəl doğma şəhərini qoyub, canını götürüb qohum evinə qaçmağı özünə sığışdırmayıb. Buranı da özünə daha rahat ölüm məskəni seçib. Əziz həyat yoldaşının məzarını sahıbsiz qoymayıb, hər gün ona baş çəkməyi özünə borc bilir.Əldən-ələ keçən şəhərdə, doğma torpaqda ölümünü mərdliklə gözləmək özü də əsl qəhrəmanlıqdır. Qocaların həyat yolu örnək olmalıdır axı! Yazıçı Qocanı fiziki cəhətdən zəif, gücsüz təsvir edir, düzdür, amma Qoca mənəvi cəhətdən güclü və prinsipialdır, başladığı işi - heyvanları xilas etməyi sona çatdırmağı qarşısına məqsəd qoyur.
“Şeytan öz qoşunuyla dincliyimizin üstünə cumub, dinc yaşamaq istəyən insanlıq isə bunun uğrunda ayağa qalxmır. Ən pisi bax budur. İnsan gərək dincliyinin qədrini öz canından çox istəsin”. Bu sözlər Qocanın tutduğu mövqeyi dəqiq əks etdirir. Onun qorumaq istədiyi dinclik isə el-obanın əmin-amanlığı deməkdir.Bəzən yazıçı Qocanı şəhərin digər adamları ilə ünsiyyətdə göstərməkdən çəkinir və ya bu ünsiyyəti yaratmaq istəmir. Axı Qoca da, onlar da eyni şəhərdə qalmağa “məhkum olunublar”. Niyə bir-birləri ilə danışmırlar və ya yazıçı onları niyə bir-birləri ilə danışdırmaq istəmir? “Ruh kimi adamlar” ifadəsi ilə yazışı sanki bunu təsdiqləyir . Bizə aydın olur ki, nəfəs alan bu insanlar mənən şəhərləri kimi, dağıntılar altında qalan həmşəhərliləri kimi ölüblər, yaşamırlar.
Qoca povestdə bəzi hadisələri xatırlamaq istəmir. Məncə, xatırlamaq istəməmək – bu hiss insanın özünü daha çox sarsıtmamaq yolunda atdığı addımlardan biridir. Qoca özünü özü qarşısında, yeniyetmə dostu qarşısında acizləşdirmək istəmir. Var gücü ilə yaşamaq, şəhərin xilası ümidini özündə tapmaq istəyir.
Qocanın düşüncələri dəyişkəndir. Gah dostu oğlan, gah arvadı, gah da oğlu haqda düşünür, gah arvadının xəyalı ilə söhbətləşir, gah da Allaha giley-güzarını bildirir. Doğma şəhərinin məhv olmaq üzrə olması, ailələrin, evlərin dağılması onu “su üstündə gəzənə” çevirib. Düşüncələri dağınıq, həyatı səksəkəli olub.
Eyni zamanda Qoca üsyankardır, sanki müəllif elə Qocanın özüdür, o şəhərdə “canını dişinə tutub yaşayır”, yaşayır ki, gələcəkdə vətəni xilas edəcək vətən oğullarına parçalanmış Vətənin yaralarını göstərə bilsin.
Qoca Allahla söhbət, giley-güzar, yalvarış, üsyan etməklə pərən-pərən olmuş düşüncələrini toplamaq, “günahkarı” tapmaq istəyir.Sonda “şəhəri kimi dağılmış, didilmiş, yorulmuş, yarıcan olmuş” tənha Qoca zəmanənin, torpağın nicatını Allahda tapır:”Yaşıl yollar düzəlt, Allahım! Qoy...gedənlər qayıtsın!
