manera.az
manera.az

Gənc ədəbi nəslin yaradıcılığında ekzistensializm fəlsəfəsi

Gənc ədəbi nəslin yaradıcılığında ekzistensializm fəlsəfəsi
Son zamanlar gənc ədəbi nəslin yaradıcılığını dəyərləndirənlər onların əsərlərində minor notların, pessimist ruhun üstünlük təşkil etməsi fikrini söyləyirlər. Hər bir nəticəni törədən səbəb var. Odur ki, son illər ədəbi nəslinin yaradıcılığındakı bəzi səciyyəvi xüsusiyyətlərə nəzər salıb bu pessimizmin haradan qaynaqlandığını öyrənməyə çalışacağıq.

Sovet dövründə yaranan əsərlərin əksəriyyəti Kommunist Partiyasının nurlu sabahından, sovet xalqlarının xoşbəxt gələcəyindən, bir sözlə, utopik səadətdən söhbət açırdı. Ancaq zamanın diktəsi ilə çox şey dəyişdiyi kimi ədəbiyyatda da meyarlar dəyişməyə başladı. Ədəbiyyatda baş verən bu dəyişmə ilə fəlsəfədə XIX əsrin ortalarına qədər mövcud olan rasionalizm ideyalarını XX əsrdə bir çox filosofların rədd etməsi arasında bəlli oxşarlıqlar tapmaq olar. Rasionalizmi rədd edənlər ekzistensializm fəlsəfəsinin baniləri olmuşlar.

XX əsrdə yaradılmış olan ekzistensializm fəlsəfi cərəyanının əsasını həyat, ömür yolu və s. təşkil edir. Zaman-zaman çözülən, lakin çözüldükcə daha da düyünə düşən bu məsələlər təkcə filosofların deyil, yerin-göyün dərdini ürəklərinin tərəzilərində çəkən, ətraf aləmi qəlblərinin gözüylə seyr edən şairlərin də maraq dairəsindədir.

Gənc ədəbi nəslin (80-ci illərdən sonrakı ədəbi nəsil nəzərdə tutulur) yaradıcılığında bu suallar, onlara cavab tapmaq istəyi özünü qabarıq şəkildə büruzə verir. Öncə də qeyd etdik ki, adı çəkilən ədəbi nəslin nümayəndələrini daha çox “ölüm qoxulu”, “bədbin ruhlu” şeirlər yazmaqda, dünyanın yalnız qara rəngini görməkdə günahlandırırlar. Ortaya belə bir sual çıxır. Doğrudanmı gənc ədəbi nəslin nümayəndələri bu dünyanın işıqlı tərəflərini görmürlər? Bəlkə görə bilmirlər, yaxud da görmək istəmirlər? Bu yerdə Qarşininin incəsənət haqqında söylədiklərini xatırlamaq yerinə düşərdi: “Şəri və yalanı görməyə məcbur etmək, dəhşətə gətirmək, görünməmiş ədalətsizliklərlə inləyən bir dünyada yaşamağın imkansızlığını və qeyri-mümkünlüyünü başa salıb hiss etdirmək incəsənətin əsas məsələlərdir”. İncəsənət ilə ədəbiyyat arasındakı ruh yaxınlığını nəzərə alsaq, bu deyimi ədəbiyyata da şamil edərik.

Ekzistensializm fəlsəfi cərəyanına görə insanın mövcudluğu çox vacibdir. Təsadüfü deyil ki, bu cərəyanın adı da latıncadan çevirmədə “mövcudluq” mənasını verən “ekzistensiya” sözündən götürülmüşdür. Dini ekzistensialist sayılan K.Yaspers “Günah haqqında məsələ” əsərində ən böyük günahın –metafizik günah olduğunu, metafizik günahın qaynağının isə insanın varlığı olduğunu yazır. Metafizik günah anlayışı öz poetik həllini gənc ədəbi nəslin nümayəndələrindən biri olan Salamın poeziyasında aşağıdakı şəkildə tapır:

Sən də gəl get cəzanı al,
Sən də qoşul hamımıza.
Tanrı ölüm hökümü kəsib,
Doğulmaq günahımıza.


Ekzistensialistlər üçün insanın mövcudluğu kimi, ölüm faktoru da çox önəmlidir. Ölüm, ondan qorxmaq, qorxa-qorxa ona alışmaq Salamın yaradıcılığından qırmızlı xətlə keçir. Ömür adlı evin ölüm bünövrəsi üstündə tikildiyini bilən şair yazır:

Göydə qar dənləyən kimsəsiz quşam,
Ölümdən qorxurdum, bu da ki, ölüm.
Allah, diri saxla qanadlarımı,
Ölü bədənimi yerdən götürüm.