Oxucu Qocanın yaşamaq ümidini, mübarizəsini həyəcansız izləyə bilmir.Heyvanları və özünü xilas etmək əzmi onu əsl humanist insan kimi bizə tanıdır.Özünün tam xilası oxucuya aydın olmasa da, mərmi düşmüş evin altından Oğlanı axtarmaqdan əl çəkməyəcəyini oxucuya bəyan edir. Qoca “sığınacaqdan” yaşamaq və yaşatmaq uğrunda mübarizəsini başlayan dağıdılmış şəhərin Qocası və eyni zamanda bütün dünyanın “dünyaya meydan oxuyan” Qocasıdır. Çünki bu Qocanın içində “dünyanı xilas edə biləcək Sevgi “var. Qoca obrazı sanki insanlığın və dünyanın xilası üçün yaradılmışdır.
Povestdə tipiklik və xarakter həlli
Yazıçı bədii əsərdə tipiklik prinsipinə sadiq qalaraq bir çox qocalarda olan xüsusiyyətləri Qoca obrazında göstərmişdir. O da bütün qocalar kimi qiymətli fikirlər söyləyir. Həyat təcrübəsində qazandığı fikirləri bizə aforizm kimi təqdim edir, ata-babaların dediyi sözlərin düzgün olduğunu təsdiqləyir.Öz-özünə danışır, olub-keçənləri dönə-dönə xatırlamaqdan bezmir, öz unutqanlığından, zəifliyindən utanır.
Amma yazıçının “Sığınacaq”əsərinin qəhrəmanı həm də əsl xarakterdir. Özünün ayrıca məziyyətləri ilə digər qoca obrazlarından, ümumiyyətlə, çətinə düşən insan obrazlarından fərqlənir. Adətən, çətinə düşən insan Allahdan kömək diləyib, çətinlikdən çıxmağa yol axtarır, mübarizə aparır.”Sığınacaq”povestinin qəhrəmanı isə Tanrıya meydan oxumaqla sanki özünə “özünəinam”təlqin edir. Sonra tez də mövqeyindən çəkilir,”Allah özü bilən məsləhətdir”-deyir. “Allah niyə götürür bu haqsızlığı, görəsən?-deyə düşündükcə Qoca cavabı alınmayan bu suallarla oxucunun gözü qarşısında hər tərəfli xüsusiyyətləri ilə canlanır.Yaşı, tənhalığı, düşdüyü vəziyyət, heyvanları və özünü yeraltı sığınacağın girdabından xilas edə bilməməsi onu müxtəlif fikirlər içərisində çabalamağa vadar etmişdir. Biz Qoca obrazını xarakter kimi sığınacaqda heyvanlarla olan rəftarı zamanı, öz-özlüyündə heyvanları xilas etmək məsuliyyətini qeyd-şərtsiz öz üzərinə götürməsi zamanı tanıyırıq.
Qoca obrazını xarakter kimi daha sonra onun daşla söhbətində görürük. Maraqlı tapıntıdır ki, “qalib gəlmək istədiyi” daşı sonra üstünə adını yazdırıb məzar daşına çevirmək istəyir.Qoca obrazının inadcıllığı, azadlıq eşqi oxucuda qələbəyə inamı artırır, hadisələrin sonu səbirsizliklə gözlənilir. Əsər Qoca obrazının fərqliliyinə görə tez oxunur, oxucu əsərin sonluğunun necə bitəcəyini bilmək istəyir.
Oğlan obrazı
Povestdə insan obrazlarından ikincisi Oğlan obrazıdır. Bu surətin də adı oxucuya bildirilmir. Bu da tipiklik prinsipinə yönəlir. Surət müharibə dövründə çaşqınlıq içərisində qalan, mürəkkəb siyasi duruma və müharbə dövrünün kobud qayda-qanunlarına üsyan edən yeniyetmələrin ümumiləşmiş surətidir. Bu saf gəncin beyni cavabını tapa bilmədiyi suallarla yüklənib. Qoca ilə Oğlanın söhbətində oğlanın sualları yalnız müharibəyə, sülhün gəlişinə aiddir. Bu da gəncliyin sülh arzusundan, dağıntılara, ölümə, müharibəyə nifrət bəsləməsindən doğur. “Bitəcəkmi bu müharibə?”,”Niyə insanlar müharibə etsin ki?”,”Sən də müharibədən qorxursan?” Oğlanın verdiyi bu sualların cavabı müharibə dövrünün yeniyetmə və gənclərinə su kimi, hava kimi lazım olan cavablar idi. Təəssüf ki, onlar bu sualların cavabını gözləyə-gözləyə böyüdülər, vuruşdular, şəhid oldular, qazi oldular, ahıllaşdılar. Müharibə isə bitmədi ki, bitmədi. Yazıçının yaratdığı Oğlan humanistdir, qəlbi Allah sevgisi ilə doludur. Şəhərini sevir. Dağıntılar altında qalmış yerlilərini xilas etməkdən çəkinmir. Həm də yeniyetmə dövrünü yaşayır, həmyaşıdları ilə birgə oynayır, gülür. Yazıçı onu real boyalarla təsvir etmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, yazıçının qələmində şəhər, ağac, it, pişik kimi surətlər o qədər canlı və inandırıcı təsvir olunub ki, onlar danışsaydılar, yalnız bu düşüncələri dilə gətirəcəklərini düşünürsən. Bombalardan dağılmış şəhərin təsviri, şəhər obrazı ustalıqla yaradılıb.Oxucu şəhərin yarıcan halını ürək ağrısı ilə “seyr edir”və eyni zamanda təsvirin dəqiqliyinə, təsirliliyinə mat qalır.
Povestin süjet xətti
Povestdə süjet xətti ləng irəliləyir. Əvvəl şəhərin görünüşü, dağılmış , bomba səslərindən bezmiş vəziyyəti təsvir olunur, bundan sonra mühakimələr başlayır.
Sonra ac, günlərlə yuyulmayan və nazik geyimli Qocanın arvadının şəkli və xəyalı ilə söhbətləri əsərin təsirli, acınacaqlı səhnələri kimi yadda qalır. Ailənin dağılmasının, tənhalığın nə demək olduğunu oxucu acı-acı anlayır.Yenə müharibəyə, mənfur düşmənə lənət oxuyur. Əsərin süjet xəttinə Qoca və Oğlan obrazlarının sığınacaqda çay içərkən sülh haqqında, əvvəlki günlərə qayıtmaq haqqında arzuları da daxildir.
Povestin süjet xətti bəzi məqamlarda Qocanın öz-özünə danışığı və düşüncələrinin sıralanması, Qocanın özünə sual verib, özünün də cavab verməsi ilə inkişaf edir. Məzarlıqda Oglanla tanış olan Qoca yaşamağa səbəb tapır. Oğlanla “dərdləşməyəndə” darıxır. Bir gün onu “şəhəri idarə edənlər” sığınacağa gözətçi təyin edirlər. Əsl faciə də bundan sonra başlayır. Dalaşaraq sığınacağa cuman itə və pişiyə görə içəri girən Qoca fəlakətə uğrayır.Sığınacağa mərmi düşür. Və Qoca heyvanlarla birgə günlərlə giriş qapısı dağıntılarla bağlanmış soyuq və qaranlıq zirzəmidə qalır.
Sığınacaqda “əsir qalarkən”tez-tez dostu oğlanı xatırlayır. Qoca yaşadığı dağılmış şəhərdə insanı həmdəm kimi yalnız Oğlanın timsalında görür. Heyvanları və özünü xilas etmək üçün divarın daşını oyub qoparmağa çalışır və buna nail olur. Yenə mərmi düşür və bu dəfə mərmi sığınacaqdan “ çıxmaq üçün yol açır”. Pişik və it dağıntıların içindən çıxıb qaçır. Xilas olmağa çalışan Qoca yarıyolda dostu Oğlangilin evinin yox olduğunu, dağıldığını görür. Onu axtaracağını, hökmən tapacağını düşünür. Bu zaman ayağı ilişir, yıxılır.Əsər buradaca bitir. Qəhrəmanların yaşamaq haqqını yazıçı oxucusunun düşüncələrinə həvalə edir.