Bu misralarla şair ölümlə hər an üz-üzə gələ bilmək təhlükəsinin olduğunu, ondan qaçmağın mümkün olmadığını, insan doğulan gündən ölümün insanı axtardığını və sonunda mütləq tapdığını söyləyir.

Daha bir yazarın –İlqar İlkinin də yaradıcılığında analoji məqama rast gəlirik:

20 il əvvəl ölüb babam,
Ölümünü görməmişəm
yaxşı ki.
Öldüyü günü bilirmiş
yazıq kişi.
Özünə qəbir də qazıbmış
alın qırışlarında.
Bu ölümü,
görüb atam,
Duyub dünyanın faniliyini,
20 ildir ki,
atam özü də,
alın qırışlarında
qazır öz qəlbini.


Şair Vasif Süleymanın da ölümlə bağlı fikirləri maraqlıdır:

Nə günüm var, nə ayım var, ilim var,
Nolar məni bu səfərdən əyləmə.
O başında bir halalca ölüm var,
Nolar məni bu səfərdən əyləmə.


Yaxud Elçin Mirzəbəylinin:

Dərdlə baş qoyduq balınca,
Ya eşqə, ya da qılınca...
Gedirik ölüm dalınca
Ölüm dalımızca gəlir.


Hamlet Kazımoğlunun:

Ölüm bir kasıb payıdır,
Adama bir dilim düşər.
Əvvəli nə yaşasaq da ,
Axır yenə ölüm düşər.


misraları ölümdən qaçılmazlığa bir daha işarədir. Lakin ölüm nə qədər qaçılmaz olsa da, ona qədər olan məsafə də-ömür də insanın taleyi ekzistensialistlər üçün başlıca önəm daşıyır.

Yaşadığı ömür ilə yaşamaq istədiyi ömür arasındakı fərq, taleyin qaçılmazlığı Əkbər Qoşalının yaradıcılığında öz əksini aşağıdakı şəkildə tapır:

Mən hələ bir cavan bulud yaşdayam,
Yağış olmadım ki, yağıb yaşayam.
Bir göz var istədim baxıb yaşayam,
Qoydular üz-üzə baxtınan məni.


İnsanın yaşamaq istədiyi, lakin bacarmadığı, taleyin diktəsi ilə olan “kənaraçıxmalar” başqalaşmaya gətirib çıxarır. İctimai münasibətlər prosesində baş verən başqalaşma ekzistensializm fəlsəfi cərəyanın leytmotivini təşkil edir. Başqalaşma prosesinin, insanın “özü”ndən uzaqlaşmasının poetik həllini Mübariz Məsimoğlunun “Anama” adlı şerində görürük:

Qında pas atıb xəncərim,
Ağzında kəsər qalmayıb.
Yeyib məni dərdi-sərim,
Balandan əsər qalmayıb.
***
Ana, ana, ana dedim,
“Laylam” talan olanda.
Bir alınmaz qala idim,
Mən sənin balan olanda.


Yaxud Səhərin “Bu uşaq” adlı şerində bu məsələyə münasibət aşağıdakı kimi bildirilir:

Bu uşaq, Allah, kimiydi?
O məni məndən alacaq.
Bu uşaq Allah kimidi,
Böyüyüb bəndə olacaq.


İnsanın başqalaşmasının poetik ifadəsi Zahir Əzəmətin də yaradıcılığından yan keçmir:

Yolam?
Yoxsa yol daşıyam?...
Quşlar üzümü qaşıyır.
Ay, Allahıma oxşayan
Gəl, adama döndər məni.


Dünya, bizi əhatə edən aləm ekzistensialistlərə görə irrasionaldır. Şair Elçin İsgəndərzadə:

Ömür acı bir sevdadı,
Röya nədi, gərçək nədi?
Dostlar, kim dəyər mənə,
Tale nədi, fələk nədi.


kimi cavabsız, bəşər övladını hər zaman düşündürən suallara öz poeziyasında cavab tapmağa çalışır.

Bizi əhatə edən aləmin irrasional olması fikrinə Məhəmməd Astanbəylinin də yaradıcılığında rast gəlmək olar:

Gözündə Allahı gördüm.
Könlümü gözünə verdim.
Bu mən kimdi, bu Dünya kim,
Tanıya bilmirəm, vallah.


Gənc ədəbi nəslin yaradıcılığında ekzistensializm fəlsəfi cərəyanının elementləri olan poeziya örnəklərinin sayını artırmaq olardı. Bununla onların yaradıcılığındakı “bədbin ruhun” haradan qaynaqlandığını bəlkə də izah etmək olardı. Ancaq:

Bu iki gözümlə gördüm,
Güllərin solduğunu.
Bilirəm ki, kimsə bilmir,
Nəyin nə olduğunu.

(M.Astanbəyli)

Doç., Dr.Rəsmiyyə SabirБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031