Povestin dili
Əsər bədii dil xüsusiyyətlərinə görə bu gün yazılan nəsr əsərlərindən fərqlənir. Bu da povestin dil, üslub gözəlliyi əsasında baş verir. R. Bərgüşadlının digər nəsr əsərlərində olduğu kimi təsvir, təhkiyə bu povestdə də o qədər düzgün, dəqiq və təkrarsız verilir ki, oxucu özünü sanki hadisələrin içində hiss edir, Qocanın dağılmış şəhərini görür, ürəyi ağrıyır, müharibələrə, dağıntılara nifrət edir.
Bildiyimiz kimi, müharibə haqqında yazılmış əsərlər ağır, çətin oxunan, oxucudan səbir, təmkin istəyən əsərlər hesab olunur. Çünki istənilən halda işğal, dağıntılar, bomba, mərmi səsləri, günahsız insanların məhvi, işgəncələr oxucunun əsəblərini tarıma çəkir. Yazıçının leksikasında “şər ili”kimi məcazi mənalı ifadələr və müharibə dövrünə özünəməxsus yanaşma tərzi povesti müasir nəsrimizdə fərqli əsər kimi tanıdır.
Amma “Sığınacaq” povestinin dili insana sanki Qocanın dilindən verilmiş atalar sözləri və aforizmlər vasitəsilə səbir bəxş edir, ya da yazıçının işlətdiyi qiymətli bir fikir insanı təmkinli olmağa sövq edir. Povestdə düzgün məqamında işlənmiş terminlərə, dialekt sözlərə, hətta varvarizm və vulqarizm sözlərə də rast gəlinir.
Əsərdə qiymətli deyimləri bir yerə yığmaq və ya məqamında işlətmək yazıçının dərin müşahidə qabiliyyətindən, mütailə potensialından, şifahi xalq ədəbiyyatına yaxşı bələd olmasından xəbər verir. Bu baxımdan onun gecə və gündüz, xeyir və şər haqqında deyimləri maraqlı və düşündürücüdür.Məsəslən, “Zirvədən sonrakı yol üzü yenişədir”,”Qum damlanın, səhra dənizin yaddaşıdır”,”Həyatı anlamaq yaşamaqdan çətinmiş”,”İtlər dərdi insanlardan da ağır çəkirmiş”,”Əsl bəlalar sevincə, xoşbəxtliyə əlin çatandan sonra başlayır”,”İnsan savaşların məhsuludur”, “Müharibədə insan ucuzlaşır,ölüm adiləşir”,”Hər qum dənəsi necə yaranırsa, ümid, arzu da elə yaranır”,Qorxutmağı bacarırsansa, hökmranlıq edə bilərsən”,”Günəşə çox baxsan da kor olarsan, qaranlıqda çox qalsan da”, Bəzən isə oxucu povestdəki hər hansı bir məqama görə özü müəyyən nəticəyə gəlir.
Yazıçı yerli-yerində “mişovul”, “löhrəm”,” ləhmələnir”, “sərgərdan”, “manşırlamaq”, “həlməşik”, “qənşər”,”qarğaşa”, “qom-qom”, “araçı”, “basarat”, “uslufca”, “dinşəmək”, “təpər” kimi dialekt sözləri işlədir. Bu dialekt sözlər əsəri sadə və oxunaqlı edir. Eyni zamanda yerində işlənmiş müharibənin tələbi ilə yaranmış sözlər də oxucu tərəfindən tez başa düşülür.
Povestdə terminlərdən ( plankton, poliqon) də istifadə olunmuşdur.
Əsərdə xalq danışıq dilində olan frazeoloji birləşmələr təhkiyəni maraqlı edir, oxunuşu asanlaşdırır.”...Naəlac qocanın çiyinlərindən elə bil daşlar asdı bu baxışlar”, “Yel vurub yengələr oynayır”.
Əsərdə oxucu Tanrı, İlahi, Xudavənd, Xuda, Allah adları ilə Yaradan haqqında qiymətli fikirlərlə rastlaşır: “Xudam neylər, gözəl eylər”,” Allahdan ümid üzülməz”, “Allahın bir dili, bir üzü var”,”Allahı axtarmaq insanın özünü axtarmaqdan başqa bir şey deyil”. Əsərdə Allah obrazına qarşı Qocanın asiliyini bəzi sözlərlə hiss etsək də, yenə onun qüdrətinə, məhəbbətinə tərəf meyilləndiyini görürük.
Əsərin dil xüsusiyyətlərini gözəlləşdirən cəhətlərdən biri də povestdə bədii təsvir və ifadə vasitələrinin düzgün və yerində işlənməsi və bolluğudur. Bu təsvirin təsir gücünü, hadisənin anlamını o qədər inandırıcı, real və dolğun edir ki, povesti sonadək oxumamış əldən yerə qoymaq istəmirsən. Əsərdə təsvir və ifadə vasitəsi kimi işlənmiş epitet, təşbeh, metafora, inversiya, bədii sual, mübaliğə metonimiyalar oxucunun düşüncəsini zənginləşdirir və tamamlayır.
“Yarımcan bina”,”cod səhnə”,”ölü sükut”,”qara sükut”, “üçümüzün taleyini bir zirzəmiyə yazan Tanrı”,”Allahın acı lənəti”,”dilbilməz mərmilər”,”küləyin kobud öpüşü”,”can verən beton dirəklər”,”kar guppultu”,”bədheybət beton panel”və başqa mükəmməl epitetlər povestin ruhunu bizə tanıdır. Müharibə, məkan, zaman anlamlarını oxucunun gözündə dəqiqləşdirir.
“Buludların ətəyi zambaq kimi qızarıb”,”Ağlı başında qəlpə kimi o yan bu yana uçurdu”,”Oğlan nəm buludlar kimi doluxsunmuşdu”,”Gün çıxan kimi mərmilər xoruz kimi banlamağa başlayacaq”kimi təşbehlər povestdə çoxluq təşkil edir. Bu təkrarsız bənzətmələr vahimənin və məğlubiyyətin acısını düzgün göstərir.
“Şəhərin üzü azacıq gülürdü”, ”Şəhərin gözünə toz-tozanaq dolmuşdu”,”Günəş hər batanda ölüm yatağına girir”, “Ölüm öz sükunətini rahatca sığınacağın üstünə sərib dincini alırdı” və başqa metaforalar povestin bədii dil xüsusiyyətlərini mükəmməlləşdirir və təbiət, əşya obrazlarına daxili aləm bəxş edir.
Eləcə də əsərdə işlənmiş “Sahibsiz itlərin qarğaşalı ulartısı can verən şəhərin son xırıltılarıydı”, “Küləyin kobud öpüşündən iyrənən yarpaqlar yerə düşəndə də saralmırdı”, ”Meşənin ruhu yanıb qaralsa da, kömür tozunda xışıldayırdı hələ”,”Hamilə qaranlıq nə doğacaq?” kimi həm metafora, həm təşbeh ,həm epitet , həm mübaligə, həm də bədii sual və inversiya ola bilən zəngin təsvir və ifadə vasitələri yazıçının müşahidə qabiliyyətinin, yaradıcılıq potensialının bənzərsizliyindən xəbər verir.
Povestdə realizm
Yazıçı real hadisələri - dünənimizi əks etdirmiş, öz üslubuna, dəst-xəttinə sadiq qalaraq hadisə, insan, zaman, məkan faktlarının təsvirində heç bir təhrif və şişirtməyə yol verməmişdir. Sadəcə real hadisələrə bədiilik qatmışdır. Qoca necə danışa bilər, tənha qoca necə geyinə bilərsə, mövcud vəziyyətə necə münasibət bəsləyə bilərsə, elə də təsvir olunmuşdur. Eləcə də yeniyetmə Oğlan və ya heyvanlar. Povestə realist ruh hakimdir. Bu cəhət əsəri E. Heminqueyin “Qoca və dəniz” əsəri ilə yaxınlaşdırır.”Qoca və dəniz” əsəri də başdan-başa hadisələrin real axarından ibarətdir. Təsadüfi deyil ki, yazıçı povestdə Qocanın dili ilə həmin əsəri yada salır. Amma R.Bərgüşadlının bu povestdə qarşıya qoyduğu problem və onun həlli, insan ictimai varlıq kimi daha qlobal problemin həllinə - Vətənin, xalqın taleyinə yönəlmişdir və Qoca obrazında öz parlaq həllini tapmışdır. Bizim “Sıgınacağ”ın Qocası yuxarıda yazdıgım kimi, dünyanın, insanlığın , Sülh istəyinin müəllifi olan Qocadır. E.Heminqueyin Qocasının parçalanmış dünya, Vətən dərdi, Azadlıq istəyi yoxdur. Amma hər iki Qocanın yeniyetmə Oğlan dostu,”özünü təsdiqin” qələbəsi var. Bu müqayisələri çox sayda sadalamaq, çoxaltmaq mümükündür. R. Bərgüşadlının “Sığınacaq”povesti mövzu, ideya, problemin həlli və dil xüsusiyyətləri baxımından yeni və bənzərsizdir.
Povestdə təsvir
Povestdə təsvir yazıçının həyati müşahidələrinin nəticəsində müharibə dövrünün mənzərəsini yaratmaq istəyindən yaranmışdır.Yazıçı müharibənin vəhşılıklərini və onun yaratdığı bəlaları povestin qəhrəmanı Qocanın fonunda verir, sanki insanlığın ən böyük dərdi olan müharibə dəhşətlərinə üzbəüz meydan oxumaq istəmir. Yazıçı qələmində insan düşüncəsinin təsviri də maraqlı verilir:”..Yerin üstü indi cənnətdir.” Yazıçı bu sözləri Qoca yerin altında olarkən Qocanın dilindən verir, halbuki Qoca əvvəlcə oxucuya şəhərin xarabazara çevrildiyini demişdi.
Ən təsirli təsvirlərdən biri də qaranlığın,”həbsin” 3 canlını birləşdirməsidir.”Üçü də bir-birinə qısılmışdı..” Yazıçı Allahın yaratdığı məxluqların çətin anda necə bir-birlərinin köməyinə ehtiyac duyduqlarını bizə kiçik bir məqamda sənətkarlıqla açıb göstərmişdir.
Yazıçı oxucunun gözü qarşısında müharibənin yaratdığı acı mənzərələri canlandırmaq üçün iki yol göstərir:Yerin altı qaranlıq, tənhalıq, ölüm vahiməsi, 2 heyvanı xilas etmək məsuliyyəti.Yerin üstü – ölüm, dağıntı, atışma, aclıq, düşmən qüvvələr. Təsvirin bu tipli müxtəlif formaları povestin maraqla oxunmasına xidmət edir.
Nəticə
Beləliklə, povest bütün məziyyətləri ilə gözlərimiz qarşısında yarandı.Bizi öz təsir qüvvəsinə hakim etdi.Yazıçı qələmində kiçik bir zaman kəsiyində, kiçik bir məkanda qəribə bir həyat anlamı oxucuya göstərildi.Yazar dünyanın bir parça kömüründə, bir kiçik daşında, günəşin zərrəsində olan dərinliyi, təbiətdəki tarazlığın qiymətini insana xatırlatdı.”Kömürlə çəkilmiş qara günəşin xalqın ,heyvanların, şəhərin taleyinə insanlığın əli ilə gəldiyini göstərdi.
Gördük ki, yazıçının müharibə mövzusuna yanaşma tərzi tam başqadır.Yazıçı oxucusuna göstərir ki, müharibə insan həyatını, dünyanı hərtərəfli iflic edir.Əsər ağır oxunur, oxucu dayanır, işğal, hərc-mərclik içində nəfəsini dərir, dünyada insanlığın başına gələn oyunlardan baş açmaq istəyir, sonra Qocanın yaşayış yoluna qayıdır, ürək ağrısı ilə dağıdılmış şəhərin xarabalıqları arasında addımlayır.”Hər şey qaranlıqda yox olub – gözəllik, ədalət, dinclik – hər şey” Bu sətirləri ürək ağrısı ilə oxuyur oxucu. Müharibə varlığının, anlamının yekunudur bu cümlə. Bundan dolğun oxucu xəyalında müharibə necə canlandırıla bilər ki?
Maraqlı budur ki, sığınacaqda Qocanın fikirlərinin ucundan tutub gedən oxucu da sığınacağa tıxanıb qalır, səbri tükənir, nəfəsi kəsilir,
qaranlıqdan ürpənir, it, pişik və Qoca kimi yerin üstünə çıxmaq istəyir, müharibələrə nifrət edir, mərmi səsinə, dağıdıcı silahlara nifrət edir.
Yazıçının həyat, insan haqqında gəldiyi qənaətlər əsərdə silsilə təşkil edir. Və bu qənaətlər, nəticələr dünyagörmüş, acı həyat təcrübəsi olan, zahirən qoca, zəif, daxilən isə vicdanlı, mənən güclü, insanlığın, təbiətin, heyvanların gözəl yaşaması, var olması üçün Tanrısına belə meydan oxuyan bir insanın qənaətləri, həyatının yekun nəticələri sayılır.
Oxucunu bir sual düşündürür. Bu qədər əziyyət, “günlərlə iynə ilə gör qazmaq” nəyə lazım imiş? Əgər günlər sonra düşən mərmi qapını qoparıb yolu açacaqdısa? Bəlkə də ümid vasitəsilə heyvanların və Qocanın sığınacaqda sağ qalması üçün imiş. Sonda Qocanın ölməyi və sağ qalmağı –hər iki hal qəbul edilə bilər. Çünki bu şəhərdə onun kimi dağıntılar altında qalıb ölənlər və ya xilas olunanlar çoxdur.
Yazıçı əsərdə qlobal problemlərin həllinə cavab axtarır. Və bu sualların cavabını oxucusunun ixtiyarına buraxır.Hər bir oxucu isə istəyir ki, yeniyetmələrimiz mərmilərin dağıtdığı viranə şəhərdə dolaşmasın, abad, gözəl şəhərlərdə yaşayıb elm, təhsil arxasınca gedib yeni zirvələr fəth etsinlər. Qocanın arzusu kimin ürəyincə deyil ki? “Ey yerin-göyün sahibi, sən bizi görürsən, acılarımızı duyursan. Bizim şəhəri qoru. Sülh sevən yeni nəsillər yarat!
Bu arzular, Allahdan dilənənlər insanlığın, Vətən torpağının xilası üçündür, dünyanın xilası üçündür.
R. Bərgüşadlının “Sığınacaq” povesti müasir nəsrimizin gözəl nümunəsi kimi həmişə oxunacaq, insanlıga çağırış, Vətən torpaqlarını azad etmək, Vətənpərlik, Humanizm hissini özümüzdə ən uca hiss kimi yetişdirməyi qarşımıza vəzifə kimi qoyacaqdır.
Tamara HEYDƏRQIZI